ANA SƏHİFƏ / YAZARLAR

YAŞAMADIĞIM İLLƏR

Ona ömrün ağ səhifələri demək olmur

20889    |   2014-01-18 06:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adət etmişdik, özü də hamılıqca, ellikcə. Kənddə, əyalətdə yaşadığımızdan səhərin açılmasını min illər idi ki, xoruz banı ilə müəyyənləşdirirdik. Hətta yaşlılar öz söhbətlərində, qəribə də olsa, səhərin gecə ilə olan məsafəsini xoruz banı ilə ölçürdülər və görürdün ki, biri digər həmsöhbətinə nəyisə danışanda deyir:
- Xoruzun birinci banında yuxudan oyandım...
Və beləcə xoruzun banı bizi yuxudan oyadırdı, bizi səhərə qədəm qoymağa, səhərin açılışını qarşılamağa, səhərlə yaşamağa həvəsləndirirdi. Biz də buna adət etmişdik. Səs-səsə verən xoruzların banı az qala bir çağırışı, bir musiqini xatırladırdı. Bu, bizim səhərlər eşitdiyimiz ən gur musiqilərdən biri idi. Təbii ki, ilin yaz-yay fəsillərində bu səsə daha çox quşlar da öz nəğmələrini əlavə edirdilər. Amma xoruz səsi eşitmək (hətta bəzən bir-birimizə ərklə, təşər-təşər deyərdik ki, "xoruz" səsi eşitməyib - Ə.M.) özgə bir aləmdi...
Mən bu söhbəti, daha doğrusu, bu məqamı bilərəkdən xatırlayıram. Çünki yeni ildə mən öz doğum günümü xoruz səsi eşitmədən qarşıladım və xoruz səsi eşitməsəm də, içimdəki nisgilin səsi məni məcbur etdi ki, arxaya çevrilib baxım. Baxıb görüm ki, dünəndə nələr qalıb, nələr olur və ümumiyyətlə, nələr olmalıydı ki, olmadı?! Digər tərəfdən, məhz həmin gün böyük həsrətlə, böyük maraqla, lap açığını desəm, bütün ürəyimlə gözlədiyim telefon zəngləri eşidilmədi. Elə bil o telefonların sahibləri ya dərin yuxuya getmişdilər, ya yatıb qalmışdılar, ya da onlar üçün o zəngin elə bir önəmi yox idi və yaxud da ola bilsin ki, onlar da xoruz səsi eşitməmişdilər deyə... xoruz banını gözləyirdilər deyə... çaş-baş qalmışdılar... Bütün bunlar mənim təxminlərimdi, bəlkə də heç belə deyil... Həyatdı, hər kəsin min dənə qayğısı, dərdi-səri var. Umduğum adamların bu həyatın bir parçası olduğu danılmazdı. Deməli, onların da başı nəyə isə qarışa bilər... Bunu da özümə təsəlli üçün yazıram... umduğum adamlara haqq qazandırmaq üçün... onları təmizə çıxarmaq üçün.
Düşünürəm ki, buna müəyyən qədər haqqım çatar. Axı mən onlarla illəri arxada qoymuşam, ayları-günləri əritmişəm. Belə olan halda içimdəkiləri gizlədə bilmirəm və bütünlüklə, çılpaqlığı ilə, elə düşündüyüm kimi də yazıram. Zarafat deyil, əsrin yarısından çoxu arxada qalıb. Belə götürəndə, o illərin sayı qədər bir yaşı başa vurmaq, yəni kirkirə kimi üyütmək özü də asan bir iş deyil. Bunu hər oğul bacarmır. Görünür, Tanrı məqbul bildiyindən, şans verdiyindən bu arxada qalan illərin kürəyini yerə vura bilmişəm. Lakin o illərin bütünlüklə hamısı mənim adıma yazılsa da, mənim yaşadığım illər deyil. Lap konkret desəm, 55 içində yaşamadığım xeyli sayda illər var. Həmin illəri aylara, günlərə çevirəndə, onda gənc yaşlarında dünya şöhrəti qazanmış dahilərin, xüsusilə, söz adamlarının qarşısında daxilən sıxılır və bir az utanıram. Çünki mənim yaşamadığım, amma ömrümə yazılan illərin az qala sayı qədər halal bir ömür yaşadı Mikayıl Müşfiq!!!
Yəqin ki, nə dediyimi, nə yazmaq istədiyimi anladınız. Əlavə şərhə, izahata, daha nə bilim nəyəsə ehtiyac duymuram. Sadəcə, onu demək istəyirəm ki, uşaqlığım, tələbəlik illərim və ondan sonrakı qısa bir zaman kəsiyi Vətəndə Vətənli günlərim olsa da, öz rəngarəngliyi ilə məni xoş xatirələrin qanadına alsa da, ötən əsrin 80-ci illərinin sonlarından başlayan ömür payım Vətəndə Vətənsiz günlər oldu...
Bəli, elə Vətəndə Vətənsiz keçən bu günlər məni ağrıda-ağrıda özümdən aldı... Məni göz yaşımda isinməyə, öz dərdlərimə əl uzatmağa, onları çiyinlərimdə gəzdirməyə məcbur etdi. Və mən də, ağır da olsa, etiraf etməliyəm ki, daşdan, dəmirdən olmadığım üçün tabe oldum. Zaman öz gücünü mənə də göstərdi. Baxıb gördüm ki, aylarım, günlərim, illərim eləcə təqvim vərəqi kimi bir-bir qopub gedir. Sanki o vərəqləri dəli küləklər altına alıb aparırdı. Təəssüf ki, bunu məndən başqa heç kim hiss etmirdi... heç sən də bilmirdin... heç indi də bilmirsən...

Ayağına düşmüşdüm
İndi getdi, bilmədin...
Haqdan sənə gəlmişdim -
Döndü, getdi bilmədin...
Çınqı düşdü - alışdı
Qucduğu nəm balışdı...
Qovuşmağa çalışdı -
Söndü, getdi bilmədin...

Uymadı heç alverə
Sığınıb qaldı şerə...
Ürəyi iki yerə -
Böldü, getdi bilmədin...

Saça düşən bu dərd - dən!
Çıxa bilmədim şərtdən...
Əbülfət də bu dərddən -
Öldü, getdi bilmədin...
***
Kitablarımın birində yazmışam... yəqin ki, oxuyanlar var. Oxumayanlar üçün təkrar yazıram... "Bu dünyada bir dağ kəndi var idi... Dağlarıyla, bulaqlarıyla, çaylarıyla, şəlalələriylə... nilufər çiçəkləriylə... indi də var o dağ kəndi! Amma mən yoxam o kənddə. O kəndin qoynuna salınmış cığırlarında düşmən mərmi basdırır, mina əkir... xatirələrini göyə sovurmaq üçün... izlərimi silmək üçün..."
Bəli, indi də var o dağ kəndi. Min illərin kəndi olan Tuğ kəndi. İşığıyla, ziyasıyla Azərbaycan elminə, ədəbiyyatına, siyasətinə çoxlu-çoxlu övladlar verən bu kənd həmişə başıbəlalı olub... həmişə döyüş meydanı olub.... indi də əsirliyini yaşayır məndən ayrı... Neyləyim ki, mən ancaq xatirələrlə, bir də Horadizdən və yaxud da Haramı düzündən əlimi qaşımın üstünə qoyub uzaqdan baxmaqla içimdəki ağrını sızlaya-sızlaya yaşayıram. Buna yaşamaq demək mümkünsə, buna ömür adı vermək olarsa... və bütövlükdə bunu təsəlli saymaq olarsa...
Hə, mən həmişə xəyal qurmağı, xatirələrə könül verməyi çox sevmişəm, çox xoşlamışam. Lap uşaqlıqdan xəyalpərvər olmuşam. Ağlımdan, ürəyimdən qəribə-qəribə istəklər gəlib keçib. Necə deyərlər, özümü bu kəndə, onun daş-divarına, torpağına, bulağına, suyuna, havasına, bütün təbiətinə tanıtmaq, özümlə birlikdə onu da tanıtmaq keçib içimdən. İnanın ki, qurduğum xəyallarda nədənsə həmişə doğulduğum kəndi daha böyük mənalarda, daha böyük auditoriyalarda tanıdacağıma və kəndimin də mənimlə qürur duyacağıma özüm də bilmədən içimdə bir əminlik olub. Görünür, elə bu xəyalpərvərlik də mənim yaşamadığım illərin səbəblərindən birinə çevrilib. Lap çılpaq desəm, xəyallarımda general olmaq istəyirdimsə, indi əsgər də ola bilmədiyim üçün çox üzülürəm...
İnsan başı dərdlər çəkdikcə, həyatı bir az da yaxından tanıyır. Görünür, bu dünyanı, bu həyatı tanımaq üçün mənim çəkdiklərimi yaşamaq vacib imiş, nəticə çıxarmaq üçün... Bu gün çıxardığım nəticənin özü də mənə tərs bir sillədi. Ona görə ki, yaşanmamış illər, aylar, günlər töhmət, tənə yeridi, ondan qurtulmaq mümkün deyil. Mən sadəcə, indi təəssüf hissi ilə ötüb keçən qatarın arxasınca baxa-baxa qalmışam. Amma bir şeyə sevinirəm ki, həmin o yaşamadığım, amma xəyallarımı qurduğum günlər, aylar, illər misralarıma müəyyən qədər şirə verib, qidalandırıb, yaşamasına, yazılmasına ipucu olubdu. Görünür, hər ziyanda bir xeyir varmış deyənlər yanılmayıblar. Mən də elə misralar arasında keçən ömrümə üz tutanda bax, bunları yazmışdım:

Misraların
arasında
ötür günlərim...
Vergüllərlə
uzansa da,
nöqtələrlə bitir günlərim...
Bəzən olur
baş qarışır
dost-tanışa
Ya bir işə,
ya görüşə...
Ya da elə tənhalığa
çəkilirəm bir anlığa -
bütünlüklə
söylədiyim məqamlarda
küsür məndən
qələm, kağız
misralar da...
İnan,
cismən yaşasam da
bu arada
səs-səmirsiz
elə-belə
bitir günlərim!..

* * *
Nə qədər çalışsam da, itirdiklərimin ağır yükünün altından, caynaqlarından qopub qurtula bilmirəm. Elə hey içimdə, çiyinlərimdə dəyirman daşları gəzdirirəm. Və bu daşın təkcə ağırlığı yox, həm də elə sərtliyi, soyuqluğu da əlavə yükdü, ağrıdı mənim üçün. Bilirsiniz niyə?
Bəli, özümün sizə və özümə ünvanladığım sualın cavabını sizlər bilməsə də, mən kifayət qədər bilirəm. Və hətta adi bir insan kimi əlimi ürəyimin üstünə qoyub and da içə bilərəm ki, insan duyulmayanda, diqqətdən kənarda qalanda, etinasızlıqla yol-yoldaşlığı edəndə və nəhayət, dayandığı yerdə mövcudluğu hiss olunmayanda daha çox ağrıyır. Odur ki, istər göz önündə ol, istər gözün görmədiyi məsafədə, amma fərqi yoxdu. Səni görmək istəməyən, lap gözünün önündə də dayansan görməyəcək.
Amma mən özüm də bilmirəm, nədənsə yaşadığımı, mövcudluğumu, hətta harda, nəyə görə durduğumu göstərmək, ya da olduğum kimi görünməyimi, qəbul edilməyimi istəyirəm. Axı varamsa, yaşayıramsa, niyə də məni görməsinlər?!
Həqiqətən yaşamadığım illərin mənə vurduğu böyük zərbələrin həcmi, miqyası nə olur-olsun, dediklərimə, yazdıqlarıma nə qədər dəxli olduğunu qəbul etmək üçün bir az diqqətli olmaq kifayət edər. Lap iynə ucu boyda diqqət bəzən çox mətləblərə aydınlıq gətirir, qaranlığa işıq salır. Və həmin o işıq da bir ömrü işıqlandırır, bir ürəyi yaşamağa, döyünməyə həvəsləndirir. Deməli, hər şey diqqətdən gəlib keçir. Sadə, adi bir insani diqqətdən - təmənnasız diqqətdən...

Heç nə danışmır, demir
Eləcə susub baxır...
Ürəyim uşaq kimi -
Üzümə küsüb baxır...

Dodaqları titrəyir
Gözləri qan çanağı!
Şaxtaya düşmüş gül tək -
Solubdu al yanağı...

Bu susqunluq içində
Özünü intihar var!
Bir ürək öləcəkdi -
Bilməyəcək adamlar...

Hə, yəqin bu şeirdən nə isə hiss etdiniz. Və mən yaşamadığım illərin qisasını kimdənsə, hətta diqqət umduğum adamlardan da tələb etmək və yaxud almaq iddiasında deyiləm. Ən azı ona görə ki, həmin o yaşamadığım illər atıq çoxdan köçünü yığışdırıb gedibdi. Nə mənim, nə də onların əli o illərin ətəyinə çatan deyil. Barı, qarşıdakı illərimə dəyməsinlər.

Əbülfət MƏDƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK