ANA SƏHİFƏ / YAZARLAR

Rafiq Tağı ki Rafiq Tağı...

(hekayə-portret)

130766    |   2012-11-21 17:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli 23 noyabr sayımızda)



Rafiq Tağının çoxlarında olmayan bir yaxşı xüsusiyyəti var. O, haqlı oldu-olmadı, qaraladığı adamdan vur-tut bircə dəfə, amma karlı yazır. Məsələn, mən inanmıram ki, bu zəqqumçu "kişünas" (rəvayətə görə, elmi işi "ki" bağlayıcısından olduğu üçün mərhum dostu Vidadi Məmmədov bir zaman Kamil Vəliyevə zarafatla "kişünas" deyirmiş. Bu xəbər Rafiq bəyə indi çatıbmış kimi o, "kişünas"ı mənfur mənada ortaya ataraq, Kamil Vəli Nərimanoğlunu "Dədə Qorqud" kannibalı (düdəmə sözləri hardan tapır ey bu?!) adlandırıb və əlbəttə, kişinin xətrinə dəyib) Kamil Vəli Nərimanoğludan haçansa dübarə nəsə yazacaq. Hətta gələcəkdə Kamil müəllim yazılarında və teleçıxışlarında onu sancsa da... necə ki, indi belə eləyir.

(Bir-biri haqda yorulmadan, usanmadan "çevir tatı-vur tatı" döyənək, horra yazılar yazan qələm düşmənlərini heç cür anlaya bilmirəm. Deyək ki, cavanların beyni qandır, anlamırlar, bəs, bu ağsaqqallara nə xəbərdir?!)

Rafiq Tağı ilə mübahisələrim barədə...

Onun Qərblə Şərqi müqayisə edən və ikincini ayağa verən yarıfəlsəfi, yarıbədii yazısını (Qərəz janr deyil!) qəzetdə oxuyaraq dostumun xeyli subyektiv fikirlərindən incik düşüb ona zəng edirəm və iradlarımı bildirərək moizə oxuyuram:

- Ay Rafiq bəy, Şərq barədə belə qəzəbli, ümumi yazılar yazma, axı, Şərq geniş anlayışdır, sənin dediyin kimi, "şər mənbəyi" deyil. Uzaq Şərqdən tutmuş Orta, Yaxın Şərqə qədər bir məsafə birləşir bu adda. Sən bütöv Şərqin incəliklərini harda və nə zaman öyrənmisən? Bu mövzuda konkret faktların yoxdur, axı?! Elə Qərbi də qavramaq, onun nədə üstün olduğunu fəhm etmək hələm-hələm asan deyil.

Yaxud ona deyirəm: Ay qardaş, sənin nə işin var Mirzə Cəlillə?!

M.F.Axundov Füzuliyə "zəif şair" deyib nə qazandı, sən o boyda kişiyə atmaca atıb nə irəli düşəsən? Niyə həlləm-qəlləm işlərimizin, korafəhm əməllərimizin acığını o rəhmətliklərdən çıxırsan? Onlar yazdıqlarını geri götürəsi deyil ki...

Kimə deyirsən?! Rafiq Tağı nəinki bircə cümləsindən, heç nöqtə-vergülündən keçməz. Heç kəs bilmir, mən bilirəm, yaddan çıxıb mətnə düşməmiş bir nöqtəli vergülə görə qəzetin məsul katibinə evindən zəng vurub düzəliş olunmasını xahiş edən bu vasvası qələm adamı sonradan ürəyi durmayıb iki marşrut dəyişərək, "Rezonans" qəzetinin redaksiyasına gəlib və nöqtəli vergülü mətndə yerinə qoyaraq rahat nəfəs alıb.

Bir tərəfdən baxanda düz eləyib. Yaddan çıxan nöqtəli vergül məsul katibin çox vecinədir? Bir də bizdə belə xırda-mırda şeyləri qıdan kimdir?

Rafiq bəydən başqa kimdir səhər qəzetdə şerini oxuyarkən "uzaq yerin prozektorlarından qorxuram" misrasında çoxbilmiş kimi prozektor (patoloq-anatom, çölləmə desək-meyityaran) sözünü guya düzəldib "projektor" şəklinə salan korrektorla çənə-boğaz edən?! Yenə Rafiq bəy!

Başqa bir telefon söhbətimiz:

Mən: Rafiq bəy, sən dünənki qəzetdə olan yazında nahaq yerə "Tanrı türkü qorusun!" deyiminə qulp qoyursan.

Onun köndələn cavabı: Bəs Tanrı başqa xalqların başına daş salsın?

Mən: Əvvəla, türkün Tanrısının səlahiyyətlərini ərəblər doqquzuncu əsrdə alıb veriblər Allaha. Biz indi Allahın "yurisdiksiya"sındayıq. Noolar, Tanrı qeyri-qanuni şəkildə türkü qoruya bilir, qorusun. Qoy Allah bizqarışıq cəmi müsəlmanları hifz etsin, Boq özününküləri oxranyat eləsin, büt bütpərəstlərə yiyə dursun, Krişna hinduların "Rama, Rama..." dualarını əlindən almasın, ingiliscə qart-qurt danışanlardan tutmuş köklü-köməcli ingilislərə qədər hamısı bir-birinə "God bless you!" (Allah səni qorusun!) desin və sair.

O: Sən məsələni ora-bura yozma, "Tanrı türkü qorusun!" şovinist ifadədir.

Mən: Nə şovinizm, bu, bir türk alqışıdır.

O: Biz belə şüarla cılızlaşırıq!

Mən: Sən bu ifadəyə etirazınla ağzıgöyçəklərə dil verirsən, öz milli mənsubiyyətinə şübhə yaradırsan.

O: Onlar Azərbaycanın xəritəsini və kimin harada məskunlaşmasını bilməyən yelbeyinlərdir.

Mən: Sən qaşınmayan yerdən qan çıxardansan.

O, doğulduğu Masallıdakı Xoççobanlı kəndinin ləhcəsilə son akkordu vurur:

- Sən düz demersən!

Dediyindən ürəyi soyumur, öz üslubunda kürəyimdən zol çıxardır: "Bizim iqtidar nümayəndəsindən bundan artıq nə gözləyəsən?!" Hə, aldım payımı... Nə yaxşı ki, şifahi... Şifahi xəbərdarlıqla yazılı töhmət arasında nə fərq olduğunu yaxşı bilirsiniz. Rafiq Tağının qələm kəsəri şifahi danışığının kəsərindən xeyli artıqdır. Ümumiyyətlə, o, adi vaxtlarda dinləməyə daha artıq üstünlük verir. Düz də eləyir, deyəcəkləri onsuz da ona bəllidir, amma, eşidəcəklərini isə bilməyə bilər.

Bir dəfə də o, kiminsə barəsində xoş sözlər deyəndə dilim dinc durmadı, söz atdım:

- Rafiq bəy, sənin şifahi nitqinə etibar yoxdur, sən adam haqda sözünün "məmmədqulu"sunu qələm-kağızla deyirsən.

Dostum qımışdı:

- Bu fikri Baba Vəziroğlu da mənə deyib.

Rafiq bəy naqolay yazısı ilə hər hansı qəzetin bağlanmasının, fəaliyyətinin dayandırılmasının, çapının zəbt olunmasının və yaxud redaktorunun istefasının səbəbkarı ola bilər.

Uzağa niyə gedirəm, 1994-cü ilin yayında baş redaktoru olduğum "Quruluş" qəzetinin ilk sayında Rafiq Tağının hekayəsini çap etdiyim üçün təsisçinin məndən üzü döndü. Onunla düz gəlməməyimə başqa səbəblər olsa da, təsisçi "gic-gici" hekayəni əlində bayraq (soyuq silah mənasında) eləyib üstümə düşdü və mən ixtiyar sahibinə "əleykim" deyib, həmin qəzetdən o gedən getdim.

"Vətəndaş həmrəyliyi" qəzetinin işinin xeyli dayanması Rafiq Tağının hekayəsinin ucbatından olmayıbmı?!

Axır zamanlarda qəzet redaktorları onun çapa gedəcək yazılarını bittə-bittə oxuyurlar. Başqa əlac yoxdur, bu xatalı adamdan gərək özünü gözləyəsən.

"Ədalət"in baş yazarı Aqil Abbas kompüterin qabağında kəmali-ədəblə oturub sabahkı nömrədə çap olunası hekayəsinin korrektura səhvlərini düzəldən Rafiq Tağıya deyir:

- Rafiq bəy, işim çoxdur, bu yazını diqqətlə oxuya bilməmişəm, sənə etibar edib (kimə, kimə, Rafiq Tağıya?!) çapa verirəm, bax, mənimçün "əmma" çıxartma ha.

Rafiq Tağı dillənir:

- Aqil bəy, narahat olmayın, (o, hamı ilə "siz"lə danışır, hətta hərdən qəsdən "sən"ə keçsə də, tez özünü düzəldib "siz"i bərpa edir. O, bir dəfə ikimizin də dostu, telejurnalist Qorxmaz Şıxalıoğluna deyirmiş: Əjdərlə söhbətə əvvəlcə "siz"lə başlayıram. Elə ki, ara qızışır, "sən"ləri yağdırıram onun cəmdəyinə və "sən" deyə bilmədiyim bütün rəsmi adamların acığını çıxıram ondan.) bu, hekayədir, o biri (yəni vayqanlı) yazılardan deyil.

Yazıçılar arasında ən söyüşcül, ağzının qaytanı olmayan Aqil Abbas coşur:

- Sən elə hekayədə də adamın anasını sssss...

Bəlkə də ömrü boyu dilinə söyüş gətirməyən Rafiq bəyin bu anda Mahatma Qandinin sifətinə oxşayan, çöhrəsini və hədəqədən çıxmış gözlərini görən Aqil Abbasın dili paravoz kimi tormoz verib sürütdənir və o, biədəb söz əvəzinə başqa kəlmə işlətməyə məcbur olur:

- ... ağladırsan!

Vaxt olub ki, Rafiq bəyin bəzi hərəkətlərindən baş açmamışam.

Bir neçə il bundan qabaq Aşura günü Rafiq bəy iş yerimə gəlib dedi: "Bu gün niyyətlərin qəbul olan günüdür, gəl Təzəpir məscidinə gedib nəzir paylayaq!". Onun qaraniyyət adam olmadığını bildiyimə görə, qoşalaşıb məscidə getdik. Dilənçilərə bir qədər nəzir paylayandan sonra rəfiqim Rafiqin təkidilə basırıqda İmam Hüseyn müsibəti çəkə-çəkə məscidin həyətinə təpildik. Bir neçə yerdə halaylanmış saqqallı cavanlar haray-həşirlə zəncir vururdular. Bir dövrəyə girdik. Mən həm saqqallı cavanların yeknəsəq hərəkətlərindən tez usandığımdan, həm də işə tələsdiyimdən Rafiq bəyin qulağına pıçıldadım ki, bəsdir, gedək.

O, sıxıla-sıxıla dedi:

- Sən işdəsən, get, mən hələ bir az burada qalmaq istəyirəm.

Mən ondan ayrılıb yenə də tünlüyü yara-yara məscidin həyət darvazasına doğru hərəkət etdim. Darvazaya çatanda geri qanrılıb Rafiq bəy tərəfə boylandım və gözlərimə inanmadım: Rafiq bəy bayaq durduğu yerdə "Şah Hüseyn! Vay Hüseyn!" deyənlərə dəm tutub şıdırğı sinəzənlik edirdi.

Mən yerimdə quruyub onun nə qədər novruzəlicəsinə və ürəkdən sinə vurduğuna heyrətlə baxırdım. Bu görkəzmə adamın səmimi müsəlmanlığı da varmış. Birdən onun gözü mənə sataşdı, dərhal çaşdı və enib-qalxan əli sinəsində quruyub asta-asta aşağı düşdü.

Mən bir andaca qeybə çəkilmək istədim və ildırım sürətilə dönüb məscidin həyətindən çıxan axına qoşuldum. Daha geri baxmadım və onun "oğurluğ"unu tutduğuma görə it kimi peşman oldum.

Rafiq Tağının "oğurluğ"unu heç vaxt üzünə vurmasam da, indi onun xarakter cizgilərini zənginləşdirmək istəyim mənə güc gəldi. Həmişə sivilizasiya haqda alabəzək ibarələr fırladan, Kirxada Amerika saksafonçusu Con Ferqussonun konsertini ötürməyən, ancaq plovu hələ də beş barmağının beşilə də yeyən qələm dostumu hərtərəfli tanıtmağa çalışmağım kimləri yorursa, zəhmət çəkib bu yazının gerisini oxumasın, incimərəm.

Rafiq bəyin məşhur şəklinə baxıram, yenə yadıma onunla bağlı başqa bir əhvalat düşür.

Yanılmıramsa, 2000-ci ilin 20 Yanvar günü Rafiq bəylə Şəhidlər Xiyabanını ziyarət edib çıxanda o, dedi: "Bəxtiyar Vahabzadə (B.Vahabzadə onun haqqında hansısa qəzetdə təzəcə isti sözlər yazmışdı.) "Kaspar"da yatır, gedək ona baş çəkək!".

Biz xəstəxanaya getdik, şairin yatdığı palatanı asanlıqla tapıb qapını döydük. İçəridən səs gəldi:

- Buyurun!

Qapını açıb içəri keçdik, "Buyurun!" deyən şairin köhnə dostu həkim Nurəddin Rzayev imiş.

Bizi görən Bəxtiyar Vahabzadə çarpayıdan dikəlib oturdu. Onların təkidilə Rafiq bəy tək boş stulda əyləşdi. Mən də yanımı çarpayının qırağına qoydum. Şairlə yüngülcə hal-əhval tutduq. O, zorla "Yaxşıyam!" desə də, canını dişinə tutub oturmuşdu, danışmağa heyi qalmamışdı.

İki həkim (Nurəddin doxturla Rafiq doxtur) Bəxtiyar müəllimin prostat vəzisində olan xəstəliklə bağlı pıçıldaşmağa başladılar. Köhnə kişilərə məxsus böyük-kiçik yanında ədəb göstərmək ustadı şair ağrıdan qıvrılsa da, özünü saxlayıb çarpayıya uzanmırdı. Rafiq bəyin başı söhbətə bərk qarışdığından onu görmürdü.

Bu dəqiqə Bəxtiyar müəllimə ən böyük hörmətin onu rahat buraxmaq olduğunu duydum və gözlənilmədən yerimdən qalxıb dedim:

- Bəxtiyar müəllim, yastığınız yüngül olsun! Biz gedək!

Rafiq bəy üzə düşüb ayağa qalxdı. Şair bizə ürəkdən "Çox sağ olun, zəhmət çəkmisiniz!" dedi.

Nədənsə, mənə elə gəldi ki, o, bizim gəlişimizdən çox gedişimizə sevindi. Neynəsin, can ağrıyanda heç kim adamın gözündə olmur.

Rafiq bəy yanıma düşüb mənimlə qapıdan çıxdı. Ona görə belə deyirəm ki, qapıdan çıxanda dostumun qırımı xoşuma gəlmədi. Binadan on-on beş addım aralanan kimi Rafiq bəy qoparağımı götürdü:

- Sən çox sərtsən. Sözümü ağzımda qoydun. Nurəddin Rzayevə bir-iki söz deyəcəkdim.

O, gülümsədiyimi görüb susdu. Yəqin düşündü ki, bu gülümsəməkdə bir hikmət var. Həm də, deyəsən, verəcəyim cavabdan çəkinib, dərinə getmədi.

Rafiq bəyin hər il bir günü iluzunu yerdə qalan bütün günlərindən, özü demişkən, səmərəli və mənalı olur. O gün dostum inzivaya çəkilib daha çox düşünməyə, daha çox yazmağa və oxumağa çalışır. Heç bir dəvət onun saqqızını oğurlaya bilməz. İlin mənalı və səmərəli gününə çevrilən həmin gün Rafiq bəyin ad günüdür - 5 avqust.

Yeniyetmə çağlarında gələcəyin bu "şipitilni" yazıçısı özünə söz verib ki, ömrünün axırına qədər ad günlərini bütün başqa günlərindən daha səmərəli və mənalı keçirəcək. Deməli, o, hələ də sözünün ağasıdır.

Rafiq Tağının 1991-ci ildə çap olunmuş "Düşmənimin xatirinə" kitabına ön söz yazan yazıçı Elçin təxminən belə deyib ki, on beş ildir Rafiqlə dostluq edirəm, onun dostluğunda konyunktura görməmişəm. Elçin müəllimin 91-dən bəri Rafiq bəydən yana fikrinin dəyişib-dəyişmədiyini bilmirəm. Ancaq işin üst-üstə düşməyinə baxın, mən də həmən 91-ci ildən Rafiq bəylə tez-tez oturub-dururam, bu günəcən onun dostluğunda konyunktura əlamətlərinin görünmədiyi barədə bütün konyunkturşiklərə arayış verə bilərəm.

Qabaqlar yazdıqlarına görə hərdən Rafiq bəyə acığım tutardı. İndisə, onun yazılı saçmalarını görəndə başımı bulayıb, qımışa-qımışa onun heç vaxt düzəlməyəcəyini gözümün altına alıb, öz-özümə deyirəm:

- Rafiq Tağı ki Rafiq Tağı...

Əjdər OL


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK