ANA SƏHİFƏ / YAZARLAR

Azərbaycan qadınının daşı düşsün təpənizə - Emin Piri yazır

67290    |   2020-03-16 09:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan qadını Azərbaycan yazıçısını anlamır, başa düşmür və.s. Bu tipli statuslara, yazılara, açıqlamalara tez-tez rast gəlirik. Bu, yazıçı həssaslığı, ərköyünlüyündən, hər hansı haqsızlığa məruz qalmasından, uğursuzluğa haqq qazandırmaq təhtəlşüurundan irəli gələ bilər. Bəs, Azərbaycan yazıçısı nə istəyir? Sanki əsərlərimizlə qalaktikaları aşacaqdıq, onlar imkan vermir. Nə istəyirik? Sevgi, qayğı, yataq, mətbəx, ütülü paltar, ev işləri, möhtəşəm analıq, əzab-əziyyətə sinə gəlmək, sadiqlik, üstəgəl yazdıqlarımıza, yerli-yersiz vərdiş və ərköyünlüyümüzə anlayış. Bu qədər ideal. Absurd olmadımı?

Bu qədər ideallıq yalnız Tanrıya məxsus ola bilər. Bəlkə axtardığımız məhz Tanrıdı? Elə isə bütün bunları qadından niyə gözləyək?

Sanki bunlar(oxu: Azərbaycan yazıçısı) magik realizmlə oxucunu tilsimləyəcəkdilər, amma yazı masasının yanından keçən yoldaşının ayaq tıqqıltısı bu hipnozu pozdu.

"Patriarxın payızı”ndakı kimi qırılmış yumurtaları kimin hesabına yazmağı düşünürdülər, amma Markes kimi 90-lı yaşlarda hüznlü fahişələri dadmağa bu cəmiyyət, bu cəmiyyətin qadınları mane oldu deyə alınmadı. Qırılmış yumurtaların taleyisə naməlum qaldı.

Əmin olun, bunlar Dostoyevskidən də böyük əsərlərini ehtiyatda saxlayırlar. Sadəcə bir maneə var. O ədib kimi arvadlarının nişan üzüyünü qumara, içkiyə yatırmaq. Bizim yazıçıların arvadları buna könüllü razı olmadığına görə biz də "Cinayət və cəza”, "İdiot” kimi əsərlərdən məhrum olmuşuq. Əsər var, sadəcə, üzüyü qumara, içkiyə yatıra bilmirlər deyə alınmır. Bəlkə də yatırırlar, sadəcə, bundan sonra əcəb etmisən alqışını görmürlər deyə ədəbiyyatdan küsür bu yazıçılar.

"Qoca və dəniz”i yazıblar, hətta ondan da yaxşı əsərləri. Sadəcə Azərbaycan xanımı bizim yazıçıların morfi qəbul etməsini istəmir deyə bu yazıçılarımız da küsüb o əsərləri çapa vermir.

Şeiriyyatda Bayrondan daha ötəsi kimi özlərini dünyada təsdiqlədə bilərlər. Amma bir əmma var. Onun kimi bir ildə 300-dən artıq sevgili dəyişmək. Azərbaycan xanımı bunu anlamır deyə dünya bizim böyük dahilərdən məhrum olub.

Əsərlərlə deyil, qeyri-sağlam yaşam tərzinin müqayisəsi ilə yazıçı həssaslığı insani hiss deyil, sadəcə xəstəlikdir. Sadəcə içlərində yatan əyyaş, narkoman, qumarbaz obrazını ədəbiyyat adıyla sığortalamaq, müqayisəni mətnlə yox, yaşam tərziylə götürmək ikrah doğurur.

Azərbaycan kişisi heç olmasa, bacara bildiyi sahədə-mətnində Azərbaycan xanımına necə toxunub? Istisnaları kənara qoyaq. Yaşlı qadınlarımız əsasən küpəgirən, deyingən, evlər yıxan obrazdı. Xarici mətnlərdəsə o qoca nənələri sadəcə sevə bilirsən. Bəzi "cadı”-sehrbazları çıxmaqla.

Gənc xanımlardansa, əksər hallarda başı batmış əğyara yar olan, vəfasız və.s. Bircə gözəlliyindən danışılır. Daxili dünyasına, ruh aləminə böyük hallarda keçid edilmir. Uzaqbaşı özü gözəl, daxili dünyası olmayan hərəkət edən "ət” kimi. Nə qədər incələsəniz də aşağı-yuxarı mətnlərimizdə faiz çoxluğu belədir. Hə, yarada bilinən müsbət obrazların böyük əksəriyyəti isə mətn kimi uğursuzdu.

Heç nə yox, "Gombul” da yazıçının bir fransız fahişədən necə qəhrəman obrazı yarada bilməsini düşünsək biz mətnlərimizdə xanımlarımıza nə qədər haqsız yanaşmağımızı görə bilərik. Əlbəttə, bu əsərdə əxlaqın əslində həyat tərzi və.s ilə əlaqəli olmaması, bəzi vətənpərvərlərin əslində necə işbaz olması mənalanmalarını müzakirə etmirəm. Bu ayrı mövzunun müzakirəsidir. Amma nəticə ortada.

Ilişib qalmışıq Milenalarda, Dianalarda. A kişi, şeirimizdə belə Azərbaycan xanım adlarını çəkməyi onlara çox bilirik. Ya da bizim şairlərin düşüncə tərzində Azərbaycan qadınının adı ya bayağıdır, ya da bu həsr edilməklərə layiq deyil. Ona görə həsr etdiyimiz şeirlər avropalı xanım adlarına müraciətlədir. Bunun Günelləri, Leylaları, Günayları, Aytəkinləri hanı?! Guya inteqrasiya edirik də, biz müasir avropalı şairlərik, axı. Əmin olun ki, bizə gözəl görünən bir çox əcnəbi xanım adları vaxtilə onların Tükəzbanları, Fatmanisələri olub. Adı sevdirən adın məxsus olduğu insanın özünün necə uğur qazanması və məlum əsərlərlə necə sevdirilməsidir.

Azərbaycan qadını olmasaydı Azərbaycan yazıçısı ən yaxşı halda bomj olardı. Göydən uydurmuram e, elə öz təcrübəmdən, tanıdıqlarıma əsasən deyirəm.

Heç zad, Azərbaycan qadınının daşı düşsün təpənizə.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.04%)
Pullsuz (10.96%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK