CANAVAR VAXTI

İRADƏ TUNCAY
67153 | 2006-12-16 15:10
(Yazarın arxivindən)

Ramiz Rövşənin son kitabını mənə göndərdiyi üçün bəri başdan Rəşad Məcidə təşəkkür eləmək istəyirəm. Əslində mən bu kitabda yazılanları çoxdan oxumuşdum. Sadəcə hər yeni kitab, hər yeni şer,hər yeni söz məni çox sevindirir. Mən kitabı, şeri sevən o ağılsızlar nəslindənəm. Nəyə görəsə mənə həmişə elə gəlib ki, Ramiz Rövşən bizim yaşıdımızdı. İndi 60 yaşını qeyd eləsə də, sözün hər mənasında çəkisi artsa da yenə bizim də, bizdən böyüklərin də, bizdən kiçiklərin də yaşıdı olacaq. Sözün tozun alan şair sözü hər zaman tərtəmiz, saf saxlayacaq. Kitabı vərəqlədim, oxuduqlarımı yenidən xatırladım. Düşündüm ki, ən adi, sıravi oxucu kimi öz ağrılarımı da şairlə bölüşüm. Biz hər zaman dərdlərimizin çarəsini şairlərdən soruşmuşuq. Daşlamışıq, ürəklərini sındırmışıq, amma özümüz dərdə düşəndə onların yanına qaçmışıq. İndi də belə olsun. 
    
   ***     
Yaxın vaxtlara qədər bizim məmləkətdə "şair" sözünün xüsusi çəkisi ağır gəlirdi. İnsanlar daha çox şairlərin dilindən çıxanlara inanırdılar. Milli məfkurənin formalaşması da, fəlsəfi cərəyanların düşüncəyə yol tapması da, azadlıq ideyasının kütlələri hərəkətə gətirməsi də şer vasitəsilə olurdu. Uzun zamanlar hətta elmi əsərlər də poeziya diliylə yazılıb. Bizim düşüncəmiz şeri qavramağa açıq olub. Bu səbəbdən də tarixin müxtəlif dönəmlərində ağıllı hökmdarlar söz adamlarından çəkiniblər. Anlayıblar ki, qılıncın işlənmədiyi yerlərdə sözün kəsəri daha çox olur. Şairləri güllələyiblər, dara çəkiblər, acından öldürüblər, çərlədiblər. Bu da qiymətdir. 
    
   Ancaq dedim ki, bu yaxın zamanlara qədər idi. Həmin o yaxın zamanlarda yadımdadır ki, mən evimizdəki kitabların hamısını su kimi içmişdim. Oxuduqlarım nəsr idi, şer sevmirdim (bəlkə anlamırdım?). Ramiz Rövşənlə ilk tanışlığım da "Ulduz" jurnalında çap olunmuş hekayələrilə oldu. Deyə bilmərəm ki, o vaxt oxuduğum hər şeyi dərk edirdim və süzgəcdən keçirə bilirdim. Amma oxuduqlarım yaddaşıma həkk olunurdu. Sonra Ramizin şerlərini oxuyanda vaxtilə beynimə köçürdüklərim köməyimə gəldi. Artıq mənim üçün müəllifin psixoloji portreti mövcud idi. (Bir haşiyə çıxım - uşaqlıq illərimdə uzun müddət hər hansı bir kitabı əlimə götürəndə atamın üzünə baxırdım. Şairdi? Ədəbiyyatdı- sualına gözləri ilə "hə" deyirdisə arxayın olurdum. Yalnız bircə dəfə özü Sabir Əhmədovun "Yamacda nişanə"sini verdi mənə, uşaq ürəyimdə o nişanə necə yer elədisə, indiyə qədər ağrıdır. Amma dəqiq yadımdadır ki, Ramiz Rövşəni heç soruşmadım). Və jurnaldan oxuculara baxan şəkil də həmin o psixoloji portretə uyğun gəlirdi. Bir az özündən razı, bir az yekəxana, amma saf, təmiz şair çöhrəsi. Hər sətir, hər misra deyirdi ki, baxın, mən gəlmişəm, mən şairəm, mən varam. Bizim poeziyamızda sözlə kimisə heyrətləndirmək müşkül məsələdir. Amma görünən budur ki, poetik kəşflər zənciri qırılmır, oxucu zənciri qırılsa da. Tələbəlik, gənclik illərim elə bir dövrə təsadüf eləmişdi ki, kitab oxumaq, bu kitabları müzakirə eləmək, mübahisə eləmək bir növ prestij sayılırdı. İndi fikirləşirəm ki, o vaxt mən beynimi belə şeylərlə xarab edəndə kimsə də həyat dərslərini öyrənirdi. Necə, nə vaxt, kimin qarşısında əyilməyi öyrənirdi. Hansı yollarla addımlamağı, hardan necə qaçmağı öyrənirdi. Sürətini düzgün tənzimləyib finiş xəttinə vaxtında çatmağı öyrənirdi. Çatdılar və lazımi kürsüləri qamarladılar... 
    

   *** 
Şair dediklərimizin sonuncularından biri də Ramiz Rövşəndir. Soruşmaq istəyirəm, heç bilirsiniz nə qədər adamı bədbəxt eləmisiniz? Şair deyirsə ki, "dünyanın havası çirklənir, Allah. Şairlər azalır, tükənir, Allah". Mən də deyirəm ki, yaxşı ki, azalır. Onda şad, xürrəm yaşayacaq insanların sayı artacaq. 
    
    
   Dadı qaçıb şerin-sözün, 
    
   Daha məni dilləndirən sözüm yox. 
    
   Adamlarla danışmağa həvəsim, 
    
   Allahla da danışmağa üzüm yox. 
    
    
     Şairlər öz günahlarını çox gözəl anlayırlar. Bizim də bəxtimizə bu vətən düşüb, havayı açılmır çiçəkləri də... Əlin yana-yana ovcunda gətirəcəyin o bircə sözü heç ilahi də eşitməyəcək. Başı çox qarışıqdır. Elə bir dövrə çatdıq ki, top qovalayanlar, kəndirbazlar, ip oynadanlar yuxarı başdadırlar. Elə bir vaxta çatdıq ki, kiminsə pulnan yazdırdığı cızma-qaranı elə pulla tərifləyib bizə yedirtmək istəyirlər. Elə yaşayırıq ki, sanki vaxt bitib-qurtarır, sonra heç nə olmayacaq. Bir-birimizin ağzından tikə qapırıq. Qarnımız doysa da, gözümüz doymur. Biz hansı vaxt ölçüsü ilə yaşayırıq? Canavar vaxtıyla, yoxsa adam vaxtıyla?.. Bizim içimizdə canavarlar kimdi, adamlar kim? Bu cavabsız suallar məmləkətində şairlər niyə doğulur? Əgər dilimizin səmasını genişləndirmək üçünsə, dilimizə deyəsən ancaq səmada ehtiyac var. Yerdəkilər unudub. Əgər "Tanrı casusu" olmaq üçünsə, onda neçə əsrlərdi öz missiyalarının öhdəsindən gələ bilmirlər - Tanrı yerdən göyə qalxan şair məlumatlarını ya oxumur, ya da ciddiyə almır. Son vaxtların məşhur lətifəsidi - Motsart kimdi sualına novorişlər - mobil telefonlar üçün musiqi yazan bəstəkar deyiblər. İndi bizim şairlər də şeri ziyafətlərdə ağıllı görünmək üçün bir-iki misra əzbərləyib, sağlıq deyən nazirlər üçün yazırlar. Ancaq həmin nazir sabah həmin şairlə üzbəüz gələsi olanda saymazyana ötüb-keçəcək. Mən bütün bunları gözümlə görmüşəm. Ona görə də hərdən canım deyir ki, şairlərin bütün yazdıqlarını bir yerə toplayıb böyük tonqal qala, tüstüsü ərşə qalxsın. Allah da ancaq maddi olanı görür. Yanan ürəklərin tüstüsü yox ki... 
    
    
   *** 
        
  Qələmi qoyuram yerə. Bir az nəfəs almaq üçün rəfiqəmə zəng edirəm. Səsi ağlar gəlir. Soruşuram, nə olub? Deyir":: "Limanın yanındakı sökülən binaların yanından keçirdim. Yağış da yağırdı, elə bildim daşlar ağlayır, onlara baxdım mən də ağladım. Yolboyu da, evdə də gözümün yaşı qurumur. Heç kimə də izah eləmək istəmirəm ki, niyə ağlayıram. Deyəcəklər dəlidi..." Mən də rəfiqəmə heç nə demirəm, qulaq asıram, özlüyümdə fikirləşirəm ki, əlbəttə, dəlisən. Mən də dəliyəm ki, sən danışdıqca ağlayıram. Yaxşı ki, ədəbiyyatın dəli-divanə elədiyi bizim kimilərin sayı gündən-günə azalır. Sökülən binalar deyil - bizim içimizi daş-daş sökürlər, sonra da tolazlayırlar göy üzünə. Göy üzü də daş saxlamır, atam balası. Bizim başımıza düşür, daş atanların yox. Milləti xoşbəxt eləmək üçün şairlər də, şer də qadağan olunmalıdır. 
    
    
   *** 
    
   Ədəbiyyatın insanları tərbiyə edib-etməməsi çox mübahisəlidir. Əgər edirsə, bu qədər mütaliəli vicdansızlar niyə törəyir? Yox, eləmirsə, bu qədər yazılanlar niyə yazılır? Amma bir həqiqət var ki, ədəbiyyat bəzən insanın həyatını alt-üst edir. Atamdan sonra yanımda "şair" sözünü tələffüz edəndə belə kövrəlirəm, doluxsunuram. Mən şair olmağın nə anlama gəldiyini bilirəm. Onun 60 yaşı olanda mənə elə gəlirdi ki, atam ağır ağsaqqal, çox qoca bir kişidi. Ölümündən sonra 20 yaşlı bir cavan oğlanı itirdiyimi düşünürdüm. Ramiz Rövşəni isə 60 yaşında təsəvvür eləyə bilmirəm. Atamdan 13 yaş kiçik, yaşıdlarımızdan 13 yaş böyük olan Ramiz o şer oxuyan dəlilərin də yaşlandığını xatırladır bizə. 
    
       
   Sən - on üç yaşında dəcəl uşaqsan, 
    
   Mən - on üç yaşında qoca yalquzaq. 
    
       
   Şairlər hər yaşda xalqın ən çox ərköyün, dəlisov, küsəyən və həm də ən çox döyülən, əzilən övladlarıdır. Füzulidən bu tərəfə qara bəxti oyanmayan şairlər. Ramiz Rövşən deyir ki, "Zülmün, haqsızlığın, alçaqlığın baş alıb getdiyi ən murdar zamanlarda da öz içindəki Vaxtın saflığını qoruyub saxlayan, öz nəfəsini satmayan güclü adamlar həmişə olub. O adamların arasında şairlər də var, amma şair güclü adam deyil. Şairlik - insanın gücü yox, zəifliyidir". Bəs onda niyə dünyanın güclüləri həm də şair olmaq fikrinə düşüblər? Pulu da gücün bir sütunu hesab eləsək - ədəbiyyata calaq olunmaq istəyən nə qədər "güclülər" var. Buna nə ad verək? Pulun var, get yaşa da. Pulla şair olmurlar, tarix rüşvət almır, amma intiqam alır. Gələcək nəsillər üçün nə qədər makulatura yığılır - özü də gözəl, nəfis tərtibatda. Təmtəraqlı məclislərdə təqdim olunan. Şairlər də zəifdirsə, onda bu müsibətin qabağını kim alacaq? Düşüncəsi axtalanmış, iradəsi zorlanmış insanların sabahı nə olacaq? Əsarət dövründə xalqın içində bir özünüqoruma instikti var idi. Diniyləmi, əxlaqıylamı yad təsirlərdən gizlənə bilirdi. Azadlıq, müstəqillik dediyimiz bu dövr mənəviyyatsız bir toplum yaratdı - bunun üçünmü çalışırdınız, ay şairlər? Bir vaxt Nəfəs verdikləriniz sizin nəfəsinizi kəsir. Beləmi olmalıydı? Ramiz Rövşən deyir ki, "Bir ölkədəki xalqın rəyini soruşmadan, onun fikri ilə hesablaşmadan kiməsə "Xalq şairi" adı verilir, həmin ölkədə "xalq düşməni" adı verilməsi təhlükəsi də həmişə mümkündür"... Şair, siz doğrudanmı belə fikirləşirsiniz ki, xalqın rəyi var? Və o ayırd eləyə bilir ki, Xalq şairi kimdi, xalqın şairi kimdi? Ətrafa baxaq - bir hissəsi böyüyüb qoyun olacaq quzulardı, bir hissəsi nəfəsinə çəkdiyi havanı zəhərə döndərən ilanlardı, bir hissəsi də canavarlar. Özü də təbiətdəkindən fərqli olaraq bu canavarlar öz caynaqlarına, öz dişlərinə, öz ayaqlarına arxalanmırlar. Vaxta arxayındılar - Canavar vaxtına. 
    
   *** 
    
   Mən yenə bizim toplumun ənənələrinə sadiq qaldım. Ən çətin sualları şairə verdim. O da deyirsə ki, "Mən daha lalam, lal bu yer üzündə"... Biz gör nə qədər şairi lal eləmişik - yaxşı ki, Nəfəs hələ var. Gurultudan, qırıltıdan aralanıb Sözə qayıtmaq vaxtıdır. Şairlər azalsa da, var. 
       
   *** 
    
   Ramiz Rövşənlə şəxsi tanışlığım yoxdur. Dövlət televiziyasında işlədiyim vaxt ikicə dəfə telefonla danışmışam, verilişə dəvət etmişəm, o da çox nəzakətlə imtina edib, gəlməyib. Bilirəm ki, Ramiz qadınlara yuxarıdan baxır, onları ciddiyə almır. Əgər ona rahatlıq gətirəcəksə, elə fikirləşsin ki, bu yazını da kişi yazıb. Ancaq kişilər də bir olmur, atam balası - qorxağı var, igidi var. Siz o qara paltarlı gözəl qadınlardan ümidinizi üzməyin. Bu millətin sabaha gedən yoluna tökülən daşları həmin qadınların inadı, səbri, cəsarəti və göz yaşları təmizləyəcək. 
    
     
   *** 
    
   Bilirəm, bir gün atam da bezib deyəcək ki":: "Sən də kiri, qəbrim damır, ağlama!"

2006-cı il, dekabr

TƏQVİM / ARXİV