hacklink Adalet.az | HƏR GÜNAH BAĞIŞLANMIR Adalet.az | HƏR GÜNAH BAĞIŞLANMIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏR GÜNAH BAĞIŞLANMIR

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

14694    |   2008-01-22 14:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının ərəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   Zamanın karvanı irəlilədikcə gözümüzdə bir çox dəyərlər, meyarlar dəyişir, tarixi hadisələrə, şəxsiyyətlərə münasibət birmənalı qalmır. Elə biz də əvvəlki kimi deyilik. Yaşadığımız dövrlə ayaq-laşmaq üçün mümkün olduğu qədər zamana uyğunlaşmağa çalışırıq. Zəmanəylə həmişə uyğunlaşa bilməsək də, hər zaman onunla hesablaşırıq. Çünki əbədi var olan biz deyilik, odur. Bu, yaxşımı, pismi, deyə bilmərəm, amma həqiqətdir.
   
   Yer üzünün qüdrətli dövlətlərindən olan SSRİ-nin yaranması, inkişafı və dağılması XX əsrin ən böyük hadisələrindən oldu. ç yüz illik Romanovlar hakimiyyətini devirən, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbə çalan, kosmosu fəth edən, bir çox elmi-texniki kəşfləri, ixtiraları, incəsənət, idman sahəsində qazandığı uğurları ilə tarixə imza atan ucsuz-bucaqsız imperiya yetmiş il sonra topsuz-tüfəngsiz, bircə güllə belə atılmadan öz içindən parçalandı. İndi onun adı yalnız tarixçilərin, siyasətçilərin araşdırmalarında xatırlanır. O illərdə baş verən hadisələr, sovet dövrünün qəhrəmanları, liderləri yeni yozumda bizə təqdim olunur. Adı çəkiləndə zəhmi hamının içini titrədən fövqəlixtiyarlar haqda indi yüngül parodiya filmləri çəkilir, mətbuatda barələrində olan-olmayanlar yazılır. Əvvəlki ideyalar kökündən dəyişdiyindən ideallar da başqadır. Deyilənlərin hansı düz imiş? Onu kim bilir. Bilinən o ki, yol ayrıcında yenə nə qədər çaş-baş qalanlar oldu. Bir ara ayaq təpəyə çıxarılaraq baş yerinə namizəd olanda, hamı susub kənardan bu mənzərəyə tamaşa edəndə baş da xəcalətindən üzüldü, diyirlənib ayağa düşdü. Düşünən beyinlər ayaqlandı. Şəhərlərə bomba atılmasa da insanların içində dəhşətli partlayış baş verdi. Bu dağıdıcı sarsıntılardan neçə-neçə ailə parçalandı, arzular puç oldu. Şübhə yox ki, bir müddət sonra bugünki gerçəklər də yenidən təftiş oluna-caq, zamanın süzgəcində təkrar ələnəcək. Bəli, bu xəmir çox su aparacaq. Hələ indiyə kimi Misir fironlarının sirləri tam açılmayıb. Biz uzaq-yaxın keçmişimiz barədə çox şeylərdən ya tam xəbərsizik, ya da vaxtilə yanlış bilgilənmişik. Hətta Xeops, Tutanxamon haqqında bildiklərimiz bəzən ətrafımızda baş verənlər haqda məlumatımızdan daha dolğun olur. İndi foto-kino, televiziya, səsyazma texnikası, mətbuat vasitələri hər anı, hər məqamı əbədiləşdirmək imkanı versə də, gələcək nəslə hər şey olduğu kimi çatdırılacaqmı? Nə yazıq ki, bu sualın cavabı da böyük sual altındadır.
   
   
   
   * * *
   
   Bəli, vətəndaşı olduğumuz qüdrətli SSRİ yaxın keçmişdə bizim nəslin gözü önündə parçalandı, lakin dünya dağılmadı. Çünki imperiyanın süqutu tarixdə nə birinci, yəqin ki, nə də sonuncu hadisə deyildi. İndiyədək müxtəlif dövlətlər yaranıb, qüdrətlənib, sonra parçalanıb, məhv olub. "Əbədiyə qəh-qəh çəkən əbədi dünya"da əbədi qalacaqlarını düşünən hökmdarlar, onlara tərif deyən simasız məddahlar tarixin bədənnüma aynasında nə qədər gülünc görünürlər. Əzrayıl qılıncını sıyırıb öz vəzifə borcunu yerinə yetirmək üçün onlara qonaq gələndə bu miskinlər son məqamda yenə İlahidən rəhm diləyir, günahlarının bağışlanmasını istəyirlər. Çox eşitmişik ki, Allah hər şeyi bağışlayandır. Bu, insanların Yaradana olan sonsuz sevgisindən yaranan bir inamdır. Buna arxayın olub min-bir rəzalətə, xəyanətə, bəd niyyətə qol qoymayın. Məncə, Tanrı dərgahında hər günah bağışlanmır...
   
   
   
   * * *
   
   Yetmişincı illərdə Baş katib Brejnevə sonsuz sədaqət, rəğbət, məhəbbət epidemiyası Sovet ölkəsini bütünlükdə bürümüşdü. Leonid İliçin adı o dövlətin qurucusu olan İliç oğlu Vladimirdən daha çox çəkilməyə başlamışdı. Mixail Suslovun ideoloji-sanitar xidməti rəhbər sevgisini gücləndirməklə, daha dəqiq desək, iyirmi il öncə partiyanın XX qurultayında ifşa olunan şəxsiyyətə pərəstiş siyasətini yeni tarixi şəraitə uyğun reanimasiya etməklə məşğul idi. Uzun illər sarsılmaz Sovetlər İttifaqının əvəzolunmaz "boz kardinal"ı dövlətin dayaqlarının möhkəmlənməsinin, onun beynalxalq aləmdə nüfuzunun artmasının bir təminatını da xalq kütləsində Baş katibə ümumxalq məhəbbəti hissi aşılamaqda görürdü. Azərbaycanlılar demişkən, axı "üzük qaşı ilə tanınar".
   
   Leonid İliç Brejnev bəşər tarixinin deyil, xoş təsadüflərin uğurlu yetirməsiydi. 1906-cı il dekabrın 19-da indiki Dneprodzerjinsk şəhərində doğulmuşdu. 1935-ci ildə yerli Metallurgiya İnstitutunu bitirəndən sonra zavodda mühəndis işləyirdi. Xüsusi partiya təhsili, hazırlığı, iş təcrübəsi olmasa da zahiri görünüşü, çalışqanlığı, işgüzarlığı, insanlarla ünsiyyət qurmaq qabiliyyətil ilə fərqlənən bu gənc ictimai işlərə həvəsliydi. Dövr eləydi, hamı sosializm qurucu-luğunun ön cərgəsində addımlamaq istəyirdi. İqtisadi bataqlıqdan hər vəchlə çıxmağa can atan yeni qurulan dövlətdə yüksək ictimai şüurun, dəmir intizamın gücüylə nurlu sabah uğrunda mübarizə gedirdi. Ayrı-ayrı xalqları bir-birinə ümumi əqidə, amal ortaqlığı ideyası ilə pərçimləməklə müxtəlif qan yaddaşı olan millətlərin Sovetlər Birliyi qurulurdu. Bir yandan hər gün üzülən sonsuz ümidlər, məhv olan saysız insan taleləri, çiçək kimi solan minlərlə arzu, bir yandan da işıqlı gələcək haqqında şirin xəyallar... Gün gələcəkdi, vəd olunan işıqlı gələcəyin sadəcə siyasi ilğım olduğu bilinəcəkdi. Amma o günə kimi neçə nəcabətli nəslin başına müsibət bayquşları qondu, əsrlərdən qalma əxlaqi dəyərlərin kökü kəsildi, xəyallarsa gerçəkləşmədi. Haqsız güllələnənlərin, sürgünə göndərilənlərin ahu-zarı indi də göylərə ağırlıq edir. Bəzən üstümüzə yağış kimi yağan bəlalar elə o buludlardan tökülür...
   
   Natəmiz dövrün "təmizləmə" dalğasında bir ucdan da iş yerləri boşalırdı. 1938-ci ildə partiya aparatına cəlb olunanların arasında Leonid İliç də var idi. Böyük yolun başlanğıcında tələbəlik dostu, Dneprodzerjinsk şəhər partiya komitəsinin birinci katibi Qruşevoy ona dəstək verirdi. Az vaxtda Brejnev Vilayət partiya təşkilatının katibi vəzifəsinə qədər yüksəldi. Sonrakı illərdə isə siyasi hamisi Ukrayna Mərkəzi Partiya təşkilatına rəhbərlik edən Nikita Ser-geyeviç Xruşşov oldu. Müharibəyə siyasi işçi kimi gedən Brejnev Qələbə gününü general-mayor mundirində qarşıladı. Qüdrətli hamisinin sayəsində 1950-56-cı illərdə Moldovada, Qazaxıstanda rəhbər vəzifələrə seçildi. Daha dəqiq desək, Kreml tərəfindən katib təyin olundu. Xam torpaqlara bəslənən xam xülyaların gerçəkləşməsində onun xüsusi xidmətləri nəzərə alınaraq 1957-ci ildə Moskvaya gətirildi. Xruşşova şəxsi sədaqəti ilə fərqlənən Brejnev Mərkəzi Komitə katibi və Prezidiuma üzv seçildi. 1960-cı ildə inqilab süvariləri kaqortasından olan K.E.Voroşilov təqaüdə göndəriləndən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutdu. Altmışıncı illərin əvvəlində növbəti iki Qızıl ulduzu N.S.Xruşşovun sinəsinə taxmaq şərəfi məhz ona nəsib oldu. Sonra Mərkəzi Komitənin ikinci katibi seçildi. Siyasi karyerasında bu mərhələyə qədər Xruşşovun sayəsində yüksələn Brejnev son təyinatından az sonra gözlənilmədən hakimiyyətin ən uca pilləsinə qalxmağa müəssər oldu. Fəqət, nəyin hesabına? Nə qədər qəribə də olsa, mülayim xasiyyətli, kövrək təbiətli Leonid İliç öz hamisinin hakimiyyətinə son qoyulma əməliyyatının əsas təşəbbüskarlarından biri kimi siyasi mübarizə meydanında ön plana çıxdı və Kremldə baş verən dövlət çevrilişinə bilavasitə rəhbərlik etdi.
   
   "Boz kardinal" M.A. Suslov o dövrdə siyasi fəallığı ilə xüsusi fərqlənən Mərkəzi Komitənin katibi A.N.Şelepin, Dövlət Təhlükəsizlik Komitəsinin sədri V.Y. Semiçastnı və digər Prezidium üzvləri neçə vaxt idi ki, Xruşşovla üzüsulu vidalaşmanın yollarını axtarırdılar. Küləyin istiqamətini hamıdan tez və düz duyan hiyləgər Anastas Mikoyana bu məxfi planın gerçəkləşməsində özəl vəzifə düşmüşdü. Bəziləri deyir ki, Anastasın çevriliş məsələsində nəinki əli, heç xəbəri də olmayıb. Bu əsla inandırıcı səslənmir. Həyatın hər üzünü görən, irili-xırdalı hökmdarların hər nazını çəkməyə alışan, nə qədər yüksəklərə qalxsa belə, lazım gələndə sürünməyi də bacaran peşəkar siyasətçı aylarla sürən gizli məsləhətləşmələrdən, aramla hazırlanan bu ssenaridən xəbərsiz ola bilməzdi. Yerin altını da, üstünü də bilən, gənc yaşlarından inqilabi hərəkatın içində böyüyən, çox-saylı burulğanlarda batmayan, 50 il hakimiyyətin süd gölündə qaymaq kimi üzdə qalan, o dövrdə Ali Sovetə başçılıq edən böyük səlahiyyət, məlumat və təcrübə sahibi, ən azından Kremldə baş verə biləcək təhlükəni fəhmlə duymalıydı.
   
   (Ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK