ANA SƏHİFƏ / YAZARLAR

Nə özü, nə sevənləri gecikməsin - Kəmalə Abıyeva yazır

40649    |   2020-05-18 13:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Kimi sevdim dönük çıxdı,
Dönüklərim yaman çoxdu
Mələk sevdim, şeytan çıxdı
Səni sevməyə qorxuram,
qorxuram Allah.


Bəyəndinizmi? Mən də bəyəndim. Yəni sevməkdən bu cür qorxmaq yaxşı deyil, amma qorxunun bu cür ifadəsi yaxşıdı. Qəfildən maraqlı yazılar, şeirlər axtarıram oxumaq istəyirəm, hətta tanış misraları bir də oxumaq istəyirəm:

Ayaqqabım yırtılardı
böyüyəndə ayağım.
Ayağınız böyüməsin deyə

dua etmisinizmi heç?


Cürbəcür şəkillər, dualar, yazılar paylaşılır sosial şəbəkədə. Heç əllərini açıb dua edən cocuq şəkillərini görmüsüzmü? Mən görmüşəm. Paylaşanlar adamın başına anlamadığı nəsnələri dürtməyə çalışır. Bəlkə də yox. Amma mən də "bəs hardaydı körpələri sevən Tanrı" deyən Emin kimi düşünürəm: O cocuqlar "uşaqları sevən Tanrı"nı axtarır. Ya da Tanrını sevənləri axtarır. Baxışlarını bilmədikləri yerə zilləyib Tanrını sevənləri gözləyir. Çünki "Oyuncaq silahlardan da qorxur uşaqlar. Birdən dili açılar... Allah da köməyə gəlmir-canına qorxu düşüb körpələrin-bəlkə terroristlər əsir götürüb onu da."Vəhşiliyə, kütlüyə, nadanlığa nə demək olar başqa? Cocuqların ağladığı, süngülərə taxıldığı, aclıqda, ata-anasız böyüdüyü 21-ci əsrin dünyasını necə ifadə etmək olar? O dünyanı ki,"Kişilər ağlamaz deyən anam yerimə özü ağlardı, nağıl söylərdi, göydən üç alma düşməzdi nağıllarında, Deməzdi bunu anam, birdən ürəyimiz alma istəyər" deyirsən. Oxuyuram, düşünürəm belə dualar da var. Belə analar var. Bunları görənlər, yaşayanlar, anlayanlar da var. Və bütün bunları Emin kimi ifadə etmək də var. Müharibələrin mövzu kimi ədəbiyyatda olması, qalması bütün normal düşüncəli insanlar kimi məni də narahat edir, ağrıdır, çarəsiz buraxır. Amma silahların susmadığı bu duyumsuzluğa, cəhalətə söz savaşında cavan, gənc yazarlarımızı görmək ümid verir. Emin Piri də dünyanı-yaşamı ağırlaşdıran, məhv edən savaşlarla savaşır. Gəncdi, çox gəncdi, amma düşüncəsi böyüyüb, yaşa dolub artıq:

Analar uşaq yox, qurbanlar doğur daha-müharibəyə nifrət üçün bundan ötə nə desin ki? İnternetdə Eminin bir şeirini oxumuşdum aylar öncə, kafama takılmışdı: danlayır özünü hər səhər-axşam, əlini başına, dizinə çırpır, o qaldı cəbhədə mənsə qayıtdım, ayağım özümdən qeyrətli çıxdı. Şeiri oxuyandan sonra Emini düşündüm. Onun necə düşünə bildiyini düşündüm. Müharibənin acısını verib. Laqeydliyimizi verib. Qeyrətdən söz açıb. Üzümüzə şillə çəkib şair "Baxın bu bizik" deyib qələmiylə. Həqiqəti beləcə gözəl və acımasız deyib. Bu sadəcə poetik düşüncə, ya ifadə tərzi deyil məncə. Bu həqiqqəti görmək, ağrısını duymaq və deyə bilməkdi. O qədər realdı ki, "Şəhidlər Xiyabanında yazdığı-yaşadıqlarıdı, ya yaşamalı olduqlarımızdı "deməyə bilmirsən: Şəhidlər Xiyabanında 18 yaşlı baş daşları utandırdı məni... Və şəhid məzarlarını mərmərə bükdük, daş qoyduq başlarına qalxa bilməsinlər üzümüzə tüpürməyə... Necə düz tapıb. Necə doğrayıb bizi... Yəni şeir, ya hər hansı yazı o deyil ki, tək öz yaşadığını, sevgini, nifrətini... bizə-oxucuya ötürməyə çalışsın. Söz içində yaşadığımız və hamımızın anlamalı olduğumuz həqiqəti acandı, göstərəndi, qulağımıza, gözümüzə, ürəyimizə aparıb çıxarandı.

"İtkin qoluna yalvarıb itkin balasını tapşırırdı ana "Yaxşı bax balama, ağlayanda əlindən tut... Bir az güldür. Qulağı üşüyəndi, qulağını yaxşı ört... Balasıyla itən qolunu günahlandırıb geri qayıtmayan əlinə ağlayırdı. İtirdiyi qolunun yerinə baxıb yarasını danlayırdı ana..." ürəyə işləyən bu ağrıya gözəl demək olmaz. Amma gözəl deyib. Bu misralar yetər ki, insan olduğunu unutmayasan."Əsgər sinəsi axtarır isinməyə fevral şaxtasından üşüyən güllə. Hər əsgər tabutu bir ağ gəlinliklə köçər, Sevən bir qızın arzularını götürüb gedər."Əsgər sinəsində qızınmaq istəyən güllədən, tabuta qoyulan arzulardan müdhiş nə ola bilər ki? Və bunu şair sözü belə deyər. Emin Pirinin şeirlərində sən-mən müstəvisi azdı, yəni insan var, dünyamız var. Hər birimizi düşündürməli olan, narahat edən məsələlər var. Yəni kiməsə olan şəxsi duyğuları, sevgisi şeirlərinin yükü deyil. Amma sevgi şeirləri də var və maraqlıdı:
Məni sevənlərin çoxu gecikdi. Sən də gecikdin Əzrayıl. Səndən öncə bir qız gəlib göz dikdiyin canımı səndən öncə apardı...

Gəl döy qapımı,
Yolun uzaqdı bilirəm,
əziyyət çəkmə
Sizə gətirrəm qapımı
Döy, ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim
səni doyunca.
Qoy ölüm ağladım səni
doyunca...

Emini oxuyanda fikirləşdim ki, çox maraqlı, istedadlı gənclərimiz var və çox maraqlı ədəbiyyat yaradırlar. Yəni "güllə səsi eşidildi, əsgərin sinəsi al qana boyandı" demirlər. "İsinməyə əsgər sinəsi axtarır güllə" deyillər. Fərqli ifadə etmədi. Olsun, belə olsun. Gözəl anlaşılan, ürəyimizə ilişən olsun.


Arzulayıram ki, nə özü, nə sevənləri gecikməsin. Və bəzən tələsməsin də...





İmza:

YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK