hacklink Adalet.az | Eyibdi axı Adalet.az | Eyibdi axı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Eyibdi axı

Eyibdi axı

30739    |   2014-04-19 06:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan bilmir necə eləsin ki, bir azca rahat olsun, əsəbiləşməsin, günü bir az sakit yaşasın. Amma mümkünsüz. Birdən heç nə eləməyə həvəsin olmur, yorğunsan, deyirsən TV-yə baxım. O kanaldan bu kanala keçirsən, baxmağa bir veriliş axtarırsan, bəlkə işinə uyğun olduğundan Açıq dərs verilişinə baxırsan.
Amma əminsən ki, orda nazirin nə dediyindən asılı olmadan ancaq dediklərinə min bir bəzək vurub da təqdim edəcəklər, o qədər tərifləyəcəklər ki, adamın özündən zəhləsi gedəcək. Məsələn, indi hamı kompüterdən danışır. Artıq kitabxanaları uçub dağılan, yoxa çıxan rayonlarda demirəm, ucqar kəndlərdə kompüterlə dərs keçirlər sən demə, mənimsə xəbərim yox. Bu anda ürəyimdən bir arzu keçdi: Təhsil Naziri tez-tez dəyişsəydi nə yaxşı olardı. Çoxlu yeniliklər olardı və bunları gözləyən, təhsil biliciləri, müəllimlər də efirə çıxardı, bu yenilikləri ağızdolusu tərifləyərdi, bunların həsrətində olduqlarından danışardı. Heç olmasa tv-də görünərdilər. Nə fərqi var bu yenilik bizə nə verəcək? Nə fərqi təhsilin səviyyəsi necədi? Nə fərqi dilənən, küçələrdə maşınların qabağına qaçıb pəncərələrini silmək üçün yalvaran uşaqların sayı artır? Nə fərqi? Onu demək istəyirəm ki, mənim evimdə iki ədəd notbook ola-ola mən kompüterdən əməlli-başlı istifadə edə bilmirəm. Şagirdlərimdən öyrənirəm. Şagirdlər məndən yaxşı bilir. Əksəriyyəti elə oyunlar oynayırlar, hətta telefonları ilə elə filmlər, elə videolar tapırlar ki, onlara baxmaq heç mənim ağlıma gəlməz. Bir mövzu öyrənməyən, gündəlik dərs cədvəlini bilməyən elə şagirdlər var ki, bütün günü sosial şəbəkədədi. Birtərəfli olmasın, belə dərslər maraqlı olur, yaxşıdı, gözəldi. Bütün dərsləri belə keçmək olmaz amma. Təsəvvür edirsiz, uşaq, müəllim altı-yeddi saat oturur kompüterin arxasında, ya şagirdin əlində planşet. Axı, bütün bu texnikanı ərsəyə gətirən həmin o yaponlar bu şualanmaların insan sağlamlığına ciddi zərər verdiyini də deyirlər. Hətta xərçəngin bir-neçə ilə barmaq uclarında kütləviləşəcəyinin proqnozunu da veriblər. Elə bütün həkimlər də deyir, bizimkilər də. Hamımız eşidirik,bilirik.Bu necə olsun? Nəvəmi göz həkiminə apardım, sadəcə yoxlama məqsədiylə. Əla olmasa da "yaxşıdı" dedilər. "Telefondan, planşetdən uzaq tutun. Artıq 5-6 yaşlı uşaqlarda zəifgörmə artıb. Analar rahat olsun deyə körpələrin əlinə telefon, planşet verir. Amma çox ziyanlıdı "Bunları həkim dedi. İndi bu həkimlər niyə belə danışır görən? Savadsızdılarmı?Təhsildəki yeniliyə qarşıdılarmı? Bəlkə yox? Heç mən də əleyhinə deyiləm, amma qismən. Yəni tam əminliklə deməyə də qorxur adam. Çünki belə çıxır ki, biz uşaqların qəsdinə durmuşuq. Ya ölümü cavanlaşdırırıq bir az da. Yəni istənilən cəmiyyətdə, dünyanın istənilən yerində əsas məqsəd uşaqların fiziki və mənəvi sağlamlığıdı. Məktəblərdə yeniliklər tətbiq edərkən ilk öncə bunu fikirləşmək, bunu nəzərə almaq lazımdı. Uşaqlar oyuncaq silahları da xoşlayırlar, hətta cürbəcür oyuncaq silahlar da, həqiqi silahlar da istehsal olunur, satılır. İndi neyniyək hər uşağın əlinə bir silah verək? Məncə ümumilikdə bütün dünyada silahların istehsalını dayandırmaq lazımdı, hətta oyuncaq olsa belə. Və TN-nin başlıca məqsədi, işi bütün məktəbyaşlıların təhsil-savad almasını təmin etməkdir onların sağlamlığına ciddi problem yaratmadan. Özü də qayğıyla, sevgiylə, bacarıqla. Yoxsa "uşaqların adını jurnala yazın, biz də hamıya atestat verək" şüarıyla yox. Yəni əsas sənəd deyil, əsas savaddı. Ayrı-ayrı ölkələrdən nəticəsini araşdırmadan nə qədər "yenilikləri" tədbiq edəcəyik bu təhsilimizə? Biz 70 ildə 15 respublikanın, demək olar ki, tam savadsız əhalisinə savad verən, ən ucqar kəndlərdə məktəbi, kitabxanası olan TƏHSİL SİSTEMİ görmüşük. O təhsil sistemi ki, nə Amerika, nə Avropa onu yarada bilmirdi və bacarmır da. Heç vaxt da inanmırdılar ki, pulsuz oxuya bilər hamı. Bir kəndlinin balası alim ola bilər. İnanmırdılar. Məqsədləri bu sistemi də, onun təhsilini də dağıtmaq idi və dağıtdılar. İndi biz də hansısa bir kasıbın uşağının alim olacağına inanmırıq. Azacıq inamı yaşadanlar da "sovetdən qalanlar"dı. İndi böyüyən kasıbların övladları buna necə inanacaq? Qabiliyyətindən, qavramasından asılı olmayaraq əksəri işləmək, yaşamaq, yemək üçün pul qazanmaq haqda düşünür. Tam orta təhsil haqda düşünmürlər. 10-11 siniflərin sayı ildən-ilə azalır. Təhsil Nazirinin tətbiq edəcəyi planlaşdırdığı yeniliklər isə tam orta təhsil almaq istəyənlərin sayını minimuma endirəcək. Bu da hardasa Avropada var. Yetər amma. Bəlkə biz nə Amerika, nə Avropa olmaq istəmirik. Biz elə türk dünyasının güclü bir türk dövləti olmaq, ya sadəcə sürücüsü də savadlı olan güclü dövlət olmaq istəyirik. Görəsən hörmətli təhsil nazirinə elə gəlir ki, təhsilin bugünkü vəziyyətinə səbəb prezidentin fərmanıyla qeyd olunan bayram günləridi? Diqqətli olsaq, bu elə bizim tətil günlərimizdi, özü də ixtisarla. Yəni mən dərs ilinin nə vaxt başlayıb, nə vaxt bitəcəyindən narahat deyiləm. Sadəcə deməyim o ki, problemləri həll etmək üçün onun yaranma səbəblərini düzgün müəyyən etmək lazımdır. Yoxsa maaşa görə biz müəllimlərdən nə adla, hansı əsasla imtahan götürəcəksiz? Buna mənəvi haqqınız, cəsarətiniz çatacaqmı? Hə maaşdan söz düşmüşkən, indi belə fikir formalaşdırırlar ki, müəllimlərin maaşını artıracağıq. Hamı eyni maaşı ala bilməz. Yəni TN-nin fikirlərini müdafiə edirlər, əsalandırırlar. Necə olsa nazirə xoş gəlmək lazımdı. Yəni imtahan vermək bir yana, əlində dəftər sinfə girən müəllimlə, notbookla sinfə daxil olan müəllimin maaşı eyni ola bilməz. Ay-hay. Vallah dəftərsiz də elə gözəl dərs keçən müəllmlər var ki! Təki müəllimin savadı olsun, metodikası olsun, fikri izah edə bilsin. 10 dənə kompüter olsa da savadsız, fənnini bilməyən o qədər müəllim var ki. Və mən öz adıma onlardan daha yaxşı dərs keçə bildiyimi sübut edə bilərəm. Maaşımızı artırmırsız artırmayın, yaxşı, savadlı, dəyərli müəllimləri görmək istəmirsiz, istəməyin, amma müəllimləri alçaltmayın da. Heç olmasa düşünmənizdə, oxuyub-yazmaq öyrənmənizdə, həyatınızda zəhməti olan müəllimlərə görə. Eyibdi axı.
Heç olmasa fikrinizi Milli Məclisin elm və təhsil komitəsinin sədri Azərbaycan Dövlət İqtisad universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev kimi əsaslandırın. Şəmsəddin müəllim Media Forum saytına müsahibə verib. Məsələn, 12 illik təhsildən danışıb. Yəni biz buna keçə bilərik, Avropa standartlarına uyğunlaşmalıyıq. Amma heç kimi son illərdə təhsildə olan yeniliklərə müəllimlərin, şagirdlərin uyğunlaşması maraqlandırmır. Harda nə var gətirin nə olacaq, elə ciddi sahə deyil, təhsildi-məktəbdi. Sadəcə mən də yaşadığım ömrün üçdə ikisini məktəbdə yaşamışam. Yenə xırdaca bir narahatlığım oldu. Amma bu məktəbəqədər təhsillə bağlı qanunu kim hazırlayacaq çox maraq edirəm...

Kəmalə ABİYEVA


İmza:

YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO