ANA SƏHİFƏ / YAZARLAR

YURDDAŞLIQ VƏ SOYDAŞLIQ BORCU

(Y.V. Çəmənzəminli və repressiya qurbanları barədə iki təklif)

100671    |   2013-11-19 00:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət önsə, daha dəqiqi "Ulduz" jurnalının 2005-ci il mart sayında Yusif Vəzir Çəmənzəminli barədə məqalə yazmış və bir çoxları kimi mən də "Əli və Nino" romanının onun qələminə məxsus olduğunu söyləmişdim. "Əli və Nino: Azərbaycanın kimlik kartı" adlı yazıda bildirmişdim ki, bu əsər müəllifin " Studentlər" romanı, bəzi pyes və hekayələrilə səsləşir. Onu da demişdim ki, ermənilər və gürcülər bizim yerimizə olsaydı, özününküləri qoya-qoya, milləti və kimliyi bilinməyən yad bir müəllifi bu məşhur əsərə sırımazdılar. Sözüm bunda deyil, yəni bu barədə polemika açmaq fikrim yoxdur.
Mən Yusif Vəzirin "İki od arasında", yaxud "Qan içində" əsəri barədə danışmaq istəyirəm. Əsəri bu yaxınlarda bir daha oxudum və bir azdan deyəcəklərimi də elə həmin oxu prosesində düşündüm. Bəri başdan onu da deyim ki, məqsədim bu əsəri də dərindən saf-çürük etmək deyil. Sadəcə bu, mənim sonradan deyəcəklərimə bir körpüdür.
Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" romanı "Qarabağnamələr", xüsusən də Mirzə Uamal Uavanşirin "Tarixi Qarabağ" əsəri əsasında yazılıb və tarixin bədiiləşdirilmiş güzgüsü rolunu oynayır.
1936-cı ildə yazılmış bu əsər bir növ proqram xarakteri daşıyır, rus və erməni məliklərinin Azərbaycanı necə parçaladığını açıb göstərir. Və bu işdə xanlıqlarımız arasında olan dartışma və çəkişmələrin də böyük rol oynadığını ürək ağrısı ilə qeyd edir. Bu qənaətlərin üstündən cəmi 50-55 il keçəndən sonra rus-erməni birləşmələri yenidən Azərbaycanı parçalamaq siyasəti aparır və istədiklərinə nail olur. Və yenə də özümüzünkülərin başısoyuqluğu və məsuliyyətsizliyi üzündən.
Yusif Vəzir Çəmənzəminli musavatçı və "pantürkist" damğası ilə sürgün olunsa da, heç şübhəsiz onun repressiyasının əsl səbəbi "İki od arasında" romanı, musvatçılıq və öz xalqının gələcəyilə bağlı məqalələridir. Yəni o, hansısa dövlətin cəsusu kimi yox, daha çox rusların və ermənilərin əleyhinə çıxdığı üçün sürgün edilib. Bu böyük ədib və mütəfəkkir milli qeyrətin və vətən təəssübkeşiliyinin badına gedib. Əlbəttə, mənim məqsədim bütün bunları sübuta yetirmək deyil. Çünki görünən bağa bələdçi gərəkməz.
Yusif Vəzir təkcə romançı kimi yox, həm də gözəl hekayəçi kimi tanınır. Onun ədəbiyyat tariximizə və folkşünaslığımıza verdiyi tövhələr də göz qabağındadır. Bircə onu deyə bilərəm ki, Yusif Vəzirin "İki od arasında" əsəri onun canı və qanı ilə yazılıb və həyatı bahasına başa gəlib.
Keçməkeşli həyat keçirən, ağrılı-acılı günlər yaşayan, zaman-zaman vətənindən didərgin düşən və bütün bu çarpışqmalarda yüksək təhsil alan Yusif Vəziri Qırmızı imperiya nökərləri Özbəkistanın əyalət şəhərlərindən birində tutub, vətənə gətirib və sürgün ediblər. Çünki ona öz vətənində yer yox idi.
Bütün bunları Yusif Vəzirin bioqrafıyasından öyrənmək mümkündür. Ona görə də dərinə getmək və yenidən Amerika kəşf eləmək fikrində deyiləm.
Sözümün canı nədir? Azərbaycanın ədəbiyyat tarixi və tarix ədəbiyyatı sahəsində böyük xidmətlər göstərmiş, bizlərə sənət nümunələri qoymuş, vətənpərvərlik örnəyi nümayiş etdirmiş Yusif Vəzir Çəmənzəminlinin nəşinin qalıqları hələ də vətənə gətirilməyib.
Onun sürgün edildiyi yer də (Nijni Novqorod) vəfat etdiyi kənddə (Suxobezvodnaya), dəfn olunduğu qəbristanlıq da (Betluqa çayının sahili) məlumdur.
Təklifim: Yusif Vəzirin nəşinin qalıqları vətənə gətirilsin: əgər həmin qəbristanlıq və məzar durursa. Onun adı bir daha əbədiləşdirilsin, heykəlləşdirilsin. Bir daha ona görə deyirəm ki, Yusif Vəzirin əsərləri orta və ali məktəblərdə tədris olunur, adına küçə də var.
Bu təklifin davamı olaraq repressiya qurbanlarına bir park yaratmağı da təklif edirəm. Azərbaycanın ədəbi-mədəni, ictimai, siyasi, elmi -hərbi həyatında mühüm rol oynamış, dəyər vermiş insanların da nəşinin qalıqları (məzarları məlumdursa) vətənə gətirlisin, həmin parkda dəfn olunsun və onlara abidə, yaxud abidə kompleksi ucaldılsın. (Repressiya olunmuş yazıçı və şaitrlərin barelyefi AYB-də var). Çünki ziyalı elitasının repressiyası soyqırımdan da betərdir.
Bildiyimə görə, ikinci təklifi bəndənizdən qabaq da səsləndirənlər olub. Mən onu bir daha aktuallaşdırmaq istəyir və bu məsələdə məni dəstəkləyəcək ziyalılarımıza və bu işi gerçəkləşdirəcək dövlətimizə arxayınam.
Bizim repressiya qurbanlarına bir soydaşlıq və yurddaşlıq borcumuz var.


Elçin Hüseynbəyli


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK