ANA SƏHİFƏ / YAZARLAR

RƏSMİ SƏFƏR, QEYRİ-RƏSMİ ŞƏXS, YAXUD DA AĞ ŞƏHƏRLİ QARALAR - İradə TUNCAY yazır

35565    |   2020-05-01 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndi rəsmi adı qəti şəkildə Niderland deyə təsdiqləşmiş ölkədə mən 2007-ci ildə olmuşdum. Və bu yazını da o vaxt yazmışdım. Orda olanda indi kral olan Villem-Aleksander vəliəhd idi. Niderlandda kralın ad günü bayram kimi qeyd olunur. Dövlətçilik ənənəsi qədim olan ölkələrdə belədir. Həm də səbəbləri yazıda da görəcəksiz. Həmin yazını yenidən paylaşıram.


Mən səfərləri getməyi, gəzməyi sevən adamam. Deyə bilərsiniz kim sevmir ki? Ola bilər. Amma səfər var, səfər var... Dostumuz, Azərbaycan Respublikasının Qarsdakı konsulu Həsən Zeynalov telefonla deyəndə ki, İqdır bələdiyyəsinin Hollandiyada təşkil etdiyi Xocalı soyqırımının 15 illiyinə həsr olunmuş tədbirə mən də dəvətliyəm, doğrusu, içimi bir az çulğaşıq hisslər bürüdü. Xarici səfərlərdə olsam da, rəsmi tədbirə ilk dəfəydi dəvət alırdım və rəsmi dəvət alsam da, burda qeyri-rəsmi şəxs kimi iştirak edəcəkdim. (Amma orda gördüm ki, rəsmi səfərin qeyri-rəsmi iştirakçısı olmağın da öz avantajları var). Təbii, hamının istedadının və savadının fontan vurduğu, fışqırdığı bu məmləkətdə bizim kimi fəqir-füqəraya növbə çatmaz. Yola hazırlaşmağa başladım.

Viza almaq üçün səfirliyə baş vurdum. Xırdalamaq istəmirəm, böyük çabalardan sonra pasportuma beş günlük icazə möhürü vuruldu. Maraqlıdır, hər ayın başlanğıcında və sonunda Avropaya gedib mal gətirən ticarətçilərin cəmiyyət qarşısındakı fəaliyyətləri avropalıları doğrudanmı belə qane edir? Mən biləni onların viza ilə bağlı problemləri olmur. Pasportumu alandan sonra diqqətlə güzgüdə özümə tamaşa elədim. Bəlkə terrorçuya oxşayıram? Amma məsələ deyəsən dərimin rəngindədir.


BİLDİKLƏRİM


Çox illər bundan əvvəl ilk dəfə xarici ölkəyə gedəndə yadımdadır ki, təəssüratlarım məni heyrətləndirmişdi. İçimdə yaratdığım bir dünya idi, gördüyüm, hiss etdiyim bambaşqa. Səfərlərin sayı artdıqca hər şey adiləşdi. Yəni təsəvvürümün doğrulmadığına öyrəşdim. Hollandiya haqqında bildiklərimi yadıma salıram. Əsl adı Niderland Krallığı olan bu ölkənin 7 əyalətindən ən zəngin və nüfuzlusu Hollandiya adlanır. Niderlandın şimalında yaşayan hollandlar ədəbi dilin formalaşmasında və tarixi hadisələrdə mühüm rol oynadıqlarından ölkənin qeyri-rəsmi adına da öz möhürlərini vurublar. 14 milyon əhalisi olan Niderlandın ərazisi 36,9 min kv.km-dir. Daxili suları ilə hesablananda bu rəqəmi 41,526 min kv.km kimi göstərirlər. Hollandlar sözün əsl mənasında torpaqlarını dənizdən dişlə-dırnaqla qopardıblar. Nederland - tərcümədə Aşağı Torpaq deməkdir. Dəniz səviyyəsindən aşağıda yerləşən bu ölkə daim suyun hökmü altında yaşayır. Amma görünən budur ki, öz aralarında sülh yarada biliblər. Şimal dənizindən əsən Qərb küləkləri yumşaq, mülayim iqlimi formalaşdırır. Almaniya və Belçika ilə həmsərhəddir. Sərfəli coğrafi mövqeyinə görə, Niderland dünyanın ən varlı dövlətlərindən biridir. Bu, coğrafiyadan yadımda qalanlar. Tarixi də çözələmək lazım gələcək. Bugünki Niderlandın qüdrət göstəricilərinin səbəbləri tarixdən gəlir. Miladdan öncə ölkənin ərazisində german və kelt qəbilələri yaşayıb. Eramızın 4-cü əsrinə qədər Roma imperiyasının tərkibində olub. Orta əsrlərdə Belçika və Lüksemburqla birləşdirilib. XVI əsrin sonlarında şahzadə Oranlı Vilhelm Habsburq imperatoru II Filippə üsyan edir. Uzun sürən müharibələr Niderlandın müstəqilliyi ilə nəticələnir. Niderland dünya tarixinə ilk burjua inqilabı olmuş ölkə və ilk burjua respublikası kimi də düşüb. Dəniz sahilində yaşadıqlarından hollandlar yaxşı gəmiçi və dənizçidirlər (eynən bizim kimi). Bu keyfiyyətləri onlara neçə qitədə torpaq qazandırıb. Bu gün möhtəşəm Nyu-York kimi tanıdığımız şəhərin təməlini də hollandlar qoyub. Və bir vaxt da bu şəhərin adı Nyu-Amsterdam imiş. Böyük Fransa İnqilabı Niderlandın müstəqilliyinə son qoyur. Və ölkə vassal dövlətə çevrilir - "Batav Respublikasına". Napoleon Bonapart yenidən imperiya yaradanda yadınızdadırsa, hər bacısına, qardaşına bir krallıq bağışlayırdı. Niderland da "Hollandiya Krallığı" adı ilə imperatorun qardaşı Lüdovik Napoleona bəxş olunmuşdu.



Dünya müharibələri dövründə ölkə neytrallığını qorumağa çalışsa da, 1940-cı ildə almanlar Hollandiyanı işğal etdilər. 1945-ci ilə qədər keçən dövr ərzində kraliça Vilhelmina İngiltərəyə mühacirət edir və müqavimət hərəkatına rəhbərlik edir. Yeri gəlmişkən, 1890-cı ildən kraliyyət ailəsində kişi varis olmadığından bu günə kimi hakimiyyəti kraliçalar idarə edir. Yalnız indi taxtda olan kraliça Beatriksin hakimiyyəti oğluna verəcəyi gözlənilir. Niderland kralları Oranj-Nassau nəslinə mənsubdurlar.

İkinci Dünya Müharibəsindən sonra çox ölkələr kimi Niderland da bir sıra müstəmləkələrini itirdi. Amma həmin ölkələrlə tərəfdaşlığını davam etdirir. Yəni sizin anlayacağınız biz necə Rusiyadan qopa bilmiriksə, vaxtilə Niderlandın tərkibində olan İndoneziya, Surinam kimi ölkələrin vətəndaşları da Niderlanda yenə böyük qardaş gözü ilə baxır. Bu ölkə dünyanın ən nümunəvi, ən inkişaf etmiş ölkələrindən sayılır. Dövlətin sosial siyasəti ondan ibarətdir ki, hər kəs cəmiyyətin həyatında tam bərabər hüquqla iştirak etməlidir. Özü də bu sistemin formalaşması XIX əsrin əvvəllərindən başlayıb. Dövlət həm iqtisadi, həm də sosial motivlərlə aztəminatlı ailələri, əlilləri, yaşlıları, evsiz və narkomanları, etnik azlıqları müxtəlif yollarla cəmiyyətə bağlı saxlayır. Görünür, Niderlandın bu siyasəti dünya içində nümunə olmasını saxlayıb. Bu bildiklərim. Bəs


BİLMƏDİKLƏRİM?


Bir ölkə haqqında təəssüratlar onun yollarından başlanır, yeni söz demirəm. Və hər dəfə hər yeni ölkə ilə tanışlığımda bu sual məni düşündürür. Biz nə vaxt belə yaşayacağıq? Niyə bu səliqə-səhman, təmizlik, gözəllik bizim şüurumuzda özünə yer eləyə bilmir. Yolboyu sıralanmış yaşıl çəmənləri, xudmani bağları, gül sıralarını gözünə doldurub özünlə götürmək istəyi yaranır. Daha doğrusu, gözünə təpmək.

Əgər bu çiçəklənmiş zəngin ölkənin indiki durumu bir vaxtlar müstəmləkələrdən daşıyıb gətirdiyi var-dövlətlə bağlıdırsa, onda Rusiya niyə heç zaman belə olmadı? Var-dövlətin miqdarı yox, nəyə sərf olunması önəmlidir. Bizim heç zaman vətəndaşını sevən vətənimiz olmayıb.

Avropa hər yerdə Avropadır - öz standartları ilə. Amma avropalılar özlüyündə fərqlidirlər. İstiqanlı, emosional italyanlar bir cürdü, cüvəllağı fransızlar bir cür, quru, özündənrazı ingilislər bir cür, pedant almanlar bir cür, qaynar ispanlar bir cür. Öz yeməkləri, öz ənənələri, öz sənətləri və ədəbiyyatları, amma standart birdir - rahatlıq, gözəllik, sağlamlıq, mədəniyyət. Avropa bizim kimi ölkələrin qanını sorub özü üçün dinc həyat qura bilib. Geyimin nə olduğunu bilməyən, çılpaq gəzən neçə yüz milyon adam qızdırma gölməçələrində bu ölkələrin firavan yaşaması üçün çalışıb. Amma sərvət avropalıların başını gicəlləndirməyib. Bu adamlar zahiri dəbdəbəni əsla sevmirlər. Bizim qaldığımız "Duinrell" tətil köyü Haaqanın Wassenaar adlanan məhəlləsinin yaxınlığında idi. Eşitdiyimizə görə , burda imkanlı adamlar yaşayır. Kiçik, səliqəli, qırmızı kərpicdən tikilmiş ikimərtəbəli mütəvazi evlərdə. Vəliəhd şahzadənin də evi burdadır. Ucuz avtomobillərdən istifadə edirlər, velosiped kultundan isə heç danışmaq istəmirəm.

Əvvəlcə gördüklərin elə bil gözünə pərdə çəkir. Baxırsan, hər şeyi görürsən, həm də görmürsən. Bir-birindən ayıra bilmirsən. Hər şeydə parıltı, işıq, xəfif bir duman. Təəssüf vaxt darlığından piyada gəzmək imkanı olmadı ki, duman çəkilsin, işıq azalsın, hər şey reallaşsın. Baxmaq azdır, görmək lazımdır, duymaq lazımdır.

Uşaqlığımda "Hollandiya" sözü mənə pendiri, Dümanın "Fanfan-Tülpan"ını, bir də kraliçanı xatırladırdı. Bir az yekələndən sonra təsəvvürlərimə yel dəyirmanları, kanallar əlavə olundu. Son vaxtlar isə azadlıqsevər hollandların hər şeyə dözümlü siyasəti (onu deyim ki, Hollandiyaya səfərim ərəfəsində tanış-bilişin birinci reaksiyası bu olurdu - müəmmalı təbəssüm, qaş-göz ifadələrinin dəyişməsi.Vallah, inanın, mən orda elə adamlar görmədim, Bakıda isə hər addımda rast gəlirəm). Bu ölkədə azad, müstəqil düşüncəyə hörmət neçə yüz illərdi formalaşıb. XVI-XVII əsrlərdə Avropanın başqa ölkələrində çapı qadağan olunmuş kitablar Amsetrdamda, Harlemdə, yaxud Leydendə çap olunurmuş. Avropanın bu kiçik torpaq sahəsi hər zaman vicdan azadlığının və qabaqcıl fikrin mədəni, canlı mərkəzi olub. Sxolastika ilə mübarizə aparan Spinoza Haaqada, Erazm isə Rotterdamda yaşayıblar. Dekart və Volter kilsənin təqibindən qaçıb bura sığınıblar. Deyilənlərə görə, Volter tərəfdarları arasında baş verən münaqişə nəticəsində o qədər qəzəblənir ki, şey-şüyünü yığışdırır, Hollandiyanı tərk edir və gedərkən onları yaxşı-yaxşı bəzəyir: "Əlvida arxlar, qazlar və həyasızlar ölkəsi". Volter niyə belə deyib, bilmirəm. Amma fransız olduğu üçün dediyi tarixdə qalıb. Söylədiklərimin tarixdə qalacağına ümid eləməsəm də, təyyarədən enər-enməz deyirəm:


"SALAM, AĞ İNSANLARIN ÖLKƏSİ"


İnsanlara keçməmişdən öncə onu deyim ki, burda çəmənliklərdə, parklarda, küçələrdə gəzişən heyvanlar o qədər təmkin və qürurla yeriyirlər ki, az qalırsan onlara təzim eləyəsən. Elə bil anlayırlar ki, haqqları, hüquqları var, bu haqqı-hüququ qoruyanlar da var. Heyvanı belə bəxtiyar ölkənin vətəndaşı da ağgünlü bəxtəvər olacaq da...

Avropalılar özlüyündə irqçidirlər. Digər xalqlara da yuxarıdan baxırlar. Amma hollandlar da başqa avropalıya eləcə baxır. Avropada ilk sənaye mərkəzi Hollandiya olub. İngiltərə çobanlıq dövründə olduğu zaman Hollandiyada əyirici və toxucu dəzgahlar çoxdan işləməyə başlamışdı. İngilis qoyunlarının yunu burda ipliyə çevrilir, onlardan parça toxunur və burdan dünya bazarlarına ixrac olunurdu. Hind okeanına ilk ticarət yolu açan onların gəmiləri olub. Cəsur holland dənizçiləri dünya xəzinələrini və sərvətlərini hamıdan əvvəl tapmış, Avropaya daşımışdılar. Bundan başqa, XIII əsrə qədər ibtidai xalqlar sayağı əmtəə mübadiləsi ilə keçinən digər ölkələrə də bank işini hollandiyalılar öyrədib. İlk bank da orda təşkil edilib. Demək olar ki, dünyanın bütün birjaları Amsetrdam birjasının yetirməsidir. Belə tarixi faktlara əsaslanan, söykənən hollandlar təbii olaraq hətta digər Avropa xalqlarına da ikinci dərəcəli insan kimi baxıb. Dilləri var, dilçəkləri də var. (Bu mənada hollandlar bir az yəhudilərə də bənzəyirlər. Ümumiyyətlə, burda tarixən yəhudilərə yaxşı münasibət olub).



Niderland krallıqdır. Hakimiyyət irsən ötürülür. Zatən Amsterdamın çox küçələrində krallara qoyulmuş heykəllər burda kraliyyət ənənələrinin necə güclü olmasının göstəricisidir. Amma mən orda Marksın da heykəlini gördüm. Bu ölkədə onun ideyaları həyata tətbiq olunur. Hollandlar çoxdan sosializm formasiyasında yaşayırlar. Bütün siyasət yalnız və yalnız insanların rifahına yönəlib. Necə yaşadıqları üzlərindən görünür - işıqlı, nurlu. Ümumiyyətlə, mən belə qərara gəlmişəm ki, o ölkələrdə ki günəş il ərzində yalnız bir neçə gün görünür, orda insanların həyatı işıqlı olur. Amma o ölkələrdə ki, ilin 365 günü günəş səmadan öz şüalarını yönəldir insanların üzərinə, orda insanlar qaragünlüdür. Enerji yaradan hər şey bəladan başqa bir şey deyil. Deyirəm, Allah bu günəşin heç olmasa yarısını şimal ölkələrinə göndərəydi, onlar da bizim kimi qaralaydılar (üzünüzü Allaha tutub dua eləyəndə bu maddəni də salın ora, bəlkə eşidər). Ümumiyyətlə, orda bu ağ-qara məsələsi məni çox düşündürdü. Saçımız-gözümüz qara olsa da, dərimiz qara deyil. Alayarımçıq olmaq da bir işə yaramır. Nə ondanıq, nə bundan. Hər kəsə yad.


QƏRB DÜNYASI - QƏRİB DÜNYASI


Hollandiyada azərbaycanlılar az deyil. Cənubdan gedənlər də var, şimaldan gedənlər də. Şimali Azərbaycandan köç eləmiş insanlar bir qayda olaraq ordakı türklərlə sıx ünsiyyətdədirlər. Özlərinin dediyinə görə, İrandan gəlmələr onlara qaynayıb-qarışmırlar. Və tezliklə Avropalaşıb bu toplumun içində əriyirlər. Görünür, qapalı, hər şeyə qadağa qoyulmuş bir ölkədən baş götürüb gəldikləri üçün azadlığın məstedici havası beyinlərini dumanlandırıb. Özlərini xatırladan heç nəyə yaxın durmaq istəmirlər. Türkiyədən gələnlər isə əksinə, öz ölkələrində yaşadıqları kimi yaşayırlar. Öz adətləriylə, öz gələnəkləriylə. Söhbətlərindən belə anladım ki, dəyişmək istəyində olanlara da xor baxırlar. Böyük əksəriyyətləri Türkiyənin ucqar əyalətlərindən gəliblər. Və orda necəydilərsə, Hollandiyada da elə yaşayırlar. Məişətlərini də dəyişmirlər. Çoxu heç holland dilini öyrənməyə də səy göstərmir. Aldıqları müavinətlə dolanırlar. Burda türklərin sayı çoxdur. Hətta parlamentin 4 deputatı da türkdür. Bir çox ölkələrdə olduğu kimi, burda da erməni soyqırımını tanımayan şəxslər parlamentdə təmsil oluna bilmədiklərindən bir çox türk seçkilər vaxtı öz namizədliyini geri götürüb. Qəbul edənlər də olub. Kimsəni ittiham etmək olmaz. Necə bacarırsan, elə də yaşayırsan.

Gülşən Kazımova Hollandiyada yurd-yuva salmış ilk azərbaycanlılardan biridir. Bu yaraşıqlı, həlim qadının mətanətinə, iradəsinə heyran qaldım. 15 il əvvəl təkbaşına gəldiyi bu qərib ölkədə təhsil alıb, işə düzəlib, ailə qurub. Yoldaşı neçə il əvvəl İqdırdan Hollandiyaya gəlmiş bir iş adamıdır - Fərhad Atəş. Çox nüfuzlu, ağıllı bir bəy əfəndi. Orda keçirilən tədbirin ağırlığı bu cütlüyün də çiynindəydi. Qərib ölkədə baş saxlamalarından, güzəranlarından, ağların içində qara adamların var olmaq savaşından danışırlar. Təbii çətindir. Amma harda asandır ki. Söhbətləri dinlədikcə ölkənin parıltıları itməyə başlayır. Əlbəttə, buralar çox gözəldi, çox təmizdir, amma onların deyil. Burada çox azadlıqlar var - kimsələrin səninlə maraqlanmamaq azadlığı da var. Soyuqluq, biganəlik azadlığı da. Məscid, cami tikdirmək azadlığı var, amma türk məktəbi açmaq azadlığı yoxdur. Mühacir hər zaman mühacirdi, neçə nəsil keçsə də mühacirdir. Amsterdamın gözəl kanalları, yaşıl çəmənlikləri, qədim sarayları, təzim olunacaq itləri, Haaqanın Ədalət divanı da mühacirlərin deyil. Qərb dünyasının qərib dünyası çox amansızdır. Bəlkə bizə də nə vaxtsa öz ölkəmizdə, öz vətənimizdə ağ adam olmaq nəsib oldu. Hələlik isə avropalılar bütün gücləriylə buna mane olmağa çalışırlar. Yaratdıqları "ədalətin" hökmü ilə qaragünlü millətlərə ağ yalanlar yedirdirlər.


ƏDALƏT DİVANI


Məni hər zaman çox maraqlandırıb ki, bu ədalət deyilən bir şey nə boydadır, nə rəngdədir, nə biçimdədir. Niyə kimsə onun dadını bilmir? Niyə hamı ədalət axtarışındadır?

Haaqada məşhur Beynəlxalq Məhkəmənin qabağında durub tamaşa edirəm. Şənbə günü olduğundan "ədalət" istirahət edir, darvaza bağlıdır. "Ədalət Divanı" Haaqanın mərkəzində 7 hektarlıq parkın ərazisindədir. 1907-13-cü illərdə Amerika sənayeçisi Endrü Karneginin bağışladığı vəsaitlə tikilib. (Amerikanın puluyla ucalan ədalət nə dərəcədə ədalətli olacaq özünüz fikirləşin). Özündə Bizans və Roma memarlığının özəlliklərini daşıyan saray qranit, qırmızı kərpic və qum daşından tikilib. Binanın fasadında sarayın məzmununa uyğun heykəllər yerləşdirilib. İçəridə olan qobelenlər, vitrajlar, ağac heykəllər və başqa sənət nümunələri Haaqa sülh konfranslarında iştirak etmiş dövlətlərin hədiyyəsidir. Bir sözlə, möhtəşəm bir saraydır. İçində baş verənlərdən onsuz da xəbərdarsınız - bircə onu əlavə edim ki, biz Hollandiyada olanda serblərin Bosniyada törətdikləri cinayətin məhkəməsi oldu və hakim günahkar tapa bilmədi. Odur ki, böyük ustadımız Cabbarlının sözlərini xatırlayıram: "Mən dünyada ədalət divanı adına bir şey tanımıram. Hamısı yalandır..."


HOLLAND SİNDROMU


Mənə görə, burda başqa sindrom var. Par-par parıldayan təmiz pəncərələr, tikilmiş-çəkilmiş yox, sanki lehimlənmiş yollar və yaraşıqlı yol ayrıcları, ara verməyən yağış və palçıqsız küçələr. Sanki hər şey xətkeşlə çəkilib-kəsilib. Bu qulluq, bu baxım onların səviyyəsidir, həyat normasıdır. Bir neçə il əvvəl neft gəlirləri ilə bağlı məlum hadisələr baş verəndən sonra Hollandiyada milyoner qalmayıb deyirlər. Amma ölkənin hörməti, nüfuzu onun milyonçularının sayı ilə ölçülməz ki. Dünya xəritəsində, siyasətində yeri birinci şəxslərin nə geyinməsiylə, necə yaşamasıyla da ölçülməz. Yalnız vətəndaşı yaxşı yaşayan, tox olan dövlətin nüfuzu olur, bayrağı uca olur. Biz də bunu anlaya bilsək...

Bir dükana girib dost-tanışa nəsə almaq istəyirəm. Yaddaşımda ingiliscə sözləri çözələyəndə ağzımdan rusca sözlər çıxır. Satıcı qız diqqətlə mənə baxır və rusca soruşur:

- Vı qovorite na russkom?

Elə sevinirəm ki, sanki əziz bir qohumumla rastlaşmışam. Məlum olur ki, bu göyçək qız ermənidir. Yerevandan köçüb. Cavanlarımız dükana girib-çıxırlar, dedim axı, qız qəşəng qızdır. Hollandiyalı soydaşlarımız isə deyir ki, Azərbaycandan köç eləmiş çox kişilərimizin sevgililəri erməni qadınlarıdır. Bax, bu, sindromdur.


BƏLKƏ BU YERLƏRƏ BİR DƏ GƏLMƏDİM


Bu səfərdə mən hər şeyi kənardan müşahidə etdim, izlədim. Yaddaşımda ilişib qalmış hər detalı yazmaq istəmədim. Bu rəsmi səfər idi, mən də qeyri-rəsmi şəxs idim. Qeyri-rəsmi şəxs olmağın da öz üstünlükləri var. Hər kəs yüyürüb müsahibələr verərkən, danışarkən sən də çoxunun gözdən qaçırdığını görə bilirsən. Amma görmək istədiyimin çoxunu görə bilmədim. Muzeyləri, kilsələri, tarixi abidələri gəzə bilmədim. Qalsın gələn səfərə. Gələn səfər olmaya da bilər. Neylək... Sonuncu gün Naxçıvandan bizə qatılmış bir alim özü ilə gətirdiyi məktubu mənə verir. Xətti tanıyan kimi gözlərim dolur. Oxumağıma mane olur. Gözümü zilləyib məktubun tarixinə baxıram. 1968-ci il fevral ayı. 39 il əvvəl şairin oxucusuna yazdığı məktub məni Haaqada tapır. Mən ki, özümdən qaçmaq istəyirdim, niyə gəldin?

***


Bakıya səhərə yaxın çatırıq. Ağ şəhərin sarı işıqları sayrışır. Güzgüdə özümə baxıram. Yorğunluqdan bənizim solsa da, dərimin rəngi dəyişməyib.

P.S. Qumun göyərəcəyinə inanmıram.


İstanbul - Amsterdam-Haaqa-Bakı

Fevral, 2007



İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK