ANA SƏHİFƏ / YAZARLAR

Baxtımızın kədər kitabı

Aqil Abbasın "Dolu" romanı haqqında qənaətim

127951    |   2008-02-23 00:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqil Abbasın (mən "məşhur", "tanınmış", "istedadlı" və s. və i.a. bu kimi ifadələri onun adı, soyadı qarşısında yazmaq niyyətində deyiləm, zatən, bu və ya digər epitetlər ona halaldır...) "Dolu" romanını "Azərbaycan" jurnalının 12-ci nömrəsində (2007-ci il) oxudum və mənə elə gəldi ki, döşəməsinə tikanlı məftillər, şüşə qırıntıları, mıx-mismar səpələnmiş qaranlıq bir zirzəmidəyəm və kimsə mənə əmr edir ki, tərpən, yeri, dayanma, ayaqyalın gəz bu zirzəmini...
   
   "Dolu" millətimizə, milli varlığımıza, təpər və qürurumuza, yurdsevərliyimizə, Qarabağımıza, külli-Azərbaycanımıza canını fəda etmiş cavanlarımıza şübhəylə baxan, rişxənd eyləyən, ağız büzən içimizdəkilərin başına dolu bir qaynar qazana dönüb, üzü aşağı töküldü desəm, düz olar. Bu dolu qaynar qazan "qoydular qaçdılar", "torpağı qorumadılar", "evlərini atıb gəldilər" kimi idbar və eybəcər atmacalarla Kərbəla müsibətindən betər müsibətə düşmüş camaatımıza böhtan atan şərəfsiz və nadürüst qalstuklu, əmmaməli "intelligent"lərin təpəsinə ikiəlli qapazdır, desəm, yerinə düşər!
   
   Romanın girişində Aqil Abbasın kinayə və qəzəblə yazdığı belə bir cümlə var:
   
   "Xahiş edirəm, bu əsərdə kim isə, nə isə axtarmasın, bu, yazıçı təxəyyülündən başqa bir şey deyil".
   
   Məncə, Aqil dostum qəsdən, bilərəkdən, özünəməxsus "təkəbbür"dən belə yazıb, yana-yana, qovrula-qovrula belə yazıb kitabın I fəslinin ilk sözlərini.
   
   Axı, Aqil Abbas Vyetnamdan, İraqdan, Əfqanstandan söhbət açmır (o yerlərin müharibələri ilə bizim nə işimiz), halalca ata evinin, dirədöymə oynadığı küçəsinin, gül-çiçək dəstələdiyi dağının, dərəsinin, diz çöküb ovuc-ovuc içdiyi bulaqlarının, Dünyanın Ən Varlı Şəhərindən Şuşaya qalxan zümrüd yolların üzləşdiyi fəlakətdən, uşaqlıq, gənclik illərindən tanıdığı, heç bir vəzifəsi-filanı olmayan, nadinc, ərkəsöyün, ilk baxışda yekəxana görünən igid, sözün əsl mənasında qeyrət-namus heykəllərinə dönmüş, özü demişkən, gecələr qız qucaqlayıb yatmayan, silahını qucaqlayıb yatan cavanların cəngindən yazıb "Dolu" romanında.
   
   Qafan, Gorus yollarında, İrəvan tərəflərdə yox, özünün kəndində, ata-baba yurdunda, əkib-becərdiyi ağacların altında, həyətlərində, küçələrində həlak olmuş, qolunu-qıçını mərmi aparmış tanış və doğmaların hayqırtısından, fəryadından söhbət açır, ürəyinin göynərtisini günahsız ağ varaqlara çırpır, sonra da od vurub odlayır Aqil Abbas:
   
   - "Hökümət yoxdu. Var ey, özləri üçündü. Hökümət hökümət olsaydı, çoxdan arvad-uşağı burdan köçürərdi ki, rahat vuruşa bilək. Adam qeyrətə nə qədər boğular?! Gecə səngərdəsən, səhər gəlib görürsən qrad gəlib düşüb ev-eşiyini dağıdıb, ailəni parça-parça eyləyib".
   
   - "Xanəndə Baratın xanımını evin içində, yuxunun ən şirin yerində cənginə almışdı (Dolu-R.M.), başlarını itirdiklərindən yalnız Ağcabədidə xəstəxanaya çatdıranda bilmişdilər ki, sağ qolu qalıb evdə".
   
   Bacım Lamiyə həmin o xanımla (Elza müəllimə) telefonla hal-əhval tutanda Elza xanım qayıdıb ki, ay başına dönüm, hərdən sağ əlimi qaşınma tutur, tapa bilmirəm ki, bilmirəm, belə də zülm olar?!.
   
   Başqa bir xanəndənin-Şahmalı Kürdoğlunun və onun kiçik oğul balasının Doluya düşmüş bədən parçalarını ağacların budaqlarından toplayıb bir yerə yığmadılarmı?!
   
   Ermənistanın silahlı quldurlar tərəfindən (rusların köməyilə) Qarabağ torpaqlarının işğalı, şəhər və kəndlərin darmadağın edilməsi, milli-mənəvi sərvətlərimizin məhvi, maddi dəyərlərimizin talan edilib daşınması, əlləri Göyə dirənmiş ana və bacılarımızın ah-naləsi, əhalimizin qanına qəltan edilməsi və s. bu kimi fəlakətlərin əsl günahkarını, maymaq "rəhbərlərin" biganəliyini bütün çılpaqlığı ilə qələmə ala bilmişdir "Dolu"nun həyəcanlı müəllifi. Bu mənada "Dolu" romanını ədəbiyyatımızın "Qarabağnaməsi" adlandırmaqda müqtədir alimimiz hörmətli Nizami Cəfərov tam haqlıdır.
   
   Dünyanın Ən Varlı Şəhəri də ölkə kimi yiyəsiz qalmışdı, vəzifə-kabinet davası gedirdi, vətəndaş müharibəsi təhlükəsi vardı. Ordu birləşmələri hardaydı ki, hücuma keçib o murdar erməniləri Qarabağdan silib-süpürüb ataydı Laçından o tərəflərə. "Sahibsiz olan məmləkətin batması haqdır!"- demişdir şair Akif Mehmet. Amma kənd-kəsəyin, dağətəyi obaların, evlərin yiyəsi vardı, bir az silah-sursat, canlı qüvvə olsaydı sərhəd kəndlərimizdə səngərlər salına bilərdi, istehkam qalaları qurula bilərdi. Dünyanın Ən Varlı Şəhərində elə oğullar var idi ki, hünərli cavanları başına toplayıb ayağa qalxmışdılar. Ermənistanın quldur dəstələrinə müqavimət göstərə bilirdilər.
   
   "Qatır Məhəmməd" ləqəbli Yaqub Rzayevin (Qarağacı qəbiristanlığının daşyonan ustası) yaşadığı Çuxurməhlə kəndi dığalar olan Əskəran və Xramordla qabaq-qənşər idi. Batalyon yaratmışdı, camaatın puluna quş tüfəngindən pulemyotadək silah əldə edə bilmişdi ordan-burdan. O da yadımdadır ki, 1992-ci ilin yanvarında Qarabağın sayılıb-seçilən təpərli oğullarından olan Rəfail Kərimovla o vaxtkı meliorasiya və su təsərrüfatı naziri Saleh Hacıyevin yanına gedib ondan xahiş etdi ki, nazirliyin ixtiyarında olan "Tyaqaç" adlanan ağır yükdartan maşını bizə versin, insafən, Saleh müəllim həmin maşının təyinatını dəyişmək haqda göstəriş verdi. Binəqədidə univermaq müdiri işləyən Rəfail həmin maşının pulunu hesabdan-hesaba keçirməklə həll etdi. "Tyaqaç"ın hər iki yanına böyük dəmir lövhələr qaynaq edilərək Yaqubun batalyonuna çatdırıldı. Rəfail Kərimov Bakıda bizim evdə Yaqubun oğlu Canpolad Rzayevə (Azərbaycanın Milli Qəhrəmanı) 6 min manat rus pulu verib Cəlilabada pulemyot almağa göndərdi. Başqa bir misal, bizim nəslin yaxşı yadındadır ki, Göy məscidin qarşı tərəfindəki "Zabitlər bağı" deyilən yerdə postament üstündə bir nəhəng rus tankı (T-54 markalı) qoyulmuşdu, tərs kimi tankın köhnə lülələri Göy məscidə tuşlanmışdı....
   
   Bakı Gəmirayırma Zavodunun (Bayılda buruqlar arasında yerləşir) direktoru Niyaz müəllimlə şəxsi tanışlığımızdan istifadə edərək rəhmətlik Famil Mehdi və Elman Qasımovla onun yanına gedib Dünyanın Ən Varlı Şəhərinə göndərmək üçün bir "BTR" verməsini xahiş etdik, az qala yalvardıq. Niyaz müəllim dedi ki, kömək edərəm, əvəzində o "Zabitlər bağı"ndakı köhnə tankı gətirin bizə verin, onun metalı çox vacib lazımdır.
   
   Biz o şaxtalı qış günlərində parkın direktoru ilə danışdıq, qəti etiraz etdi. Nəsimi rayon polisində rəhbər vəzifədə çalışan tələbə dostum Zakir Həsənov həmən o direktoru maşına qoyub Novxanıya, "Sarı qaya" adlanan restorana yemək-içməyə apardı... və həmən gün o tankı postamentindən götürüb gəmiqayırma zavoduna ötürdük.
   
   Zavodun verdiyi "BTR" isə Dünyanın Ən Varlı Şəhərinə döyüşə getdi.... Mətləbi uzatdığıma, uzağlara gedib çıxdığıma görə bu yazını oxuyanlar yəqin ki, məni bağışlayarlar. Axı elə hadisələr, faktlar var ki, deməsən olmur, yazıb bildirməsən günah iş görmüş olarsan.
   
   Allahverdi və Eldar Bağırov qardaşları, Şirin Mirzəyev, Asif Məhərrəmov (Fred Asif), General Ərşad, Selli Xosrof, Baxşayış kişi, Nizami müəllim... Bu igidlər o vaxt üçün güclü olan Ermənistan ordusu ilə üzbəüz cəngə çıxmışdılar, Dünyanın Ən Varlı Şəhərinin həndəvərini qoruyurdular və Bakıdan göndərilən müxtəlif təyinatlı adamlar (vəzifəli, vəzifəsiz) yurdunu, küçəsini, evini qoruyanlara mane olurdular, əngəl yaradırdılar, "məsləhət" verirdilər. O da yadımdadır kı, Tərtər tərəflərdə bir tədbirdə hərbçi polkovniklərin birindən soruşdum ki, Yaqub Rzayevə kömək edə bilirsinizmi? Sualıma polkovnikin sərt cavabı belə oldu: "Eqo ubrat nado!" ("i ubrali"...R.M). Yaqub Rzayevin taleyini Aqil Abbas romanında göstərib.
   
   Müharibə günlərinin ağır mənzərəsi "Dolu"da belə təsvir edilir: "Dünyanın Ən Varlı Şəhəri Şerbakı (rus generalı R.M.) dünyanın ən varlı generalına çevrilmişdi. Qızıl su qiymətinə idi, bir pulyemyota bir kisə qızıl verirdilər. Bir kisə patron ver, bir gəbəni götür get.... Tanrı bilmirdilər, peyğəmbər bilmirdilər, soğan kimi soyturdular Dünyanın Ən Varlı Şəhərini".....
   
   "Qoydular qaçdılar" - deyən idbarların simasızlığını Aqil detallarla, faktlarla açıb göstərir və belə kəslərin şər-böhtan pərdəsini parçalayıb ayaqlar altına atır, belə əyrivicdanlıları sanki şapalaqlayır:
   
   "Bu Yiyəsiz Dövlətin bu Yiyəsiz vladları önü düşmən, arxası isə heç nəyə söykənməyən səngərin içində silahlarını əzizləri kimi bağırlarına basıb ürəkləri qan ağlaya-ağlaya şəhərə yağan Doluya ağrı ilə tamaşa edirdilər: "Allah, Sən özün kömək ol!"
   
   Çox qəribə bir hal yaranmışdı. Yuxarıda dediyim kimi, "Başda duran" başsızlar belə mürəkkəb və ağır günlərdə dünyanın ən fərsiz, şəriştəsiz , nə bilim daha "nəsiz" maymaq vəzifə adamlarını "kəşf edib" Dünyanın Ən Varlı Şəhərinə göndərirdilər. Rəngi-rufu dumanlı, içi-çölü kölgəli danosçular doluşmuşdu bu Yiyəsiz Şəhərə.... Can üstə olan xəstəyə baş çəkməyə yığışan qohum-əqrəba kimi, bu dəxli olmayan kəslər elə bil Dünyanın Ən Varlı Şəhərinə daraşıb yasına hazırlaşırdılar...
   
   1 mart 1992-ci ildə Ağdamdaydım. Xocalı camaatı tökülmüşdü Ağdamın küçələrinə, qadınların, kişilərin sir-sifətləri qana bulanmışdı. Adamlar məscidin ətrafında qaynaşırdı, yas çadırları sıralanmışdı, aləm bir-birinə qarışmışdı. Rayon icraiyyə komitəsi sədrinin müavini Həmzə Əliyevin kabinetinə getdim. Elə bu vaxt rayonun axundu Barat kişinin içəri daxil olub salam-kəlamsız dediyini eşitdim:
   
   - Həmzə müəllim, neyləyək?
   
   Həmzə müəllim yerindən dik qalxıb az qala bağırdı:
   
   - Canına dərd elə, qohum-əqrəbalarını tap, aparın basdırın.
   
   Molla Barat yoxa çıxdı. Dedim ki, ay Həmzə müəllim, bu axundun günahı nədir, onu niyə zəhərləyirsən? Həmzə müəllim qayıtdı ki, əşi, neyləyim, səhərdən 3-4 dəfə gəlib deyir ki, 5 nəfərin meyidini o günə salıblar ki, tanımaq mümkün deyil, neyləyim...
   
   Ən dəhşətlisi o idi ki, Xocalı faciəsi günlərində "Başda duran" filankəs filankəsoviçin göstərişi ilə "Azərinform" adlanan rəsmi informasiya agentliyi bütün dünyaya yaydı ki, Xocalıda 2 nəfər həlak olub, mövqe döyüşləri(?) gedir....(indi də başa düşə bilmirəm ki, o "mövqe döyüşü" nə demək idi?!) Bax, elə bu yalana görə ölkəyə "rəhbərlik" edənlər ciddi cəzalanmalıydı, istefa verməklə canlarını qurtardılar.
   
   İndi də Aqil qardaşım məni bağışlasın, deyəsən, yenə də xeyli uzaqlara gedib çıxdım, neyləyim, o Dolu mənim ata evimi də param-parça etdi.
   
   1943-cü ildə Oryol şəhərinin ətrafında həlak olmuş (31 yaşında) "politruk" atam Yaqubun tikdirdiyi 3 otaqlı ev də 1993-cü ilin 16 yanvarında həlak oldu. Sən demə, əsl Vətən müharibəsi Qarabağ müharibəsi imiş. Oryol atamın, babamın vətəni deyildi axı. Bakıda oturub "ermənilər qayıtmışdır, gözünüz aydın" deyən parabeyin Birinci Katibə elə gəlirdi ki, Ağdam camaati ilə Əsgəran erməniləri ağac-çomaq davasına çıxıblar... Qanına qəltan olmuş Drakonun, Pələngin dərdli Komandirin ona qəti dəxli yox idi. Drakonun, Pələngin meşəli dağlarda həlak olmasını Aqil Abbas cızdağı çıxa-çıxa təsvir edir: "Drakon Pələngi uzatdı otların üstünə. Gözləri açıq qalmışdı və ağacların başı üzərindən görünən bir parça aydın və işıqlı göyə baxırdı. Drakon onun gözlərini örtməyə ürək eləmədi, başını bağrına basıb saçlarından öpməyə başladı. Xeyli belə oturdu. Pələngim bir az əvvəl bir damla qan qalmayan və Drakonun dünən əzişdirdiyi (bir gün əvvəl mübahisə etmişdilər-R.M.) üzü nura boyanmışdı, işıq saçırdı. Bu dəqiqə Dünyanın Ən Gözəl lüsü onun qucağındaydı"...
   
   Yazıçı Tanrıya üsyan eləyir, az qala onu məhşər ayağına çəkir bu Yiyəsiz vladların yalvarışlarını, hayqırtısını eşitmədiyinə görə. Tanrı yorğunluğunu çıxmaq üçün Qədir Rüstəmovun səsinə qulaq asırdı: "Qədir Rüstəmovun səsi "Ay ana" (Drakonun ölümqabağı harayı-R.M.) fəryadından diksindi və susdu və bu an Tanrı da Drakonun səsini eşitdi və yaratdığı bu şah əsərin son arzusunu ürəyində qoymadı. "Ay ana!" sədası bir anda cənnəti silkələdi"...
   
    Yox, belə olmaz dərddaşım, yurddaşım Aqil! Belə təsvir olmaz, ağ varağı qara qələmlə belə yandırmaq olmaz. İnsafın olsun, yazığın gəlsin sənin dərdli Qarabağ Kitabını oxuyanlara. Adam havalana bilər, infarkt olar, beyinə-başa qan sıza bilər... O həyəcanlı qara günlərdə Ağdamın qaynar qır qazanına döndüyü vaxtlarda şəhərin küçə və meydançalarında elə bil ki, kimlər tərəfindənsə öyrədilmiş, şəxsən mənə tanış olmayan adamların dilindən eşitdiyim sözləri xatırlayanda məni od götürür:
   
   - Ə, erməni nə karədir ki, Ağdama girsin:
   
   - Ə, darıxmayın, Şuşada sakitlikdi...
   
   Ə..., Ə..., Ə..., bax, bu "Ə"lər səpələnmişdi Ağ evə, "raykoma", "ispalkoma" oralardan da küçələrə çıxıb getmişdi batalyonlara, səngərlərə...
   
   Dünyanın Ən Varlı Şəhərinin yeriyəndə yer tərpədən əhalisini bir adyal, bir-iki kilo un, bir şüşə qarğıdalı yağı ilə sınağa çəkib möhtac eyləyən hökumət hara baxırdı, niyə yaşayırdı?!
   
   Raykom Katibinin dediyi:
   
   "Rəhmətliyin oğlu, nə şəhər, nə rayon, nə yiyə? İndi heç bu ölkənin yiyəsi yoxdu", Komandirin qəzəblə söylədiyi: "Xalqın burnufırtıqlı uşaqlarını küçələrdən yığıb ğöndərirlər ki, gedin ölün. Vuruşa bilənlər də Mütəllibovu qoruyur" sözlərini eşidəndə dünya başıma hərləndi.
   
   Sən nə qədər haqlısan, düzsən, gerçəksən, Aqil Abbas! Yaxşı ki, varsan, mənim, onun, o birinin dilinin ucunda donub qalmış, ürəyinə iynə kimi sancılmış sözləri yaxşı ki, sən deyə bilirsən! Ağ evlərdə baş girləyən, Qarabağı xəritədə belə göstərə bilməyən o vaxtkı sığallı, ütülü vəzifəli kəslərin sifətinə tüpürə (bu ifadəyə görə dönə-dönə üzr istəyirəm) bilmisən!
   
   ... bir nəfər universitet professoru televizora çıxıb giley-guzar edirdi:
   
   - Qarabağ mövzusunda əsər yazılmır...
   
   Həm də bu sözləri o vaxt eşitdim ki, xalq yazıçısı Elçinin "Qarabağ şikəstəsi" və "Bayraqdar" əsərlərini "525-ci qəzet"də oxuyub az qala havalanmışdım, dəhşətə gəlmişdim...
   
   İndi bu sazaqlı, Günəşli fevral günlərində həmən o ali məktəb professoruna, bütün xalqa, millətə, damarlarından Qarabağ qanı axanlara deyirəm ki, mənasız laqqırtılar vuran, qabırğa şəbədəsindən danışan televerilişlərdən üz döndərib "Dolu" romanını oxusunlar.
   
   Tanrının Baxtımızın Kədər Kitabından xəbəri var.
   
   Uca Tanrı bu kitabı Müsəlləh Əsgər Aqil Abbas qələminin bəxtinə yazdı.


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-19
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK