ANA SƏHİFƏ / ƏDƏBİYYAT

YASƏMƏN ƏTİRLİ ANAMIZ...

49957    |   2020-04-05 13:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"TRT Belgesel”də hər bazar ertəsi "Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağrı Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl - ələ verib Hakan və Çağrı bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə - edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir... Və hətta bəzən sevincdən hönkürürəm də...

Qəribədir... heç özüm də bilmədən nədənsə hər dəfə "Su savaşları”nın son kadrlarını izləyəndə Yasəmən xanım gəlib gözlərimin önündə dayanır. Beynimdə həmişə belə assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Yasəmən xanım da mənim bu dünyadakı ən böyük tapıntımdı...

Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Yasəmən xanım kimi insanı tapmaq körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.

Tanrı bizi on il öncə qarşılaşdırıb və O, insanlığı, sevgisi, dürüstlüyü, içindəki ruhani ədaləti və vicdanı, qayğısı, nəvazişi, sığalı, fədakarlığı, böyük ürəyi ilə mənim dünyamda Min İlin Doğmasına çevrilib...

Görkəmli yazıçımız Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş "Rəmiş” adlı maraqlı bir hekayəsi var: "Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş "Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” - deyir.

Nədənsə, Yasəmən xanım haqqında yazmaq istəyəndə ilk bu sözlər gəldi ağlıma. Yasəmən xanımın özünə, sözünə, kübar və nəcib davranışına, dərin alicənablığına, xeyirxah əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, "kişiliyim çatmasa da”, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, xanımlığı - Qadınlığı və Analığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və bizim bir ömür sevincimiz üçün hər daim özünü yolumuzda şam kimi əritməyə, fəda etməyə hazır olan bu Mələk simalı, mələk qəlbli, mələk xislətli xanımın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm...

15 il öncəydi... Həyatımın yoldaşı Elşənlə (o zaman biz tələbə yoldaşı idik) uşaqlıq xatirələrimizi bölüşürdük. Söhbət əsnasında dedi ki, "Mənim bütün uşaqlığım elə şəkillərim kimi Kəlbəcərdə qaldı, xalam bir qazan şəkərbura bişirmişdi mənim üçün, evdən çıxanda nə məktəbli çantamı götürə bildim, nə də şəkərburalarımı....” Elşən danışırdı, beynimdə bütün dünya rabitəsini itirmiş mahiyyətsiz bir şeyə çevrilmişdi... Həyat bir loxma quru çörək kimi düyünlənmişdi boğazımda. Başımı qaldırıb Elşənə baxa bilmirdim. Gözləri yol çəkə-çəkə, sanki beynində kino lenti canlandırırmış kimi sözünə davam elədi: "Məni xalam böyüdüb, - dedi, - anadan da artıq haqqı var üzərimdə. Camaat öz uşağına baxa bilmədiyi bir vaxtda xalam gəncliyinin ən gözəl illərini mənə həsr edib, dil açanda xalama Ana demişəm, ilk dediyim söz Yasəmən olub... Özü ana olandan sonra da məni ilk övladı kimi sevib, əzizləyib xalam. Hələ universitetə qəbul olmağımda da onun əməyi böyükdür. Biz yeni evə köçürdük, xalam məni valideynlərimlə təzə evimizə getməyimə razı olmadı, orda şərait qaydasına düşənə qədər dərslərimin axsamasından nigaran qalıb məni öz evində, yanında saxladı. Bu gün bu cür yüksək balla universitetə qəbul olmağımda da Ona borcluyam, üstümdə ödənməyəcək qədər böyük haqqı var Yasəmən xalamın...”

Mən ilk dəfə Elşəndən Onun haqqında eşidəndə birinci kursda oxuyurdum. Və hələ üzünü görmədiyim, sadəcə adını eşitdiyim Qadının böyük ürəyinə heyran qalmış, onu sevməyə başlamışdım. Sonralar ailəsinin bir fərdi oldum, tanıdıqca, doğmalaşdıqca daha çox sevməyə və sözün həqiqi mənasında kəşf etməyə, ruhunu oxumağa başladım Yasəmən xanımı...

Bu həyatda Ana olmaq mənim düşüncəmə görə ən çətin peşədir, çünki şəxsiyyət yetişdirirsən... Bu mənada, Yasəmən xanımın bir – birindən möhtəşəm, orijinal təfəkkürə sahib, zəngin erudisiyalı övladlar yetirməsi onun peşəsinin öhdəsindən necə şərəflə gəldiyinin göstəricisidir. Və bu analıq missiyası bir də ona görə ülviləşir və qutsallaşır ki, O, təkcə öz bətnində böyütdüklərinə deyil, bizim hamımıza sözün həqiqi mənasında şəfqətlə Ana olmağı bacarır.


Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala...


- sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərlim Yasəmən xanım! Balalar Sizin əsərlərinizdir - tikdiyiniz qalalardır...

Ana olmağı bacarmaq ən böyük şəxsiyyət, ən böyük müəllim, ən böyük sənətkar ola bilməkdi...

Ana olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bil məkdi...

Ana olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı...

Bu həyatda Sizin ən uca adınız – Ana adınızdı, Yasəmən xanım...

Sən biz balaların – hamımızın, çiçək qoxulu Yasəmən ətirli Anamızsan...

Sən Ana olmaq kimi məsuliyyətli və çətin bir peşənin öhdəsindən şərəflə gəldiyin kimi həm də möhtəşəm ailə başçısısan. Sən mənim hər addımımda örnək aldığım Qadınsan!

Qadınlıq ilahi bir vergidir, bəlkə də... Qadın olmağı bacarmaq ayrıca bir yaradıcılıqdır. Biz insanların düşüncə biçimində Qadın olmaq geyinib süslənməkdən, bişirməkdən, bəzənməkdən ibarətdir. Fəqət Qadınlıq nə qızıl bilərzikdi, nə bərbəzək... Qadınlıq ailən üçün özünü fəda etməkdən duyduğun rahatlıqdı, bir insanın içində əriyib ona qarışmaqdan aldığın zövqdü, Allaha "kömək” edərək bir insanı yaşatmaq, sevindirmək, ona həyat enerjisi, stimul olmaqdı...

Böyük Nazim Hikmət deyir ki, "Mutluluk səhər işə, axşam evə tələsməkdir”. Mənim beynimdə Sən bütün varlığınla o mutluluğun formulu və "Ailə kiçik dövlətdir” deyiminin açarısan.

1946-cı ildə Texasda dərc olunan "The Port Artur News” qəzetində Marill Frost haqqında maraqlı bir məqalə dərc olunur. "Amerika futbolu” idman növündə qazandığı nailiyyətlərə görə o, "ən yaxşı idmançı” adına layiq görülür. Marill özü isə bu hadisəni belə şərh edir: "Mən güclü kişi deyiləm, arxamdakı qadın güclüdür...” Nədənsə Marill Frostun o fikri mənə həmişə Səni xatırladır...

Arxadakı Qadın – ön cəbhəni qoruyana dayaq olan arxa cəbhədəki əsgərdir...

Arxadakı Qadın – səhnədə, öndə sadəcə əməyi görünən, özü isə fonda o möhtəşəm səhnəni yaratmaq üçün min bir əziyyətə qatlaşan rejissordu...

Arxadakı Qadın – yaranışından çiyninə qorumaq missiyasını götürəndi.

Arxadakı Qadın – dünyanın bu "qaçaqaç”ında, hamının yaddaşına virus düşdüyü, haqq itirdiyi bir zamanda haqqı və ədaləti əyilməyə qoymayan, öz səbri, əsaləti ilə bərqərar edən mizan tərəzidi...

Arxadakı Qadın – Ailə Qalasının Qapısıdır. Dünyanın ən böyük əzablarına vaysınmadan, mərdliklə sinə gərən, bütün eybəcərliklərin üzünə çırpılan, yaxşıların, doğruların üzünə daim açıq olan, həm də qucaq açdığını Qala kimi qoruyandı.

Arxadakı Qadın – İşıqdı... Üzünün nuruyla qaranlığı aydınlatandı...

Arxadakı Qadın – Sənsən, Yasəmən qoxulum!

Mən Sənin bu müqəddəsliyin – Qadın və Ana ucalığın, nurlu üzün, böyük ürəyin qarşısında baş əyirəm, Yasəmən xanım!

Bu bahar bir yaş daha gənclənşdin. Ömrün çiçək təravətli, həmişə bahar olsun. Tanrı ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan saf ruhunu Yer adamlarının nəfəsindən qorusun!

Səni dünyaya gətirən o Müdrik nənəmizin – Suğra xanımın, cənnətməkan Hüseyn babanın ruhuna Ulu Tanrıdan qəni – qəni rəhmət diləyirəm.

Yaxşı ki varsınız, Yasəmən xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı...

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: "təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının ailəsinin, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın...) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu torpaq Yasəmən xanım ləyaqətdə qutsal və uca qadın yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...


Xəyalə Əfəndiyeva

filologiya üzrə fəlsəfə doktoru

1 aprel 2020-ci il, Bakı




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK