QADIN BAYRAMI

İRADƏ TUNCAY
54687 | 2007-03-08 03:32

Biz qadınlar insan cəmiyyətinin inkişaf mərhələsində böyük bir səhv elədik, hakimiyyəti əldən verdik - matriarxatı. Kişilər elə bil fürsət gözləyirmiş. O vaxt- bu vaxt hakimiyyət onlardadı. Yəni elə bir görüntü var. Matriarxatın tarixi çox qədimlərə gedib çıxır. Həmin dövrdə kişilərin vəziyyəti necəymiş, hüquqları qorunurmuş, ya yox, deyə bilmərəm. Onu deyə bilərəm ki, bizim əlimizdən çox yanıqlıymışlar - uzun əsrlər bunun əvəzini çıxdılar. Hakimiyyəti yaxın buraxmadılar, seçki hüququnu əlimizdən aldılar, ədəbiyyatda bütün məkrli obrazlar qadınlar oldu. Hətta demokratiyanın beşiyi sayılan yunan və Roma dövlətlərində də bu belə idi. Bir amma var. Zahirən kişi olub, daxilən özünü qadın hesab eləyənlər o vaxtlar da vardı, hətta imperatorların arasında da belələri olub. Bu da kişi riyakarlığının bir nümunəsi idi. Qadın aşağı sort insandısa, niyə özünüzü qadına oxşadırsınız?
   
   Qadınlar hissləriylə, duyğularıyla yaşayan varlıqlar olduqları üçün bəzən kişi adlanan bu hissiz, duyğusuz məxluqatlardan uzaqlaşıb öz cəmiyyətlərini qurmaq istəyində bulunublar. Lesbos adasında yığışıblar, amazonka olublar. Amma sonra kişilərə rəhmləri gəlib onların yanına qayıdıblar. Həm bizsiz mövcud ola bilmirlər, həm də bizi özlərinə tay saymırlar. Kişilər özlərini çox ağıllı, güclü, bacarıqlı bilirlər. Amma balaca bir stress onları özündən elə çıxarır ki, hələm-hələm dikəlmirlər. Qadınlar fərqlidir. Nə qədər dərdi-səri olsa da ayaq üstə olmağa məcburdur. Çünki ailəni o idarə edir. Nə qədər ailə rəisi kişidir desələr də, ailənin necə olmağı qadından asılıdır.
   
   Tarixdən məlumdur ki, bəzən hökmdarların kişi varisi qalmayanda qadınları da hakimiyyətə gətiriblər. Və həmin qadınların hakimiyyət dövrü ölkənin ən çiçəklənən, inkişaf və zənginlik dövrü olub. Deyək ki, İngiltərədə I Yelizavetanın krallığı, Rusiyada II Yekaterinanın çarlığı. Qadınlar qurucu qüvvədirlər. Amma tarixdən bu da məlumdur ki, bəzən qadınların real hakimiyyəti olmasa da, kiminsə arxasında gizlənib çevrilişlər də ediblər, sui-qəsdlər də. Osmanlı tarixinin çöküş dövrünü "Qadınlar səltənəti" adlandırdığımız dövrlə bağlamaq olar. Sultanlar hərəmxananın əli ilə hakimiyyətə gətirilir və taxtdan endirilirdilər. Bu da olub. Qadınlara görə başlanan müharibələr də olub, bağlanan sülhlər də. Qadın böyük qüvvədir və hər hansı bir kişi deyirsə ki, mən arvad sözü ilə oturub-durmuram, mən arvaddan qorxmuram, yalan deyir, inanmayın. Sadəcə, kişilər nə sevdiklərini, nə qorxduqlarını, nə də nifrətlərini etiraf edə bilmirlər. Burda da biz daha üstünük.
   
   19-cu əsrin sonlarında Avrora Dudevan adlı gənc, gözəl bir qız əyalətdən Parisə gələndə, qalaq-qalaq əlyazmaları ilə nəşriyyatların, redaksiyaların qapısını döyəndə kimsə nə onu, nə də onun yazdıqlarını ciddiyə almadı. Amma əyninə frak geyinmiş nərmə-nazik cavan oğlanın - özünü Jorj Sand deyə təqdim edən cavan oğlanın yazdıqları tezliklə bütün Fransada məşhurlaşdı və bu gün də oxunur. Demək, Avrora Dudevan özünü qəbul etdirmək üçün Jorj Sand olmalı idi. Sonralar Sənət Akademiyasının üzvlüyünə namizədliyi veriləndə yenə onun qadın olduğunu nəzərə alıb Akademiyaya seçməmişdilər. Kişi eqoizmi! Ümumiyyətlə, kişilər qadınların yaradıcılığına qısqanclıqla yanaşırlar, çox vaxt qəbul eləmirlər. Deyirlər qadınlardan nə dahi bəstəkar, nə də yazıçı çıxıb. Təbii, çirkli kişi corabı yumaqla, mətbəxdə yemək qarışdırmaqla dahilik alınmır. Yaradıcılıqla məişət bir yerə sığmır. Amma bu o demək deyil ki, qadınlar istedadsız və ağılsızdırlar. Sadəcə cəmiyyət qadına ağılına görə qiymət verməyi bacarmır. Bəzi cütlüklər olub ki, istisna saymaq olar. Fellinin öz filmlərində Cülyetta Mazinanın parlaq istedadını qabardaraq onu öz səviyyəsinə qaldırmaqdan qorxmamışdı. Rodion Şedrin bütün yaradıcılığını Mayya Prisetskayaya həsr etmişdi. Amma Jan Pol Sartr kimi bir nəhəng Simona De Bovuar kimi bir qadını öz kölgəsinə çevirmişdi. Arayıb-axtarsaq belə maraqlı faktlarla çox rastlaşarıq.
   
   Öz məmləkətimizdən danışaq. Türk toplumunda qadına özəl münasibət mövcuddur, deyirlər. Bəs niyə parlaq qadın simaları belə azdır? Kim günahkardır? Cəmiyyətmi, qadınlar özlərimi? Yəqin ki, hər ikisi. Nə qədər ki, bizdə qadına ağlına görə yox, əndamına görə qiymət verəcəklər, elə belə də olacaq. Vücudu üç qəpiyə dəyməz, amma pul kisəsi dolu kişilərin sevgilisi olduğuna görə qadını vəzifəyə qoyacaqlar, elə belə də olacaq.
   
   Bakının mərkəzi meydanlarının birində ucalan Azad Qadın heykəlini hamınız görmüsünüz. Bu əzəmətli pyedestalın üzərində dayanıb bizə yuxarıdan aşağı baxan xanım azadlığa çıxmış Azərbaycan qadınının simvoludur. Mən gözümü açandan bu xanımı burda görmüşəm. O vaxtdan bəri formasiyalar, rejimlər dəyişib, amma bu xanım eyni narazılıqla başındakı çadranı atıb nədənsə azad olmaq istəyir. Elə bilir ki, çadrasını atan kimi bəxtəvər olacaq.
   
   Qadınlar öz kişilərinin vitrinləridi. Qadına baxan kimi onun ailəsindəki kişilər haqqında mülahizə yürütmək olar. Vəzifəlidi, ya işsiz, pulludu, ya kasıb. Bahalı maşınlarda gəzir, ya da sınıq-salxaq avtobuslarda. Qadınlar öz cəmiyyətlərinin güzgüləridi. Ətrafımızdakı qadınlara baxan kimi harda yaşadığımız haqda dolğun təsəvvür yaranır.
   
   Emansipasiya, feminizm və gender anlayışları da kefikök millətlər üçündü. Ocağında qazanı qaynamayan, soyuq qış günlərində uşağına isti çəkmə ala bilməyən, xəstə körpəsinə dərman pulu tapmayan qadını belə "mədəni sözlər" maraqlandırmır. Ona çörək lazımdı. Ona lazımdı ki, axşam evə gələn atası, qardaşı, ya da əri əlində dolu torba gətirsin. Ona lazımdı ki, 18 il zəhmət çəkib gözünün yağını yedirtdiyi lay-divar oğlu əsgərlikdən distrofiya ilə, şikəst qayıtmasın. Ona lazımdı ki, doğma Vətənində ona süpürgə və süpürməyə yer tapılsın. İşsizlikdən Rusiyaya, Dubaya üz tutanların sayı gündən-günə artır. Kəndlərimizdə yas düşəndə ölünü yerdən götürməyə cavan oğlan tapılmır. Evdə qalıb qarıyan qızlarımızı almağa oğlan tapılmır. Onları ala biləcək oğlanların çoxu ya müharibədə şəhid olub, ya da Rusiyada öz həmyerlilərinin gülləsinə tuş gəlib. Toy otağında, bəy döşəyində, gərdəkdə yatmalı oğullar qara torpaqda , qara mərmərin altında yatır. Onların nəsli kəsilib. Küncdə-bucaqda gizlənib canını qoruyanlar da həmin oğlanların bacılarını, nişanlılarını, sevdiklərini ərəb şeyxlərinə satıb varlanırlar. Mən bu sözləri özümdən demirəm. Allaha şükür, hər gün televizorda göstərirlər. İnsan alveri ilə mübarizə aparan qurumlar gündə birini tutur, cəzalandırır. Əslində biz o qadınlar haqqında nə bilirik ki? Kimisi yetim balalarının qarnını doyurmaq üçün gedib, kimisi zindanda vərəmləyib əriyən qardaşını qurtarmaq üçün rüşvət parası toplamağa gedib, kimisi də parıltılı işıqların cazibəsinə aldanıb. Hər halda kefiköklükdən , harınlıqdan uzaq ölkələrdə üfunətli kişiləri əyləndirməyə getmirlər.
   
   İndi əlçatmaz xəyala çevrilmiş Şuşada məşhur bir yer var- "Ərimgəldi". Vaxtilə ərləri müharibəyə, uzaq səfərə gedən qadınlar burda qayanın üstünə çıxıb yola baxar, bir uzaq qaraltı görəndə "Ərim gəldi, ərim gəldi" deyib sevinərmiş. İndi "Ərimgəldi" yağı əlindədi, əlimiz çatmır. Amma Bakının mərkəzi meydanında ucalan "Azad qadın"ın uzaqları görmək imkanı var. Bəlkə xahiş eləyək baxsın görsün kişilərimizin uzaq məmləkətlərə göndərdikləri "azad qadınlarımızın" qaraltısı görünüb eləmir ki? Bir jurnalist həmkarımın yazısını oxumuşdum. Deyirdi ki, qadınlar cəmiyyətdən qisaslarını manqurt, idiot övlad doğub-böyütməklə alırlar. Burda bir həqiqət, məntiq var. Qadına önəm, qiymət verməyən toplumun sabahkı taleyi necə olacaq? 15-16 yaşından gecə barlarının daimi müştərilərinə çevrilmiş qızlar sabah bizim yeni doğulacaq vətəndaşlarımızın anası olacaqlar. Onların ailələrindəki kişilərə normal pul qazanmaq imkanı versələr, bəlkə küçələrə düşənlərin sayı xeyli azalar? Bu məlum həqiqətdir ki, əxlaq cəmiyyətdən gəlir. Qadına baxıb hər hansı bir kişiyə, sonda isə cəmiyyətə qiymət vermək olar. Nə isə...
   
   Bu gün qadınların bayramıdır. Klara Tsetkinmi deyib, ya bir başqası, fərqi yoxdur, bayramdısa, təbrik gözləyin. İşdi təbrik eləməsələr, yenə ürəyinizi qısmayın, nə qədər atılıb-düşsələr də, özlərini dağ başına qoysalar da bizdən asılıdırlar. Onları biz idarə edirik, bizim səxavətimiz də, məhəbbətimiz də, cəsarətimiz də, inadımız da kişilərdən qat-qat artıqdır. Freyd uzun ömür yaşamışdı, çox mürəkkəb məsələləri araşdırmışdı, amma "Qadın nə istəyir" sualına cavab tapa bilməmişdi. Bu da təbiidir. Qadının içindəki təlatümlərdən kişilər nə anlar?

TƏQVİM / ARXİV