viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | DESƏM DİLİM YANAR... Adalet.az | DESƏM DİLİM YANAR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DESƏM DİLİM YANAR...

(Vəsilə Usubovaya)

24344    |   2006-12-01 21:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, hərəkət azad, bütün varlıq azad, istila zənciri yox, altun yox, dəbdəbə yox, fərman yox, hər kəs öz zəhmətinin, öz arzusunun quludur".
   
   
   
   Cəfər CABBARLI
   
   
   
   Mən fikir verirəm, görürəm ki, son vaxtlar insanlar məktub yazmırlar. Təbiidir, texnika inkişaf eləyir, adamların bir-biriylə əlaqə saxlaması asanlaşır. İndi bir neçə saniyə ərzində dünyanın hər hansı bir nöqtəsi ilə rabitə yaratmaq mümkündür. Amma insanlar arasında canlı ünsiyyət azalır. Əlaqə vasitələri mane olur. Mən məktublaşmanı da canlı ünsiyyət hesab edirəm. Çünki yazılanlar həm insanın xarakterini ifadə edir, həm savad dərəcəsini göstərir, həm də dövrün, tarixin mənzərəsini verir. Məktub həm də ədəbiyyatın maraqlı janrlarından biridir. Bu gün epistolyar janr ədəbiyyatdan gedir. Təəssüf. Gələcək nəsillər olub-keçənləri yalnız yalançı tarix kitablarındanmı öyrənəcək? Bu günün insanı nə ilə nəfəs alır? Nə yeyir, nə içir? Qayğıları nədir, sevinci-kədəri nədir? Gələcək nəsillər bütün bunları bir-birinə söyüş yağdıran müxtəlif yönümlü qəzetlərdənmi öyrənəcək?
   
   Bəzən mənə məktub yazırlar. Özü də bir qayda olaraq problemli, dərdli adamlar yazırlar. Hətta telefon zəngləri də olanda məhz belə adamlar edirlər. Hələ ki işi düz gedən, arın-arxayın, kefi yuxarı adamlardan bir reaksiya görməmişəm. Nə qədər ki, qabağında kürsü, əlinin altında düymə, kabinetinin qabağında qəbul otağı, bu qəbul otağında da katibə var, insanlar xoşbəxtdir. Deyirlər ki, xoşbəxt adamlar vaxtla maraqlanmırlar. Mən bir düzəliş eləmək istəyirəm. "Xoşbəxtlər" qulaqlarını tıxayıb heç nə eşitmək istəməyənlərdir.
   
   
   
   ***
   
   Bu mənim üçün böyük ağrıdır. Düşünürəm - əgər yazılanlar, deyilənlər kimsənin tükünü də tərpətmirsə, nələr baş verir? Biz harda yaşayırıq? Laqeydlər paraleli, etinasızlar meridianı, biganələr iqlimində? Düşünürəm - bu iqlimin insanları hansı irqə mənsubdur? Anlamazlar, gönüqalınlar irqinə? Sevgi, mərhəmət, anlayış niyə yoxalıb? Alçaqlıq, rəzillik niyə çoxalıb? Ya da hər vaxt belə olub, sadəcə bizim yaşadığımız ekstremal dövr insanların bu "gözəl" keyfiyyətlərini üzə çıxarıb. Düşünürəm - düşüncəsizlərin əhatəsində yaşamaq böyük dərddir. Düşünmək istəməyənlərin də əhatəsində yaşamaq böyük dərddir. Mən bilirəm ki, anlamaq da dərddir, amma anlaşılmamaq da dərddir. Mən ürək işığında, göz işığında, arzu, ümid işığında yaşamaq necəliyini anlayıram. Amma onu da anlayıram ki, öz içimdə hansı ağrılarla yaşadığımı kimsə bilmir. Sizin məktubunuz sonuncu damcı oldu bu yazını yazmağa. Niyə məni hər zaman dərdli adamlar axtarırlar? Öz içimdə nə var, bir özüm bilirəm, bir də güman eləyirəm ki, Allah. Onun da dəqiq bilib-bilmədiyinə şübhəm var deyə belə deyirəm. Yazınızı oxudum, çox təsirləndim. Demək nə isə qalıb - ayrı-ayrı adacıqlar şəklində.
   
   Çox qapalı adamam. Kimsəni içimə yaxın buraxmıram. Və bilirəm ki, ətrafdakılara da ədalı, göydən gedən, soyuq, qılıqsız adam təsiri bağışlayıram. Heç həvəsim də olmur izah edəm ki, yox, vallah, belə deyil. Eybim odur ki, hər kəsi çox böyük (özüm bildiyim) meyarlarla ölçmək istəyirəm, o da alınmır. Amma yəqin insanlar arasında görünməz bağlar var, ruh yaxınlığı olan kimsələri axtarıb tapmaq eşqi var. Belə olmasaydı yaşaya bilməzdik. Və şadam ki, zaman-zaman düşüncəmdə yaratdığım azadlıq adasının sakinləri çoxalır. Bu adaya xoş gəldiniz! Bilsəydiniz buraların necə gözəl vətəndaşları var (sevgili Tofiq Abdin də oralıdır, yəqin heç özünün xəbəri yoxdur). Bilirəm, məni "həzm" eləmək çətindir. Xasiyyətim ağırdır, dilim acıdır, sözlərimi bir batman balla yemək olmur. Bilirəm. Necə varamsa elə qəbul eləyənlərə minnətdaram. Həyatım boyu o qədər rəzilliklə, alçaqlıqla üzbəüz qalmışam ki, bu maskanı bütün vücuduma geyinməyə məcbur olmuşam. Sizin də dediyiniz kimi, ətrafımdakı biganələr məni güclü ediblər.
   
   
   
   ***
   
   Uzaqdan hər şey çox parıltılı, gözəl görünə bilər. Həsəd, paxıllıq da ola bilər, amma ağrım çoxdur. Özümünkü bəs deyilmiş "Onun"kular da mənimdir. Bir də ki, özümdən baş çıxara bilmirəm - "Mən" və "O" o qədər üzləşmişdik ki, ayırmaq istəmirəm. "Mən" "Onun" içində özümü əritmişdim. Nəyin kimə aid olduğunu da bölmədim. Bilirəm ki, yazdıqlarımda sarı simlərə toxuna bilirəm. Amma mənim həyatım da sarı simə köklənib. Mən "Onun" lal olmuş dilini, danışan gözlərini Tanrıya bağışlaya bilmirəm. Kədərli baxışlarını, sükutunu unuda bilmirəm və bilirəm ki, bu baxışlar məni son anıma qədər izləyəcək.
   
   Dekabrın 1-də ölümündən iki il keçdi. Mənə deyirdilər ki, vaxt hər şeyi sağaldır, zaman keçəcək, ağrıların azalacaq, o, işıqlı xatirələrlə dönəcək. Hə, hə- deyirdim, düz deyirsiniz, həyatın təbii axarıdır, hamı valideynlərini itirir. Deməyinə deyirdim. Bilirdim ki, növbətçi təsəllidir də verirlər. Mənimçün vaxt heç nəyi dəyişməyəcək. Mən onun ölümünə yox, həyatına ağlamışam. Sağlığında ağlamışam. Gördüklərimə ağlamışam. Ağlım kəsəndən sonra tunc heykələ bənzəyən Turan Cavidi anladım. Onu daşa döndərən içində gəzdirdiyi atasının həyatı idi. Mənə görə bu məmləkətin bütün şairləri sürgündə yaşayıb. Başı sığallananı da, zərbə yeyəni də. Sözünü deyirsən dilini kəsirlər, demirsən için kəsilir. Öz içində sürgün yaşamaq asandırmı?
   
   
   
   Ölənin ilindən sonrakı
   
   Ölümü yaman olar.
   
   Daha haqqı çatmaz onun"::
   
   "Qılıncımı paslatmayın" - deməyə,
   
   "Atımı yəhərləyib, satmayın" - deməyə
   
   "Evimdə toy-büsat qurmayın" - deməyə
   
   "Yerimdə yatıb-durmayın" - deməyə.
   
   
   
   Belə deyirdi, amma mənim üçün "ilindən sonrakı ölüm" gəlmir. Deyirlər belə olmaz, Allaha ağır gedər. Yenə deyirəm, hə, hə, düz deyirsiniz, gələn gedəcək. Deməyinə deyirəm...
   
   
   
   ***
   
   Elə bilirdim ki, özümü hər şeyə kökləmişəm. Və bu labüd sona da hazıram. Axır vaxtlar çox zəifləmişdi, heç iki addım da atmaq istəmirdi. Anlayırdım ki, qüvvəsi tükənib, hər şey bitir. Ürəyimdə bəzən inanmadığım, bəzən də inanmaq istədiyim o mütləq qüvvəyə xitabən bircə dilək diləyirdim- heç olmasa bir neçə günlüyə, bir neçə saatlığa dilini qaytar, ürəyindəkini desin. Eşitmədi. Yalvarışlarımı eşitmirsə, üsyanımı niyə eşitsin?
   
   
   
   ***
   
   Mənə deyirlər ki, sən nədən narazısan, dərdin nədir? Deyirəm heç nədən, mən çox xoşbəxtəm. Xoşbəxtəm ki, başımın üstündə oturdulmuş müqəvvaya Məhəmməd Hadi haqqında yazmaq istədiyimi deyirəm, gözünü döyür. Tanımır Hadini. Xoşbəxtəm ki, dağdan ağır Elçibəyin üstünə bir daş qoymaq bu ağlı gödəninə calaq millət üçün böyük bir qalmaqala çevrilib. Xoşbəxtəm ki, nəhəng-nəhəng sənətkarları hansısa əli möhürlü bir məmur saatlarla qəbul otağında gözlədir (gördüyümü deyirəm). Xoşbəxtəm ki, insanlar yaltaqlıq, yalaqlıq yarışına qoşulublar, xoşbəxtəm ki, "bircə şapalağa dəyməyənləri, bir şapalaqla hörmətə mindirirlər"... Ətrafımda məni xoşbəxt edəcək hadisələrin sayı hədsiz-hesabsızdır. Sadalayımmı?
   
   
   
   Mənə bir dərd olur, doğru bir sözü
   
   Yalan daşlarının batırmağı da.
   
   Biçili, ütülü bir şərəfsizin,
   
   Şərəf kürsüsündə oturmağı da.
   
   
   
   ***
   
   Mənim düşüncəmə, ruhuma çox yaxın bildiyim bir dostum var - Mehdi Məmmədov. Tarixçi alimdir, dünya ədəbiyyatının, fəlsəfəsinin gözəl bilicisidir. Çox işıqlı, nurlu adamdır. Uşaqlıqda aldığı bir zədədən görmə qabiliyyətini itirib, gözləri tutulub. Mən onunla söhbət edəndə aranı dağa qatıram, dağı arana - vaxtın necə keçməyindən xəbərim olmur. Düşünürəm ki, görmək üçün göz şərt deyil, insanın şüuru görməlidir, qəlbi, ürəyi görməlidir. Ətrafımızda nə qədər gözlü korlar var. Hətta gördüyümüzü bizə əyri göstərməyə çalışanlar var. Mehdi müəllim mənə hər zaman deyir ki, Məmməd Arazın poeziyası məni ayaqda saxlayıb, yaşadıb. Dünyadan küsəndə, inciyəndə yadıma salıram ki, "umdum nə verdi ki, küsdüm nə verə"- sakitləşirəm. Yadımdadır ki, bir dəfə Mehdi müəllimdən soruşdum":: "Bu diyarda kef əhli çoxdur, ya dərd əhli?" Dedi":: "Əlbəttə, kef əhli. Abırsız adam dərd çəkə bilməz. Yıxan yıxılmışında oturar, tikən tikilmişində. Ancaq sən də gerçəkliyi dərk eləsən yaxşıdır. Hegel deyib ki, gerçəkliyi dərk edən adam - azad adamdır!" Hegel desə də, kim desə də, dərk etdiyim mənə qəlb rahatlığı gətirmir.
   
   
   
   Çox gözlü var torpağına kor baxır,
   
   Dan yerinə bəbəyində tor baxır.
   
   Yüz də çevir, min də ələ torpağı,
   
   Namərdinən mərd yanaşı göyərdi.
   
   
   
   ***
   
   Mənim "Şair" sözünə özəl münasibətim var. Hər söz yazan, hətta yaxşı yazan belə mənim qəbul elədiyim şair anlayışına uyğun gəlmir. Daha doğrusu, mənim şairlərim heç bir ölçüyə, çərçivəyə vəznə sığmayan şəxslərdir. Hamının dərdini özününkü edən, sevgisini hər kəsə pay verənlər, hər hüceyrəsi ilə mənsub olduğu coğrafiyanın, həm də bəşərin övladı ola bilənlər, dünyanı öz içində yerləşdirib, bu dünyada özlərinə yer tapa bilməyənlərdir. Mən şair olmağın nə əzab olduğunu bilirəm. Nə şöhrət, nə var-dövlət bu əzabın ağrılarını azaltmır. Zamanın eşitməyən qulaqlarına şair olub söz deməyin nə olduğunu bilirəm.
   
   
   
   Vaxt olur ki, xoş gəlməyir
   
   Ömrümdəki təmtəraqlı günlər mənə.
   
   O gün bəzən
   
   nədənsə mən
   
   madarını dəfn eləyən,
   
   bir ananın kədərini düşünürəm.
   
   Son səfərdə vurulan bir qəhrəmanın
   
   Nakam qalmış zəfərini düşünürəm.
   
   Təmənnalı sağlıqların
   
   yalan qusan qədəhindən
   
   iyrənirəm.
   
   Bəxşiş qapan tamahların
   
   horralanmış qəh-qəhindən
   
   iyrənirəm.
   
   
   
   ***
   
   İndi fikirləşirəm ki, bizim münasibətlərimiz ata-qız yox, ustad-mürid münasibətləri idi. Hər halda böyük əksəriyyət valideynlərini çox sevir. İtkisini də ağır keçirir. Amma hər kəs lap yaxınlığındakı şəxsin böyüklüyünü dərk eləmək iqtidarında deyil. Mən onun kim olduğunu bilirdim. Moskvada oxuduğu zamanlar anama göndərdiyi məktublarda oğul gözlədiyini yazır, ad da fikirləşirmiş. Mən doğulmuşam. O zaman nə hisslər keçirdiyini bilmirəm. Bu barədə heç danışmazdı. Amma bilirdim ki, ürəyində oğul nisgili var. Və qəribədir, mən, oğlan yox, qız doğulduğuma görə xəcalət çəkirdim. İndi özümdən çox arxayınam. Hər kişinin İradə kimi oğlu ola bilməz.
   
   Uşaqlığımda onunla şer gecələrinə, görüşlərə getməyi sevirdim. Ona bağışlanan gülləri qucaqlayır, qürrələnirdim. Bu şer 1970-ci ildə yazılıb. Niyə yazıldığını çox sonralar anladım. Elə sağlığında hər şeydən təcrid olunub, kimsənin yad etmədiyi günlərdə anladım.
   
   
   
   Bu qədər güllərə uyma, gül balam,
   
   Mənsiz bu töhfələr yox ola bilər.
   
   Körpə duyğuların belə zövq ala,
   
   Beləcə incəlib, yuxala bilər.
   
   
   
   Mələr çəmənlərdə quzu küləklər,
   
   Sazaqlar yol üstə yaz haraylayar.
   
   Qırıb pəncərəni quzğun küləklər,
   
   Qəlbini didməyə yas haraylayar.
   
   
   
   Güllərə hopulan bu alqışları
   
   Gülüm, göz yaşınla yuyarsan onda.
   
   Tikan qayğıları, buz baxışları,
   
   Ayaz gülüşləri duyarsan onda.
   
   
   
   Qəlbimi də diddilər, buz baxışları, ayaz gülüşləri də gördüm, tikan qayğıları da yaşadım.
   
   
   
   ***
   
   Mən yazıram, heç bilmirəm kimin üçün yazıram. Yəqin yenə ağız büzənlər olacaq, deyəcəklər nə istəyir ey bu. Mən istəyirəm ki, bu xalqa işıq gətirənlərin də çırağı gur yansın. Üç gün meyidi ortalıqda qalıb dəfn olunmağa icazə verilməyən Mirzə Fətəli Axundov da, əlyazmalarını sobaya atıb yandıran Mirzə Cəlil də, çərləyib ürəyi şişən Sabir də, güllələnən Müşfiq də, sürgündə çürüyən Cavid də mənim dərdimdir. Dünənki, bugünki, sabahkı dərdimdir. Mən istəyirəm ki, Hadini tanımayan müqəvva mənə rəhbər göstərişlər verməsin. Mən istəyirəm ki, 1500 illik söz tarixi olan bu xalq sabahın Məmməd Arazlarının da dilini lal eləməsin. Mən istəyirəm ki, bu günün şərəf kürsüsündə oturanlar bizi gələcək əsrlərə daşıyanların kim olduğunu dəyərləndirə bilsin. Rəsul Rza deyirdi ki, "gördüyümüzdən artıq görmək istəməsək hər rəng adicə boyadır". Mən gördüyümü görmüşəm, desəm dilim yanar. Amma yəqin nə vaxtsa deyəcəm. Gördüklərimi kitab halına salacam. Hövsələsini basıb bu yazını əvvəldən axıra qədər oxuyanlara da təşəkkür edirəm. Nə istədiyimi anladılarsa, nə yaxşı. Yox, yox da... Sizə də təşəkkür edirəm Vəsilə xanım. Yaxşı ki, sizi tanıdım. Elə ağrılar var ki, onları tək çəkmək olmur. Fiziki ağrıları üstələməyə nə var ki? Dərmanı içərsən keçər, o biri ağrılarımızın çarəsi nə olsun?
   
   
   
   Göz görəli taxtdan salır əyri düzü,
   
   Əyri qələm, əyri fikir, əyri düzüm,
   
   Bu düzlükdə düzlük özü əydi düzü.
   
   Bu millətin dərdi-səri min şaxəli.
   
   
   
   Dağ Aranda, Aran dağda olan yerdə,
   
   Yurddaş adlı yurd dağıdan olan yerdə,
   
   Baş gödəndən aşağıda olan yerdə
   
   Bu millətin dərdi-səri min şaxəli.
   
   
   
   ***
   
   Laqeydlər paraleli, etinasızlar meridianı, biganələr iqlimi məmləkətində yaşayan insanların bir şakəri də var - millətin 99 faizi şer yazır. Heç vaxt bir misra da olsa yazmağa cəhd eləmədim. Sizin də dediyiniz kimi, hamının dərdini yazıb. Yazılan yazılıbsa...
   
   
   
   Dağ ömrümü qış əritdi, yaz yıxdı,
   
   Dərdim keçən yollar yazıq-yazıqdı.
   
   Desəm dilim yanar, dilim yazıqdı,
   
   Deməsəm, duymazlar üzümdən mənim.


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK