ANA SƏHİFƏ / YAZARLAR

Vətən hardan başlayır? - Eminquey yazır

34557    |   2020-05-23 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizə məktəb illərində inşa yazdırardılar. "Vətən hardan başlayır?". Həmişə o inşadan aşağı qiymət alırdım. İnsan bir şeyin qədrini əlində olanda yox, itirəndə bilir axı. Şəhərdə doğulmuş, böyümüş uşaq idim. Torpağından didərgin düşən uşaqlar bilərdilər əsl Vətənin nə olduğunu.

Vaxt yetişdi, vədə çatdı, tarix fənnindən, (o vaxtkı adı "Ata yurdu” idi) dərslərimiz başladı. Ucaboy, yekə bığlı, şabalıdı saçları, sərt baxışları olan bir müəllim sinfə girdi. Adı Vətən idi. Bilmirəm, indi sağdı, ya yox, bu yazını oxuyacaq, ya yox, oxusa, başa düşəcək, ya yox, yazmaq istəyirəm.

İbtidai sinfi bitirənə kimi şəklim şərəf lövhəsində olub. 5-ci sinifdən axsamağa başladım qiymətlərimdə. Axsamaq dediyim, əlaçılıqdan zərbəçiliyə düşməkdi. Elə ilk axsadığım da "Ata yurdu” fənni olmuşdu. Çox nadir hallarda kişi müəllimlərindən xoş rəftar görərdik. Məsələn, əmək dərsimizdən danışsam, bəlkə də inanmazsınız. otağımız soyuq olurdu. Qızlar isti otaqda yemək bişirib tikiş tikirdisə, biz soyuq, dəzgahlarla dolu otaqda, əynimiz qalın dərsi başa vururduq. Əgər buna dərs demək olardısa.

Dəzgahların texnikasını qaydalarla öyrədirdilər bizə, amma əyani olaraq heç bir dəzgahın üstündə izah verilmirdi. Harda iricüssəli müəllim vardısa, seçib əmək dərsinə göndərmişdilər. Dərsi bilməyəndə 2 yazmaq bir yana, şillə də yemişik lövhənin önündə. Bir dəfə müəllim dəzgahın dəmir dəstəyi ilə bir uşağı necə döymüşdüsə, qulağından qan gəlmişdi. Direktoru, zavuçu çağırandan sonra ara sakitləşmişdi. Səbəb isə arxada oturan uşaqların şuluqluğu idi. Kimin əynindəki gödəkçə qalın idisə, xoşbəxt idi ki, şillənin, yumruğun təsirini az hiss edəcək.

İki müəllimimiz vardı. Birinin adı yadıma düşür. Qələndər idi. Uzunsifət bir kişi idi. Biz deyəndə ki, sizin uşaqları alçaltmağınızı, döyməyinizi evdə deyəcəyik, cavabları bu olurdu: Deyin, atanızdan qorxuruq? Gələcəklər, onları da sizə qatıb döyəcəyik. Atanız da belə-belə olsun! Hansı uşaq atasının söyülməsinə dözər? Cavablarını verirdik, sonrası da məlum. Şillə, şapalaq. Bilmirəm, bu adamlar niyə belə qəzəbli, niyə belə əzazil idilər?! Nəyin hirsini çıxırdılar bizdən? Səbəb təkcə nadinclik ola bilməzdi.

Vətən müəllim onlara baxanda insaflı idi. O, ancaq iri, canlı-cəsədli uşaqları yığardı lövhənin önünə. Az-az döyərdi, amma saz döyərdi. Bizim günahımız isə yalnız uşaq nadincliyi idi. Uzağı bir qulaqburmalıq, bir tək ayaq üstündə dayanmalıq. Mənim bəxtim bir şeydən irəli idi. Gözlərimin zəif olması, eynək taxmağım. Və atamın direktora möhkəm-möhkəm tapşırmağı ki, uşağıma müəllimlərin çırtması dəysə, vay halınıza. Onun gözü zədəlidi. Məni ən pis halda dərsdən qovardılar.

Amma Vətən müəllimin şillələrini görürdüm axı. Jurnalı üzlərin çırpmağını. Heç bir şagirdin ürəyində onu döyən müəllimlərə qarşı sevgi olmur. Hətta bir müddət keçir, öyrəşirsən, sırtılırsan, o döyür, sən nadinclik edirsən, o döyür, sən səs salırsan. Acığa, prinsipə. Bizim kişi müəllimləri niyə belə əzazil idilər? Bilmirəm, müharibədəki məğlubiyyətin travması idimi, yoxsa ailələlərindəki problemlərin zədəsi idimi, hər nə idisə, yaxşı deyildi. Demirəm, sakit vaxtları olmurdu. Olurdu. Amma coşanda pis coşurdular.

"Ata yurdu” tarix fənninin təməli idi. Təəssüf ki, təməlimiz yaxşı qoyulmadı. Vətən müəllim bizə bu dərsi sevdirə bilmədi. Cəmi bir sinif. Ondan sonra başqa qadın müəllim gəldi və bizim tarixə fənninə olan travmamızı sağaltdı. Hətta mən onun sayəsində 7-ci sinfin əvvəlində məktəbdən çıxıb liseyə imtahan verdim, qəbul olundum.

Vətən hardan başlayır? Mənim üçün Vətən elə o həmin Vətən müəllimdən başlayır. Mənim üçün Vətən əmək müəllimlərindən başlayır. Qorxduğum, çəkindiyim, incidiyim, mənə əsir kimi, düşmən kimi davranan müəllimlərdən başlayır.

Sizə Gülnaz müəllimənin əhvalatını danışım, ingilis dilindən tərcümə edib, adları bizim dilə uyğunlaşdırmışam ki, rahat oxuyasınız. Oxusanız, daha yaxşı anlayarsınız nə dediyimi.

Gülnaz müəllimə V sinif şagirdlərinin qarşısında durdu və elə birinci gündən ilk yalanını söylədi. Onlara baxdı və hamısını eyni dərəcədə sevdiyini dedi. Bu, mümkün deyildi, çünki birinci partada şagirdlərdən biri hamı kimi oturmaq əvəzinə partaya yayxanmışdı. Bildiyiniz arzuolunmayan şagird.

Adı Yusif idi. Keçən il Gülnaz müəllimə Yusifə göz qoymuşdu. Onun uşaqlarla oynamadığını, paltarlarının kirli, özünün də çimmədiyini, çox pinti halda olduğunu görmüşdü. Əslində bəlkə də Yusif xoşbəxt deyildi…

Gülnaza işlədiyi məktəbdə şagirdlər haqqında yazılmış xasiyətnamələri, qeydləri araşdırmaq tapşırılmışdı, Yusif haqqında yazılanları isə ən axıra saxlamışdı. Onun haqqında yazılanları oxuyanda çaş-baş qaldı. Çünki I sinif müəllimi belə yazmışdı:

"Yusif çox ağıllı və hər an gülməyə hazır bir uşaqdır. Ev tapşırıqlarını vaxtında edir və çox yaxşı xasiyyəti var”.

Sonra II sinif müəlliminin yazdığını oxudu:

"Mükəmməl şagirddir. Dostları da onu çox sevir. Amma evdə anasının amansız xəstəliyi onu pərişan edir və güman edirəm ki, evdəki həyatı çox çətin keçir”.

Sonra III sinif müəlliminin yazdığını oxudu:

"Anasının ölümü onun üçün çox ağır oldu. Atası ona kifayət qədər qayğı göstərmir və əgər vəziyyəti düzəltmək üçün nəsə edilməsə, bu çətin həyat tərzi ona pis təsir edəcək”.

IV sinif müəllimi yazırdı:

"Yusif özünə qapanır, nə məktəbə maraq göstərir, nə də bir dostu var. Bəzən də dərsdə yatır”.

Yazılan bütün qeydləri oxuyandan sonra Gülnaz problemin kökünü tapmışdı və çox utanırdı. Şagirdləri ona qəşəng, rəngli, səliqəli kağızlara bükülmüş, bəzədilmiş paketlərdə Yeni il hədiyyələri gətirəndə özünü daha da pis hiss elədi. Çünki Yusifin hədiyyəsi kobud qəhvəyi rəngli bir kağıza səliqəsiz bükülmüşdü. Bunu o biri şagirdlərin gözləri önündə açmaq onu çox incitdi.

Bəzi şagirdlər paketdən çıxan saxta daşlarla bəzədilmiş, bir neçə daşı düşmüş bilərziyi və üçdə biri dolu olan ətir şüşəsini görüb gülməyə başladılar. Amma Gülnaz bilərziyin zərif olduğunu deyərək təriflədi və ətirdən azca üstünə vuraraq şagirdlərin gülüşünü ört-basdır elədi.

O gün dərsdən sonra Yusif Gülnaz müəllimənin yanına gəlib dedi:

- Gülnaz müəllimə, bu gün sizdən anamın qoxusu gəlirdi.

Uşaqlar gedəndən sonra Gülnaz hardasa bir saata kimi ağladı. O gündən sonra Gülnaz Yusifə daha çox diqqət göstərməyə başladı. Yusifin zəkasının yenidən canlandığını hiss elədi. İlin sonuna kimi Yusif sinifin ən çalışqan şairdlərindən biri oldu.

Gülnazın "hamınızı çox sevirəm, birinizi o birinizdən ayırmıram” yalanın əvəzində Yusif onun ən çox sevdiyi şagirdi olmuşdu.

Bir il keçdi, qapısının ağzında bir məktub tapdı Gülnaz. Məktubu Yusif yazmışdı. Yusif bu vaxta kimi ən yaxşı müəlliminin Gülnaz olduğunu yazmışdı.

Yusifdən yeni məktub gələnə kimi 6 il keçdi. Məktubda liseyi bitirdiyini və sinifdəki üçüncü ən yaxşı şagird olduğunu yazmışdı. Onun ən yaxşı müəlliminin hələ də Gülnaz olduğunu yazmağı da unutmamışdı.

Dörd il keçdi. Yusifdən Gülnaza yenə məktub gəldi. O, universitetdə oxuduğunu və yaxşı bir dərəcəylə məzun olmaq üçün çox güc sərf edəcəyini yazmışdı. Onun ən yaxşı müəlliminin hələ də Gülnaz olduğunu yazmağı yenə də unutmamışdı.

Dörd il də keçdi. Yusifdən daha bir məktub gəldi Gülnaza. Yusif universiteti yüksək dərəcəylə bitirmişdi və təhsilini davam etdirmək istəyirdi. Və hələ də Gülnaz onun tanıdığı ən yaxşı müəllim idi. Bu dəfə məktubun altındakı imza uzun idi – Tibb elmləri doktoru Yusif İsmayılov.

Dayanın, hekayə hələ bitməyib. Yaz idi, Yusifdən Gülnaza məktub gəldi. Yusif öz yarını tapdığını, evlənəcəyəyini, atasının bir neçə il əvvəl öldüyünü yazmışdı. Və Gülnaz müəllimədəm toyunda anası və atası üçün ayrılan yerdə oturub-oturmayacağını soruşurdu. Təbii ki, oturacaqdı. Gülnaz müəllimə üçün bundan böyük sevincmi vardı?!

Gülnaz müəllimə toya gedərkən qoruyub saxladığı həmin o hədiyyə bilərziyi, hə, Yusifin saxta daşlarla bəzədilmiş, bir neçə qaşı əksik olan o bilərziyi taxmağı anasının ətrinə bənzəyən o ətirdən vurmağı unutmadı.

Toyda bir-birilərini sevgiylə qucaqlayarkən Yusif onun qulağına pıçıldadı:

- Mənə inandığınız üçün, özümə dəyər verməyi, lazımsız bilməməyi öyrətdiyiniz və məni dəyişdirdiyiniz üçün də sizə minnətdaram, Gülnaz müəllimə!

Gülnaz müəllimə cavabında "Səhvin var, Yusif, mən sənə yox, sən mənə öyrətdin. Mən müəllimliyin nə olduğunu səninlə qarşılaşanda bildim” deyib gülümsədi.

Hə, təəssüf ki, bizim Gülnaz kimi müəllimlərimiz az oldu. Vətən Gülnaz müəllim kimi müəllimlərdən başlamalıdı.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO