nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | ÖMRÜN, YAXUD ELMİN FƏLSƏFƏSİ Adalet.az | ÖMRÜN, YAXUD ELMİN FƏLSƏFƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ÖMRÜN, YAXUD ELMİN FƏLSƏFƏSİ

Ülkər Zakirqızı

24825    |   2020-02-27 13:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Söhbətin mövzusu insan olunca mövzuya haradan başlamaq, həyatın hansı məqamına daha üstünlük vermək üzərində bir qədər düşünülür. Çünki hər bir insan cəmiyyətdə mövqeyinə, ləyaqətinə, əqidəsinə və mənəviyyatına görə bir-birindən seçilir. Kimin doğru, kimin yanlış yol tutduğunu isə zaman özü tənzimləyərək sonda dəyərləndirir. Təəssüflə bildirilməlidir ki, çox vaxt insan sağlığında layiqli qiymətini almır.

Təlatümlərlə dolu insan ömrünü söz sahibləri müxtəlif təşbihlərlə ifadə etmişlər. Bədii ədəbiyyatlarda ötən illəri bəzən zamanı gəlincə ağaclardan qopan payız xəzanına, çayların sonu görünməyən axan suyuna, bəzən də alışıb yanaraq mövcudluğu külə döndərib yox edən oda bənzətmişlər. Bunlardan hansının tanıdığımız şəxsin həyatı üçün daha uyğun görülməsi yaşanılmış ömrün gedişatı ilə əsaslandırılır.

Mövzuya bir qədər bəşəri yanaşma heç də təsadüfi deyildir. Çünki AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun ömür hekayəsi çoxlarından fərqlənirdi. Onun 66 illik ömrü fədakarlığı, əzmi, dürüstlüyü ilə çoxlarının keçə bilməyəcəyi bir yol olmuşdur. Yaxınları, dostları onun qarşılaşdığı çətinliklərə necə sinə gələrək sınmadığının şahididir. Alimin qarşılaşdığı çətinliklər heç də şəxsi zəmində olmamışdır. Hər birimiz kitablarda tarix boyu xeyir və şərin, fəzilət və cəhalətin, istedad və həsədin mübarizəsi haqqında çox yazılar oxumuşuq. Dövründən, mühitindən asılı olmayaraq, cəmiyyətdə sağalmaz bu bəlaların əziyyətini çəkmiş onlarla mütərəqqi ziyalımız olmuşdur. Zakir Məmmədovun alim ömründə yaşadığı çətinlikləri cəhalət və fəzilətin mübarizəsi kimi qiymətləndirmək mümkündür.

Cabbar bəyin oğlu Zakir..

Zakir Məmmədov 1936-cı ildə Qarabağın dilbər guşələrindən biri Ağdamın Seyidli kəndində anadan olmuşdur. Həyat sınağı və haqsızlıqla qarşılaşma onun körpə yaşlarından başlamışdı. Belə ki, qanlı-qadalı 37-ci il repressiyası onun ailəsindən yan keçməmişdi. Dövrünün ziyalısı atası Cabbar bəy kasıb uşaqları maarifləndirmək üçün Baharlı kəndindəki evində məktəb açmış, lakin cəhalətin üstün gəldiyi məqamda o, həbs edilərək Sibirə sürgün olunmuşdur. 8 illik dözülməz sürgün həyatının Cabbar bəy yalnız 4 ilini yaşamağı bacarmış və 1941-ci ildə bir çox ziyalımız kimi uzaq Sibir çöllərində həyatını itirmişdir. Yalnız iyirmi ildən sonra 1957-ci ildə Cabbar bəyə qarşı irəli sürülmüş saxta ittihamlar bu ailənin üzərindən götürülərək bəraət qazanmışdır.

Zakir Məmmədov atası həbs edilərkən kiçik olduğundan onu heç xatırlamırdı. Onun həyatda tək himayədarı ömrünü övladına həsr edən fədakar anası Hüsnü xanım idi. Həyatın bütün çətinliklərini üzərinə götürən ananın tək arzusu oğlunu layiqincə böyütmək olmuşdu. Övladının istedadı, təhsildəki uğurları onu qürurlandırırdı. Məktəb illərində Zakir Məmmədov çalışqan, şairlik və rəssamlıq bacarığına sahib şagird kimi payonda seçilirdi. Bütün bu zəhmətinin nəticəsi olaraq o, məktəbi gümüş medalla bitirdi. Ağdam I saylı məktəbin direktoru və riyaziyyat müəllimi Səmayə müəllimə öz şagirdinin gələcəyinə əminliklə inanaraq hər dəfə yeri düşəndə adamlar arasında deyərdi ki, "mən inanıram Zakir gələcəkdə hansı peşə sahibi olmasına baxmayaraq, istedadlı insan kimi öz imzasını tanıtdıracaqdır”.

Zakir Məmmədov 1957-1962-ci illərdə ADU-nun (indiki BDU-nun) Şərqşünaslıq fakültəsində yeni açılmış ərəb dili və ədəbiyyatı şöbəsində təhsil almışdır. O, əsasını poliqlot alim Ələsgər Məmmədovun qoyduğu ərəbşünaslıq məktəbinin ilk nümayəndələrindən olmuşdur. Tələbəlik illərində Zakir Məmmədovun Şərqşünaslıq fakultəsində hazırlanmış "Gənc ərəbşünas” adlı divar qəzetinin hazırlanmasında böyük köməyi olmuşdur. O dövrün Universitet mətbuatında qəzetin yüksək səviyyəli tərtibatı ilə bağlı yazı da çıxmışdır. O, hələ orta məktəb illərindən şeirə olan marağını burada daha da genişləndirərək ərəb dilindən etdiyi poetik tərcümələri ilə fakültə gəncləri arasında seçilirdi. Universitetin orqanı olan "Lenin tərbiyəsi uğrunda” qəzetində onun şeirləri və ərəb poeziyasından etdiyi poetik tərcümələr çap olunurdu. Bütün bu uğurlara baxmayaraq, Zakir Məmmədov həyatının böyük zərbəsini məhz o illərdə aldı. Belə ki, istəkli anası Hüsnü xanım ağır xəstəliyə tutuldu. Bu acını da, həyatın haqsızlığı adlandırmaq mümkündür.

Təhsilin, elmin yollarında....

Universiteti bitirdikdən sonra professor Ələsgər Məmmədovun təqdimatı ilə Zakir Məmmədov Az.SSRİ Elmlər Akademiyasının (indiki AMEA) Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi işə götürüldü. Bir neçə ay İnstitutda işlədikdən sonra göndərişlə o, Misirə, məşhur Asuan bəndinin tikintisində tərcüməçi işləməyə getdi (1962-1963). Asuan bəndi Sovetlərin yardımı ilə inşa edilmişdir. Burada bir sıra Sovet Respublikalarından mühəndis, fəhlə qüvvəsi çalışmışdır. Zakir Məmmədov Asuana gələrkən peşəsindən asılı olmayaraq bir nəfər belə azərbaycanlının yoxluğu ilk gündən onu darıxdırmağa başlamışdı. Zakir Məmmədov Asuanda işləyən ilk azərbaycanlı və yeganə ərəbşünas olmuşdur. Bu səbəbdən də, 2019-cu ildə İslam Əməkdaşlıq Təşkilatının Misirdə keçirilən böyük tədbiri zamanı Azərbaycanın nümayəndə heyətilə Misir Prezidentinin müşaviri Usama Əl-Əzhərinin Zakir Məmmədovun Asuan bəndinin tikintisində xidmətini yada salması təsadüfi deyildir.

Xaricdə olarkən Zakir Məmmədovun həyatında faciəli bir hadisə baş vermişdi. Düzdür, ona Asuanda olarkən bu xəbər bildirilməsə də, yalnız ömrünün sonlarında ailəsinə danışdığı dəhşətli yuxusunda bunu anlamışdı. Məhz həmin qorxunc, unudulmaz röyanı gördüyü gecə həyatda ən yaxın havadarı anasını itirmişdi. 1963-ci il mart ayının 3-də Hüsnü xanım ağır xəstəlikdən sonra oğlu ilə vidalaşmadan dünyasını dəyişmişdi.

Asuanda Zakir Məmmədov xeyli kitablar almışdı. Bir dolu çamadana yığaraq gətirdiyi həmin kitabların müəyyən qismini özü istifadə etmiş, bəzilərini isə sonralar yaxın bildiyi adamlara hədiyyə vermişdi. O, öz həyatını məhz kitablara bağlayaraq elm aləmində çalışacağını planlaşdırmışdı. Çoxlarının dilində vətən kəlməsi tez-tez deyilsə də, o, sözün əsil mənasında həqiqi vətənə bağlı insan idi. Bir illik Asuanda çalışdıqdan sonra müqavilənin uzadılması təklifini qəbul etməyərək Azərbaycana qayıtmışdı. Zakir Məmmədov yenidən Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışmağa başlamışdı. O, 1964-cü ildə Şərqşünaslıq İnstitutundan çıxaraq o dövrdə Tarix İnstitutunun nəzdində yerləşən Fəlsəfə sektoruna işə düzəlmişdi.

Misirdə Azərbaycanı sevdirən alim...

Ələsgər Məmmədov Misirdən yenicə qayıdan Zakir Məmmədova şərqşünaslıq fakültəsində Misir dialektindən dərs deməyi təklif etdi. Belə bir fənn ilk dəfə idi ki, tədris olunurdu. O, müəlliminin təklifini məmnuniyyətlə qəbul etdi və bir il burada Misir dialektindən dərs dedi.

Zakir Məmmədovun elmi fəaliyyəti haqqında çox danışmağa ehtiyac yoxdur. 1964-cü ildən ömrünün sonlarına qədər, yəni 2003-cü ilə qədər yaratdığı əsərlər təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqında da tanınırdı. Zakir Məmmədova tədqiqatına qədər orta əsrlər dövründən danışarkən Azərbaycan fəlsəfəsi tarixində yalnız filosof kimi yaradıcılığından "Metafizikanın mövzusu” və "Mövcudatın mərtəbələri” adlı kiçik həcmli iki traktatı mövcud olan Bəhmənyarın adı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil” əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim "Təhsil” əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir. Zakir Məmmədovun tədqiqatlarına qədər elə hesab edirdilər ki, Şərqdə peşəkar filosoflar yaşamamışlar. Məhz onun gərgin əməyi sayəsində bu yanlış müddəa təkzib edilmiş, onlarla filosof və mütəfəkkirlərin adları, xidmətləri Azərbaycan oxucusuna təqdim olunmuşdu.

Zakir Məmmədov Azərbaycana sonsuz bağlılığına sübut üçün bir məsələ barədə söhbət açmaq vacibdir. 60-cı illərin sonları, namizədlik dissertasiyasını müdafiəyə təqdim etdiyi vaxtlarda onun zəhmətkeş gənc alim, ərəb və fars dillərini mükəmməl bildiyini görən Azərbaycanda ezamiyyətdə olan Qazaxstanın fəlsəfə üzrə məşhur bəzi görkəmli alimləri Zakir Məmmədovu Qazaxstana işləməyə dəvət etmişlər. Təklifin əsas məqsədi onun burada Farabinin zəngin irsini araşdırmaq, daha sonra digər mövzuların tədqiqi üçün ona hər bir şəraitin yaradılacağına – istənilən kitabın gətirilməsi, xarici ölkələrə ezamiyyətlərin təşkili, evlə təminat və bu kimi başqa vədlər verilmişdi. Zəhmətkeş alim üçün bütün bunlar əvəzsiz şərait idi. Lakin dissertasiyasının müdafiəsinin iki il gecikdirilməsinə baxmayaraq, o, bu təklifdən imtina etmişdi.

Qüdrətli kişinin arxasındakı ağıllı qadın

Zakir Məmmədova elmi fəaliyyəti boyu mənəvi dayaq olan insan həyat yoldaşı Sevda xanımdır. O, ailə qurduqda özünə təkcə ömür yoldaşı deyil, həqiqi duyan, anlayan insan qazanmışdı. Onu ilk başa düşən, qiymətləndirən qadın anası Hüsnü xanım idi. Anasını itirdikdən sonra yaşadığı ailə boşluğunu həyat yoldaşı Sevda xanım doldurdu. Ona çətin anlarında həmdəm oldu, ruhdan düşməyə qoymadı. Aydındır ki, Zakir Məmmədovun keçdiyi fədakar alim ömrü yolunda ona həmyoldaş olmaq hər qadının iradəsinə sığmazdı. Qarşılıqlı hörmət, ehtiram ailəni möhkəmləndirirdi. Bu gün çoxları Sevda xanımın dözümünə, həssaslığına qibtə ilə yanaşaraq bildirirlər ki, "Zakir Məmmədovun belə zəhmətkeşliyində onun danılmaz rolu vardır. Məhz bu cür həyat yoldaşı tapdığına görə o, çox xoşbəxtdir”.

Zakir Məmmədov həyatında böyük rol oynamış bu iki fədakar qadının: anası Hüsnü xanım və həyat yoldaşı Sevda xanımın qiymətini hər zaman anlamışdır. Bu səbəbdən də, yaradıcılığının şah əsəri sayılan "Azərbaycan fəlsəfəsi tarixi” kitabını anası Hüsnü xanıma və atası Cabbar bəyə ithaf etməsi məhz övlad valideyin bağlılığının parlaq nümunəsi idi. Uzun illərin bəhrəsi sayılan "Şihabəddin Yəhya Sührəvərdi” adlı monoqrafiyasını isə ömür-gün yoldaşı Sevda xanıma ithaf edərək "məsləkdaşım” adlandırmışdır.

2003-cü ilin mart ayının 2-i Zakir Məmmədov vəfat etmiş, 3-ü yəni anası Hüsnü xanımın dünyasını dəyişdiyi gün torpağa tapşırılmışdır. Bunu həyatın qəribə qovuşması adlandırmaq mümkündür. Düz 40 ildən sonra sanki ana ilə oğulun ruhları əbədilikdə bir-birinə qovuşmuşdu.

Zakir Məmmədovu cismən itirmək Sevda xanım üçün həyatının böyük acısı idi. Birgə yaşadığı illərdə bütün çətinliklərə baxmayaraq, hər zaman onun uğurları ilə sevinmiş, kədərinə həmdəm olmuşdur. Həyatının onsuz keçən illərini övladları və Zakirli xatirələrilə yaşayardı. Ömür gün yoldaşı haqqında söylənilən hər hansı xoş söz onu qürurlandırardı. Zakir Məmmədovun cismən yoxluğundan 16 il sonra Sevda xanım ona qovuşdu. Beləliklə də, Zakir Məmmədov həyatında ona mənən dayaq olmuş iki dəyanətli, mətin qadına qovuşdu.

Yaxınları itirdikdən sonra ötən illərə bir anlam vermək istəyirsən. Klassik ədəbiyyatda geniş işlədilən üsul rəqəmlərin kəlmələrlə ifadəsidir. Zakir Məmmədov 66, Sevda xanım isə 73 yaşlarında dünyasını dəyişdilər. Bu rəqəmlərə əbcəd üsulu ilə yanaşdıqda 66 – Allah, 73 – isə Tanrının digər adı Cəlil sözlərilə ifadə etmək mümkündür. Bəlkə də, bu uyğunluq onların yaşadığı pak, təmiz, ləyaqətli həyat hekayəti ilə bağlıdır.




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK