adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GEC OLMAYAN

VƏSİLƏ USUBOVA
24668 | 2014-07-12 04:19
Ömrün elə çağı gəlir ki, insana təkcə sevdiyinin qoxusu da bəs edir. Başını onun çiyninə qoyub burnunu boyun-boğazında gəzdirirsən...g Və bu anda düşündüklərini indiyədək heç bir zaman xəyalından da keçirməmisən. Sən demə, indiyəcən elə buna görə yaşayırsanmış. Elə təkcə bu qoxuya görə uzun bir yol gəlmisən. Gəlmisən ki, ciyərdolusu bu qoxunu udasan və düşünəsən ki, bu günəcən ömrünü-gününü qurban verdiklərin, doğman sanıb qəlbinin istəklərindən də əziz bildiklərin, sən demə, səhv düşüncələrinin diktəsindən başqa bir şey deyilmiş... Arxada qoyub gəldiyin hər şeyi yuxu kimi xatırlayırsan. İlahi yuxulardakı mavi dumana bürünmüş ağ yol kimi...
-Bağışla ki, belə gec gəldim...
-Yox... söhbət sevgidən gedirsə, o heç vaxt gec ola bilməz...
Doğrudanmı, belədi?! Doğrudanmı, sevgidə gecikmək deyilən şey yoxdu?! Yoxsa, öz səhvi, bəlkə də yersiz qüruru ucbatından sevgisini itirənlərin özlərini sakitləşdirməkçin uydurduqları bir təsəllidi bu? Axı, sevdiklərimizi itirəndə çox vaxt günahkar özümüz oluruq. Sevdiyimizin yeganələyini, bənzərsizliyini, əvəzolunmazlığını anlamırıq. Anlasaq da, ilk addımı həmişə ondan gözləyirik...
Bəs, tələsmək necə? O da yoxdumu? Yox, deyəsən, o var... Həm də, bəzən bu tələsmək gecikməkdən də ağır nəticələr verə, dərin yaralar qoya bilir...

***

Bu qadın isə heç kəsin bacarmadığı, əslində, bacarsa da görmək istəmədiyi bir işə baş qoşub. Ömrünün sonunadək oturub gözləmək, xəyallarla yaşayıb iztirab çəkmək istəməyib. Ərini itirdikdən sonra əlli il bundan əvvəl on beş yaşı olanda vurulduğu gənci axtarmağa başlayıb. Bununla da ilk sevgisini unudanlara, onu könül əyləncəsi sanıb ciddiyə almayanlara bir mesaj göndərir hələ də gəncliyindəki saflığını, inamını, məlahətini qoruyub saxlayan qadın. Bizimkilər demişkən, evlənməli nəvəsini, bir də işi elə adamları axtarmaqdan ibarət olan gözəl qızı da yanına alaraq yola düşüb. Bütün İtaliyanı ayaqdan salmağa hazırdı, təki Onu görə bilsin. Haralara baş vurmurlar, kimlərlə görüşmürlər, nələrlə rastlaşmırlar... Cavan yol yoldaşları yorulsa da, ümidini itirsə də, o, yorulmur, usanmır, qəlbindəki işığın ardınca düşüb sevgilisinə doğru can atır. Ağıllı adamlar həmişə belə edirlər. "Mövcud olmayan bir şeyə ehtirasla inanmaqla biz onu yaradırıq, ona həyat veririk. Mövcud olmayan şeylər bizim arzulamadığımız şeylərdir". Frans Kafkanın sözləridi bu...
Ancaq bu qadına belə demək olmaz. O, öz sevgisini mövcud olmayan hesab eləmir, onu bütün yaşadıqlarından ən üstün həqiqət sayır...
Bir nəfərin sözü onları qəbiristanlığa aparıb çıxarır. Qadının üzündə qətiyyən kədər sezilmir. Elə əvvəlki işıqla nurlanan çöhrəsində ümid işartıları cilvələnir...
İçindən bir səs sevdiyinin hələ də yaşadığını pıçıldayır...
Ancaq ümid ümiddir, həyatsa həyat...
Hələ ki, axtarışları bir nəticə verməyib...
Ən sonda yolun qırağındakı üzümlüyə dönüb bir qədəh şərab içmək istəyirlər. Kim bilir, bir də bu yerlərə gələ biləcəklərmi?!
Dünya qocalsa da, tale adlanan işvəkar hələ cavan gəlin libasındadı. İstədiyi an qarşına çıxıb səni ya peşiman, ya da bəxtəvər edə bilər. Bu dəfə öz səxavətini əlli ildən sonraya saxlayıb. Saxlayıb ki, bu nəcib qadının sifəti bir də qaralmasın. Kənardan baxıb dodaq büzənlər də öz paylarını alsınlar. Ən ciddi mesaj isə gənclərin ünvanınadı: "Baxın, dərs alın. Gördünüzmü, əsl sevgi nə qocalır, nə də yox olur. Ondan ötrü heç zaman deyilən ölçü də yoxdu. Bir gündə ölüb gedə də bilər, yüz il yaşayıb sonda özünü göstərə də bilər. Təki siz saf və inamlı olun..."
Ümid qırılan yerdən başlana da bilir, deyəsən. Elədi ki, var. Bax, o üzüm yığan oğlan onun axtardığıdı. Yol yoldaşları təəccübdən donublar: bu, sadəcə olaraq mümkün deyil... Yox, bu onun özüdü... Buraya qədər gələn, yüz yerdən ümidsiz dönən qadın indi də geri qaçmaq istəyir. Arzusuna çatdığı yerdə qadınlıq hissi qalib gəlir ona. "O, məni görəndə on beş yaşındaydım. İndi isə... Yox, yox... o, məni belə görməməlidi..." Necə yəni, belə? Yəni yaşlı, hə? Qorxma, sənin sevdiyin oğlan bax, o tərəfdən at belində gələn yaşlı kişidi... Gördünmü, o da səni tanıdı... Hətta... "Sən necə də gözəlsən" də dedi. Lap elə belə də dedi...
Sənsə, bu yaşda ona görünmək istəmirdin...
Sən demə, o da ömür yoldaşını itiribmiş...
Daha nə qaldı?! Tale öz işini gördü. İndi söz yan-yörədəkilərindi. Stol bəzəmək, tost demək, oxuyub-oynamaq... Bu yerdə oxunan mahnıların sözləri də gözəl olmalıdı: "İnanma ki, həqiqətdə yalan yoxdu. Amma mənim sevgimdə yalan yoxdu..."
L.Tolstoyun "Hərb və sülh" romanında Andrey Balkonski deyir: "Xoşbəxtlik vicdan əzabı və xəstəliyin olmamasıdır..."
Bu adamların vicdanı təmizdi. Yoxsa, bir-birilərinin üzünə belə təbəssümlə baxa bilməzdilər...
Həm də xəstə deyillər...
Sağlamdılar...
Elə hər mənada...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV