Dünyanın A kateqoriyalı terrorçusu müğənnilərimizdən kimləri dinləyir?
26917 |
2007-12-08 02:49
Şriftin ölçüsü:
Elə bil ürəyimə dammışdı. tən yazılarımın birində Amerikanın günün günorta vaxtı çıraqla axtardığı Bin Laden barədə bir-iki kəlmə qaralamışdım. Bu əllərimlə yazmışdım ki, Bin Laden neçə illərdi heç yerdən maaş, sosial yardım, qonorar almır. Sponsoru yoxdusa sığındığı mağaranın kirayə pulunu kim ödəyir?
"Ədalət"in həmin sayı köşklərə çatar çatmaz Bin Laden "Əl-Cəzirə" telekanalına çıxıb ABŞ-ı yaş yuyub quru sərdi. "Ədalət" qəzetinin köşə yazarı olduğuma görə ədalətli olmalıyam, Bin Laden sonuncu çıxışında mənə irad-filan bildirmədi. Onun davası Buşladı.
Mən isə qəzetçi kimi qismən istəyimə çatdım. Sponsorunun adını açıqlamasa da, sükutu pozub efirə çıxdı. Deməli, dünyanın A kateqoriyalı terrorçusunu yazımla qıcıqlandıra bildim. Təkcə məni yox, yəqin ki, oxucuları da bir məsələ maraqlandırır. Bin Laden bu vurhavurda qəzetdəki yazını necə oxuyub? Elektron ünvanıma daxil olan məktub suala aydınlıq gətirdi. Məlum oldu ki, gizləndiyi mağarada Bin Ladenin yaraq-yasağından başqa sürətli interneti, peyk antennası da var. Dünyada nəşr olunan qəzetlərin əksəriyyətinə internet vasitəsilə göz atır. zü barədə yazılan məqalələri isə son cümləsinə qədər oxumadan internetdən ayrılmır. "Ədalət"dəki yazım da bu üzdən Bin Ladenin diqqətini çəkib. Dərhal saç-saqqalına əl gəzdirib "Əl- Cəzirə"yə çıxıb. İndi oxucularda növbəti sual yarandı. Elektron ünvanıma bütün bunları kim yazıb? Heç bir sualdan qaçan deyiləm.
Məktubu əslən Misirdən olan həmkarım yazıb. Onunla bir neçə il öncə şəhərsalma problemlərinə həsr edilən beynəlxalq seminarda tanış olmuşdum. Beynəlxalq dostum bir neçə qəzetdə çalışıb, baş redaktorların maaşı, qonorarı basıb yediklərini görüncə Bin Ladenə pənah aparmaqdan başqa əlacı qalmayıb. İndi A kateqoriyalı terrorçunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində metodist vəzifəsindədi. Mağaradakı bütün işçilər kimi o da Bin Ladeni "müəllim" deyə çağırır. Yazdığından belə anlamaq olur ki, babat dolanır. Bin Laden onun nə maaşını, nə də qonorarını kəsir. Hələ ki...
Dostum yazır ki, "Ədalət"in internet ünvanında yazımı görən kimi müəllim dəftərçəsində qeydlər edib və "Əl- Cəzirə"yə telefon açmaq barədə göstəriş verib. Sonrası hamıya bəllidir.
Həmkarım yazır ki, müəllim Buşla mübarizəyə fasilə verəndə telekanallara baxır. Sərxan Kərəmoğlunun "Lider" TV-də apardığı verilişin birini də buraxmır. Rəqsanənin mahnılarını eşidəndə isə əsəbiləşir. Dostumun Bin Ladenin mağarasından göndərdiyi məktubundan sitat: "Rəqsanənin "Mən səni görmək istəsəm hara gəlim?" mahnısını eşidən kimi müəllimin qanı qapqara qaralır. Deyir ki, bu qıza necə mesaj yazım ki, filan mağaraya gəl? Yazan kimi çıxıb maqazin proqramlarında müsahibə verəcək ki, Bin Laden mənə dəvət göndərib. Bir-iki günə gedəcəyəm filan mağaranın filan zalına. Elə Buşa da bu lazım deyilmi? Müəllim deyir, Rəqsanə sirr saxlayan deyil. Onunla kəşfiyyata getmək olmaz".
Sonra dostum məktub vasitəsilə məndən bir xahiş edir. Yazır ki, Röyanı, Nuranı görəndə onlardan geyimlərinə fikir vermələrini tapşırım: "Onlara de ki, müəllim yaman əsəbiləşib. Ya geyinsinlər, ya da..."
Məktubun bu yerində xeyli nöqtələr var. Görəsən, bu nöqtələr internetin xətasıdı, yoxsa Bin Laden doğrudan da əsəbləşib...