hacklink Adalet.az | "Tamaşaçının nə istədiyini bilirəm" Adalet.az | "Tamaşaçının nə istədiyini bilirəm" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Tamaşaçının nə istədiyini bilirəm"

16899    |   2014-05-17 03:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Toy gecəsi" teleserialının ssenari müəllifi Samir Sədaqətoğlu belə hesab edir ki, hər birimizin həyatında bir Aslan obrazı var
Yay gəlincə milli telekanallarımızdakı seriallar "sezon finalı"na çıxır. ATV-də yayımlanan "Toy gecəsi" başa çatan mövsümün ən reytinqli serialı oldu. ATV-nin istehsal etdiyi, hər həftənin üçüncü günü saat 19.00-da yayımlanan "Toy gecəsi" tanınmış yazıçı-dramaturq Samir Sədaqətoğlunun ssenarisi əsasında çəkilib.
Samir Sədaqətoğlu serialın qazandığı reytinqi təsadüfi saymır. "Ədalət"ə müsahibəsində istedadlı yazar "Toy gecəsi"nin uğurunda bütün çəkiliş qrupunun əməyi olduğunu dedi. Ssenari müəllifi baş rolda çəkilən Namiq Qaraçuxurludan, serialın yazılma texnologiyasından, aldığı yeni təkliflərdən də söhbət açdı.
"İtən vaxt", "Yerə-göyə sığmayan", "Azadlıq həzzi" kimi maraqlı pyeslər müəllifi Samir Sədaqətoğlunun daha hansı əsərlərini səhnədə görə biləcəyik? Söhbət boyu bütün bu məsələlər barədə danışdıq.
- Uzun illər davam edən dostluğumuzu nəzərə alıb söhbətimizin səmimi keçəcəyinə əminəm. Teleserial üçün yazdığın ilk ssenarinin belə yüksək reytinq toplayacağını gözləyirdin?
- İşin ilkin mərhələsində, yəni ssenari yazılanda, quruluşçu rejissor Yaşar Əhmədovla müzakirələr aparanda "Toy gecəsi"nin reytinq yığacağına əmin idim. Amma onu da deyim ki, məni də, Yaşarı da narahat edən müəyyən məqamlar var idi.
- Həmin məqamlar nə ilə bağlı idi?
- Digər telelayihələr var idi ki, biz onlardan bir qədər ehtiyatlanırdıq. Reytinq məsələsində onlarla ciddi rəqabətdə olacağımızı təxmin edirdik. Lakin "Toy gecəsi"nin ilk seriyaları efirə çıxandan sonra gördük ki, meydanda o qədər də ciddi rəqib qalmadı. Ssenari müəllifi kimi desəm ki, buna sevinmədim, təbii heç kim inanmaz.
- Serialda baş rola - Murad Qəhrəmanov obrazına şou-biznesdə yaxşı tanınan Namiq Qaraçuxurlunun çəkilməsi ideyası kimdən gəldi? Sən bunu əvvəldən nəzərdə tutmuşdun, yoxsa quruluşçu rejissor israr edirdi?
- Namiq Qaraçuxurlunun bizim serialda çəkilməsi mənim ideyam idi. Düşünürdüm ki, tamaşaçını cəlb etmək, reytinq toplamaq istəyiriksə, şou-biznesin tanınmış simalarından da istifadə etməliyik. Biz bu addıma düşünülmüş şəkildə getdik. Üstəlik, Namiq bir çox parametrlərinə görə "Toy gecəsi"ndəki Murad Qəhrəmanova uyğun gəlirdi. Namiq bəyi çoxdan tanıyıram, o, mədəniyyəti, davranışı, intellekti ilə əksər şou-biznes nümayəndələrindən fərqlənir. Təbii ki, yaxşı mənada. Namiq Qaraçuxurlu ilə bağlı addımımızın uğurlu, yoxsa yanlış olması tamam başqa bir söhbətin mövzusudu. Ssenari müəllifi kimi belə hesab edirəm ki, serialın geniş tamaşaçı rəğbəti qazanması, yüksək reytinq toplaması yalnız Namiq Qaraçuxurlunun hesabına olmadı. Yəqin Namiq bəy də mənimlə razılaşar.
- Tutarlı arqument gətirsən niyə razılaşmır ki...
- Bəzi seriyaları məhz Namiq Qaraçuxurlunun oynadığı obraz - Murad Qəhrəmanovun üzərində qurduq, lakin sonra məlum oldu ki, həmin seriyalar o qədər də çox reytinq gətirmir.
- Səbəbini bilmirsən?
- Mənim fikrimcə, ilkin mərhələdə tamaşaçılar Namiqi aktyor kimi qəbul etmək istəmədilər. Baxmayaraq ki, Namiq çox təbii oynayırdı, istedadını ortaya qoya bilirdi. Nə bilim, bəlkə də bu onun birinci işi olduğundan tamaşaçının gözü alışmamışdı. İnanıram ki, Namiq gələcəkdə aktyor kimi filmlərə, seriallara çəkilsə, daha böyük uğur qazana biləcək. Amma məsələn, üzümüzə gələn mövsüm o bu addımı atsa, nəinki uğur qazanmayacaq, hətta ona qarşı bir antipatiya da yarana bilər. Nə bilim, bəlkə də mən yanılıram...
- Şou-biznesdəki sənətçilərimizi yaxından-uzaqdan tanıyırıq, hamı bilir ki, onların əksəriyyəti tənbəldir, "kaprizləri" də öz yerində. Namiq Qarqaçuxurlu mövsüm boyu çəkilişlər də özünü necə aparırdı?
- Çəkiliş qrupumuz, aktyorlar da təsdiq edə bilər ki, Namiqin demək olar ki, heç bir "kaprizi" olmadı. Digər şou-biznes nümayəndələrindən fərqli olaraq, Namiq quruluşçu rejissorun tapşırıqlarına əməl edirdi, mətnə yaradıcı yanaşırdı, hansısa sözü, ifadəni dəyişmək, özününküləşdirmək istəyirdisə fikrini əsaslandırmağa çalışırdı. Bütün bunlara rəğmən, yenə öz fikrimdə qalıram, "Toy gecəsi"nin qazandığı bu yüksək reytinqin səbəbkarı təkcə Namiq Qaraçuxurlu deyil.
- "Bütün kollektivin əməyidir" - deyəndə də bir az şablon səslənir...
- Nə olsun ki, şablon səslənir? Serial kollektiv iş olduğundan, qazanılan uğuru yalnız ssenari müəllifi, rejissor, operator və ya hansısa aktyorla bağlamaq doğru deyil. Uğurun müəllifi serialda əməyi keçən bütün yaradıcı və texnikli heyətdi. Fürsətdən istifadə edib bu işdə yanımızda olan hər kəsə-işıqçılardan tutmuş aktyor heyətinə kimi hamıya öz təşəkkürümü bildirirəm. Söz yox, bu ümumi və böyük uğurda ssenari müəllifi kimi mənim də öz payım var. Tanınmış kino mütəxəssislərimiz də dəfələrlə bildiriblər ki, bu televiziya mövsümündə yayımlanan serialların arasında "Toy gecəsi" ssenarisinə, öz süjet xəttinə görə xüsusi seçilir və uğurun böyük hissəsi ssenarinin payına düşür. Əvvala, bu fikirlərə görə hər kəsə minnətdaram. Amma sözsüz ki, yazdığım ssenari ideal deyildi, mən heç o iddia ilə də çıxış etmirəm, düşünürəm ki, daha yaxşısını əgər qismət olsa, bu mövsüm və ya növbəti mövsümlərdə yazacağam. Lakin ortada olan fakt budur ki, bizim serialın ssenarisi eyni vaxtda efirdə olanlardan seçildi. Hətta bəzi seriyalarda hansısa aktyorun oyunu alınmayanda, bu və ya digər çatışmazlıqlar olanda belə serialdakı dinamik hadisələr, cərəyan edən hadisələrin nüvəsindəki konfliktlər, gərgin süjet xətti tamaşaçını baxmağa məcbur etdi. Təvazökarlıqdan uzaq olmasın, mən tamaşaçının ekranda nə, nə istədiyini axtardığını bilirəm.
- Tamaşaçı nə axtarır, nə istəyir?
- Tamaşaçıya hadisə lazımdı. Bəs hadisə hardadı? Təbii ki, ssenaridə, mən də bunu bildiyimdən elə süjet xətti qururdum ki, ekran arxasında oturanları maraqlandırsın. Quruluşçu rejissor Yaşar Əhmədovla müzakirələr aparıb paralel xətlər qururduq, hadisələri bir neçə xətt üzrə aparırdıq, hər seriyada gözlənilməz finallar edirdik. Bəzən bu və ya digər məsələylə bağlı Yaşar Əhmədovla mübahisələrimiz pik həddinə çatırdı. İş prosesində bu cür mübahisələrin olması təbiidi və təbii olduğu qədər də işin xeyrinədi. Bu da sonda öz effektini verdi, biz il boyu demək olar ki, reytinq göstəricilərində birinci olduq. Bu layihədəki əsas üstünlüklərimizdən biri də o idi ki, "Toy gecəsi"ndə reallıq, həyatdan götürülən hadisələr çox idi.
- İlk mövsümdə ssenarin uğur qazandı. Bircə demə ki, yeni təkliflər almamışam...
- Bir imkan ver "Toy gecəsi"nin ağrı-acısı canımdan çıxsın. Martın sonu, aprelin əvvəlləri "Toy gecəsi"nin ssenarisini bitirib təhvil vermişəm. Təbii ki, yeni təkliflər var, həm serial, həm də bədii filmlər üçün... Amma hələ ki, "Toy gecəsi"ni işlədiyim neçə ayın yorğunluğunu çıxarır, stressi atıram. İyunun əvvəlində yeni təkliflərə baxmaq olar. Təklifin hansı rejissordan gəlməsi, onun şərtləri, ən əsası qonorar məsələsi mühüm məqamlardandı. Bütün bunlar aydınlaşandan sonra təklifləri dəyərləndirmək mümkündü. Tam məsuliyyətlə deyirəm, əgər mən yenə serial ssenarisi yazacamsa, bu mütləq "Toy gecəsi"ndən daha üstün, daha güclü olacaq. Bizdə çox əcaib tendensiya var, ssenarini dəyərləndirəndə onu bəlkə də sonuncu məsələ kimi düşünürlər, amma əslində əsas ssenaridi. Götürək elə bu telemövsümdə yayımlanan serialları, onların arasında eləsi var idi ki, rejissor işi baxımdan fərqlənirdi, operator işi baxımdan, aktyor oyununa görə fərqlənən, musiqisi, görüntü işi ilə seçilənlər də var idi. Lakin həmin seriallardakı hadisələr, süjet xətti tamaşaçıları cəlb etmədiyindən reytinq qazana bilmədilər. Hətta elələri oldu ki, müəyyən müddətdən sonra yayımı dayandırıldı. İndi ekran qarşısında oturan Azərbaycan tamaşaçısı 10-15 il öncəki tamaşaçı deyil, bu gün onun geniş seçim imkanı var, ən azı dünyada serial çəkimlərinin keyfiyyətinə görə ilk beşlikdə olan türk, rus seriallarına baxıb müqayisələr edə bilir. Qurama hadisə olanda, rejissor işindəki bərbadlıq açıq-aşkar özünü büruzə verəndə, aktyor oyununda bir balaca sünilik hiss edəndə kanalı dəyişir, seriala baxmaq istəmir. Bayaq dediyim kimi, ssenaridə real həyat hadisələri bol olmalıdır ki, tamaşaçı inansın. "Toy gecəsi"ndə istedadlı aktyor dostumuz Əjdər Zeynalovun ustalıqla yaratdığı Aslan obrazı niyə belə sevildi, hətta Murad Qəhrəmanovdan da populyar oldu, serialın xeyli hissəni öz çiyinlərində apardı? Çünki hamımızın həyatında bir Aslan var. O cüvəllağı, əsli-nəsli bilinməyən Aslan tez-tez bizim qarşımıza çıxır, ayağımızdan dartır, mane olur, yamanlıq, əclaflıq edir. Tamaşaçı Aslanın nə zaman cəzalanacağını gözləyir və əgər bu nə vaxsa baş verəcəksə sanki öz həyatındakı Aslandan qisas almış olacaq. Düşünürəm ki, tamaşaçını məhz belə kökləmək lazımdır. Əgər yaradıcı heyət bunu bacarsa, uğur qaçılmazdır.
- Yeri gəlmişkən, Aslanın aqibəti necə olacaq?
- Bu haqda heç nə deyə bilmərəm. Bunun üçün "Toy gecəsi"ni sona qədər izləmək lazımdır.
- Bir zamanlar "İtən vaxt", "Yerə-göyə sığmayan", "Azadlıq həzzi" kimi böyük uğur qazanan pyeslər yazan, maraqlı şeirlər və hekayələr müəllifi olan bir Samir Sədaqətoğlu var idi. Onu tanımırsan?
- Həmin Samir Sədaqətoğlu yenə də var, teleserial üçün ssenari yazmaq onu dramaturgiyadan, poeziyadan o qədər də uzaq salmayıb. Məni dramaturgiyaya bağlayan, özünə inam hissini aşılayan Xalq artisti, görkəmli teatr rejissorumuz Cənnət Səlimova oldu. Cənnət xanım "İtən vaxt" pyesimi səhnəyə qoydu və bu ilk pyesim mənə böyük uğur gətirdi. Bu gün də bir neçə teatrdan, hətta ayrı-ayrı tanınmış aktyor və rejissordan pyes yazmaq təklifi almışam. Teatrı özümə çox doğma sahə hesab edirəm, ona görə də yəqin ki, yeni pyeslərim hələ çox olacaq. Teatr Xadimləri İttifaqının "Axundov dərsləri" layihəsi çərçivəsində gənc dramaturqlarla bağlı keçirilən müsabiqədə mənim "Həbsxanada bayram" pyesim ilk üçlükdə birinci oldu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rus dilinə tərcümə də olundu və qərargahı Moskvada yerləşən Beynəlxalq Teatr Xadimləri Assosiasiyası pyesi "MDB-nin ən yaxşı gənc dramaturqlarının pyesləri" adlı topluda çap etdi.
- Sən o pyesi kitabda çap olunmaq üçün yazmışdın ki?
- Sözsüz ki, pyes tamaşaya qoyulmaq üçün qələmə alınır. "Həbsxanada bayram" pyesim də tamaşaya qoyulacaq. Lakin bu həmin layihənin müəlliflərinin səlahiyyətində olan bir məsələdi. Onu deyə bilərəm ki, Moldovadan bir xanım rejissor mənimlə əlaqə saxlayıb pyesimə quruluş vermək istədiyini bildirib.
Şeir yazmaq məsələsinə gəlincə, bu, ovqat işidi. "Toy gecəsi"nin ssenarisini yaza-yaza silsilə şeirlər də qələm almışam. Və həmin şeirlər müxtəlif saytlarda - qaynar.info-da, qafqazinfo- da, teleqraf.com-da və s. çap olunublar. Prozaya gəldikdə isə, "Toy gecəsi"nin roman versiyası ilə yanaşı, real, eyni zamanda mistik hadisələrin cərəyan etdiyi bir yazı üzərində işləyirəm.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK