adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ÜRƏK AĞRISI

RZA RZAYEV
88785 | 2013-11-02 10:21
Əgər düz baxmasalar - mənim Aqil Abbas haqqında düz yazmağım düz çıxmayacaq.
Bu fikir yolda ağlıma gəldi, düzünü desəm ürəyimdən keçdi. O yolda ki, bu yol bizi itirilmiş, amma bir hissəsi bizdə olan torpaqlarımıza aparırdı - Füzuliyə. Bir hissəsi bizdə olan rayonumuzda "Dolu" filminə baxış olacaqdı.
"Dolu" filminin yaradıcı heyəti səhər saat yeddidə kinostudiyanın qarşısına toplaşıb. Aqil Abbas yoxdur, deyirlər - evindən götürəcəyik. Yola düşürük, yolu səhv salırlar, evi tapa bilmirik, halbuki, bir neçə dəfə bu ünvana gəlmişik. Mübahisə edirlər, mən də heç kimin səhvini tutmayım deyə susmuşam, yolu göstərmirəm.
Aqil Abbas darvazanın qarşısında bizi gözləyir. Həmişəki kimi hamımız maşından yerə düşürük, Aqil Abbas sayağı Aqil Abbasla görüşürük.
Aqil Abbasın rəngi-ruhu fərqlidir, həmişəkinə oxşamır, yəni yerindədir. Rəngini dəyisəcək heç nə qəbul etməyib - səhər tək rəngi açılıb, səhərin havası tək ruhu təmizdir.
Öz-özümə düşünürəm, görən Aqil Abbas da "vurmayıb" - bizi nə vurdu ki, yolu səhv saldıq, yolu tapa bilmirdik?!
Uşaqlıqda çox eşitmişəm bu sözü, mamamı bezdirəndə, arxamca düşüb tuta bilməyəndə, əlacsız qalanda, deyərdi: - Bala, səni vurğun vursun!
Bu sözü iyirmi ildən çox olardı ki, eşitmirdim, elə sözlər var ki, biz onu yaddaşımızda, ürəyimizdə saxlayırıq, heç zaman unudulmur, elə vurğun vursun kəlməsi kimi.
Vurğun vurmuş cavanlar bir vaxtlar cəmiyyətin küçə uşağı kimi baxdığı, cəmiyyətin artığı sayılan, sovetin hər an onları artıq ət kimi kəsib atmaq istədiyi dəlisov cavanlar idi. Sovet dağılanda, düşmən torpaqlarımızı işğal etmək istəyəndə bu dəlisov uşaqlar, yəni, vurğun vurmuş cavanlar hamıdan qabaq əli silahlı, silahsız düşmən qabağına çıxdılar. Elə "Dolu" romanında da qəhrəmanlar vurğun vurmuş cavanlardı. Vurgun vurmuş cavanları iyirmi ildən sonra "Dolu" romanında yenidən tanıdıq, yenidən xatırladıq.

***
İyirmi birinci əsr sənətin, ədəbiyyatın, fikrin, ideyanın maddiləşdiyi əsrdir. Dünya, insanlar getdikcə maddiləşir. Mədəniyyət, mənəviyyat və əxlaq arxa plana keçir. Dünya, insanlar maddiləşdikcə, insanlar adiləşir, baş verən mənəviyyatsızlıga, haqsızlığa insanlar adi baxır.
İyirmi birinci əsrdə insanları daha çox maddiyyat, pul, kapital düşündürür, danışdırır. Rejissorlar da, şairlər də, yazıçılar da, ümumiyyətlə yaradıcı insanlar da yazdıqlarının, çəkdiklərinin, yaratdıqlarının nəticəsində nə qədər qazanc əldə edəcəklərini düşünürlər. Nədən yazsalar, çəksələr daha çox pul əldə edərlər, o düşüncə ilə yaşayırlar, yaradırlar. Ona görə də deyirlər ki, on doqquzuncu əsr on səkkizinci əsrə görə, iyirminci əsr on doqquzuncu əsrə görə mənəviyyatsız, əxlaqsız əsrdir. Yəqin ki, iyirmi birinci əsrdə iyirminci əsrə görə mənəviyyatsız, əxlaqsız əsr olacaq.
Lakin elə şairlər, yazıçılar, rejissorlar var ki, onlar maddi sıxıntılar içində yaşasalar da, maddi ehtiyacları olsa da, yenə də vətəni, dövlətçiliyi, mənəviyyatı, milli dəyərləri təbliğ edirlər, xilası mənəviyyatda, milli dəyərdə görürlər. "Öncə vətən" - deyən, yaşayan rejissorlar, şairlər, yazıçılar, sadə insanlar var və yenədə olacaq. "Öncə vətən"- deyən, yaşayan, yaradan yazarlardan biri də Aqill Abbasdır.
Hər bir yazarın, sənət adamının taleyi millətinin taleyinə bağlıdır. Yazar bütün hallarda millətini ifadə etməlidir, millətinin tərəfində durmalıdır. Bu günə qədər kimsə millətini ifadə etməkdən üstün nəsə yarada bilməyib.
Bir çox yazarlar bu gün məqsədli şəkildə şəxsi maraqlarını güdərək mətnlərində dünyəvi olmaq istəyirlər və milli dövlət maraqlarımızı dünyəvilik deyilən anlayışa qurban verirlər. Belə yazarlar özlərini dünyəvi yazarlar hesab edirlər. Guya dünyaya məxsusdurlar, guya daha "böyükdürlər". Guya bilmirlər ki, dünyəvilik anlayışı da bir neçə super dövlətin milli maraqlarını ifadə edir. Aqil Abbas isə milli yazardır, millətinin yazarıdır, yeri gələndə millətinə, dövlətinə edilən haqsızlığa görə dünyanı, dünyəvi olanları söyür. O, millətinin, dövlətinin ümumi maraqları ilə bazarlıq etmir, bazar açmır.
Dünya güclərinin məğlub edə bilmədiyi bir şey var, bu da ruhdur. Buna görə də düşmən bizi ruhdan salmaq istəyir. Kiçikləri qabağa verir, arxadan dəstəkçi olur, bizi kiçiklərə məğlub etdirmək istəyirlər, gözümüzü qorxutmaq istəyirlər, zamanı, vaxtı uzatmaq, önümüzü kəsmək istəyirlər. Bilirlər ki, son bizimdir, bilirlər ki, iyirmi birinci əsr bizim əsrdir, dünyanın bizim düşüncəyə ehtiyacı var, artıq dünya idarə olunmaz hala gəlib, dünya haldan düşüb.
Son iyirmi il ərzində, yəni müstəqilliyimizi qazandıqdan sonra milli kimliyimizi qorumaq, milli maraqlarımızı, məqsədlərimizi həyata keçirtmək üçün Azərbaycançılıq fəlsəfəsini, ideologiyasını qəbul etdik.
Azərbaycançılıq fəlsəfəsi yeni, müasir türk düsüncəsidir, yeni, müasir türk kimliyidir, yeni, müasir münasibətlər formasıdır, yeni, müasir türk ruhudur.
Aqil Abbasın əsərlərində sözlərdən, cümlələrdən, mətnlərdən çox ruh sözü deyir. Ruhu olmayanlar Aqil Abbasın əsərlərini oxusalar çox səhv tapacaqlar, ruhu olmayanlar onu başa düşməyəcəklər. O ruh ki, onu gözlə görmək olmur, onu əllə tutmaq olmur, onu topa qoyub atmaq olmur, amma o ruh ruhdan düşmür, sonda qalib gəlir.
Müharibə insanların içində qalmış gizli potensialı üzə çıxarır, kimisin də qorxaqlığı, kimisin də cəsarəti. Eyni olmayanlar eyni də döyüşmürlər. Müharibə də mənəviyyatdan, əxlaqdan, dünya görüşdən, düşüncədən doğurur. Müharibə ən çətin anda, ən çətin formada millətin kimliyini, münasibətlər formasını, davranışını dəqiqləşdirir. Millətin kimliyi qadına, uşağa, qocaya, günahsıza olan münasibətdə dəqiq müəyyənləşir.
Bütün müharibələrin qəhrəmanı olub, bütün müharibələrin qəhrəmanı millətdi və həmişəki kimi müharibədə də millət şəxləri və fərdləri ilə ifadə olunur. Bizim müharibələrdə, döyüşlərdə göstərdiyimiz şəxsi, fərdi qəhrəmanlığı heç bir millətin şəxsləri, fərdləri göstərə bilməyib. İkinci dünya müharibəsini götürək, çünki bu müharibədə bizə yaxın, bizim tanıdığımız, SSRİ deyilən, ümumi adlı dövlətdə bizimlə birgə SSRİ uğrunda çox millətlər döyüşüb. Bu müharibədə göstərdiyimiz şücaətləri, qəhrəmanlıqları o zaman SSRİ-də yaşayan və SSRİ uğrunda döyüşən millətlər arasında kimsə göstərə bilmədi. Pulemyotun qabağına birinci biz sinəmizi verdik, göydə sona qədər biz döyüşdük, vurulmuş təyyarəni düşmən təyyarəsinə birinci biz çırpdıq, Brest qalasını sona qədər biz qoruduq, birinci partizan biz olduq, üc dəfə əsirlikdən birinci biz qaçdıq və s.
Amma bunları edə-edə bizləri sonra döyüşməyən, döyüşdən qaçan, qorxaq adlandırdılar. Böyük düşmən məqsədinə çatmaq üçün böyük planlar qurdu. Özümüzü-özümüzə inkar etdirdilər. Varlığımızı, kimliyimizi Qarabağ döyüşlərində ifadə edənləri gözümüzdən salmağa başladılar. Özünü yazar, ziyalı adlandıranlar susdular, bu qəhrəmanların obrazlarını yaratmadılar. Yenə Aqil Abbas sinəsini önə verdi, sinəsindən vurulanların obrazını yaratdı və yenə də sübut etdi, göstərdi ki, bizim şəxsi, fərdi qəhrəmanlığımız heç bir müharibədə olmayıb. Sübut etdi ki, biz döyüşü torpağa sevgisizliyimizdən, qorxaqlığımızdan, döyüşə bilməməyimizdən yox, həmin zaman kəsiyində bölgəmizdə gedən prosesləri, hadisələri, siyasəti dəyərləndirə bilməyənlərin, döyüşənləri silahla təchiz edə bilməyənlərin ucbatından uduzduq, amma yenə də bu vəziyyətdə çox döyüşləri udmuşuq və son döyüşüdə udacağıq.
Aqil Abbasın vurğun vurmuş cavanları son ana qədər döyüşdülər. Qız sevmədən şəhid oldular, son nəfəslərində "gözləri qaldığı" qızları xatırladılar. Aqil Abbas bir cümlə ilə müharibənin nə qədər dəhşətli olduğunu, insanlığa zidd olduğunu göstərdi. Bir gəncin sevmədən ölməyi, son nəfəsində: - Mən qız görmədim - deməyi, müharibəyə, müharibəni edənlərə, müharibəyə dəstək verənlərə nifrətdir.
Biz sabah dünəki kimi döyüşməyəcəyik. Sabah başlayacaq döyüş dünənki olmayacaq. Sabah döyüşənlər də, silahlar da fərqli, başqa olacaq. Amma biz dünən döyüşənləri, şəhid olanları, necə döyüşdüyümüzü, nə ilə döyüşdüyümüzü, hansı vəziyyətdə döyüşdüyümüzü bilməliyik, bilməsək, sabah döyüşə bilməyəcəyik. Sabah döyüşmək üçün "Dolu" romanını oxumaq lazımdır, "lazım gələrsə"nin vaxtı bitmək üzrədir. "Dolu"nun komandiri sağdır, əmr verən sağdır, yəni Ali Baş Komandan, onun əmrini gözləyənlər var, bu əmr zamanında, vaxtında veriləcək və son döyüş olacaq, torpaqlarımızı geri qaytaracağıq.

***
Bir neçə il öncə də onun haqqında yazmaq istəyirdim, çünki yazdığı bir məqalədəki bəzi fikirlərlə razılaşmırdım, yazının ortasında fikrimi dəyişdim, qəlbinə dəyməkdən qorxdum, İradə xanım haqqında yazdım. Bilmirəm nədəndir, Aqil Abbas haqqında danışanda İradə xanımı yada salmayanda haqq olmur.
Bu insanların bir-birinə olan münasibəti və bir-birinə atdıqları atmacalar mənə zövq verir.
İradə xanımın "Sarı Odalar" adlı kitabının təqdimatında Aqil Abbas dedi ki, İradə xanım məndən çox oxusa da mən ondan istedadlıyam, yenə də mübahisə etdilər. Sonra Aqil Abbas bir əhvalat danışdı. Dedi ki, getmişdik İradə xanımgilin rayonuna (həm də mənim rayonumdu). İradə xanımın bir qohumu bizi restoranına dəvət etmişdi. Bu restoran müdiri gənclik illərində İradə xanıma elçi düşənlərdən biri idi. Yeyib-içməyin ortasında dözmədim, dedim: - İradə, o vaxtı bu qohumuna "hə" desəydin, indi həyat yoldaşın restoran müdiri idi. Deyir İradə xanım da çox qəşəng cavab verib. Deyib ki, Aqil, mən ona ərə getsəydim, indi o da yazar və millət vəkili idi.
Qılıncı dəmirdən, stolu taxtadan düzəldirlər. Mahiyyət və məzmun baxımından "taxta" olandan heç zaman qılınc düzəltmək olmaz. Məncə, İradə xanım qohumu olan restoran müdirindən nə yazıçı, nə də millət vəkili düzəldə biləcəkdi.
İradə xanımı Aqil Abbasdan çox istəməyimə baxmayaraq, bu məsələdə Aqil Abbasın tərəfindəyəm.
Sayın, (İradə xanım Aqil Abbasa belə müraciət edir) yaxşı ki, varsan, yaxşı ki, sizi tanıdıq, sözsüz ki, hər kəsin öz yeri var, amma çoxları yerində yersizdi. Olmasalar da yerləri boş qalmayacaq, siz yerində olansınız, olduğunuz kimi, bizlər də sizi olduğunuz kimi çox istədik, sevdik.

***

Aqil Abbasın bütün romanları, yazıları ürək ağrısından doğub, ürəklə oxuyanların ürəyi ağrıyır, ürəksizlər də ürəklənir.
Başqalarına görə ürəyin ağrıyırsa, ilk öncə sən insansan, sonra isə sən yazarsan. İnsanı dəyərli edən özündən çox başqalarını düşünməsidir. Yazar özündən çox başqalarını yazır, başqalarını özününküləşdirir. Yazara tək qalan yazdığı zaman aldığı zövqdür və bu zövqü yazdıqlarını başqaları da oxuduğu zaman alırsa, sən yazarsan, sən yazıbsan, sən yaradıcısan. Yaradıcı insan ölmür, yazdıqları, yaratdıqları ömrünün davamıdır.
Hə, yadımdan çıxmışdı, "Dolu" filminin çəkilişləri olan vaxt tanınmış aktyorlardan biri, mən Aqil Abbasın maşını ilə Bakıya dönürdük. Tanınmış aktyor yolda Aqil Abbasdan bir neçə xahiş etdi. Aqil Abbas da maşını yolun kənarına çəkib saxladı, düşək bir çay içək, qalanı düzələr. Çayxanada Sayın danışır, mən də qulaq asıram. Birdən qayıtdı ki, dilin yoxdu, niyə danışmırsan, kim məni təklikdə tutur, bir xahiş edir, birini də sən et də. Gözlərimi döyməyə başladım. Qayıtdı ki: - Sənin maşının yoxdu? Dedim: - Yox. Dedi: - Onda film bitsin, sənə yaxşı bir maşın alacam.
Tutuldum, belə söhbətlərdən xoşum gəlməsə də ta bir söz demədim. "Dolu" filminin çəkilişləri bitdi, "Nizami" kinoteatrında filmə baxış oldu. Film bitəndən sonra Aqil Abbasa yaxınlaşıb dedim: -Aqil müəllim, mənə söz vermişdiniz, deyəsən yadınızdan çıxıb?
- Gündə o qədər söz verirəm ki, hansını deyirsən?
- Demişdiniz filmə baxış olandan sonra sənə yaxşı bir maşın alacam axı.
- Rzaa, mən onda kefli olmuşam, yəqin.

P.S. Bu il sevindiyim ən xoş xəbər Aqil Abbasdan gəldi: - İçkini atmışam.
60 yaşda söz verib, 40 il sözünü tutacaq - onun iradəsi möhkəmdi - İRADƏSİ kömək olacaq ona! Onu sevənlərə və əzizlərinə bundan böyük hədiyyə ola bilməz! Doğum gününüz mübarək!

Rza Rzayev
[email protected]

TƏQVİM / ARXİV