ANA SƏHİFƏ / YAZARLAR

Çörək və tamaşa - Mehman Cavadoğlu yazır

28675    |   2020-07-04 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Troyanın məhvinə poema qoşmaq sevdasıyla paytaxtdan uzaqlaşıb sakit bir məkana çəkilmiş dəlisov imperatorun fantaziyası o qədər yüksəklərdə cövlan edirdi ki, onu cilovlayıb yazıya köçürməkdə aciz qalmışdı. Gicgahlarını nə qədər ovuşdursa da əsərdəki yanğın səhnəsini təsvir eləməyə təxəyyülünün gücü çatmırdı. Bu elə-belə, sıradan bir yanğın səhnəsi yox, ali mənsəb sahibinin adına layiq möhtəşəm bir şey olmalıydı. Məmləkəti bürüyən çil-çırağın işığında ora vahimə toxumu səpməli, təbəələrin həzz və iztirab duyğularını eyni anda coşdurmalıydı. Ancaq nə qədər gücənsə də alınmırdı. İstedadının kasadlığını heç ağlının ucundan da keçirmirdi. Ağlının ucundan keçən dərrakəsinin yox, mənsəbinin səviyyəsinə uyğun idi: "Necə ola bilər ki, tanrı adamı ali hakimiyyət kürsüsünə qaldırsın, yerin-göyün mütləq sahibi eləsin, amma ona ağıl, istedad kimi "xırda-para şeyləri” qıymasın. Tanrı belə şey etməz, edə bilməz”. Bu cür düçüncələr içində vurnuxa-vurnuxa birdən beynində qara-qura fikirlər dolaşmağa başladı: "Əgər ömrümdə bir dəfə də olsa öz gözümlə xırdaca bir yanğın səhnəsi görməmişəmsə buna istedad neyləsin?!”

Dərhal az qala dünyanın hər bucağından görünən, hər küncünə vəhşət saçan bir yanğın törətmək üçün göstəriş verdi. Saray əhli əllərində məşəl küçələrə axışdı. Yandırmaq da yazmaq qədər çətin ha deyil. Miladın 66-cı ilində dünyanın ən böyük, ən varlı şəhəri olan Roma belə yandı. Alov göylərə bülənd olub şəhərin bütün məhəllələrini külə döndərdikcə öz əzəmətindən cuşə gələn imperator şövqlə bu mənzərəni seyr edir və Troyanın acı taleyinə ağı deyirdi.

İllər keçdi, tarix onun "Troya” dastanını unutsa da, "Roma” faciəsini birdəfəlik yaddaşına həkk edərək bu günədək qoruyub saxladı.

İlk öncə bu yanğın səhnəsini öz imperatorları sayaq möhtəşəm tamaşa kimi izləyən kütlə bir az keçmiş vahiməyə düşdü, şəhərin böyük bir hissəsi yanıb külə döndükdən, quru yurdda qaldıqlarını dərk etdikdən sonrasa qəzəb püskürməyə başladı. İndi onu sakitləşdirmək lazım idi. Qızmış beyinləri cilovlamağın sınaqdan çıxmış yolu kara gəldi: ac adamı qandırmaq üçün əvvəl onun qarnını doydurmaq, sonra başını qatmaq lazımdır. Şəhərin kənarında yerləşən ərzaq anbarları yanğından salamat çıxmışdı. Təqiblərdən qaçıb Romaya sığınmış və burda kiçik icma kimi yarımleqal şəraitdə yaşayan xristianlardan isə qurama yox, real faciə personajları düzəltmək olardı. Xalqa çörək və şərab paylandı, xristianlar isə yanğının günahkarı kimi sürü halında sütunları kösövə dönmüş kolizey meydanına sürükləndi. Onları diri-diri itlərə, şirlərə yedirdir, şaqqalayır, ən ağlasığmaz üsullarla məhv edirdilər. Kütlə hayqırdıqca yanğısı sönür, məhvərindən çıxmış qəzəbinin üstünə su səpilirdi.

Roma yanğınında uşaq olan məşhur satirik Yuvenal sonradan öz satiralarının birində yazır ki, bu xalq böyük qələbələrlə zəngin öz şərəfli keçmişini çoxdan unudub, biganələşib, bütün qayğılardan uzaq düşüb. İndi o, kobud desək, yalnız ibtidai instinktlərin sehriylə yaşayır və iki şey haqqında düşünür: "Çörək və tamaşa!” Düz iki min ildir ki, bu formul təkcə Romada yox, dünyanın hər yerində əbədi mühərrik kimi dayanmadan çalışır, yeni çalarlar alır, fərqli formalarda üzə çıxır, rəngbərəng qiyafələrə bürünür, ancaq məzmun və mahiyyətini dəyişmir. Çünki toplumun xisləti belədir, çünki "xalq şiddətli hisslərin aşiqidir, onunçün edam da tamaşadır (Puşkin).

Uzağa getməyin, elə icra başçılarının, nazir müavinlərinin son silsilə həbslərini götürün. Proses bir az səngiyən kimi toplum darıxmağa, məyus olmağa və yeni həbslər tələb eləməyə başladı. Onu daha çox vəcdə gətirən bu həbslərin mahiyyətindən çox formasıydı. Əli avtomatlı bir dəstə adam qəfil içəri girir və yer sahibinin qollarına qandal vurur. Qəfil qonaqların amiranə duruşu və qurbanın miskin görkəmi. Tükürpədən, qan coşduran mənzərədir, Şekspirin hansı dramı insan hisslərini bu cür təlatümə gətirməyə qadirdir? Düzdür, əliyalın və müqavimət imkanı olmayan adamı başqa bir kabinetə dəvət edib qandallamaq, sonra bu haqda xalqa məlumat vermək də mümkün idi. Amma bunun xalqa nə xeyri, quru bir qəzet məlumatı onun hisslərini coşdurmağa, təşnəsini söndürməyə məlhəm ola bilərdimi? Əlbəttə yox. Görüntüsüz, tamaşasız nə hiss, nə coşqu?!

Xalqı ruhdan salmamaq üçün qısa fasilədən sonra yeni həbslərə start verildi. İki günün içində dalbadal iki məmur tutulur, ancaq xalqdan səs çıxmır, ehtiraslar kükrəmir. Çünki dramaturgi ardıcıllıq pozulub, kulminasiya qabağa çəkilib. Üstəlik, avtomat və qandal kimi vacib elementlər dekorasiyadan çıxarıldığına, vahimə saçan qara maskalar koranavirus maskalarıyla əvəzlənərək tamaşaya humanist çalar qatıldığına görə effekt öləziyib. Əgər proses tərsinə getsəydi, yəni əvvəlki və sonrakı həbslərin yeri dəyişdirilərək artan xətt üzrə inkişaf etdiriləsəydi, üstəlik, daha yüksək instansiyalara çatanda müavinlər səviyyəsinə endirilməsəydi tam fərqli mənzərə yaranar, xalq məyus duruma düşməz və baş verənləri heç olmasa türkəçarə islahat kimi qələmə vermək olardı.

Pandemiyayla əlaqədar dalbadal tətbiq edilən ikigünlük "evdəqal”, daha doğrusu, "yeyat” dövründə də tamaşasız keçinmək mümkün olmadı. Eyvanlar şəhər meydanına, teatr və konsert salonlarının səhnəsinə çevrildi. Arabir ordan atılan zibillərin şappıltısı, yatağından lüt-üryan sürünənlərin hayqırtısı şəhərin pantomim ruhuna xələl gətirsə də sonradan bir dəstə müğənninin "eyvan xoru” xalqla polisin əbədi qardaşlıq simvoluna çevrilərək olanları unutdurdu. Tamaşanın gücü budur, o, hüququn cözmədiyi və yaxud cözmək istəmədiyi kazusların da öhdəsindən gələ bilir, həllini tapmayanda, heç olmasa, üstünü malalamağı bacarır.

Bu günlərdə televiziya kanallarının birində cinlərlə bağlı bir veriliş gedib. Ümumiyyətlə, cin-şeytan söhbətləri, köhnə pirlərin kəramətinə dastan bağlamaq, evlərin damına daş yağdırmaqla, ağacların yarpaqlarındakı hansısa cızıqları bir müdrik kəlam və ya ilahi kəlmə kimi oxumaqla yeni pirlər yaratmaq prosesinə dəstək vermək bizim televiziyaların məhrəm mövzularından biridir. Böhran dərinləşəndə şou bizneslə, göz yaşlarıyla müşayət olunan bəzən tam, bəzən yarıqurama ailə-məişət dramlarıyla tamaşaçını doyurmaq olmur, onu real problemlərdən yayındırmaq üçün daha effektli, daha təsirli üsullara, qəlbləri riqqətə gətirən mövzulara əl atmaq, bir sözlə, beyinləri kütləşdirmək testlərinə keçmək zərurəti yaranır. Hər şeyin allahın əlində olduğunu, onun iradəsiylə baş verdiyini təlqin edən dini rəvayət və nəsihətlər, didaktika, paranormal hadisələr və ən nəhayət, xurafat, yəni, vaxtilə Sabirin, Cəlilin ürəyini qubarladan nəsnələr! Baş qatmağın, beyinləri kütləşdirməyin bundan səmərəli daha hansı yolu ola bilər?!

İnsanın genetik yaddaşının həssaslığı onun ictimai şürunun inkişafına əngəl törədən əsas amildir. Elm və texnikanın nailiyyətləri, maarifin, mədəniyyətin yüksək səviyyədə inkişafı adamların davranış stereotiplərini, onların zahiri görkəmlərini nə qədər dəyişsə də, mistik yaddaşı şüurun alt qatlarına ata bilmir. Ən güclü insan iradəsi belə xoşbəxtlik axtarışları və bədbəxtlik xofu qarşısında kövrəkləşib çat verərək aciz duruma düşür. Xurafatın gücü də bundadır. Təsadüfi deyil ki, mistikaya meyl yüksək inkişaf səviyyəsinə çatmış ölkələrin özündə də bizdəkindən az deyil. Bu cür həssas psixoloji durumda bir yandan da kütləvi-informasiya vasitələrində, xüsusilə hər evin çağrılmamış qonağı olan televiziyalarda bu mövzunun şitinin çıxarılması, hətta bəzən ən titullu alimlərin dilindən beyinlərə yeridilməsi artıq heç tamaşa da deyil, nəsə başqa şeydir.

Üstəlik, eyni etnokulturoloji dəyərləri bölüşdüyümüz qonşularımız da bizə müxtəlif səpgili tamaşalar idxal etməklə məşğuldurlar. Yadımdadır, Ermənistan-Azərbaycan münaqişəsinin təzə-təzə cücərməyə başladığı günlərdə dostlarla hadisələrin inkişaf perspektivini, məsələnin ciddiləşəcəyi təqdirdə hansı resursların dadımıza çata biləcəyini götür-qoy edirdik. Söhbət ən son variantların üstünə gələndə Rusiyaya güvənmədiyimiz üçün İslam inqilabından sonra bura mühacirət eləmiş, Tehran universitetini yarımçıq atmağa məcbur olmasına baxmayaraq bizim universitet diplomlu məzunlardan qat-qat səviyyəli olan dostumuzdan soruşduq ki, əgər hadisələr ciddiləşsə və sərhədlərdə gediş-gəliş imkanı yaransa İran gizli şəkildə bizə silah-zad ötürə bilərmi? Dostumuz heç fikirləşmədən cavab verdi: "Silah deyə bilmirəm, amma gediş-gəliş imkanı yaransa İran sizə çoxlu təsbeh və saqqız göndərəcək”. Necə demişdi, eləcə də oldu. Qardaşlıq köməyi umurduq, tamaşa gördük. Digər qonşumuzsa bizə "feto” kitabları ixrac edirdi, özü də "feto”nun faktiki olaraq öz hökumətiylə koalisiyada olduğu vaxtlarda.

Çörək və tamaşa formulu effektli idarəçilik üsulu sayılsa da həmişə keçərli olmur. Bütün ictimai-siyasi anlayışlar kimi bu paradiqma da imperativ deyil. Odur ki, cəmiyyəti daimi olaraq onun umuduna buraxmaq təhlükəlidir. Vaxtilə Neronun çörək və tamaşayla sakitləşdirib ram etdiyi kütlə bir neçə ildən sonra qiyam qaldırmış elitaya qoşularaq onun axırına çıxdı. Xalqlar bir-birlərindən mədəniyyətləri, təfəkkür tərzləri, davranış qaydaları və bu qəbildən olan çox nəsnələrlə fərqlənsələr də kütlə həmişə kütlədir, o hər dövrdə, hər yerdə eyni məntiqlə düşünür, eyni qaydalarla, ən qorxulusu da odur ki, instinktlə hərəkət eləyir.

P.S. Bəzi tarixçilər Romanın Neron tərəfindən yandırıldığını təsdiq eləmirlər, əksinə həmin yanğından sonra onu sürətlə və daha yaraşıqlı, ən əsası da yanğından asan müdafiə olunmağa imkan verən arxitektur üslubda və odadavamlı materiallardan tikdiyini söyləyirlər. Neyləyək ki, bütün humanitar elmlər kimi tarix elmi də sürüşkən qadına bənzəyir, hər kəs ondan öz məqsədinə müğayir şəkildə istifadə eləyir.



İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK