hacklink Adalet.az | "BİR ZAMAN İLİÇİ TƏRİFLƏYƏNLƏR, BU GÜN MƏHƏMMƏDDƏN HƏDİS DEYİRLƏR"Adalet.az | "BİR ZAMAN İLİÇİ TƏRİFLƏYƏNLƏR, BU GÜN MƏHƏMMƏDDƏN HƏDİS DEYİRLƏR"Adalet.az | Ədalət -
"BİR ZAMAN İLİÇİ TƏRİFLƏYƏNLƏR, BU GÜN MƏHƏMMƏDDƏN HƏDİS DEYİRLƏR"
"Fəxri ad almaq üçün sürünməlisən"
22429 |
2007-09-18 14:11
Şriftin ölçüsü:
Dəyərli oxucular, çox götür-qoydan sonra bu qərara gəldim ki, məmləkətdə özünə, xidmətlərinə, yaradıcılığına görə hər birimizin tanıdığı, lakin bir az gözdən-könüldən iraq, bir az zamanın qaçdı-qovundan kənar, özü öz həyatını öz bildiyi kimi yaşayan insanlar var. Və bizim borcumuz bu insanları arayıb-axtarmaq, könüllərini xoş etməkdir. Elə bu məqsədlə də "Yada düşənlər" layihəsini düşünüb-tapdıq və onun ilk müsahibi də şair, 41 il fəxri adsız işləyən pedaqoq, alim və nəhayət, son dərəcə təvazökar və hər kəs tərəfindən sevilən Oqtay Rzadır.
- Oqtay müəllim, xoş gördük, əgər icazə versəniz sizə bir neçə sualla müraciət edim.
- Mədətoğlu, mən öyrənmişəm ki, tələbələrdən özüm sorğu-sual edim, çünki özümə sual verəndə çətinliyə düşürəm.
- Eybi yox, həmişə siz sual verirsiniz, indi də mən soruşuram, Oqtay müəllim, sizi Azərbaycanın söz məkanında tanımayan, sevməyən insanı təsəvvür etmirəm. Sizə həsəd aparılacaq bir sevgi var, nədir bunun səbəbi?
- Bu sözü mənə həmkarlarım, dostlarım, tanışlarım deyəndə başlayıram eşitdiklərimə inanmağa və hiss edirəm ki, doğrudan mənə rəğbət var. Bunu müxtəlif cəhətlərə yozmaq olar. Mən Salyanın Qalalı kəndində doğulmuşam, kütləvi cəzalanma dövründə 32 yaşında dünyasını dəyişmiş atam Məhərrəm və yaxud onun atası Salyanda dünyaya gəlib və mənim də qayəm o olub ki, ancaq yaxşılıq edim, xeyirxahlıq göstərim, özü də təmənnasız. Bəzən yuxu ilə ayıqlıq arasında özüm-özümə hesabat verirəm ki, bu gün mən neyləmişəm, kimə iynə ucu boyda yaxşılığım keçib. Və birdən yadıma düşür ki, 9-10 yaşlı uşaq məndən ünvan və yaxud saat soruşub, istədiyi səmtə yönəltmişəm. Bunun özü də mənə təsəlli verib. Və yaxud hansısa bir gənc yazarın, bir tələbənin, bir həmkarımın barəsində dediyim bir kəlmə, yazdığım bir cümlə görmüşəm ki, bir müsbət emosiya yaradıb. Bax,bu da məni sevindirib və onun taleyində yerim olub. Ümumiyyətlə, kimlərəsə az-maz xeyirim dəyibsə, bunun heç vaxt hesabını aparmamışam. Bəzən özləri 20-25 ildən sonra yadıma salırlar ki, Oqtay müəllim, filan işi o vaxtı sən həll etdin, əlimizdən tutdun. Mənimsə heç yadıma düşmür. Hətta rayonlarda da ünvanıma bu cür sözlər eşidirəm. Mənim bir amalım var, insanlara yaxşılıq, nikbinlik hissi aşılamaq. Əgər ünvanıma "yaxşı adamdı" deyirlərsə bu da mənim mükafatımdır.
- Oqtay müəllim, sizdə nəsə bir Allah vergisi var, çünki qatıldığınız məclislərdə mütləq bir şuxluq olur.
- (Gülür). Bu tapıntıdı. Bunu üzümə səndən başqa deyən olmamışdı. Düzdür, ümumi formada deyiblər ki, gəlişinlə şənlik gətirirsən, amma şuxluğun olmasını sən dedin.
- Oqtay müəllim, siz həm də son dərəcə diqqətcilsiniz. Bu qədər qayğıların içində gündəlik mətbuatı, yeni kitabları oxumağa, münasibət bildirməyə də vaxt tapırsınız. Elə bir təqdimat, elə bir anım günü yoxdur ki, ora qatılıb nəsə bir xoş kəlmə deməyəsiniz. Siz bu qədər vaxtı hardan tapırsınız?
- Açığı, mən indi özümü ən az oxuyan müəllif hesab edirəm. Amma doğrudan da gündəlik mətbuatı, dərgiləri gözdən qaçırmıram. Müəyyən qələm dostlarımın kitablarını, hətta dünya ədəbiyyatının son nümunələrini əldə edib oxuyuram. Doğrudur, bayaq da dedim, yaşla əlaqədar gözdə, səhhətdə problemlər var, amma buna baxmayaraq, mən 30-40 yaşındakı kimi yox, öz yaşıma uyğun olaraq çalışıram ki, zamandan geri qalmayım. Yəqin bilirsən də mən artıq yetmişi aşmışam, ona görə də gərək nəzərə alasan, dediklərimin səmimiyyətini qəbul edəsən. İndi təsəvvür elə ki, mən keçmişə nəzər salanda beş adamın adını çəkirəmsə, onun üçünə "Allah rəhmət eləsin" deyirəm. Başa düşürsən də nə demək istəyirəm, ətrafım seyrəlir. Yaxşı ki bu boşluğu yeni-yeni dostlar, tanışlar doldurur. Mənim öz xoşuma gələn bir cəhətim odur ki, nə özümdən yaşca böyüyə, nə də son dərəcə kiçiyə fərqli yanaşmıram, hər ikisiylə eyni səviyyədə olmağa çalışıram. Bu da ortada səmimiyyət yaradır, özümüzü tay-tuş kimi hiss edirik.
- Xahiş edirəm, bu sualıma özünüzə məxsus səmimiyyətlə cavab verəsiniz, məmləkətimizdə unudulan, aranıb-axtarılmayan söz-sənət adamları var. Zənnimcə, onlardan biri də sizsiniz.Hətta mən düşünürdüm ki, 70 illiyinizdə nəsə bir rəsmi törən olacaq. Amma nədənsə heç yada düşmürsünüz...
- İndi elə bir qəribə dövrana gəlib çıxmışıq ki, mən heç, açığını deyim, o qədər unudulan sənətkarlar var ki, xatırlayanda adamın daxilini bir təəssüf hissi bürüyür. Otuz-qırx il bundan əvvəlin şairlərini deyirəm, kimin üzdə olan sahibi yoxdursa nə qapısı döyülür, nə də xatırlanmır. İstəyir o şair ən dahiyanə şerlər yazmış olsa belə gedib qapılar döyməsələr yada salınmayacaq. İnsanlarda bu gün öz mənafelərini düşünmək xəstəliyi baş qaldırıb. Bu adamlar özlərindən başqa heç kimi görmürlər. Ən böyük mükafatları alsalar da yenə gözləri doymur. Ona görə nə arxivlərə baxan var, nə tarixlərə.Məsələn, Novruz əncəli heç yada düşmürdü. Axtarıb tapdım ki, bir oğlu var, onu yerindən tərpətdim. etdi kimlərinsə qapısını döydü, ondan sonra xatirə tədbiri keçirtdilər. Mən də iştirak edib bir neçə kəlmə dedim. O cümlədən Tələt Əyyubov, İsmayıl Soltan, İsmayıl Cəfərpur və başqaları.Adamları yoxdu deyin yada da düşmürlər. O ki qaldı mənə, mirzə, sənə bir şey deyim də, düz 41-ci ildir ki, eyni məktəbdə fasiləsiz dərs deyirəm. Kafedra müdirimizə dedim, heç bir reaksiya vermədi, dekanımıza dedim, o da onun kimi. Hətta dedi ki, mən də sənin qədər işləmişəm, birtəhər başa saldım ki, mən eyni məktəbdə bu qədər işləmişəm. Sonra düzdülər-qoşdular, özləri getdi oldu Əməkdar müəllim. Çox danışmıram ki?
- Xeyr, Oqtay müəllim, buyurun.
- Bilirsən də tarix xoşlayır ki, konkret məqamları xatırlayasan. Məsələn, bu gün kimin doğum günüdü, bu gün hansı kəşf olubdu, dünyada hansı hadisə baş verib və s. Bax, mənim də Pedaqoji Universitetdə işləməyimin 40 ili tamamdı, keçib 41-ə. Bunu eşidən tələbələrim məni təbrik etdi. Dekan da deyir ki, mən də 43 ildi işləyirəm. Dedim, ə, sən əncədə işləməyini bura qatma, sən əncədən bura dəyişəndən sonra elə üç il laborant olmusan. Söhbət salyanlılar demiş, cılxa müəllim işləməkdən gedir. Məndən başqa fakültədə bu qədər işləyən yoxdu... Mənə niyə ad verilmədi? Çünki mən ardıyca getməmişəm. Mirzə, mükafatın ardıyca gərək gedəsən, getmədinsə...
- Demək istəyirsiniz ki, ağlamayana süd yoxdu də...
- Bəli, dişinlə-dırnağınla çabalamadınsa heç nəyə çata bilməyəcəksən. On aydan artıqdır ki, "Ədəbiyyat qəzeti"nin qovluğunda şerlərim yatır. Ayaz Vəfalı gözləyir ki, gedim deyim bu şerləri nə vaxt verəcəksən. Hətta orda bir şer var, bəlkə elə ona görə vermir.
Fəxri ad, mükafat alsa da yenə,
Dəridən-qabıqdan çıxanlar artıb.
Yüksək prezident təqaüdünə
öz dikən, ümidlə baxanlar artıb.
Köhnə evimizin varisiyəm mən,
Sanki arabamda daş yox, qum gəlir.
Nə var, nə dəbdəbə hərisiyəm mən,
Belə yaşamaqdan çox xoşum gəlir
ardını başqa vaxt deyərəm.
- Oqtay müəllim, sizdəki bu coşğunluqla yanaşı, həm də hiss olunmayan qəmi də müşahidə etmək mümkündü. Bu hardan gəlir?
- Mənim içimdə iki cür dərd var: biri şəxsi dərdimdi, bu odur ki, dünyadan vaxtsız əziz insanlar gedir, təklənirsən. İkincisi isə bəlkə də inanmayacaqsınız, atəşkəs dövründə bu qədər şəhidlər veririk, bir-iki gün özümə gələ bilmirəm. Salyanda atəşkəsdən əvvəl 183 şəhid məzarı vardı, indi 198-i keçib. Kaş elə burda dayanaydı, düşmən gülləsi boşa çıxaydı. Həyatda mövqeləri qarışdırılması, haqqın tapdalanması, laqeydlik at oynadır. təpəyə layiqlini qoyublar dərənin dibinə, hətta dərəyə layiq olmayanı isə qaldırıb qoyublar dağın başına. Bunlar hamısı nə qədər istəməsən də, özünüzü görməməzliyə vursan da təsirsiz ötüşmür, adamı yandırır. Bir rübaim var, deyirəm ki:
Deyirlər çox şeyi alma eyninə,
Adamı yandırır bilirsiniz nə?
Avropa Şurası razılıq verib
Kişinin kişiylə evlənməyinə.
Bax, bu cür hoqqa çıxaran mənim torpaq məsələmi həll edir və gəlib deyir ki, erməni ilə dil tap.
- Oqtay müəllim, siz bütün bunlarla yanaşı, nəyə ümid bağlayırsınız?
- İlk öncə zamanın hökmünə. Düzdür, zaman axıb gedir, amma oturub gözləmək də olmaz . Və buna baxmayaraq, zaman çox qüvvətli amildi. Təsəvvür et, dünyanı lərzəyə salan Sovet İttifaqı dağıldı.
Hər şeyə nə yaxşı, nə pis deyir o,
Sözünü çox rəvan, səlist deyir o.
Bir zaman İliçi tərifləyərdi,
Bu gün Məhəmməddən hədis deyir o -
yəni adamlar da zamana uyğunlaşırlar. Odur ki, elə ən böyük hakim zamandı. Zaman çoxüzlülərin zamanıdı. Olsun, nə vaxtsa haqq-ədalət də öz sözünü deyəcək. Bax, mənim ən böyük ümidim də Allaha və onun mizan-tərəzisinədir.