ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Elman Tovuz: VƏTƏNSİZ

38979    |   2020-05-05 08:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

VƏTƏNSİZ

Bu Vətəndən iraq düşmə,
dərdin varsa bir çəkək,
Bir qayanın ortasında
yorğun dizik Vətənsiz.
Parçalanıb ayrı düşmək
bu millətin göz dağı,
Nə Qoşqarıq, nə Savalan…
dərə-düzük Vətənsiz.
Zaman-zaman qılıncını
oda verən də bizik,
Götür! - deyib tikəsini
yada verən də bizik.
Bir eşq üçün neçə Fərhad
bada verən də bizik,
Yüzü bir can olammırıq,
biri yüzük Vətənsiz.

Yerli-yersiz böldüyümüz
bölgülərə "yox" deyək!
Diyar-diyar, mahal-mahal
bölgələrə "yox"deyək!
Əldən əskik ətəklərə,
kölgələrə "yox"deyək!
Sabaha yol açammasaq
itmiş izik Vətənsiz!

Olan olub, keçən keçib,
gəl, bir olmaq vaxtıdı;
Layla kimi, himn kimi
dilbir olmaq vaxtıdı;
Elman deyər, insafa gəl,
əlbir olmaq vaxtıdı,
Nə mən Mənəm, nə sən Sənsən,
nə biz Bizik Vətənsiz.

"ŞUŞA” xəyalım...

Durub gedəsən birbaş Yevlaxa,
Oradan Bərdəyə.
Bərdə avtovağzalında qulağına
Taksi sürücülərinin qarışıq səsi gələ:
- Ağdama bir nəfər, Ağdama...
- Xocalı, Xocalı.. Gedən var Xocalıya?
- Ağcabədiyə yer qalmadı ha...
- Tərtərə on manat adama...
- ...
Bu səs-küydən yox,
Həyəcandan hava gələ başına.
Heç kimə və heç nəyə baxmadan
Qaçıb əyləşəsən
Ağdama gedən maşına.
Ahın köksünü deşə,
Ürəyin çıxa yerindən.
Yol haqqını qabaqcadan verəsən
Tələsdiyindən...
Yol boyu heç yana baxmayasan -
Nə dağ-daş,
Nə də bir ağac görəsən...
İçin özündən qabaq yetişə
Ağdamdakı "Cay evi"nin qarşısına.
Çat-çat ola dodaqların
Yadına çay düşməyə,
Unudasan yeməyi də.
Unudasan
Sürücüyə "sağ ol" deməyi də.
Düşüb yüyürəsən
Bir az aralıdakı boş taksiyə tərəf...
Gözün dola...
Dodağın əsə...
Boğa səni qəhər...
Özünü toparlayıb birtəhər
Salam-kəlamsız
Titrək səslə soruşasan:
- Şu...şa...ya apararsız?..

DAR AĞACIYAM

Özgə dar ağacı nəyimə gərək,
Mən özüm özümə dar ağacıyam.
Əlim göyə çatmır, ayağım yerə,
Mən özüm özümə dar ağacıyam.

Başımın üstündən göy uçanacan,
Ayağım altından yer qaçanacan,
Asılıb qalacam eyy...haçanacan,
Mən özüm özümə dar ağacıyam.

Alnımdan asılan alın yazımdı,
Sinəmə sıxılan dərdli sazımdı.
İçimə qısılan öz avazımdı...
Mən özüm özümə dar ağacıyam.

Yer verib, yuvası basılan da mən,
Qılıncı qınında paslanan da mən.
Asan da özüməm, asılan da mən -
Mən özüm özümə dar ağacıyam.

Arazam - gözümdən axıb tökülən,
Təbrizəm - dilindən dara çəkilən,
Göyçəyəm - gözləri mənə dikilən...
Mən özüm özümə dar ağacıyam.

Özbəyəm, qırğızam...
Hər türk mənəmsə,
Başı kötük üstə kərkük mənəmsə,
Ruhundan asılan bu YÜK mənəmsə,
Mən özüm özümə dar ağacıyam.

Boynumdan asılan Quranam, Tanrım,
Dilimdən düşməyən "Turan"am, Tanrım.
Bəlkə də ən dərin yaranam, Tanrım, -
Mən özüm özümə dar ağacıyam.

GÖYÇƏLİ QIZ

Anlamadıq! Zaman bizi
"Başa saldı", Göyçəli qız.
Arzuları, ümidləri
Daşa çaldı, Göyçəli qız.

Dolu düşdü, sel oynadı,
Burum-burum yel oynadı.
Oba qalxdı, el oynadı -
Yurd boşaldı, Göyçəli qız.

Şələ basdı belimizdən,
Nəğmə düşdü dilimizdən.
Nəyimiz var, əlimizdən
Qurd-quş aldı, Göyçəli qız.

Alnımızın qırış yeri -
Dərdin, qəmin örüş yeri.
Yaz havalı görüş yeri
Qışa qaldı, Göyçəli qız.

Elmanın da bəxti talan;
Ürəyinə düyün salan -
Yanağında solub qalan
Qoşa xaldı, Göyçəli qız.

QARABAĞ

Göy üzü də gözdən itir,
Nə uzaq olmuş Qarabağ...
Nə əl çatır, nə ün yetir, -
Səhraymış, çölmüş Qarabağ?

Hanı Atam?
Hanı Anam?
Mən nə biçarə İnsanam...
Sən də durma, ağla, sonam,
Qurumuş gölmüş Qarabağ.

Dağ götürməz bu qəstə bax,
Torpağı, daşı xəstə, bax.
Şikəstəsi şikəstə bax, -
Yanıb-tökülmüş Qarabağ.

Dağdan enib dağ maralı,
Xarı bülbülü xar alıb.
Yağış verib, yağmur alıb ,
Heç üzü gülmüş Qarabağ...

Bilən varmı düzü görən,
Nə vaxt gülər üzü görən.
Görəcəkmi bizi, görən
Anası ölmüş Qarabağ?..

TÜRK OĞLUYAM!

Hara baxdım, Türkün izi...
Hara baxdım, Türkün özü...
Tanrı, qoru Türkümüzü!
Bu nə xəyal, nə də röya,
Türk oğluyam, eşit, Dünya!

Sağa baxdım...
Çıraq gördüm!
Dövrəsində pərvanələr -
Haqq adına divanələr...
Günəş kimi sönməz çıraq!
Çıraq - Türkün çırağı!

Sola baxdım...
Ocaq gördüm!
Milyonların iman yeri,
Inam yeri, güman yeri
Yönüm, qibləm, pirim ocaq!
Ocaq - Türkün ocağı!
Arxada dağ -
Dayaq gördüm!
Kəməri - göy qurşağı,
Başında buluddan papaq.
Göylər çiyinlərində
Əzəmətli, qürurlu dağ!
Dayaq - Türkün dayağı!
Önə baxdım...
Mayak gördüm!
Hər zərrəsi nurla dolu
Haqq əli sabaha uzanmış,
Gələcəyin azad yolu!
Mayak - Türkün mayakı!

Yerə baxdım...
Torpaq gördüm!
Nəfəsiylə gül bitirən,
Ölümüylə ləl bitirən
Əzəli-əbədi Vətən!
Torpaq - Türkün torpağı!

Göyə baxdım...
Bayraq gördüm!
Ay-ulduzu qoşa yanan,
Dəniz kimi dalğalanan
Canım bayraq, qanım bayraq!
Bayraq - Türkün bayrağı!

Hara baxdım, Türkün izi...
Hara baxdım, Türkün özü...
Tanrı, qoru Türkümüzü!
Bu nə xəyal, nə də röya,
Türk oğluyam, eşit, Dünya!
Türk oğluna beşık - Dünya!

ADAMLAR

Bir zaman özləri doğulardılar,
Zor ilə doğulur daha adamlar.
Arada doqqaza yığılardılar,
Boğaza yığılır daha adamlar.

Kimi dindirirsən, çatılır qaşı,
Öpür yanağını gözünün yaşı.
Saçı dağılardı, ya əyin-başı,
İçindən dağılır daha adamlar.

Ay Elman, çəkdiyin bir ahuzar ki...
De, belə dövranı kim arzular ki?!
Suyun adı çıxıb, suya nə var ki,
Quruda boğulur daha adamlar.

ÇOX GEDİR AZDAN ÖTƏRİ

Doğrudurmu, yanlışdırmı -
Çox gedir azdan ötəri.
Torpaq ayrılır daşından,
Bir güllük yazdan ötəri.

Ürəklərdə xallar yatır,
Xal üstə nə hallar yatır...
Ayaqlara yollar yatır,
Bir quru nazdan ötəri.

Daş atılır budaq düşür,
Düşən, kökdən uzaq düşür.
Beş-altı min yarpaq düşür,
Beş-altı qozdan ötəri.

Qığılcım artıb od olur,
Bəd qurulan bərbad olur.
Doğmalar dönüb yad olur,
Bir qara qızdan ötəri.

Artır, ya ümid kəsilir? -
Fikirdən kilid kəsilir...
Gör nə boyda tut kəsilir,
Qol boyda sazdan ötəri.

ADAMIN ADAMI

Mən ayrıyam, sənə baxma,
Adamlıya "pis" adamam...
Dərdimi bilməyə qalxma, -
Mən bir az xəsis adamam.

Acam ac olan adama,
İşi yox ki, toxun mənnən.
Toy tutur yalan adama,
Oynamır ha çoxu mənnən.

Hamı mən deyiləm, a bəy,
Məndən də heç hamı olmaz.
Dərdi olar adamın ey,
Adamın adamı olmaz!

DƏRDİN İÇİNDƏ

Üzür yerdən göyəcən,
Nə var, dərdin içində;
Suyum dərdin içində,
Havam dərdin içində.

Nə dağdır, nə arandır -
Hər biri nigarandır...
Könlüm kimi virandır
Yuvam dərdin içində.

Ölüm gəlib alınca,
Əl-ayağı yalınca
Düşəcəyəm dalınca, -
Dəvam dərdin içində...

QOY GƏLMƏYİM KƏNDƏ, ANA

Sənsən içimin göynəyi,
Yatıram, yuxumda görəm.
Burnumun ucu göynəyir,
Bilirsənmi... gələmmirəm -
Qoy gəlməyim kəndə, ana.

Duman yoluma yazılıb,
Əynim islanıb buluddan…
Göydə gümanlar azalıb,
Yerdə paslanıb ümid də -
Qoy gəlməyim kəndə, ana.

Bir harayın avazıyam,
Səslənirəm neysiz, tarsız.
Nə deyirsən de, razıyam:
Üzü dönük, etibarsız…
Qoy gəlməyim kəndə, ana.

Doğru çıxan yalanlar var,
Yalan olmaz doğrular heç.
Məni məndən alanlar var,
Bacarırsan suçumdan keç -
Qoy gəlməyim kəndə, ana.

Xəbərin yox... ağlım çaşıb,
Gələrəm, düşməz yerinə…
Qoy narahat qalsın başım,
Qurban olum dizlərinə -
Qoy gəlməyim kəndə, ana.

Bəlkə də hec tanımazsan,
Üzü solğun, saçı qaram.
Gələrəm, evdə olmazsan,
Yoxluğuna inanaram -
Qoy gəlməyim kəndə, ana.

NİYƏ GƏLDİM O DAĞLARDAN...

Göz dağıdır dərə mənə, düz mənə,
Niyə gəldim o dağlardan, bilmirəm.
Deyən yoxdu otuz ildi düz, mənə -
Niyə gəldim o dağlardan, bilmirəm.

Yaxşı saldım yaxşıları yada mən,
Yaman oldum yağıya mən, yada mən.
Dağlar mənə yad olmadı, ya da mən...
Niyə gəldim o dağlardan, bilmirəm.

Hər çəməndə min çiçəyin rəngi var,
Hər dərədə yüz qayanın zəngi var.
O dağlarda "Kərəmi" var, "Cəngi" var,
Niyə gəldim o dağlardan, bilmirəm.

Nə faydası, könül, şerin yaza yaz,
Çətin, rəngin gözlərimə yaza yaz.
Şəlaləylə yarışmamış yazhayaz,
Niyə gəldim o dağlardan, bilmirəm.

Bu həsrətdən, Elman, gözün od ağlar,
Ürəyimi o yandırar, o dağlar -
İlhamımın yuvasıydı o dağlar,
Niyə gəldim o dağlardan, bilmirəm.

APAR MƏNİ

Tut əlimdən, dərdin alım,
O dağlara apar məni.
Qoyma bunca həsrət qalım,
Bu qorxudan qopar məni.

Səhərim yox səhər kimi,
Havam, suyum zəhər kimi.
Düşüncələr kəhər kimi
Gecə-gündüz çapar məni.

Tovuz ki var, səfalıdır,
Boz daşı da şəfalıdır.
Dərd hamıdan vəfalıdır, -
Özü gəlib tapar məni.



DÜŞDÜ

Dünyanın nəyi var, böldü payladı:
Cığırlar enişə, yoxuşa düşdü;
Çiçəklər bahara, bəhrələr yaya,
Küləklər payıza, qar qışa düşdü.

Qartalı zirvəyə, kəkliyi daşa -
Bir ünvan söylədi hər yaranmışa.
Çağırdı bülbülü gül ilə qoşa,
Təklənib yaşamaq bayquşa düşdü.

Ay Elman, bu zaman çaldığın çaldı,
Vaxtında olanda zəhər də baldı!
Kənddəki gözəllər qarıdı qaldı,
Şəhərdə oğlanlar qarğışa düşdü...

NƏ DƏRİM SƏNƏ

Sənə söz vermirəm ulduz dərməyə,
Şairlər göylərdə ulduz qoymayıb.
Nə varsa, yığıblar şeirlərinə, -
Özü doyanın da sözü doymayıb.

Qorx ki, çəməndən də əli boş gələm,
Çəkərdin içinə çiçək iyini...
O qədər dərib ki sevən-sevməyən,
Çiçək də itirib çiçəkliyini.

Bə yaxşı, mən sənə nə dərim, quzum?
Qoy çəkim nazını səhər-axşamı.
Gündüz çiçəyim ol, gəcə ulduzum,
Elə səni dərim, səni oxşayım.


ÜRƏYİMDƏ

Mənə "daşürəkli" deyən bəxtəvər,
Biləydin, nələr var kaş ürəyimdə.
Sənin kəklik eşqin yuva qurubdu
Mənim o, dediyin daş ürəyimdə.

Bilmirəm, nədəndi çaş görünməyim,
O bahar gözlərə qış görünməyim...
Mən necə hicrana xoş görünməyim,
Çəkdiyin dağlar da xoş ürəyimdə.

Daşam, ya deyiləm - həmən Elmanam,
Kiməm ki, tanrıdan gələni danam?!
Sən üzəsən deyə, ay könül sonam,
Axıb gölə dönüb yaş ürəyimdə...




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK