ANA SƏHİFƏ / YAZARLAR

Əzizə İsmayılova: Hörmətli qərargah! Ya da belə yox, çox hörmətli qərargah! Çox təşəkkür edirəm!

55530    |   2020-06-06 12:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün iyunun 5-i, 2020-ci ildir. Hələ ki, gecə saat 12-yə kimi sərbəstlik imkanımız var.

O səbəbdən ki, sabah və birisi gün Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkaranda bütün həyatın donacağı barədə qərar vermisiniz. Hətta ərzaq mağazaları və apteklər belə işləməyəcək. Heç bir nəqliyyat vasitəsi çölə çıxmayacaq. Öləsi olsaq 102-dən, can verəsi olsaq 103-dən icazə istəməliyik.

İstəməsək nə olacaq? Heç nə. Əlahəzrət İXM-nin 211-i maddəsi öz əzəməti ilə alacaq başımızın üstünü...

Niyə belə bir qərar verilib? Çünki virusla mübarizə aparırıq. İnsanlar da bir birlərinə çox yaxın gəzirlərmiş. Toplaşmaq, 10 nəfərdən artıq eyni ortamda olmaq, hardasa bashabas yaratmaq olmazmış.

Hal-hazırda, yollarda, mağazalarda, bazarlarda, virusla mübarizə tədbirləri çərçivəsində, şahidi olduğumuz mənzərənin ssenari müəllifi və baş rejissoru olduğunuz üçün Sizlərə təşəkkür etmək istədik.


İnsanların, 90-cı illərdən bəri, bir yerə bu şəkildə cəm olmasını təşkil etdiyiniz və şəxsən məni və mənim kimi yüzlərlə insanı 3 gün (səhər o başdan, işə getməmiş yediyim 3 dilim çörək sayılmır) çörəksiz qoyduğunuz üçün sizə çox təşəkkür edirik.

Bütün günü "211-ci maddəni də zənginləşdirmişik, artıq vicdanımız rahat şəkildə, papağı belə qoysan cəzalandıracağıq", "belə qoysan cərimələyəcəyik", "belə qoyası olsan, inzibati həbs verərik", "yox əgər birdən çaşıb belə qoysan, cinayət işi açarıq" kimi ruhumuzu qidalandıran, yaşama eşqimizi göylərə yüksəldən hədə-qorxularınızla dolu ağır iş həftəsinin sonunda insanlara bəxş etdiyiniz bu boyda xəyal qırıqlığına, bu boyda əsəbə, stressə görə dərin təşəkkür edirik.

Sizin belə müdrik qərarınız olmasaydı, ömründə nə market, nə bazar, nə də apteklərdə, qarışqa yuvasını belə kölgədə qoyacaq, bu qədər insan seli bir yerə toplaşmaz, bu qədər uğulu satış həyata keçirilməzdi. Sonuncu dəfə mal sahibləri belə satış sevincini nə vaxt yaşadıqlarını heç özləri xatırlamırlar belə. Biznesə verdiyiniz bu töhfədən dolayı bütün market, supermarket, məhəllə market, bazar və aptek sahibləri sizə xüsusi təşəkkür edir, o mənfur virusla mübarizədə bu cür səmərəli addımları həftədə heç olmasa 2 dəfə tətbiq etmənizi arzu edirlər.


Xüsusən də, "10 nəfərdən çox adamın bir yerə toplanması qadağandır" deyibən, 10 min nəfərin bir göz qırpımında bir yerə toplaşmağının qaçılmaz olduğunu şərtləndirən müdrik qərarlar verdiyiniz, "dovşana qaç, tazıya tut" dediyiniz üçün təşəkkür edirik.

Dediyinə görə, dünən axşam smenə gedib, bu gün axşam saat 5-dən külfətinə aparmağa 1-cə dənə çörək tapmadığı üçün, əsəbdən "çörək yoxdur, qardaş, bulki alasan bəlkə" deyən başqa bir çörək axtaranla söz mübahisəsinin sonda az qala qladiator döyüşünə çevrilməsini təmin edib, insanlara belə yolüstü pulsuz tamaşalar təşkil etdiyiniz üçün sizə təşəkkür edirik.

"Heç bir nəqliyyat vasitəsi işləməyəcək" deyib həyati vacib sahələrdə camaatı işə çağırıb, brifinqdə əvvəlcə "şəxsi maşınınızla filan yerdə qeydiyyatdan keçib, filan şərtlər altında işə gedə bilərsiniz" deyib, 3-5 sualdan sonra dilucu "yox, şəxsi maşın olmaz" deməklə, insanları girinc edən, dəqiqləşdirmək istəyəndə "onun ən dəqiqini NK bilər", NK-də öz növbəsində "bu işi nizamlamaq DİN'ə tapşırılıb onlar bilər", DİN'də "NK nə qərar versə onu edirik" deyib bir suala "hə" ya "yox" cavabı əvəzinə belə zəncirvari qaçdı-tutdu oyunu təşkil etdiyinizə görə lap çox təşəkkür edirik. Həqiqətən, təqdirə layiq və əyləncəli kommunikasiyadır.



Belə baxanda vətəndaşın nəyinə lazımdır onu maraqlandıran hansısa suala net cavab ala bilsin? Kimdir axı vətəndaş? Qoy krossvord kimi məşğul olsun özuyçün. Cavab tapar, nə xoş, tapmaz QANUN sağ olsun. Uşaq vaxtı biz "məhlə-məhlə" oynayanda nənəm həmişə qıraqdan gülüb deyirdi ki, "Çox qanun, qanun deyib sinənizə döyməyin, a bala. Nədi qanun? Stolba kimi şeydi də, üstündən keçə bilməzsən, dörd yanından keç get də hara istəyirsən. Bircə çalışın, o stolbanı yıxanda altında qalmayasınız. Sağ çıxmazsınız. "

Bilirəm e, yenə hörmətli Baş nazirimizdən tutmuş, qərargahda qurtarmışa kimi hamınız deyəcəksiniz, "Biz vətəndaş üçün hər şey etdik. Amma düşünmədik ki, vətəndaşımız belə acğöz olar. Kim çörək ala bilməyibsə, bu bizim günahımız deyil. Biz axı demişdik, vaxtında alın, qoyun. Biz hər şeyi dünya ölkələri edən kimi edirik, hər şeyi ölçürük, biçirik, mütəxəssislərimiz bütün günü yatmadan vətəndaşın halını düşünürlər. Vətəndaşdır kəntöy, ölçüsüz. On görə belə oldu".

Düz də deyəcəksiniz. Həqiqətən də günah elə biz vətəndaşlardadır. Məhz elə bizi bizə tanıtdığınız üçün sizə təşəkkür edirik.

Elə bilirsiniz, çörək tapmadım deyə haray çəkirəm? Qətiyyən.


90-ci ildə həftələrlə çörək zavodunda "xəmirgir-pekar" kimi işləyən adamam. Zavod deyirəm ee sizə. Nəhəng bir zavod. İndiki sexlərdən yox...

Çörək üstə yarılan başlar gördüm, bir-birini öldürən adamlar gördüm. Günlərlə öz bişirdiyimiz çörəyə tamarzı baxdıq, icazə vermədilər ki, qırağından bircə dilim kəsək. Olmazdı! O dövrün də öz Qərargahı, o Qərargahın da öz qanunları vardı. Çörəyi çəkisinə, sayına görə təhvil alırdılar. 1 qram düşündüklərindən əskik olsaydı, həyatını elə zəhərə döndərdilər ki, ömrü boyu çörəyə nifrət edərdin...

Siz bilməzsiniz, ac-yalavac 2 ton xəmirin çörəyini bişirib, gəlib evdə qıcqırmış çovdar unundan "çörək" yapması yemək necə bir hissdir. Siz bilməzsiniz, qapısında avtomatlı əsgərin keşik çəkdiyi çörək zavodunun o balaca dəmir reşotkasından "noolar bircə dənə çörək ver, 3 gündür balalarım acdır yalvarışlarını eşitmək və heç nə edə bilməmək necə bir hissdir. Dözməyib bir çörəyi 4 yerə parçalayıb reşotkadan çöldə qışın sazağında 7 saat növbədə durmağa məhkum adamlara uzatdığın üçün üzünün danlanması, hədə-qorxu gəlinməsi və işini itirmək qorxusu necə bir hissdir. Nələr görmədik ki, biz?!

Siz bunları bilməzsiniz, cənab qərar verənlərimiz, bilməyə borclu da deyilsiniz zatən.

Bunu ona görə yazdım ki, bu gün bu nostaljini və bir daha o ağır günləri yaşatdığınız üçün sizə təşəkkür edim.


2 gün üçün 2 aylıq bazarlıq edənləri elə bilirsiniz qınayıram?

Qətiyyən! Hətta birinci gün aldıqlarının əksəriyyətinin zibillikdə olacağını bilə-bilə, onları qınamıram. Qınaya bilmirəm. Çünki onlar da eynən siz deyən kimi deyirlər: "Biz düşünmürdük ki, bunlar belə edər. Birdən sabah dedilər bir ay evdən çıxmayın. Sonra? 3 aydır yolları bağlayıblar millət mələyir, çevrilib baxan yoxdur. Nə bilək, 1-ci gün nə qərar verəcəklərini?! "

Çox "neblodarnı" vətəndaşmışıq, bir sözlə. Bizə yaxşılıq yoxdur ki. Qərar verənlərimizə qarşı vətəndaş inamsızlığının dərəcəsini ölçməkdə yardımçı olduğunuz üçün hamınıza təşəkkür edirik.

Sözümün sonu o ki, biz aylarla su ilə yaşamağa öyrəşmiş adamlarıq, nə desəniz "bə çeşm" etməkdən başqa seçənəyimiz yoxdur zatən, barı bir təşəkkür edək çəkdiyiniz bu boyda əziyyətin qarşısında.

Əlbəttə ki, bu gün mağazalarda, bazarlarda verdiyiniz qərardan dolayı yaranan bu biyabırçı insan seli mənzərəsi fonunda yoluxan olacaqsa əgər, onun da birbaşa günahkarı biz vətəndaşlarıq. Məhz "vətəndaş səhlənkarlığıdır". Allah bizim bəlamızı versin.

Bir də bir şey: Bu arada bu gün oxudum ki, Baş infeksionistimiz də açıqlama verib və deyib ki, "bu qadağaları 5-ci gündən tətbiq etmək lazımdır. Burda elə də ciddi bir şey yoxdur. İnsanlarımız bizi başa düşər".

O da düz deyir, azğımız nədir başa düşməyək? Ona da bir ayrı təşəkkür edirəm. Belə həkimlərimiz varkən, virus-mirus qələt edər bizim həndəvərimizdən keçər!

Nı isə ki, təşəkkür edirəm, çox təşəkkür edirəm, lap çox təşəkkür edirəm...

Öpmürəm! "Sosial məsafə" -deyib geri atılarsınız deyə..

deməsəm olmazdı, çörəyhaqqı...




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK