LOTU

FAİQ QİSMƏTOĞLU
34733 | 2014-11-29 01:09


... Bir gün tanışlarımdan biri qəbiristanlığa gedib valideynlərinin məzarını ziyarət edirmiş. Axşam şər qarışanda qəbiristanlığa çatır və uzaqdan bir qaraltı görür. Yavaş-yavaş həmin qaraltıya yaxınlaşır. Bir az da yaxınlaşanda görür ki, molla elə bir işlə məşğuldur ki, onu dilə gətirmək də mümkün deyil. Molla öz "işində" olanda o, arxadan təpiklə ona bir zərbə vurur. Molla özünü itirir, ayağa qalxıb şalvarını çəkib qaçıb aradan çıxır...
Sonra tanışım mollanın yoldan çıxartdığı qadınla söhbət edir. Qadına deyir ki, bəs ayıb deyil, qəbiristanlıqda əxlaqsız işlə məşğul olursunuz? Qadın da susur və sonra dillənir:
- Vallah, məni yoldan o molla çıxartdı. Dedi ki, görürsən hamının axırı bu qəbiristanlıqdı. Sənin də canın suludu, həyatın qədrini bil. Zalım oğlu elə bil adam deyildi, şeytan idi. Şirin dilini işə salandan sonra məni bu yola çəkdi...
Bir müddətdən sonra qadın da gözdən itir. Və tanışım gördüyü hadisəyə məəttəl qalır. Tanıdığı mollalardan birini çağırır və rəhmətə gedən əzizlərinin ruhuna "Yasin" oxutdurur. Sonra da bayaq qaçıb aradan çıxan mollanın kim olduğunu soruşur. "Yasin" oxuyan molla deyir ki, ay rəhmətliyin oğlu, o bizim adımıza və İslam dininə ləkə gətirən bir dələduzdu. Heç "Yasin"i düz oxuya bilmir, özü də bilir ki, hamının ondan zəhləsi gedir. Çünki oğraşın, şorgözün və binamusun biridi...
Bu yazını qələmə alanda yadıma rəhmətlik Mirzə Cəlilin "Küpə" felyetonu düşdü. Felyetonun məzmunu belədir ki, Firəngistanda fahişəxanaya gedənlərə "lotu" deyirlər. Lotu olduğuna görə də həmin adamlar camaatın içində gözükölgəli olur. Amma bizim məmləkətdə lotuları yuxarı başda əyləşdirirlər. Yüz oyundan çıxır, ona şeyx və hacı deyirlər. Özü də özlərini elə aparırlar ki, elə bil alçaq dağları bunlar yaradıb.
Əlqərəz, Mirzə Cəlilin təsvir elədiyi bu şeyxin kəndlərdə nə az, nə çox 48 arvadı olub. Hər dəfə də ürəyinə kimsə düşəndə kəndə gedər və həmin arvadlardan birini siğə edər və öz işində olarmış. Bir dəfə də yolla gedəndə görür ki, erməni kəndində bir alim insanları başına yığıb nəsə icad elədiyi bir cihazın işlədilməsini onlara öyrədir. Erməni keşişi də durub onların yanında camaatı daha diqqətli olmağı tövsiyə edir.
Bizim şeyx bunu görür və çıxıb gedir. Kəndə çatır, camaat onu xətir-hörmətlə qarşılayır, gəlişinə ziyafət verirlər. Şeyx də deyir ki, yol gələndə bərk soyuqlamışam və qulunc olmuşam. Gərək indi mərhəm bir xanım lazımdır ki, quluncumu ovsun və belimə küpə qoysun. Bir göz qırpımında həmin xanımı tapırlar və şeyx də onu siğə eləyir...
Böyük Mirzə Cəlilin qələmə aldığı bu hadisədən yüz ilə yaxın vaxt ötüb. Amma deyəsən yenə heç nə dəyişməyib. Yenə bizim bəzi mollalar insanların cahilliyindən və savadsızlığından istifadə edərək yüz hoqqadan çıxırlar. Müxtəlif yolla cinayətlər törətmiş, həbsxanada yatmış birisi günlərin birində yas məclisi aparır, camaat da onu tanıyır ki, molla hansı yuvanın "quşudur". Molla cindən, şeytandan və çox şeydən danışır. Hamı da onu tanıdığına görə dodağını büzür və ona qulaq asmaq istəmir.
Molla bu səhnəni görəndə əsəbiləşir və deyir:
- Mən ağzımda qızıl xırdalayıram, sizsə bir-birinizlə yas məclisində söhbət eləyirsiniz. Sanki yasa yox, toya gəlmisiniz. Bir az səsinizi kəsin!
Yerdən kimsə söz atır:
- Ay molla, adam kimi danış, biz də sənə qulaq asaq! Axı sənin özün on iki il türmədə yatmısan. Özü də filankəsin qızını zorladığına görə iş kəsiblər. İndi hansı təmizlikdən və halallıqdan danışırsan?
Bu sözdən sonra məclis sükuta qərq olur. Sanki qurbağa gölünə daş atılır. Birdən kimsə mollanın qulağına pıçıldayır:
- Rəhmətə gedən vəsiyyət edib ki, onu xalçaya büküb dəfn eləyək.
Mollanın qaşları çatılır və əsəbi halda dillənir:
- Ay kafirlər, bəs bilmirsiniz ki, rəhmətə gedəni xalçaya büküb dəfn eləmək olmaz? Kəfəndən savayı heç bir şey olmaz. O xalçanı da verərsiniz mənə aparım evimizə.
Bir molla da camaatı yığır başına, başlayır moizə oxumağa. Deyir ki, vallah, axşam yuxumda görmüşəm ki, rəhmətə gedən vəsiyyət edib. Mənə bir qoyun verməlisiniz. Yas sahibinin gözləri bərəlir və heç bir şey demir. Molla yenə fikrini təkrarlayanda ev sahibi qəzəblənir:
- Axı bizim qapımızda heç vaxt qoyun olmayıb. Sən hardan eşitmisən ki, rəhmətlik belə şeyi deyib?
Molla isə özünü sındırmır və dediyini tutuquşu kimi yenidən xatırlayır:
- Heç kim deməyib ey, yuxumda görmüşəm. Versəniz də sağ olun, verməsəniz də...
Vallah, bu dünyanın işinə adam məəttəl qalır. Mirzə Cəlilin XX əsrin əvvəllərində tənqid hədəfi seçdiyi mollalarla bugünkü bəzi mollaların heç bir fərqi yoxdur. Əksinə, indiki bəzi mollalar daha tamahkar və daha savadsızdı. Nə yaxşı ki, son vaxtlar həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bu sahədə təmizlik aparır. Yoxsa, cahil və savadsız mollaların əlindən yağışdan sonra çıxan göbələk kimi tərpənmək olmaz. Bir də onlara şərait yaradan biz özümüzük. Çünki harda oldu, tələm-tələsik bir molla tapırıq, o da gəlib məclislərimizdə başda oturub lotuluq eləyir və camaatı barmağına dolayır...


TƏQVİM / ARXİV