ANA SƏHİFƏ / YAZARLAR

HEYDƏR ƏLİYEV VƏ GƏNCLİK

GÖZLƏNİLMƏZ DƏVƏT

125879    |   2014-02-08 00:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sizə təqdim etdiyimiz bu yazı düz 16 il bundan öncə yazılıb. Müəllif minnətdarlıq və şirin xatirələr dolu bu yazısında Ulu Öndərimizə ehtiramını ifa edib. Biz onu təkrar çap etməklə həmin duyğuları təzələyirik.

"Ədalət"

Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır.
Heydər Əliyev

Yaxın günlərin söhbətidir. Evdə telefon zəng çaldı. Dəstəyi qaldırdım. Keçmiş tələbə yoldaşlarımdan biri həmişəki kimi şux, sevincək səslə "zəhmətkeş Sabirabad torpağının nümayəndəsinə salamlar olsun!" deyə məni zarafatla salamladı. O dəqiqə mətləbə keçdi: Bu ayın sonuncu günü möhtərəm prezidentimiz Heydər Əliyevlə 70-87-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin görüşü keçiriləcək. Toplantı avqustun 16-da saat 16-da Respublika sarayında olacaq. Təcili gəlib təşkilat komitəsində qeydiyyatdan keçməlisən. Onu da yadda saxla ki, 15 mindən çox adam bu toplantıda iştirak etmək arzusundadır.
Doğrusu, gözlənilməz dəvət məni fikrə dalmağa məcbur etdig Ən başlıcası isə tələbə dostumun tövsiyyəsinə əməl edib, 21 illik fasilədən sonra toplantıda iştirak etməyi qərara aldım.
Əziz oxucu, mənim bu toplantı, özümün bu toplantıda iştirakım barədə yazmağım əsla reklam xarakteri daşımır. Sadəcə olaraq, bu müdrik, nadir və yüksək potensial zəkaya malik, həyatın incəliyini duyan, qayğıkeş, təəssübkeş, daim mühüm, qlobal problemlərin həlli ilə bağlı ağır zəhmət tələb edən fəaliyyətlə məşğul olan bir tarixi şəxsiyyət haqqında şəxsi təəssüratımdır. Mən yeri gəldikcə bu böyük insanın bizimlə bağlı çıxışlarından sitatlar gətirəcəyəm.

MƏKTƏB İLLƏRİNƏ QAYIDIŞ

Mən müəllim ailəsində doğulmuşam. İlk müəllimim Əbülhəsən Mahmudov olmuşdur. Sonralar Mirzağa Zeynalov, Xalıq Quliyev, Ramazan Əliyev, Qismət Məmmədov, Sədirxan Yəhyayev, Svetlana Rıxtenko, Gülbəniz Yusifova mənə oxuduğum Cavad kənd orta məktəbində elmin ilk sirlərini öyrətmişlər.
Orta məktəb təhsilimin son üç ilini S.Vurğun adına 3 saylı şəhər orta məktəbində oxumuşam. Burada da mənim müəllimlərim olmuş gözəl, nəcib Badamxanım Əliyevanın, Mirayə Hadıyevanın, Sakit Hüseynovun, Zakir Əkbərovun, Zabit Məlikovun, Rahilə Əliyevanın, Zahirə Quliyevanın, məktəbin direktoru Zübeydə Mirzəyevanın adlarını dərin məhəbbətlə, hörmət və ehtiramla qəlbimdə uca tuturam.
1977-ci ildə sənədlərimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verərkən attestat qiymətlərimə baxıb mənə Azərbaycandan kənarda təhsil almağımı məsləhət gördülər. Bu, mənim üçün həm gözlənilməz idi, həm də çətin görünürdü.Bir az fikirləşib atamla məsləhətləşməyə icazə aldım. Bu barədə fikrimi atama bildirəndə o, əvvəlcə tərəddüd elədi. Qəbul komissiyasının üzvləri də atamı inandırmağa çalışsalar da xeyiri olmadı. Atamın fikrindən dönmədiyini görüb geri-sənədlərin qəbulu stoluna yaxınlaşdım. Bir az fikirləşib, özüm ilk sərbəst addımı atdım. Böyük tabloda tələbələrin göndərildiyi şəhərlər, ali təhsil ocaqlarının adları və onlara uyğun ixtisaslar göstərilmişdi. Sənədlərimi Leninqrad Soveti adına Leninqrad Texnologiya İnstitutuna verdim. Sənədlərin qəbulundan sonra məlum oldu ki, 1 yerə qarşı 21-ci ərizə verən abituriyentəm.. Atama nə deyəcəyimi fikirləşirdim.
Bu bir keçmiş xatirə olsa da, deməyə məcburam. Atam məramımı biləndə baş verən hadisəni indi də rahat təsəvvür edə bilmirəm. O vaxt bircə onu dedim: "O bir nəfər mən olacağam!"
İmtahanların dördünü də müvəffəqiyyətlə verdim, qəbul imtahanlarından maksimum 20 bal topladım. Bizə lazımi tövsiyyələr verdilər. Məlum oldu ki, bizi oxumağa Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev şəxsən özü yola salacaqdır.

İLK GÖRÜŞ

Elə də oldu. 29 avqust 1977-ci ildə Lenin adına (indiki Respublika) sarayda qəbul oldu. Həmin tarixi görüşdə H.Ə.Əliyev cənabları bizə yaxşı oxumağı, rus dilini öyrənməyi, düşdüyümüz respublikanın qanunlarına, adət-ənənələrinə, normal etik qaydalara riayət etməyi, doğma Azərbaycanımızın adını yüksək tutmağı, yüksək hazırlıqlı kadr kimi geri dönməyi tövsiyə edirdi: "Yaxşı yadda saxlayın: Sizin hər biriniz gələcəkdə mənim köməkçim olacaqsınız" deyib bizi doğma ata kimi yola saldı. Oxumağa gedən hər bir gənc qırx manat məbləğində pul (bu məbləğ bir ay ərzində tələbəlik şəraitində tam dolanmaq üçün artıqlamasilə bəs edirdi), bir dəst üst paltarı, dərslik ləvazimatı ilə təmənnasız təmin olunurdu və üstəlik, təyyarə ilə Bakıdan təhsil almaq üçün yollandığımız şəhərə pulsuz bilet verilirdi.

21 İLDƏN SONRA GÖRÜŞ

31 avqust 1998-ci il saat 16-da Respublika Sarayı 1970-87-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ixtiyarına verilmişdi. Hamı ayaqüstə gurultulu alqışlarla möhtərəm Prezidentimizi qarşılayırdı. Bu gurultulu, sürəkli alqışlar hələ 20-25 il bundan əvvəl Heydər Əlirza oğlunun biz tələbə-gənclərə göstərdiyi atalıq qayğısına cavab məhəbbəti idi.
Toplantı 1969-cu ildən Azərbaycandan Moskvaya, Leninqrada və ölkənin başqa şəhərlərinə oxumağa gedən tələbə-gənclərlə görüşləri, onların yola salınmasını əks etdirən tarixi kinokadrların nümayişilə başladı. Tələbəlik illərinə həsr olunmuş mahnılar hamını xəyalən o möhtəşəm, əziz, mehriban tələbəlik illərinə qaytardı.
Sonra keçmiş tələbə-gənclərin, hazırda hərəsi müxtəlif sahələrin mütəxəssisləri olan kadrların çıxışları oldu. Çıxışlar müxtəlif, çıxışlar rəngarəng idi. Həmin çıxışlarda qeyd olundu ki, 1970-87-ci illər ərzində iqtisadiyyatımız üçün 250 ixtisas üzrə keçmiş SSRİ-nin 135 ali məktəbində 105 ali hərbi məktəbi çıxmaq şərtilə 15 mindən artıq yüksək səviyyəli kadrlar hazırlanmışdır. Təhsil almağa gedənlərin məhz 97 faizi azərbaycanlı balaları olmuşdur.
Azərbaycandan kənarda təhsil almış mütəxəssislər təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin dosenti Natiq Əhmədov bildirdi ki, əgər 1969-70-ci tədris ilində Azərbaycandan kənara 47 tələbə yola salınmışdısa, 1983-cü ildə bu rəqəm 850-yə çatdırılmışdı. Natiq sonra bildirdi: "Möhtərəm Prezident! Siz keçmiş SSRİ rəhbərlərindən biri seçilib Moskvaya gedəndən sonra bu rəqəm ildən-ilə azaldı və nəhayət, heçə endirildi".
Daha bir natiq vurğuladı ki, əgər Sizin respublikaya rəhbərlik etdiyiniz dövrdə biz tələbələr artıq ikinci, üçüncü kurslardan başlayaraq gələcəkdə çalışacağımız müəssisənin, təşkilatın adlarını bilirdiksə və eyni zamanda həmin dövrdən gələcək iş yerlərimizlə əlaqə saxlayıb, lazım olan suallara cavab ala bilirdiksə, Sizin Moskvaya, başqa vəzifəyə keçməyinizdən sonra bu mexanizm tamamilə pozuldu. Daha bir natiq qeyd etdi ki, biz Heydər Əliyev məktəbinin yetirmələriyik. Bu adla fəxr edirik. Lakin bizə bu gün də xor baxanlar, bizi "kosmopolit" və ya "ruslaşdırma siyasətinin qurbanları" adlandıranlar da var.
Hamı möhtərəm Prezidentimizin çıxışını səbirsizliklə gözləyirdi. Toplanıtının aparıcıları sözün möhtərəm Prezidentimizə verildiyini elan edəndə hamı ayaqüstə, gurultulu alqışlarla "öz məktəbləri"nin banisini qürur hissi ilə qarşıladı. Yaşadığımız dövrdə tayı-bərabəri olmayan, özünün fitri, ritorik istedadı və yaddaşı , digər bu kimi keyfiyyətləri ilə digər dünyəvi siyasi xadimlərdən fərqlənən Prezidentimiz bu görüşü tarixi bir görüş adlandırdı: "...Mən çox həyəcanlıyam və eyni zamanda sevinc hissi keçirirəm. Mən ona görə sevinirəm ki, 29 il bundan əvvəl əsasını qoyduğum xeyirxah işin bəhrəsini görürəm. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm".
Çıxışını bütünlüklə ölkəmizin təhsil sisteminə həsr edən dövlət başçımız əsrimizin əvvəlindən tutmuş indiki dövrə qədər milli təhsil sisteminin problemlərindən, inkişafından, nailiyyətlərindən danışdı. Əgər biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, demək, biz Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə tələbə hazırlayırdıq. Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə, biz Azərbaycan ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışıq. Burada doğru deyildi ki, buna da çox qısqanclıqla yanaşırdılar. Bu gün biz fəxr edə bilərik ki, regionumuza mənsub olan başqa ölkələrlə müqayisədə xalqımızın bilik, savad, elm, mədəniyyət səviyyəsi bir çoxundan yüksəkdir. Bu, xalqımızın istedadlı xalq olduğunu bir daha nümayiş etdirir. Biz bununla fəxr edə bilərik və fəxr də etməliyik".
...Yaxşı yadımdadır. Mən isntitutda oxuyanda atam yanıma gəlmişdi. Dedi ki, Heydər Əliyev rayonumuza gəlmişdi. Yığıncaqda çıxış edərkən üzünü rayon partiya komitəsinin birinci katibi M.Məmmədova tutub soruşdu:
-Sən bilirsənmi, sənin rayonundan neçə nəfər gənc respublikadan kənarda təhsil alır?
-Doğrusu, dəqiq sayı mənə məlum deyil, ancaq bilirəm ki, var.
-Bunları sən bilməlisən. Onların hər birinin adı, valideynlərinin adı, peşəsi mənim stolumun üstündə var və bunları sən də bilməlisən.
Atamla söhbətim 1979-cu ilin payızında olmuşdu. Açığını deyim ki, Heydər Əliyevin Azərbaycandan kənarda təhsil alan hər bir gəncin adını, xüsusən də hər hansı bölgədən nə qədər gəncin təhsil almasını bilməsi o vaxt məndə təəccüb doğurmuşdu və bu təəccüb uzun illər davam etmişdi.
Nəhayət, bu toplantıda möhtərəm Prezidentimiz qeyd etdi: Mən bir dəfə bunu demişəm. O illər sizlərin-hər il respublikadan kənar ali məktəblərə qəbul olunanların siyahısından bir neçə nüsxəlik böyük bir kitab düzəldirdilər. Həmin kitablardan birini də gətirib mənə verirdilər. Mən o kitabları o vaxtdan indiyədək öz şəxsi kitabxanamda, arxivimdə saxlayıram. Çünki bu iş mənim üçün o qədər əziz olubdur ki, bəzən işlədiyim zaman, Moskvada yaşayarkən çox darıxırdım. Kitab, qəzet-jurnal oxuyurdum, bəzən də kitab rəfindən onu çıxarıb vərəqləyirdim ki, bax, bu filankəsdir, atası-anası budur, yaşı filandır, filan rayondandır. Onların heç birisini şəxsən tanımıram. Amma bütün bunları oxuyurdum. Çünki orada hər birinin valideyni də, valideyninin hansı vəzifədə işlədiyi də yazılmışdı. Mən bunları oxuyub təsəlli alırdım ki, düzdür, indi işləmirəm, mənə qarşı belə ədalətsizlik var, amma mən bu işləri görmüşəm və həmin adamlar məni heç vaxt unutmayacaqlar, mənim zəhmətimi qiymətləndirəcəklər.
Möhtərəm Prezidentimizin çıxışından daha bir sitat gətirib yazımı yekunlaşdırıram: "Bilirsiniz, siz öz taleyinizdə də görmüsünüz ki, mən həmişə bizim loru dildə deyildiyi kimi, kasıb-kusubun təəssübkeşi olmuşam. Mən həmişə belə olmuşam".
Qədirbilən xalqımız heç vaxt öz ustadının, müəlliminin, ağsaqqalının əməyini yerə vurmayıb, üzünə xor baxmayıb, sözündən çıxmayıb, yeri gələndə ən çətin sınaqlara belə sinə gərib, tapşırığını ləyaqətlə yerinə yetirib. Azərbaycandan kənarda təhsil almış başqa tələbə-gənclər kimi, mən də fəxr edirəm ki, mənim də belə bir dahi, uzaqgörən müəllimim var. Bu müəllim böyük bir millətin müəllimidir. Bu, özünün əqli, zəkası, uzaqgörənliyi, siyasəti ilə bütün dünyada tanınmış, sevilmiş, pərəstiş edilmiş fenomen bir insan-Heydər Əlirza oğlu Əliyevdir.

"Suqovuşan" (Sabirabad)
qəzeti, 10 sentyabr 1998-ci il.

Məhəmməd MƏMMƏDOV


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK