ANA SƏHİFƏ / YAZARLAR

"Bilirsiz nə var, "vaapşe" heç keçirmirik brifinq zad - Əzizə İsmayılova yazır

13633    |   2020-07-03 13:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirəm, kef ola, sayın Qərargahımız qərara gəlmiş ola ki, "bilirsiz nə var, `vaapşe` heç keçirmirik brifinq zad. Ta, bəsdi. Onsuz nə desək, min dənə cavabsız sual çıxardırlar. İşimiz qərar verməkdir, onu da verdik ... Sərt karantin hələ iyulun 5-i bitir, bir həftə əvvəl anons vermişik, ayın 2-də də qərarı açıqlamışıq. Ağıllı adamlardır. Özləri əziyyət çəksin oxusun və tabe olsun...

Niyə belə düşünürəm?

Baxın, əvvəl İbrahim müəllim yoxa çıxdı, NK-nin qərarını XİN-nin rəsmisi açıqladı. Hansı sual verildisə, ümumi iki cümlə ilə ətrafından keçildi. Ölkənin xarici siyasəti ilə bağlı suallara cavabdeh şəxs, çıxıb metro belə, avtobus elə, sms icazə filan behman mövzusunda məruzə elədi...və NK sözçüsünün hansı səbəbdən ona aid brifinqə qatılmadığına hər hansı bir aydınlıq gətirməyi lazımlı hesab etmədi.

Sonra hər brifiqdə ən azı yarım saat bütün dünya ölkələrində olan cürbəcür rəqəmləri səsləndirib, virusla mübarizədə ölkəmizin ən uğurlu yol seçdiyini, səhiyyə sahəsində göz qamaşdıran uğurların fonunda xəstə sayı açıqlayan Ramil Bayramlı kayb oldu. Son iştirak etdiyi brifinqdəki gərginliyi, rabitəsiz nitqi nəyə işarə idi bilmədik.

Sonra bildik ki, Ramil həkim olduqca vacib işləri səbəbindən brifinqə vaxt tapmadığı üçün onu Yaqut xanım əvəzləyir. O da insafən, bacardığı qədər durumu idarə etməyə çalışır. Brifinqin birində dedi ki "təəssüf ki, sərt karantin rejimi gözləntimizi doğrultmadı, tam əks nəticələr aldıq", iki həftə sonra da jurnalistin eyni məzmunlu sualına dedi "siz düz demirsiniz. Sərt karantin nəticə verdi, yoxsa daha çox yoluxma olardı".

Kifayət qədər suallar da havada asılı qaldı ki, "biz buna baxmırıq", " bu bizim səlahiyyətimizdə deyil" və s. və ilaxır.

Sonra gördülər belə yürümür, bircə kəlmə "sərt karantini 2 həftə də uzadacağıq" anonsunu öncədən vermək üçün dövriyyəyə Hikmət Hacıyevi saldılar. Sağ olsun, o da səlis və rəvan nitqi ilə bütün cavabsız suallara diplomatikcəsinə elə cavab verdi ki, sual özü də bilmədi cavabı hansı idi.

Məğzi cəmi bir cümlədən ibarət brifinq, düz saat yarım çəkdi...

Daha kim çıxsın ora?

Səhiyyə Nazirliyi desək, ayıb olar. Tanınmış, peşəkar, ixtisasında oturuşmuş virusoloq desək, karantində sms'siz, polisin gözündən oğurlanıb balıq tutmağa getmək daha asandır, nəinki bu.

SN-nin son brifinqdəki `rusqiyazıçni` nümayəndəsi də demək istədiklərini rusca düşünüb azərbaycanca tərcümə edincə, ürəyi çəkildi azdır, üstəlik nə demək istədiyini özü də qarışdırdı. İkinci dəfə onu ora nəyə çıxardasan ki?

Səhiyyə naziri çıxsın desək, adamı virus başlayandan bu yana nə görən oldu, nə eşidən. Nəyinə lazımdır, ağramayan başına çalma bağlasın? "Səlahiyyətimizdə deyil"dən ideal cavab var bu qarışıqlıqda?

Birdən brifinqdə "düşmən dəyirmanına su tökən jurnalist"in biri durub qəfil sual verir ki, "cənab nazir, `Semaşqo`da, sizi həmişə tərifləyən, uğurlarınızdan ağız dolusu danışan AzTV-nin əməkdaşı, cavan bir oğlan niyə "su yoxdur, tualet yoxdu" deyə-deyə öldü? Niyə filan rayonda xanım müəllim "bura çox pisdi, bu səsi silmə, həkim içəri girib qapını bağlayır. Bu səsi silmə, bizə baxmırlar" deyib öldü? - sualını verdi. Buna cavab vermək olar? TƏBİBlə Nazirlik "sizlikdir", "xeyr, bizlik deyil" deyib, bir-birinə girər deyərdim, amma cənab nazirdə hal nə gəzir dilləşməyə? Ölüblər, ölüblər də. Allah rəhmət eləsin. Belə qanqaraldan məsələlər haqda brifinqdə danışmazlar ki. Özü də nazir olan yerdə..

Bəs neyniyək?

Təsəvvür edin, irağ olsun, qərargah yetkililəri bütün bunları düşünüb, götür-qoy edib qərara gəlirlər ki, ümumiyyətlə, biz bunlara niyə hesab verməliyik axı? Deyiriksə belədir, deməli belədir. Boşuna vaxt itkisi kimə lazımdı karantin günündə? Üzlərini danlamaqdır, artıq özləri bir-birinin ətini yeməyə hazırdır, heç bizə ehtiyac yoxdur. Boşuna əsəbdir. Brifinq zad lazım deyil. Qərarı açıqlayın, sualı olan mail'ə atsın, cavablandırarıq.. "

P. S. Olmaz təbii belə şey. Bu bir xəyal ünsürüdür. Sadəcə deməsəm olmazdı, yazdım ki, yəni çox üzülməyin də, pisin də pisi var..

Məncə, baş epidemioloq da elə düz edib çıxıb gedib televizorsuz, internetsiz kəndə və deyir ki, "nə olar baş epidemioloq olanda? Heç nədən xəbərim, zad yoxdu. TƏBİBdən və SN-dən soruşun nə lazımdısa".

Adamda ağıl qalar a bu qədər şeyin içində?




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK