ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞA ÇAĞIRIŞ

32700    |   2013-06-29 07:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Silahlı Qüvvələr gününü qeyd etdik. Əslində, özümü nə qədər məcbur etsəm də, mən bu bayramı səmimi qəbul edə bilmirəm. Çünki belə rahatlıqla bayram etməyə haqqımız olduğunu sanmıram. Bəlkə də bu sözümə görə, inkişafımızı, nailiyyətlərimizi gözügötürməzlikdə məni tənbehləyənlər olar.
Günlərlə əhaliyə bayram əhvali - ruhiyyəsi aşılanıb, silahlı qüvvələrimizdən qürur duyduğumuz dilə gətirilsə də, bu bayram mənim üçün yarımçıqdı. Mən sadə bir vətəndaş kimi qürur duymağa özümü zorlasam da, alınmır. Çünki torpağım işğal altındadı, özü də layiq olmayan birinin işğalı altında. Yəni düşmənin də mərdinə uduzsan, dərd yarıdı. Mən o yerlərə gedə bilmirəmsə, mənim uşaqlıq, gənclik xatirələrim erməni tapdağındadırsa, (o xatirələrin izini qaytarmaq üçün nələrdən keçməzdim!) ulularımın, əcdadlarımın qəbri murdar düşmən tərəfindən təhqir olunursa, şəhidlərimin ruhu ağlar qalıbsa, ən əsası, qızlarımız əsirlikdə alçaldılırsa, bizim bayram etməyə haqqımız varmı? Bu nümayişi Molla Nəsrəddinin ayağını cızıqdan çıxarmasına bənzədirəm. Bu "qüvvələri" özümüzə və dünyaya yalnız nümayiş etməklə məşğuluq. Bu yerdə, yəqin ki, artıq şablonlaşmış bir cümlə gələcək: "Lazım gəlsə..." Lazım gəlib!!! Vallah, gəlib! Hətta keçib gedib Qarabağa, o, orada bizi gözləyir... onun gəlişini mən hamıdan qabaq hiss eləmişəm. Çünki gözlərim, qulaqlarım, ürəyim onun gəlişini gözləməkdən yorulub. Düşmənə düşünməyə kifayət qədər vaxt verdik, xarici "ağsaqqalların" məsləhətinə iyirmi il əməl etdik - xaricilər özləri ağsaqqallarını saya salmadığı halda, biz mentalitetimizə uyğun olaraq, üzlərinə ağ olmadıq. İgid oğullarımız atəşkəs rejimində qətlə yetirildi, dərdimizi dünyaya anlada bilmədik. İyirmi il əsirlikdə qalanlar ümidlərini üzüb, taleləri ilə barışdılar... Xocalıdan əsir düşüb, girov qalan qadınlarımız kişilərimizin qeyrətinə tüpürüb, ya məhkum talelərini, ya da ölümü qəbul etdilər yəqin ki... Bəşir Kəsərli Qarabağ alınmayınca başına örtdüyü şalı açmayacağına söz verib... Saqqalı dizinə qədər uzanmış qarabağlı şəhid atası yurduna dönməyincə saqqalını qırxmayacağını bildirib...
Sanmayın ki, "qeyrətinə tüpürmək" ifadəsini rahatca işlədə bildim. İçim qəbul edə bilmir bu etirafı. Biz bu deyilik axı! Olmamalıyıq!Mən əminəm ki, vətənpərvər oğullarımız həddən artıq çoxdu və bu yüklə yaşamaq onlar üçün çox çətindi. Bircə Mübarizimizin dözümsüzlüyünün, səbrinin daşmasının nəticəsini gördük! Yalnız bu, bir misalla düşmən nəyə qadir olduğumuzu yaxşı bilir. Sadəcə, bir az "ura" gözləmək şakərimiz, astagəllik var bizdə, "məndən ötdü, qardaşıma dəydi" arxayınçılığı, səbir, hövsələ genişliyi var.
Çində Şandu universitetinin muzeyində ziyarətçilərin diqqətini çəkən bir çəllək və çəlləyin ortasında asılmış bir vedrə qoyulub. O vedrəyə yanındakı su qabıyla suyu tökürsən, tökürsən ... müəyyən həddə çatanda, vedrə qəflətən çevrilir və bayaqdan yığılan su çəlləyə tökülür. Dahi Komfutsinin vətənində bu görüntü insan səbrinin bir həddi olduğunun, dolanda daşmasının qaçılmaz olduğunun nümunəsidir. Yəni, hər şey bir yerə qədər... Bizim səbrimizin vedrəsi isə o qədər dərindi ki, dolmaq bilmir ki, bilmir...
Hələ ki, hiddətimizi sazla, sözlə, ədbiyyatla, şifahi şəkildə nümayiş etdiririk. Olsun! Bəzən bir kəlmə sözün qüdrətiylə bir ordunu irəli aparmaq mümkündür. Son illərin müharibə mövzusunda ən layiqli əsəri kimi A.Abbasın "Dolu" romanı buna ən gözəl nümunədir. Birnəfəsə sona çatdırdığım bu romanı oxuyarkən, sanki müharibənin içindəydim. Və fikirləşirdim ki, Qarabağ mövzusunda ikinci bir ekran işi olacaqmı ki, bunun təkrarı olmasın və dərdimizi bu cür gerçəkliyi ilə işıqlandıra bilsin...
Bu yaxınlarda bir filmin təqdimatına dəvət aldım. Ruhuma uyğun bir ssenari olduğu adından bəlli idi: Ya Qarabağ, ya ölüm. Çəkiliş heyətininin işinə, xarakterləri ilə əməllərinin uyğunluğuna bələd olduğumdan zəhmətlərinin yaxşı nəticə verəcəyinə əmin idim. Amma bu qədər də yox! "Dolu"dakı kimi məlum qəhrəmanlar, xırda epizodlardan başqa, döyüş səhnələri yoxdu filmdə. Bir dəfə də erməni sözü dilə gətirilmir. Qırx beş dəqiqəlik filmdə Qarabağ dərdimizin bu cür ustalıqla, peşəkarcasına, lakonikliklə ifadə olunmasına heyran olmaya bilmirsən. Filmin ssenarisi də, rejissor, operator, montaj işi də, musiqi seçimi, şeirlər, kadra salınan mənzərələr bu yığcam vaxt kəsiyində elə ustalıqla verilib ki, tamaşaçını nəfəs belə, çəkmədən izləməyə vadar edir. Bu film ən əsas ona görə ruhumuzla əkizdi ki, bütün filmdə olanlar pafosdan, təmtəraqdan uzaq, sifarişsiz yaranmış, vicdan, təəssübkeşlik, vətənpərvərlik işinin nəticəsidir. Ona görə ürəyimizi yandıran göz yaşlarıyla izlənir ki, bu film hər birimizin içindəki qeyrəti oyadır, hiddəti, qisas hissini tərpədir, yatmış vicdanları silkələyir.
Xocavəndlilərin təqdim etdiyi, layihə rəhbəri Bəxtiyar Qaracanın və bütün yaradıcı heyətin gərgin əməyinin nəticəsi olan bu filmi seyr edərkən xalq deyimimizi bir daha xatırladım: çörəyi ver çörəkçiyə, birini də üstəlik. Hər birimiz öz sahəmizdə bu kollektivin əməkdaşları qədər vətəndaş ola bilsək, onda bizə batan olmaz! Yer-yurdundan, bölgəsindən asılı olmadan hər kəs bir az qarabağlı ola bilsə, o zaman çaqqallara yem olmarıq.
Hərdən fikirləşirdim ki, başqa bölgələrdən nə qədər bu itkini həzm edə bilməyən oğullarımız olsa da, o yurdda doğulub - böyüyənlər qədər bu ağrını hiss edə bilməzlər. Çünki orada tapdanan ən əvvəl bizim heysiyyatımızdı - qarabağlıların. "Dolu"nun müəllifinin də, Bəxtiyar Qaracanın, Mənsum İbrahimovun da qarabağlı olması bu fikrimi təsdiq edirdi. Amma yaradıcı heyəti yaxından tanıyandan sonra fikrimdə çox yanıldığımı hiss etdim. Heç Şuşada olmayıb, Şuşa həsrəti ilə alovlanan, Qarabağ itkisi ürək ağrısına çevrilən Sona xanım Vəliyeva, filmin üzərində gecə - gündüz işləmiş, işin daha effektli alınması üçün hətta sabahadək işlədiyi günlər olan, filmə daha mənalı, düşündürücü yeni çalarlar vermək üçün Bəxtiyar müəllimlə yüz ölçüb, bir biçən vətənpərvər qızımız Kəmalə xanım Mirzəyeva, Türkiyə vətəndaşı, Qarabağ, Azərbaycan, ümumtürk sevgisinin diktəsi ilə "Vatanın o başı, bu başı olmaz" devizi ilə yaşayan, əsl mənada böyük türkçü, möhtəşəm yanğılı türküləri ilə ayağımızı yerdən üzən və bu filmdə misilsiz zəhməti olan Əhməd Şəfəq, bölgə söhbətini mənasız sayan əsl vətənpərvər, möcüzə səsi ilə hər kəsi qələbəyə ruhlandıran qeyrətli eloğlumuz Şəmistan Əlizamanlı ilə, yüksək insani keyfiyyətləri ilə yanaşı, dinləyən hər kəsi səsinin sehrində o yerlərə aparıb - gətirən gözəl sənətkarımız Mənsum İbrahimovla münasibətdən sonra içimdə nisbətən bir rahatlıq yarandı - hələ son deyil!
Filmi izləyən hər kəsin, heç olmasa o film nümayiş edilən müddətdə, vətənpərvərlik hissi ilə alovlandığına əminəm. Nümayişin Qarabağ atlarıyla başlanması çox gözəl bir rejissor tapıntısıdır. Atlar güc, qüvvət, sürət, kişilik, vəfa və gözəllik simvolu olsa da, həm də muraddı, arzu - kama yetişməkdi. Bütün bu keyfiyyətlərin Qarabağa doğru yönəldilməsi əsas motivdir! Amma o atların üstündə oturub, düşmən üzərinə çapacaq oğulların səbrini daşırmaq lazım deyil. Ayrı - ayrılıqda Mübarizin qəhrəmanlğını pərakəndə şəkildə təkrar etməyə vadar olmasınlar deyə, mübariz oğulları səfərbər edərək, düşmən üstünə getməyin vaxtı çoxdan çatıb. Filmdəki (dəfələrlə baxsam da, hər dəfə məni yandırıb - yaxan)"Sarı gəlin"in orada qalan örpəyini gətirmək üçün, hər biri bir elin gümanı olmuş oğulların qanını almaq üçün, talan edilmiş yurdumuzun, güllələnmiş heykəllərin - filmdə Siyavuş Kəriminin söylədiyi kimi - mədəniyyətimizə atılmış güllələrin, bir sözlə, Xocalı timsalında tapdanmış heysiyyatımızın hesabını sormaq üçün hərəkətə keçməyin vaxtı keçir. Ürəyimizdəki bu yaraya məlhəm qoymaq, alnımızdakı bu ləkəni silmək üçün Qarabağa üz tutmalıyıq. Bir "Koroğlu üvertürası", bir Şəmistan hayqırtısı, bir Əhməd Şəfəq türküsü və Ali Baş komandanın çoxdan gözlədiyimiz əmri ilə igid oğullarımız hesabına az bir zamanda orada olacağımıza əminəm. Yetər ki, birinci addım atılsın...
Bu film məni, sözün həqiqi mənasında, içdən silkələdi. Səhnələr elə verilib ki, hər hissəyə müxtəlif cür tamaşaçı yozumu mümkündür. Bu möhtəşəm filmdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm.
Bu filmin ərsəyə gəlməsiylə siz, artıq Qarabağ uğrunda döyüşmüsünüz! Ya Qarabağ, ya ölüm seçimində artıq Qarabağı seçmisiniz. Və arxanızca getmək istəyənləri görmək üçün bu filmin hər bölgədə nümayişi vacibdi!

Bayrakları bayrak edən üstündəki kandır
Toprak uğrunda ölən varsa, vatandır!

Bu yolda ölüm də olacaq, qan da, faciələr də. Amma seçim budur - ya Qarabağ, ya ölüm!

P.S. Qarabağsız qarabağlılar, qarabağsız azərbaycanlılar, bu filmi mütləq izləyin!

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK