hacklink Adalet.az | Makarenkonu oxuyuram Adalet.az | Makarenkonu oxuyuram Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Makarenkonu oxuyuram

28680    |   2014-09-13 01:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nədənsə Makarenkonun "Pedaqoji poeması"nı oxumaq keçdi ürəyimdən. Azərbaycan uşaq və Gənclər nəşriyyatı vardı, 1953-cü ildə orda nəşr olunub. Onda hamı Makarenkonu oxuyurdu. Sonralar biz də oxuyurduq. Necə olsa, Pedaqoji İnstitutut idi. Hamıya gözəl pedaqoq, sovet müəllimi-Makarenko olmaq aşılanırdı. Həm də müəllim, türkcə desək, öyretmen ən hörmətli, məktəb müqəddəs idi.
Bəlkə ona görə də təsəvvür etmirdik ki, müəllimə cavab qaytarmaq, dərsə gecikmək, ya dəftər-kitabsız əli cibində məktəbə getmək olar, ya oxumayan əli cibində gəzən birinin valideyni məktəbdə hünərlə dava-dalaş salar, hələ desən şikayət də edər, hələ desən müəllim günahkar da olar və s. Zəif oxuyanlar onda da vardı. Amma onların səsi çıxmazdı, dəftər-kitabları, məktəb formaları, davamiyyətləri, davranışları hamısı da yerində. Valideynlərisə utanardı. Çünki uşaqların təhsil almaq-oxumaq üçün məktəbə gəldiklərini bilirdilər. Sovet təhsil sisteminin haranınsa təhsilini eksperiment etməyə, təqlid etməyə nə vaxtı, nə həvəsi vardı. Çünki hamını oxudurdu, kənddə-kəsəkdə yaşayanı, kimsəsizi, kasıbı və s. Bütün dünya da heyrət içindəydi: Hamını pulsuz-parasız oxutmaq olar? Hələ bu azmış kimi sonra işlə də təmin olunmalıdı. Yəni ölkədə hər vətəndaşın işi olmalıydı. Yoxsa, müəllim, ya mühəndis ol, get dükanda satıcı, ya sürücü işlə? Bunları düşünürsən və prezidentimizin sərəncamı ilə təmir olunan məktəblər, baxçalarla bağlı bir yazıya rast gəlirsən. Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevanın internat məktəblərinin abadlaşdırılmasıyla bağlı gördüyü işlərdən bəhs edən xəbər oxuyursan. Sevinirsən. Ümidin artır, təhsilimizin gələcəyinə inam yaranır. Və birdən TN-nin gördüyü işlər, yeniliklərlə bağlı hansısa xəbər tapırsan və sonucun pula, rüşvətə gedib çıxmasını istəmirsən. Çünki bir andaca yerə çırpılırsan.
Makarenkonu oxuya-oxuya bunları düşünürdüm. Çox-çox kasıb bir dönəmdə-20-ci illərdə küçədən, dərədən-təpədən oğru, soyğunçu, baxımsız nəvaziş, qayğı gırməyənləri yığıb Koloniya yaradan Makarenkonu düşünürdüm: Müxtəlif yaşlı, hətta adam öldürməkdə suçlanan, məktəbin, nizam-intizam sözünün nə olduğunu bilməyən uşaqlar və 2-3 nəfərlik pedaqoji kollektiv.Anton Semyonoviç bu haqda belə yazır:
"Ilk günlər onlar bizi hətta təhqir də etmirdilər, bizi sadəcə görmürdülər. Axşamlar sərbəstcə koloniyadan gedir, səhər qayıdır və mənim ictimai tərbiyəçi töhmətlərimə sadəcə gülümsünürdülər.
Bizim pedaqogikamızı, hətta bəşər mədəniyyətini inkar edən uşaqlardan vətəndaş yetişdirmək lazım idi.
Biz isə öz meşəmizdə başımızı əlimizə dayayaraq böyük hadisələrin gurultusunu unutmağa çalışır və pedaqojiyə aid kitablar mütaliə edirdik".
Koloniyanın bütün pedoqoji kollektivi nəzəriyyə öyrənirmiş, kitablarda yaşadıqları, içində olduqları çətin vəziyyətdən çıxmaq yollarını axtarırmış ipə-sapa yatmayan müxtəlif yaşlı uşaqlardan vətəndaş yetişdirmək məqsədiylə. Bezdikləri anlar da çox olub. Və Anton Semyonoviç çıxış yolu axtaranda bir nəticəyə gəlib:
"Bu mütaliənin başlıca nəticəsi olaraq, mən elə möhkəm və nədənsə birdən elə əsaslı qənaətə gəldim ki, öz-özümə dedim: mənim əlimdə heç bir nəzəriyyə yoxdur, mən nəzəriyyəni gözümün qabağında baş verən real hadisələrin məcmundan özüm çıxarmalıyam. Mən əvvəllər, hətta başa düşmürdüm, amma görürdüm ki, mənə kitab formulaları lazım deyil, çünki mən onları onsuz da işdə tətbiq edə bilməyəcəm. Mənə tez təhlil etmək və tez hərəkət etmək lazımdı".
Makarenko böyük pedaqoq-böyük İNSAN olub. Yüzlərlə qarətçini, oğrunu, həyatın mənasını avaralanmaqda görəni, cinayət törədən azyaşlını, səfili... insan olmamaqdan xilas edib. Həmişə mütaliə etsə də bunu gözünün önündə olan yaşadığı reallığa uyğunlaşmaqla, dərketməklə, öyrənməklə, duymaqla insan kimi-pedaqoq kimi yanaşmaqla əldə edib. Bütün bunları oxuyanda, düşünəndə müxtəlif əmrlərə rast gəlirsən, təhsildə hansısa bir ölkədə tətbiq olunan nəticəsi bəlli olmayan yeniliyin tətbiq olunacağını öyrənirsən. Reallığın göz çıxardığı, yəni təhsilin səviyyəsinin getdikcə aşağı düşdüyü bir vaxtda, orta məktəbi bitirənlərin sayının 3-4 dəfə azaldığı bir vaxtda sadəcə reallığı görmək lazımdı. Sən ağrıyırsan, özünə yer tapmırsan və... Və 1-ci sinfə gedəcək uşaqlar üçün TN tərəfindən hazırlıq kursları açılacağını öyrənirsən. Sevinirsən. Sonra bilirsən ki, bunlar ödənişli olacaq. Yenə yerə çırpılırsan. Bəs kasıblar? Bəlkə sabah bir qərar da verdilər ki, bu kurslarda olmayanlar məktəbə qəbul olunmasın, onda necə olacaq?
Makarenko 1888-1939-cu illərdə, cəmi 51 il yaşayıb.16 yaşından işləyib. "Qorki adına koloniya"yanı 32 yaşında yaradıb. Əslində O insan yaradıb-yüzlərlə insan. İndi bizdə də TN gəncləşib, cavanlaşıb: nazir, müavinlər, bir çox işçilər. Hətta çox sevdiyim neçə illərin gözəl müəllimi Nailə xanım Rzaquliyeva da getdi. Düzdü, mətbuatda nazir"onu da qovdu", "onu da işdən çıxardı "Kimi yazılara rastladım. Amma bu başlıqlar sinirlərimə toxundu; nə təhsilə, nə müəllimə, nə nazirə, nə də Nailə xanıma yaraşmadı... İndi birdən-birə onlarla məktəb rəhbəri dəyişib. Əslində ən vacib, ən önəmli, ƏN, ƏN... sahədə belə dəyişikliyi düzgün hesab etməsəm də nazirin qərarıdı. Və hörmətlə yanaşmalıyıq. Sadəcə Makarenkonu düşündüm və onu düşünə-düşünə düşündüm ki, cavanlaşan TN yaşlı nəsli uzaqlaşdırır. Bəlkə belə lazımdı? Hər halda Makarenko koloniyanı bir əsr qabaq yaradıb 32 yaşında. Bəlkə onların da içində bir Makarenko var, indiki uşaqlar da çox nəsnələrdən xəbərdar olan 21 əsr uşaqlarıdı, prezidentimizin sərəncamıyla hər il təmir olan təptəzə, gözəl məktəblər də var, arzumuz, çabamız olsa, nöqsanları aradan qaldırmaq da olar, varına-puluna baxmadan oxumaq istəyənə kömək etmək olar. İstənilən halda məktəb rəhbərlərinin məhz təcrübəli pedaqoq və ən azı 40-45 yaşlarında olması qənaətində olsam da məktəb direktorları cavanlaşır. Elə bizim məktəbin direktoru da cox cavandı. Baxıram, düşünürəm "Bacaracaqmı, necə olacaq?" - deyə. Üzündə bir işıq var Kərim müəllimin. Təki bu işıq təhsilimizi, məktəbimizi, ürəyimizi işıqlandırsın. Üzünüzdəki, qəlbinizdəki işığın itməməsi, təhsilimizin-gələcəyimizin işıqlı olması arzusuyla Yeni dərs iliniz mübarək əziz, gözəl, dəyərli öyrətmənlər.


YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO