ANA SƏHİFƏ / MARAQLI

Adam əti yeyən afrikalı Napoleon

43225    |   2020-07-14 11:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Jean-Bedel Bokassa da İdi Amin kimi Afrikanın qatil obrazına uyğun gələn diktatorlarından biridir.O da xidmət etdiyi fransız imperializm ordusunun məhsulu idi. Onu ordunun rəhbərliyinə gətirən ağ ağalarına həm heyranlıq duyacaq, həm də onlara nifrət edəcəkdi. Ağ ağaları kimi ona da böyük bir ordu təhvil verilir, amma diplomatik yerlərdə digər ağlarla eyni masa arxasında əyləşməyə izn verilmirdi. Bu vəziyyətdən xəstə bir düşüncə hasil edəcəkdi: Bokassa da normaldan artıq xəstə idi.

Qohumun varsa, dərdin də var


Qara qitənin başına bəla kimi çökən digər diktatorlar kimi Bokassa da hərbiçi idi. Müstəmləkəçilik dövründə afrikalıların başına gələn bəlalardan biri idi.

Missioner məktəbində təhsil aldıqdan sonra fransız ordusuna yazılmışdı. II dünya müharibəsində Fransada almanlara, sonrasa fransız Hind-Çinində kommunistlərə qarşı döyüşmüşdü. Cəbhədəki fəaliyyətinə və bacarığına görə The legion of Honor(qürur nişanı) və the Croix de guerre (müharibə xaçı) kimi yüksək dərəcəli fransız medallarıyla mükafatlandırıldı.

Mərkəzi Afrika Respublikasının Fransadan müstəqilliyini almasından sonra dövlət başçısı David Dackonun xalası oğlu olduğuna görə orduda sürətlə yüksəlməyə başladı. 1960-cı illərdə baş qərargah rəisliyinə kimi yüksəldi. Bu cütlüyün arasında yaşanan gərginlikdən sonra Bokassa 1966-cı ilin ilk günü qohumunu devirərək klassik afrika çevrilişinə imza atdı. Bundan sonra edəcəkləri isə heç də klassik deyildi.

İşsiz deyilsənsə sübut elə!

Bokassa ağla gəlməyən çətin diktator nümunələrindən biridir. Ölkənin ən böyük problemi işsizlik idi. Diktatorun tapdığı çarəsə bənzərsiz idi. 18-55 yaş arasında hər kəs bir işinin olduğunu sübut etmək məcburiyyətində idi. Əks halda pul və həbs cəzasına çatdırılacaqdı.

Bokassa ləyaqətə böyük önəm verən rəhbər olduğunu söyləyirdi. Özündə fövqəladə bacarıqlar olduğunu düşünən general özünü `ömür boyu dövlət başçısı` və sonda isə imperator olaraq təyin edəcəkdi.
Bokassa 70-ci illərin ortasında az qala bütün afrikanın ilham pərisi olan Liviya lideri Qəddafi ilə görüşdü. Hər halda ondan çox təsirlənib ki, Salah Eddine Ahmed Bokassa adını götürərək müsəlman oldu. Lakin bir neçə ay sonra yenə katolik kimi xalqını salamlayacaqdı. Bu təəccüblü manevrlərinə səbəb Qəddafinin ona söz verdiyi kreditdən vaz keçməsinin rol oynadığı iddia ediləcəkdi.

Çəkilin, imperator gəlir!


1976-cı ildə Bokassa Mərkəzi Afrika Respublikasinin monarxiya olduğunu elan etdi. Ölkənin adını da Mərkəzi Afrika İmperatorluğuna çevirmişdi. Bu halda imperator da lazım idi. Xalq da nankorluq etməsin, Bokassadan daha yaxşı imperator tapacaqdı? Bokassa tarixin ona yüklədiyi bu ağır cavabdehlikdən qaça bilməzdi və qaçmadı da. Özünü imperator elan etdi. Heç bir monarxiya keçmişi olmayan bu yazıq afrika ölkəsinə bir diktator tərəfindən idarə edilməsi bəs etmədi, bir də sirk nümayişinə oxşayan tac qoyma mərasiminə şahidlik etmək talesizliyini yaşayacaqdı.

Bütün diktatorlar kimi Bokassa da lüks həyat yaşamağın dəlisi idi. Tac qoyma mərasiminin yaddaşlardan silinməməsi üçün büdcəni səxavətlə xərcləmişdi. Ölkənin toz-torpaq içindəki paytaxtı Bangui-də gerçəkləşən mərasimdə ölkə büdcəsinin təxminən dörddə biri xərclənmişdi. İmperatora hədiyyə edilən 80 mersedes, bahalı hədiyyələrin verildiyi bir mərasim idi. 22 milyon dollara başa gələn bu sirki izləyən qərblilər bığ altından gülərkən fransız diplomatlar qəzəbdən dəliyə çevrilmişdilər.

"Biz xərcləyərik, Fransa ödəyər”


Bu fövqəladə mərasimə görə Afrikanın azad mətbuatı təhqiredici başlıqlarla Bokassanı bombardman edərkən onun heç vecinə də deyildi. Çünki xərcləri başqalarının çiyninə yükləyəcəyini bilirdi. Zatən Cənubi Afrika, Çin və SSRİ-dən yardım alırdı. Amma ən çox güvəndiyi keçmiş müstəmləkəsinin büdcə kəsirini qapamalı olan Fransa idi. Fransız prezident Valery Giscard d`estaing Bokassanın ödəyə bilməyəcəyi bütün xərclər üçün təzminat verəcəyinə söz vermişdi. Bokassa da bu əlaqəni bir dəfə " buradakı hər şey Fransa tərəfindən qiymətləndirilir. Fransızlardan pul istəyərik, onlar verər və biz xərcləyərik” formasında arsız şəkildə dilinə gətirmişdi.

Ölən nazirlərin pul çantasından kolleksiya


Lakin Bokassa rejiminin hər əməli bu şəkildə ələ salınacaq kimi deyildi. Müstəmləkə artığı olan hər diktator kimi xalqının boynunda yumurta bişirməkdən çəkinmədi. Işgəncə və sorğu-sualsız cəzalar bir kənara qalsın, elə bir nöqtəyə çatmışdı ki, Bokasanın müxaliflərini yediyi, adamyeyən olduğu etdiyi iddia olundu.

On iki illik iqtidarı zamanı Bokassa Uqandanın İdi Amini ilə rəqabət yarışına girmişdi. Ölkədə oğurluğunun artmasından narahat olan diktator əsgərləri ilə birlikdə onlarla oğrunu paytaxt meydanında sıraya düzmüş və döymüşdü. Üç nəfər döyülməkdən ölmüş, digərləri isə isti günəşin altında saxlanılmışdı. Davam edək. Analar günündə həbsxanadakı bütün ana məhkumların azad olunmasını, eyni zamanda bütün ana qatillərinin edam olunmasını əmr etmişdi. Digər vərdişi isə vəzifədən azad etdiyi nazirlərin pul qabından kolleksiya düzəltmək idi. Əlindəki pul qabıların sayı onu keçmişdi...

Forma geyinməyi istəməyənlərin başını əzdi


1979-cu ildə 100 tələbənin öldürülməsi bardağı doldurdu. Bu tələbələr dövlətin tələb etdiyi formaları geyinməkdən imtina etdiyinə görə toqquşmalar nəticəsində öldürülmüşdü. Bu geyimlər imperatorun arvadlarından biri tərəfindən istehsal olunur və baha qiymətə satılıdı. Tələbələrin çoxunun birbaşa Bokassa tərəfindən öldürülməsi iddiasının yayılması vəziyyəti daha da kritik həddə çatdırdı. O zamana kimi Bokassanın hər əməlinə dözən fransızlar yaramaz uşaqlarına silləni vurdular. Fransız komandoları tərəfindən dəstəklənən David Dacko Barracuda əməliyyatıyla onu devirəni devirərək yenidən hakimiyyətə gəldi. Ölkə təkrar respublikaya çevrildi.

Fransızlara qarşı fransız medallarından istifadə etdi

Bokassa devrildikdən sonra onu hakimiyyətdən salan Fransaya getdi. Parisdəkilərin ona `xoş gəldin` deməyə niyyəti yox idi. Amma illər öncə ona verdikləri The legion of Honor medalı əl-qollarını bağlamışdı. Rədd edə bilməzdilər. Bəylər kimi yaşadığı bir villada illər sonra fransız radikal millətçiləri ilə yaxın əlaqə qurdu. Bir müddət sonra `dostlarının` "Vətəndaşların səni fransızların bir zamanlar Elba adasından qayıdan Napoleonu gözlədiyi kimi gözləyir” fikirlərinə inandı və ölkəsinə geri qayıtdı. Xalqın bir anda onu qucaqlayacağını düşünürdü, amma özünü həbsxanada gördü. Vətənə xəyanət, qanunsuz yolla pul mənimsəmə,cinayət və adamyemə ittihamlarıyla hakim qarşısına çıxarıldı. Hər nə qədər son ittihamdan canını qurtarsa da öncə edama məhkum edildi. Daha sonra cəzası ömürlük həbsə çevrildi. Yeddi il dörd divar arxasında qaldıqdan sonra keçmiş mühafizəçisi olan yeni dövlət rəhbərinin əmriylə 1993-cü ildə həbsdən azad edildi. Lakin ağıllandığını söyləmək olmazdı. Gözü yenə kresloda idi. Siyasətə qayıtmaq üçün əfv fərmanının çıxarılmasını tələb etdiyi günlərdə 1996-cı ilin 3 noyabrında infarktdan öldü. Ölmədən öncə Hz. İsanın 13-cü həvarisi olduğunu da iddia etmişdi. Arxasında 17 arvad, 50 uşaq və zülmə məruz qalmış bir xalq buraxaraq tərk etdiyi bu dünyada ən azından etdiklərinin cəzasının bir hissəsini çəkmişdi.

Bokassa adam yeyən idi?

Diktatorunun insan əti yetiyinə dair iddialar tələbə hadisələrindən sonra Pris Match dərgisi tərəfindən yayımlanan fotolarda gündəmə gəldi. Fotolarda içində insan bədəninin hissələri olan soyuducu var idi və bu soyuducu da Bokassanın sarayında idi. Öz əlləriylə yaratdıqları bu vəhşiyə əsəbləşən fransızlar iddianı ciddiyə almaqçün gecikmədi. Bokassa adam yeyən olmuşdu. Bokassa israrla bu fotoların morqda çəkildiyini iddia etsə də kimisə inandıra bilmədi. Devrildikdən sonra sarayında araşdırma aparan mütəxəssislər iddiaları sübut edəcək heç bir fakta rast gəlmədi.

Diktatorun öldürdüyü müxaliflərini sarayındakı aslanları və timsahlarına yedirdiyi iddiaları da havada qalacaqdı. Iddialar Bokassanı devirmək istəyən müxaliflərinin Fransanın dəstəyini almaq üçün xəyal güclərinin yaratdığı əsər idi. Maraqlıdır ki, Bokassa da uzun müddət " düşmənlərimi qorxudaram” məntiqiylə bu şok edici iddialara qarşı səsini çıxarmamışdı.

Vay anasını hörmətli tamaşaçılar


Imperatorun tacını Parisin məşhur ustalarından Claude Bertrand hazırlamış, tac ölkənin önəmli təbii qaynaqlarından olan almaz daşlarla bəzədilmişdi. (hər biri 58 karat) Bokassanın oturduğu taxt 2 ton təmiz qızıldan hazırlanmış və leopard kürkləriylə bəzədilmişdi. 43 ölkədən gələn 3 min 500 qonağı daşımaq üçün 100 limuzin və 130 atlı araba ayrılmışdı. Qonaqlara ən bahalı 65 min şüşə şampan təklif edilmişdi. Bunlar Parisdən gətirilən qızlar tərəfindən paylanılırdı. 120 nəfərlik orkestr da qonaqları əyləndirmişdi. Bütün tədbiri idarə edənsə fransızların məşhur iş adamlarından Jean-Pierre Dupont idi.

22 milyon dollarlıq tac qoyma mərasimi

Bokassanın tac qoyma mərasimi tamamən Napoleonunkinə oxşadılmışdı. Bunun fərqi onda idi ki, Napoleonun mərasimində bir arvadı iştirak edərkən Bokassanın 17 arvadından cəmi biri mərasimdə idi. Adambaşına milli gəlirin 120 dollar olan ölkədə bu tragikomik mərasim 22 milyon dollara başa gəlmişdi.

Emin Piri




İmza:
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO