QURU ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
48866 | 2014-04-26 07:23
Dilimizdə qəribə sözlər var. Ona görə qəribə deyirəm ki, bu sözlər əslində o qədər dəqiq, o qədər konkret və hətta sərrast təqdimatlar edir ki, onun qarşısında bir anlıq susub durmalı olursan və düşünürsən ki, məhz bu sözü bu məqama, bu yerə, lap elə bu adama uyğun olduğunu, uyğun gələcəyini necə fikirləşib tapıblar. Hər halda sual özü də maraqlıdı. Amma mənim üçün ən çox maraqlı olan nə toyuqdu, nə də yumurta. Maraqlı olan reallıqdı. Bax, tutaq ki, belə bir söz işlədirlər: quru adam və yaxud ütülü adam və s.
Sözü eşidəndə, yəni filankəs quru adamdı fikri ilə qarşılaşanda ağlından müxtəlif variantlar gəlib keçə bilər. Amma özünü fikir bolluğuna atmadan, elə beləcə, eşitdiyi kimi qəbul edəndə düşünürsən ki, adam necə quru ola bilər? Ən azından onun bədənində su var, qan var. Bu mayelər axı onun quru olmasına imkan verə bilməz. Amma sonra görürsən ki, söhbət real durumdan getmir, söhbət o adamın reallığının məcazi ifadəsindən gedir.
Bəli, həqiqətən o adamın bədənində qan da var, su da var. Amma o adamın bədənində duyum yoxdu, hissiyat yoxdu, müsbət mənfi reaksiyalar mövcud deyil. Belə olduğu halda, o adama necə normal baxıb, normal yanaşmaq olar? Deməli, bu adam başqalarından məhz quru olduğuna görə seçilir (belə yerdə fiikrləşirsən ki, yaxşı ki, quru admalr quru ağaclar deyil, axı quru ağacların taleyi bəllidi - Ə.M). Həmin o seçilən, fərqlənən, bir az da konkret desəm, həmin o adamın boyuna biçilən quruluq onun həyatını da elə özü kimi qurudur, bir az sönükləşdirir, bir az mənasızlaşdırır, bir az da elə-belə "neynər" bir ömrə çevirir. Təəssüf ki, həyatımız, yaşadığımız cəmiyyət, çevrəmiz heç nədən bütünlüklə mühafizə olunmuruq və olunmaq gücündə də deyilik. Çünki biz quru adamlar deyilik. Quru olmadığımıza görə də baş verənləri, gördüklərimizi, düşündüklərimizi, hətta yuxuda gördüklərimizi belə ürəyə o qədər yaxın buraxırıq ki, onlar bizim ömrümüzdə göyərir.
Yaxın günlərin söhbətidi. Uzun illərdən bəri görmədiyim və heç görməyi ağlımın ucundan belə keçirmədiyim birisi ilə qarşılaşdım. Gözlərimə inanmadım. Az qala iyirmi illik fasilə, yəni bir-birimizi görmədiyimiz zaman kəsiyi sanki onun üçün mövcud olmamışdı. Loru dildə desəm, sanki bu iyirmi il onun üstündən ötüb keçməmişdi. Mənə tərəf yenə əvvəlki kimi ütülü bir şəkildə, düppədüz, sifətində heç bir cizgi, gözlərində heç bir ifadə olmadan gəlirdi. Elə gəldiyi kimi də əlini, daha doğrusu, qolunu bir taxta parçası kimi qabağa uzatdı. Əl görüşdük, ovcumda insan əli olduğunu hiss etmədim. Heç bir hərarəti olmayan, bir az daş səsinə bənzəyən qupquru səsiylə:
- Necəsən, müəllim? Niyə belə qocalmısan? - dedi.
Hələ də gözlərinin içinə baxırdım. İstəyirdim görüm bu səs, bu suallar doğurdanmı onun daxilindən qopub gəlib, yoxsa hardasa lentə yazılıb və səsləndirilir. İnanın ki, iki dəqiqəyə qədər lal-dinməz gözlərinin içinə baxdım. İnanın ki, kiprik də qırpmadı. Nə qədər gücümü, qabiliyyətimi işə saldım, o gözlərin dibindən heç nə tapıb çıxara bilmədim, oxuya bilmədim. Susdum və sonra etika xatirinə sorğusunu cavablandırdım. Zamandan, ruzgardan, özəl həyatımdan, el-obamızdan, məmləkətimizdən, bir sözlə, mövcud olan günümüzdən bir-iki kəlmə dedim. Düşündüm ki, bəlkə o bunlardan xəbərsizdi, sözlərim onda hansısa bir titrəyiş yarada bilər və yaxud hansısa bir hüceyrəsinə iynə batırar. Amma olmadı. Yenə həmin o səslə:
- Müəllim, bekar adamsan, el-obanın, millətin dərdi sənə qalıb? - dedi.
Doğrusu, bu sözlərdən və yazmadığım sözləri eşidəndən sonra düşündüm ki, mən bu ütülü, bu quru adamdan gör nə gözləyirəm, nə umuram, buna nələr danışıram. Axı bütün bunların o quru adam, o ütülü adama heç bir dəxli yoxdu və ümumiyyətlə, o heç adam deyil. Onun üçün bağayarpağı ilə quzuqulağının fərqi yoxdu. Ona görə də quruyub quru adama çevrilib. Yaxşı ki, belələrinə az rast gəlirəm, az qarşılaşırıq.
Mən həmin o iyirmi ildən sonra qarşılaşdığım və rast gəldiyimə görə də üzüldüyüm quru adamdan ayrılandan sonra xeyli düşünəsi oldum. Daha doğrusu, Allahın bu cür varlıqları da hansı məqsədə yaratdığını anlamağa çalışdım. Gəldiyim nəticə bu oldu ki, belələri olmasa, duyğusalları, duyumluları, ümumiyyətlə, əsl adamları bəlkə də ya görmərik, ya da sevmərik. Yaxşı ki, yer üzündə belə varlıqlar da mövcuddur və onları kəsib atmaq mümkün deyil, nə qədər mundar olsalar da.

Göyün altda,
yerin üstə
iynə ucu boyda
bir nöqtədə
qurulmuş qəfəsdə
yaşayıram -
İctimai qaydalarlag

göyün altda,
yerin üstə
xatirələr xəyallarla
və onların gətirdiyi
faydalarla, ziyanlarla
içimdəki son həvəslə,
son nəfəslə
iynə ucu daş qəfəsdə
yaşayıram -
Milli olan qaydalarlag

Göyün altda,
yerin üstə
deyim bilin
yaşayıram
elə bil ki,
bu qəfəsdə
bir ömrün
sabahına
ümid yükü daşıyıram -
bəlli olan ictimai
və bir də ki
Milli olan qaydalarlag

***

Adamları görmək, tanımaq üçün öncə onun barəsində özünün fikirlərini eşitmək zənnimcə daha doğru olar. Çünki hər kəs özünü hamıdan yaxşı tanıyır və həm tanıdığı, həm də görmək istədiyi kimi təqdim edir. Bax bu mənada kənardan əzəmətli görünən, davranşı diqqət çəkən, fikirləri maraq yaradan birisi ilə yol yoldaşı olanda, onun iç dünyasına baş vuranda ilk təəssüratın necə qüsurlu olduğunu bəzən təəssüflə yaşayırıq və inana bilmirik ki, göz yaddaşımız, qulaq yaddaşımız bizi bu qədər yanılda bilərmiş. Amma neyləmək olar ki, bəlkə də dünyada yeganə varlıq insandır ki, onun iç dünyasını, ürəyini, beynini, ümumiyyətlə, özünü oxumaq, görmək bütünlüklə mümkün deyil. Ola bilsin ki, hansısa bir xüsusiyyətini, hansısa bir vərdişini diqqət yetirib izləyib tutmaq ola bilər. Ancaq onu bütünlüklə görmək. Bütünlüklə onun özəl dünyasına baş vurmaq mənə görə qeyri-mümkündür. Bilirsiniz niyə?
Bir həyat təcrübəsi var: insan yaşadıqca daha çox görür, daha çox anlayır. Hətta bugünlərdə tələbəlik dostum Zöhrab Əmirxanlının bir statusunu oxudum. Mənə elə gəldi ki, Zöhrab o statusu yazanda mənim də düşüncələrimi öz duyğuları vasitəsilə əhatə dairəsinə çəkib və ortaya konkret bir fikir qoyubdu. Zöhrab bəy yazıb ki, "bütün ömrünü, bütün həyatını, düşüncələrini, varlığını, özünü, ürəyini dünyada hər şeydən və hamından artıq sevdiyinin ayaqları altına atıb deyəsən ki, buyur, futbol oyna". Mən bu statusu oxuyanda nə qədər doğmalara, nə qədər iç dünyama buraxdığım insanlara qarşı özümü Zöhrabın dediyi həmin o futbol topu kimi qurban verdiyimi, onların ayaqları altına atdığımı bir anlıq ağlımdan keçirdim və gördüm ki, yenə Zöhrabın dediyi kimi, oynayanlar daha çoxdu. Onlar üçün o topun nə mahiyyəti və nədən ibarət olması o qədər önəmli deyil. Əsas odur ki, oynamağa, oynatmağa nəsə var. Bax, bu yerdə hər gün nəsə almaq, nəsə vermək istədiyim, ömrümün hissəciklərinə çevriməyə çalışdığım həyata, sevdiyimə, sevənlərimə, bir sözlə, çevrəmə ünvanladığım misralarım yadıma düşdü.

Yaddaşı vərəqlədim
Xatirələr çözüldü...
Köç edən hər dostumla
Bir ip ucu üzüldü -
Bu gündən...

Göz önündən çəkilib
Nağıllaşdı bir anda...
Hiss etdim ayrılığa
Mən əlimi vuranda -
Bu gündən...

Həyat necə amansız
Zaman necə cəlladdı
Kipriyində donan yaş
Mənə çox şey anlatdı -
Bu gündən...

Nə durmaq var, nə dönüş
Axarı da bənd tutmur...
Görüş yeridi, görüş
Əcəl bizi unutmur -
Bu gündən...

***
Tək qalanda yazımın əvvəlində vurğuladığım məqamlara sərf etdiyim vaxt üçün özümü qınayıram. Düşünürəm ki, quru, ütülü adamların varlığı-yoxluğu bilinmirsə, daha doğrusu, onlar bunu özləri hiss etdirmirsə, biz niyə onlar barəsində düşünüb onları şərəfləndirməliyik. Axı faydalı, gerçək, mənalı və həm də əhəmiyyət kəsb edən nəyinsə barəisndə düşünmək təkcə düşünənin yox, həm də cəmiyyətin xeyrinə olar. Bu mənada dərdin, qayğıların çiynimdən düşmədiyi, çiyindaşıma çevrildiyi bu illərdə müəyyən qədər vaxtı da, ömrü də sən demə, mənasız qurban vermişəm. Özü də quru və ütülü adamlar üçün!
Həyatda heç nə elə-belə olmur, mütləq səbəb var. Səbəb nəticəyə doğru çəkib gətirir olanı, baş verəni. Biz o səbəbin içindən nəticəyə doğru baxanda ümidli oluruq. Nəticədən səbəbə boylananda kövrək, bir az da ümidi tükənmiş, lap bir az da təəssüf hissi keçirən bir bəndəyə çevrilirik. Axı nəticə bizim gözlədiyimiz, istədiyimiz kimi həmişə alınmır. O da təbii ki, öz sözünü deyir, öz yumuruğunu göstərir.
Hər gün "lazım gəlsə" düşüncəsini, məntiqini içimizdə təkrarlaya-təkrarlaya axşama tərəf gedirik və hər gün də gözlədiyimiz lazım hardasa ləngiyir və həmin gün gəlib çıxmır. Onun əvəzinə quru, ütülü adamlar gəlir. O adamlar ki, əslində onlar yumuşaq ifadə etsəm, heç "lazımın" kəsilib atılan dırnaqları da deyillər. Amma neyləyək ki, biz bunu bilə-bilə hər gün lazımı gözləyirik... Məntiqə söykənəndə adama elə gəlir ki, hər gün biz həmin o lazıma yaxınlaşırıq, hər gün biz nəyəsə çatırıq, nəyəsə nöqtə qoyub, nəyəsə yenidən başlayırıq. Lakin bu duyğusallıq bizi ancaq ovudur, ancaq yola verir və biz də həm özümüzü, həm işimizi, həm də elə lazımı da özümüzlə birlikdə yola veririk. Ömür isə davam edir. Bu məqamda yadıma qəribə bir bəxtəvərlik düşür - uçan yarpağın bəxtəvərliyi. Axı...

Budaqdan
Qopan yarpaq
Havada
Üzü göyə
Bəh-bəh deyə-deyə -
Uçur...

Yarpaq bəxtəvər
Hardan bilsin ki,
Kökündən ayrılanlar
Nə qədər gözəl
Və sürətli uçsalar da
Sonda yenə
Torpağa düşür
Deməli
Hamı torpaqda görüşür!..

Hə, mən bu yazıda əslində bir çox məqsədləri demədim, heç onların üstünə də getmədim. Lakin bu yazını yazanda düşündüm ki, deyəsən zaman insanları qurutmağa başlayıb, bu çox təhlükəlidi. Allah bizi qurumaqdan qorusun, daha doğrusu, quru olmaqdan qorusun...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV