hacklink Adalet.az | Xoşbəxt olmaq belə asansa... Adalet.az | Xoşbəxt olmaq belə asansa... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Xoşbəxt olmaq belə asansa...

32386    |   2014-04-12 09:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəvən yanında oturur. Bir azca sənə qısılır, əlindən tutur: xoşbəxtsən. Birdən üzüstə uzadılmış, soyundurulmuş təpiklənənməkdən gömgöy olan, əsgərlərin tüfəngin ucu ilə məzələndiyi, zorladıqları uşaqların görüntüsü düşür yadına. Ürpənirsən. Sən körpəyə qısılırsan, onu qucağına alıb özünə sıxırsan. Hər şeydən xəbərsiz baxışları sənə zillənir, üzünü balaca əllərinin arasına alıb "Kama, nə oldu?" soruşur. "Basın ağrıdı?" Sənsə əynində güllü paltarı, ayağında corabları, başmaqları olan, amma başı olmayan qız cocuğunu xatırlayırsan... Başağrılarını anlamayan başının qayğısına qalıb onu sığallayan körpəni buralardan götürüb qaçmaq istəyirsən. Amma hara? Yer üzü qürub edəndə qırmızıya boyanan günəş kimidi. Qızarır... Ardınca qaranlıq gətirir. Bu an onun istisini, əllərinin sığalını hiss edirsən. əvəzolunmaz hissdi. Xoşbəxtlikdi.
Başını sinənə qoyur. Bərk-bərk səndən yapışır. Qəribə nəfəs alır. Lüt-üryan qalaq-qalaq üst-üstə yığılan, işgəncə edilən insanların FB-də yayılan görüntüləri düşür yadına. Amma o xəbərsizdi, rahatdı, məsuddu. Bunu hiss edirsən. Xoşbəxtlikdi...
Nəsə danışır. Üzünə baxıb gülür. Düşünürsən: Belə gülüş də var dərdsiz-qəmsiz. Xoşbəxtlikdi! Və bu gülüşü qorumaq istəyirsən! Və bu sevinc səpən səsi qorumaq istəyirsən! Nur adıyla danışan, işgəncələrə, müharibələrə son qoymaq üçün müsəlman bacı-qardaşlarına, ürəyində rəhm olan bütün insanlara yalvaran xanımın səsi qulaqlarında partlayır... Mətbuatdan, TV-lərdən tökülən müharibə xəbərləri, insanların vəhşiliyi içini dağıdır.
Nəvəmsə öz işindədi. Nə körpələri uğruna ölən atalardan, nə arsızca həyatdan nə istədiklərini bilmədən dolaşan, cocuğunun böyüməsini görmək, əlindən tutmaq səadətini yaşamaq ağlında olmayan atalardan xəbəri yoxdu. Bütün müharibələrə "YOX" deyən baxışlarla, bütün əzabların "NİYƏ"sini puça çıxaran səsiylə danışır. Bütün silahların heç olduğunu anlamaq, bütün silahları yandırmaq, yox etmək üçün bəs edən bircə öpüşüylə səni özünə qaytarır. Xoşbəxtlikdi...
Körpənin əlindən tutub dünyanı dolaşmaq, müharibələrə "YOX" demək, əsgərlərə "DURUN"deyə hayqırmaq keçir ürəyindən. Amma imkansızdı. Mümkünsüzdü. Düşünürsən:

Burda "silah" adlı kəşflər də,
ölüm doğan səhvlər də,
günahlar da özbaşına...
göz yaşına bənzəyir bura
göz yaşına...

Müharibə... Müharibə... Silahlar... Ölümlər... Siyasətdi deyəcəksiz bəlkə... Amma hamısı insandı - müharibə də, silah da, ölən də, öldürən də... siyasət də... Bu günlərdəki təbrikləri, mesajları xatırladım: Ramazan bayramınız... Mənsə heç kimi təbrik etmədim. Mən bu müqəddəs ayda din xadimlərini bir-birini qıran müsəlmanlara "DUR" deməsini istədim. Bütün elədiklərini bir tərəfə qoyub körpələri zorlayan, işgəncə verən müsəlman əsgərlərinin qarşısına çıxmalarını istədim din xadimlərinin. Bəlkə yenə deyəcəksiz; asandı məgər, Avropa var, Amerika var... Amma onların da din xadimləri var. Mən siyasətçi deyiləm. Din də siyasət deyil. Nə olsun dinlər ayrıdı. TANRI birdi. Mən dinin siyasətdən uzaq olmasını, insanları xoşbəxt etməsini istədim. Düşünürəm ki, niyə bunlar dünyanı müharibədən qurtarmırlar? Bir az yaxına gəlsəm, niyə rəsədxanaya ayın təzələnmə vaxtına görə etiraz edən QMİ durmadan bəyanatlar vermir? Niyə şeyx başqalarını da başına toplayıb bu ölümlərin qarşısını almağa cəhd eləmir? Niyə məktəblərdə hicaba icazə verilmədiyi üçün hicablı bir qadının ağlaya-ağlaya "Bu bizim namusumuzdu" "Bu sizin namusunuzdu. Ay qardaşlar bunu qoruyun..." kimi görüntülərin yayılmasına icazə verilir? Bu özü də qırğına çağırışdı... Kiminsə düşüncəsinə görə, fikrinə görə ölüm hökmü çıxarılmasına niyə heç nə demirlər? Bunlar hamısı günahdı axı. Amma Tanrı heç kəsə onun işinə qarışmağa icazə verməyib. Əzrail var. İnsanlar bir-birini öldürəcəksə, Əzrail kimdi? Hər kəs öz günahlarına görə özü cavab verəcəksə, kiməsə ölüm hökmü çıxarmaq nə deməkdi? Mən istərdim ki, müqəddəs ayda, elə başqa aylarda da müqəddəs kitabla yaşayan müsəlman dünyası dünyaya müqəddəslik versin-körpə gülüşü. Dünyanı müqəddəsliyə bürüsün-körpə sevincinə. Dünyada müqəddəsliyi qorusun-körpə xoşbəxtliyini.
Yenə düşünməyin ki, Tanrısızam. Qətiyyən! Qatı dindar olmasam da öz anlamıma sığan inanclarım var, hamının da düşüncəsinə hörmətim. Hər gün Tanrıya dua edirəm-söhbətləşirəm, bölüşürəm. Cünki mən onu sevirəm, hiss edirəm, görürəm. Hələ heç kəsə"ALLAHDAN QORX" deməmişəm "SEV" demişəm. Sev ki, o da səni sevsin. Qorxudan sevgi yaranmaz. Onu eşit ki, o da səni eşitsin. Bu aralar bu düşüncələrlə yazdığım şeiri bitirə bilmirəm, bir hissəni yazıram ona görə:

Burda hamı iblislə müştərəkdi,
Şeytanla əlbirdi, Əzrailə şərikdi.
Burda Tanrı təkdi.
Köməksizdi.
Burda "Tanrı görünmür" deyirlər,
Tanrını görmürlər.
Bağışla bu adamları, bağışla onları.
Mənsə səni görürəm Tanrım.
Var olmağımdasan, yanımdasan.
Səninlə yan-yana gəzmək istəyirəm dünyanı.
İstəyirəm Tanrısın hamı tanısın.
Səndən qorxmuram mən-
Qorxudan sevmək olmaz ki...
Qorxudan sevgi doğulmaz ki...
Mən səni sevirəm, Məni sevdiyini də bilirəm.
Bu planetin adamı deyiləm mən
Çünki yalnız sənin sevgini itirməkdən
Qorxuram...

Düşünə-düşünə körpəni bağrıma basıram, ikimiz də yoruluruq. "Oxu" deyir, "hamı da"de deyir. "Mənim balam yuxlasın... Hamı da laylay desin..." deyirəm. Bu müqəddəs yuxuya baxıram, bu müqəddəs varlığa baxıram. Başını sinəmə söykəyib. Xoşbəxtlikdi...
Heç analar məni o qədər anlamadı bəlkə, gəncdilər. Nənələr məni daha yaxşı duyacaqlar. Və bu müqəddəs varlıqların əzab çəkə biləcəyi hissi onların ürəyini partladar. Və dünyada insan ağrısından-körpəyə işgəncə verməkdən dəhşətli günah ola bilməz. Və bu varsa, yer üzü qürub edir və səhər açılmaya bilər.
Mənsə yuxulayan körpəyə baxıram. Bütün vəhşiliklərdən, acılardan xəbərsiz olan körpəyə varlığı kimi müqəddəs günlər arzulayıram. Və düşünürəm ki, bunun üçün hər şeyə hazıram. Bunun üçün yaşamalıyıq. Bunu qorumalıyıq. Sadəcə başını sinənə qoyub yatan körpə var. Necə müqəddəs duyğu... Bu müqəddəsliyin həyatımıza - YER üzünə hopmasını istəyir adam. Varlığını duymaq sözəgəlməz xoşbəxtlikdi, necə asan... Xoşbəxt olmaq belə asansa niyə xoşbəxt olmuruq?..

KAMALƏ ABİYEVA


İmza:

YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO