ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Arzu Əsəd: Söyüş yağır məmləkətə

49188    |   2020-05-02 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Söyüş yağır məmləkətə,

Söyüş tutub yeri-göyü.

Yoluxubdur bir lənətə –

Azərbaycan söyüş söyür!

Söyüş yağır məmləkətə,

Kül püskürür qoca vulkan.

Söyüş söyür alim-gədə,

Söyüş çıxır hər ağızdan.

Səpilir kəndə, şəhərə

Narın söyüş yağa-yağa,

Hamı çıxır küçələrə

Bu söyüşdə islanmağa.

Hər kəs söyür bir-birinə –

Böyük-kiçik, arvad-uşaq,

Belə getsə bu ölkədə

Söyülməyən qalmayacaq.

Söyüş-salam göndəririk

Uzaqdan bir-birimizə.

Söyüş-salavat veririk

Ölümüzə-dirimizə.

Mənəviyyat dəlik-deşik;

Söyüşürük həzz içində.

Sado-mazoxistləşmişik –

Millət ekstaz içində!

Hər şey çevrilir söyüşə

Elə canlı, elə asan,

İndi sən durasan necə

Freydə inanmayasan?

Azadlığa könül verdik,

Başımıza hər iş gəlir.

Mədəniyyət gözləyirdik,

Avropadan söyüş gəlir.

Bu da bir dava yoluymuş,

Sənin davanı görsünlər.

Mübarizə üsuluymuş,

Üsuluna tüpürsünlər.

Söyüş haqqın yolu olmaz,

Yezid hara, sünnət hara?

Söyüşlə haqq qazanılmaz,

Şeytan hara cənnət hara?

Nifrət söyüşə çevrilsə,

Məzlumun ahına dönməz.

Yolun özü haqq deyilsə,

Axırında haqq görünməz.

Bir il, üç il – bu yazıq xalq

Söyüşə da öyrəşəcək.

Sözün içi boşalacaq,

Söz də dəyərdən düşəcək.

Söyüş çıxan dil-dodaqlar

Dua üçün yaranıbdır.

Bəndədən utanmayanlar,

Bəlkə Allahdan ayıbdır?!

Azərbaycan ocaq olub,

Müqəddəsdir içi-dışı.

Şəhid qanıyla yuyulub

Bu torpağın hər qarışı.

Ürəkləri, beyinləri

Söyüşlərlə kirlətməyin.

Pırıl-pırıl nəsilləri

Bu pisliyə oyrətməyin.

Söyüşləmi quracağıq

O işıqlı sabahları?

Söyüşləmi alacağıq

Zəbt olunmuş torpaqları?

Ey Lut əhli – ey lüt əhli,

Ey vətənin övladları!

Zamanmı boş, sizmi dəli?

Sevindirməyin yadları!

Belə getsə uca Allah

Bu xalqdan üz döndərəcək.

Başımıza daş yağacaq –

Allah bəla göndərəcək!

Bu söyüşlər yedəyində

Qırğın, qada, qan gələcək.

Baxıb tarimar Vətənə

Söyən dillər dincələcək.

Dinclik göyə çəkiləcək,

Xeyir-bərəkət itəcək.

Tarix kökündən siləcək,

Yerimizdə ot bitəcək!




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK