Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dünyanı Barışdıran Adalet.az | Dünyanı Barışdıran Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dünyanı Barışdıran

16292    |   2007-08-25 06:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın ən gözəl şəhərlərindən olan İstanbulda dünyanın ən dəyərli insanlarından biri yaşayırdı. O, təvazökar, mülayim təbiətli, gülərüz bir insan idi... Allahdan çox şey diləməzdi, bəlkə ona görə də Ulu Tanrı ən gərəkli şeyləri ona səxavətlə bəxş etmişdi: ağıl, istedad, çalışqanlıq, sevmək-sevilmək səadəti, övlad sevinci. Maddi cəhətdən korluq çəkməzdi, ürəyi istəyəni alardı, geyərdi, yeyərdi, içərdi. Dünyanı gəzərdi, hərəylə öz dilində danışmağı bacarardı. Heç vaxt naşükürlük etməzdi, taleyindən şikayətlənməzdi. Tox yanında ac olmadığı kimi, ac yanında da tox görünməyi xoşlamazdı. İmkanı müqabilində ehtiyacı olanın qarnını doyurardı, kasıba əl tutardı, kimsəsizə sahib çıxardı. Uşaqları həddən ziyadə sevərdi.
   
   Ən böyük arzusu dünyanı dərk etmək, dərk etdikcə də bu sevinci bütün insanlarla paylaşmaq, onları hürr və məsud görmək idi. "Dünya o qədər də böyük deyil"- deyərdi. "Biz insanlar sayca çox olsaq da bir-birimizdən cox da fərqlənmirik"- söylərdi. "Bir-birimizi nə qədər yaxından tanısaq, anlasaq, bəşəriyyəti məhv etmək deyil, yaşatmaq barədə düşünərik. O zaman ölkələr, xalqlar savaş içində yox, barış içində yaşar"- deyə, hər kəsə bu fikirləri təlqin etməyə çalışardı. "Verəlim dünyanı çocuqlara", bəlkə savaşları onlar durdura? Bunu da bəzən o, deyərdi... Adı amalına tən idi.
   
   ...1943-cü ilin ilk günü Yer üzü böyük savaş içində ikən dünyaya bir körpə göz açdı. Adını Barış qoydular. Bəlkə o arzuyla ki, savaş tezliklə bitsin? Aylar, illər keçdi. Hamı kimi o da böyüdü, təhsil aldı, amma hamı kimi olmadı. Hamıya çox doğma, yaxın, əziz oldu - bizim tanıdığımız Barış Manço oldu. Doğularkən ona verilən sıradan bir adı ömrü boyu çəkdiyi zəhmətlə böyütdü, bir anlayışa çevirdi. Barış öz taleyini özü yaratdı, şöhrətini özü qazandı və əgər bütün bunlara görə o, kiməsə borclu idisə, bu yalnız Allahı, bir də qədir-bilən türk xalqı idi.
   
   
   
   İlk tanışlıq
   
   
   
   1989-cu ilin ortalarında Türkiyədə səfərdəydim. O zaman qardaş ölkəyə gediş-gəliş indiki kimi sərbəst deyildi. Mürəkkəb viza rejimi vardı. Bakıdan birbaşa təyyarə reysləri hələ açılmamışdı. Türkiyəyə gedəcəyimi eşidən bir yaxın dostum məndən xahiş etdi ki, imkan düşsə Barış Mançonun ona kasetini gətirim. Axşamlar türk radiosu ilə onun mahnılarını dinləyərmiş. Dedim ki, rastıma çıxsa mütləq alaram. İş elə gətirdi ki, məhz o səfər zamanı Barışla şəxsən tanış oldum və bu təsadüfi tanışlıq sonradan Barışın da etiraf etdiyi kimi, illərin sınağından çıxan böyük dostluğa çevrildi.
   
   Mən Ankarada Türk televiziyası haqda ilk dəfə iri həcmli özəl proqram hazırlayırdım. Bir neçə gün səhər saat yeddidə efirin açılışından gecə proqram qapanışına kimi Şirkətdə olardım. Müasir televiziya avadanlıqlarını ilk dəfə orada gördüm. Türk həmkarlarımla bərabər çəkilişlərə gedərdim. Verilişlərin montajına baxardım. Sözün əsl mənasında kifayət qədər təcrübə topladım. Şirkətin sədri cənab Kərim Aydın Erdemin mənə olan xoş münasibəti nəticəsində "TRT-də bir gün" adlı maraqlı proqram hazırlaya bildim. Həmin vaxt Barış Manço studiyaların birində "Adam olcaq çocuklar" adlı uşaq verilişinin çəkilişlərini aparırdı. Onun balaca dostlarıyla necə işləməsini kənardan izlədim. Çəkiliş vaxtı hamı özünü son dərəcə sərbəst hiss edirdi. İştirakçıların danışıq tərzi, hərəkətlərinin təbiiliyi, təkrarlanmaması, fərdi xüsusiyyət, qabiliyyət nümayişi məni heyrətləndirirdi. Əslində əvvəldən yazılan mətn mövcud deyildi. Hər şey improvizə üzərində qurulmuşdu. Aparıcı kimi Barış qonaqlara tam sərbəstlik versə də hər şeyə yaradıcı şəkildə özü nəza-rət edir, maraqlı, bir-birinin davamı olaraq baxımlı hadisələr yaradırdı. Mənə dedilər ki, əgər istəsən, bu verilişlərdən bir neçəsini özünlə aparıb Azərbaycanda yayınlaya bilərsən. Barış bəy buna etiraz etmir. Azərbaycanlı telejurnalistin gəldiyini biləndə o, çox sevinmışdi və "Azərbaycan üçün nə lazımsa yaparız"-demişdi. Məni ona TRT dairə başqanı Yavuz bəy təqdim etdi. Çəkilişlərə kiçik fasilə verildiyindən bir qədər söhbət edə bildik. Azərbaycanla, Qarabağla bağlı mənə müxtəlif suallar verdi, televiziyanın vəziyyətiylə maraqlandı.Türk televiziyası barədə veriliş hazırladığımı duyunca heyrətləndi. "Bu işdə bizi qabaqlamısız"- dedi. Sonra öz verilişi barədə fikrimi öyrənmək istədi.
   
   -Verilişləriniz olduqca maraqlıdır. Mənim fikrimcə, "Adam olcaq çocuklar" proqramına baxan çocuqlar böyüyəndə Türkiyəyə layiq vətəndaş olacaqlar. Məncə, siz onları buna hazırlayırsız. Amma bir iradım var, qüsura baxmayın, söyləyəcəm. Siz dünyanı dolaşıb müxtəlif verilişlər hazırlayırsız, amma qardaş dediyiniz Azərbaycana indiyədək nədənsə gəlmədiz. Bildiyim qədər Moskvada, Sankt-Peterburqda belə konsertiniz olub. Vaxt tapıb Bakıya da təşrif buyurun. Xəbəriniz olsun ki, oxuduğunuz mahnılar sizdən öncə bizə gəlib çatıb. Axı mahnı sərhəd tanımaz.
   
   Bu sözlər Barışı maraqlandırdı:
   
   -Gerçəkdən? Bizi oralarda tanıyırlarmı?
   
   Dedim, əlbət ki, tanıyırlar. Pərəstişkarlarınız da var. Bir dostum xahiş edib ki, Türkiyədən sizin kasetinizi gətirim.
   
   Barış "bu iş kolay"-dedi və asissentinə tapşırdı ki, yeni kasetindən bir neçəsini mənə versin. Beləliklə, dostumun istəyi də yerinə yetirilmiş oldu.
   
   -Evim İstanbuldadır, Modada. Telefon nömrəmi al- dedi,- gəldiyində mütləq məni ara. Tanışlığa məmnun oldum.
   
    ...İstanbulda olarkən ona zəng vurdum. Dəstəyi qaldıran xanım dedi ki, Vipsaj studiyasında montajdadır, evə gec gələcək. Soraqlaşıb studiyanın yerini öyrəndim. Taksim meydanında Mərmərə otelinin arxasındakı dar küçələrin birində zdəmir bəyin Vipsaj studiyasını axtarıb tapdım. Montaj otaqlarından birində Barışın başı işə yaman qarışmışdı. Məni qəfil görəndə lap mat qaldı:
   
   -Sən hara, bura hara? Bizi buralarda necə buldun? Bu nə gözəl sürpriz, Etibar?
   
   Dedim ki, bizlərdə ata sözü var, "axtaran tapar". Sizə bir "mərhəba" demək üçün telefon açdım. Harada olduğunuzu evinizdən mənə dedilər. Sizi işinizdən ayırmayım, Müsait bir vaxtda yenə görüşərik. Mən hələ beş gün İstanbuldayam.
   
   -Bu proqram yarın TRT-də yayınlanacaq. Axşama kimi montajı bitirib kaseti Ankaraya göndərməliyəm. O üzdən bir az sıxıntım var. Amma yarın mütləq səninlə bərabər olmağı istərdim-dedi və ertəsi gün məni evinə dəvət etdi.
   
   
   
   Dəbdən və dəyərdən düşməyən Moda
   
   
   
   İstanbulun Asiya yaxasında Moda deyilən bir yer var. Poçt ünvanı-filan lazım gəlmir. Barış Mançonun evini kimdən soruşsan, həmən göstərəcəklər. Avropa üslubunda tikilən qədim malikanəni Barış öz zövqünə uyğun bərpa etmişdi. Dostlarını, yaxınlarını burada qonaq etməkdən, dünyanın müxtəlif yerlərindən gətirdiyi xatirə əşyalarını onlara göstərməkdən, hər biri haqqında az-cox məlumat verməkdən böyük zövq alardı. Nə qədər sadə, bilgili, məlumatlı adam idi Barış bəy. Onu tanıdıqca daha çox rəğbət etməyə başlayırdın.Tək səsiylə deyil, səmimiyyəti, ensiklopedik biliyi ilə hər kəsi valeh edəcək bir həmsöhbət idi Barış Manço. Biz o gün çox şeylərdən danışdıq, çox mövzuya toxunduq, çox mətləblər hasil oldu. Vaxtın nə zaman keçdiyi də bilinmədi. Xatirə olaraq birlikdə şəkil çəkdirdik. Artıq aramızda səmimi ünsiyyət yaranmışdı. urnalist fəhmim mənə pıçıldadı ki, kameranı işə salmağın tam zamanıdır. Müsahibə almaq istəyimi ona bildirdim. Məmnuniyyətlə razılıq verdi. Çəkilişlərə onun iş ortağı, uzun illərin yaxın dostu Ərkmən Sağlam yardımçı oldu. Bakıya döndüyümdə həmin materiallar əsasında rejissor Vaqif Ağayevlə birlikdə "Tanış olun, Barış Manço" adlı veriliş hazırladıq. Bu verilişdə Barışla geniş müsahibə və onun klipləri yer almışdı. Beləliklə, məşhur Manço maraqlı söz-söhbəti, ürəyə yatan şirin şarkıları ilə Azərbaycan televiziyasında ilk dəfə göründü. Sonralar tamaşaçılarımız mavi ekranda onunla tez-tez qarşılaşdılar. 1992-ci ilin yazında bizim dəvətimizi qəbul edib o,ilk dəfə Bakıya gəldi. Hər gəlişində Azərbaycanla bağlı neçə-neçə yeni televiziya proqramı yarandı. Bizim adət və ənənələrimizi, xalq sənətimizi, görkəmli adamlarımızı, tarixi memarlıq abidələrimizi Barış Mançonun TRT-də yayınlanan özəl proqramlarında dünya gördü, tanıdı. Mən dünya deyirəm, çünki həmin proqramların tək Türkiyədə deyil, Yer üzünün bir çox ölkəsində daimi tamaşaçıları vardı. Oxuduğu mahnılarla o, öz məmləkətində cox populyar idi. Amma mənim zənnimcə, Ərkmən Sağlamla bərabər televiziya fəaliyyəti ona daha çox şöhrət gətirdi. 10 il ərzində çəkiliş qrupuyla 120-dən çox ölkəni dolaşdı. Dünyanı Türkiyəyə, Türkiyəni dünyaya tanıtdı. İlk getdiyi ölkə bilmirəm hansı idi, son səfər etdiyi məmləkətsə Azərbaycan oldu. 400-dən çox televiziya proqramı hazırlayana qədər o, haralara getmədi?! Son çəkilişlərini isə Barış 1998-ci ilin noyabrında mənimlə bərabər Bakıda apardı.
   
   
   
   Onun bir arzusu vardı
   
   
   
   O, Bakıda konsert vermək arzusundaydı. İstəyirdi ki, böyük salon və ya geniş bir meydan verilsin onun ixtiyarına. Minlərlə adamın qarşısına çıxıb canlı olaraq xalq konserti versin. Yəni heç bir bilet satmadan, kommersiya marağı güdmədən, nəfəsini dərmədən, ürəyi boşalana kimi oxusun. İmkan olsa bunu Qarabağ bölgəsində etsin.Əfsus ki,1992-ci ildə Azərbaycana ilk səfəri zamanı onun istəyi baş tutmadı. İcazə vermədilər, görünür, minlərlə insanın bir yerə yığışmasından ehtiyatlandılar. Kömək üçün Dövlət Teleradio Şirkətinin sədri Elşad Quliyevin yanına gəldik. O, Barış Mançonu səmimi qarşıladı, ətraflı söhbət etdi, qonaqpərvərlik göstərdi. Studiyada çəkilişlər aparmaq üçün hər cür şərait yaratdı. Amma Elşad müəllim də nə Mədəniyyət Nazirliyindən, nə də Prezident Aparatından xalq konsertiylə bağlı müraciətə müsbət cavab ala bilmədi. Kimsə məsləhət gördü ki, müdafiə naziri Rəhim Qazıyevlə görüşün, bəlkə o razılıq ala bildi. Onunla görüşündə Barış Manço yenə öz arzusunu bildirdi, amma bir nəticə hasil olmadı. Döyüş zonası təhlükəlidir, dedilər. Belə xeyirxah bir niyyətə nümayişkaranə biganəliyin səbəbini, kökünü anlamayan Barış bəy bir qədər pərt olsa da Bakı və Abşeronla tanışlığını, müxtəlif insanlarla ğörüşlərini davam etdirdi. AzTV-də az vaxtda üç veriliş çəkildi. Bu proqramların hazırlanmasına sədrin tapşırığıyla televiziyanın əməkdaşlarından Arif Alışanov, Vaqif Ağayev, Fazil Hadıyev, Əhməd Əsgər, Rafael Əsədov, Eldar Məmmədov, Əlövsət Aslanov və başqaları cəlb edilmişdı. Azərbaycan televiziyası türk həmkarları ilə ilk dəfə belə bir iş birliyi həyata keçirirdi. Şirkətin içində canlanma vardı.İş rejimi mürəkkəb olsa da kimsə "yoruldum" demirdi. Elşad müəllim studiyadakı çəkilişləri kabinetində monitordan izliyərdi. Birinci proqram azyaşlı uşaqlarla, digəri Qarabağda döyüşən gənclərlə oldu. "İkinci qəhvəaltı" adlı üçüncü verilişin qonaqları isə qocaman səhnə ustalarımız Gülxar Həsənova, Məmməd Əlili və Azərbaycan radiosunun turk verilişləri redaksiyasının əməkdaşı Sabir Axundov idi. Söhbət çox maraqlı alınmışdı. Barış bəy onları söhbət əsnasında xatirələrə dalmağa, mənalı ömür yollarında olub-keçənləri türk tamaşaçılarına olduqca maraqlı şəkildə çatdırmağı bacarmağa kökləmişdi.
   
   Yadımdadı, Elşad müəllim Barış Mançonu misal gətirərək deyərdi ki, belə bir aparıcını tapmaq, yetişdirmək tək televiziya şirkəti üçün deyil, bir məmləkət üçün qazancdır. Barışın oxumağından daha çox aparıcılığına üstünlük verən Elşad Quliyev milli televiziyamızda da təbii və təsirli uşaq verilişlərinin olmasına çalışırdı. Fəqət, o da gözəl başa düşürdü ki, yalnız uşaq psixologiyasını mükəmməl bilən, onlarla eyni anda, eyni aləmdə yaşamağı, çəkiliş meydanında onlardan biri olmağı bacaran, tərbiyəvi söhbətlərini azyaşlıların düşüncə tərzinə uyğun şəkildə quran simaların aparıcılığında belə verilişlər yarana bilər. O istəyirdi ki, Barış Manço bu məsələdə bizə köməkçi olsun.
   
   Barış Mançonun Azərbaycandan hazırladığı ilk proqramlar 1992-ci ilin may ayında üç həftə boyunca Türk televiziyası ilə yayınlandı və çox böyük marağa səbəb oldu. Müstəqillik bayramımız ərəfəsində həmin verilişlər AzTV ilə də göstərildi. Sonralar bu proqramlar TRT vasitəsilə dəfələrlə nümayiş edilsə də, nədənsə, Azərbaycan Teleradio Şirkətinin diqqətindən 15 ildi ki kənarda qaldı. Görən, nə baş verdi? Bu sual ətrafında baş sındırmağa dəyməz - sadəcə sədr dəyişikliyi. Dünyanın hər yerində televiziyalarda rəhbərlərin dəyişməsi təbii haldır. TRT- də də Kərim Aydın Erdemdən sona Tayfun Akgünər və daha neçə sədr dəyişdi, amma Barış Mançonun proqramları, o cümlədən Azərbaycandan hazırladığı proqramlar indi də dönə-dönə qardaş ölkədə yayınlanır. Çünki varislik prinsipləri gözlənilir. Yeni gələn gedənin kölgəsini qılınclamır, yolunu davam edir. Bizdə isə kadr dəyişikliyinə az qala inqilabi yanaşma var. Bu yalnışlıq kollektivin abu-havasını zəhərləməklə yanaşı, arxivlərdə saxlanılan qiymətli materialların aqibətinə də mənfi təsir göstərir. Qısqanclıq üzündən nələrsə məhv edilir, qəsdən yararsız hala salınır, qeyri-rəsmi göstərişlə rəflərdə illərlə istifadəsiz qalmağa məhkum olur. Ona görə bəzən nadir kino-video kadrlar tapılmaz ollur, fotoşəkillər, qəzetlər,sənədlər, kitablar yoxa çıxır.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK