ANA SƏHİFƏ / YAZARLAR

Bu ömür görüş yerimiz

Sona Vəliyevanın lirik duyğular və vətənpərvərlik hissləri aşılayan poeziyası haqqında

32120    |   2020-02-21 16:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öz imzasını Azərbaycan ədəbiyyatı tarixinə yazdıran şairələrimiz çoxdur. Əsrlərdən üzü bəri yol gələn bədii ədəbiyyatımızı Məshəti Gəncəvi, Xan qızı Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Ağabəyim Ağa, Aşıq Pəri, Heyran xanım olmadan təsəvvür etmək mümkün deyil. Sonrakı dövrlərdə Mirvarid Dilbazi, Hökümə Billuri, Əzizə Cəfərzadə, Nigar Rəfibəyli kimi şairə və yazıçılarımız dəyərli əsərlər yaradıblar.

Bu gün estafeti uğurla davam etdirən xanımlarımız ədəbiyyatımıza yeni töhfələr bəxş edirlər. İstedadlı şairələrimizdən söhbət düşəndə adı öndə gələnlərdən biri də Sona Vəliyevadır.

Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, Ali Media və "Qızıl Kəlmə” mükafatları laureatı Sona Vəliyeva sanballı elmi araşdırmalar aparan alim və naşirdir. "Azərbaycancılıq ədəbi-estetik təlim kimi”, "Milli Dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası” kitablarının, təkcə ölkəmizdə deyil, xaricdə də tez-tez çap olunan məqalələrin müəllifidir. Onun xüsusi ilə Hüseyn Cavidin yaradıcılığının tədqiqi ilə bağlı qələmə aldığı məqalələr böyük mütəfəkkir və şairin bədii irsinin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.



Sona xanım ilk növbədə istedadlı şairdir. Məhz ona görə də bu yazıda şairənin poeziyası, poetik düşüncələri barədə fikirlərimizi bölüşməyə çalışacağıq. Sona Vəliyevanın qələmə aldığı şeirlər, nəşr etdirdiyi "Çəhrayı rəngli dünyam”, "Arazbarı”, "Türkün gəlişi”, "Dünya görüş yerimiz”, "Qapına gəldim, İlahi”, "Dünya Tanrı biçimdədir” kitablarını oxuduqca istedadlı bir şairənin könül dünyası ilə təkbətək qalırsan. Yeri gəlmişkən, şairənin "Dünya Tanrı biçimdədir” kitabı professor Elçin İsgəndərzadənin rəhbərlik etdiyi "Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Ədəbiyyat mükafatına layiq görülüb.

Bu ömür görüş yerimiz,

Görüşdük, mən, atam, anam.

Mən Orda mələkdim, Allah,

Yerdə ADAM adlanmışam.


Bəzən yad gəlir buralar,

Ağaclar, dənizlər, çaylar.

Hanı deyilən doğmalar?

Gəlib gördüm tək qalmışam.

Sona xanım Vəliyevanın şeirlərində klassik ədəbiyyatımızın ruhu aydın duyulur, Tanrıya bağlı bir yaradıcı insanın düşüncələri əks olunur:


Kimə qaldı yurd yeri?

Əlim çatmır, əl verin...

Ürəyi qəm nisgilli,

Qapına gəldim, İlahi!


Yol tikana bələndi,

Naxışlar ilmələndi,

İçim-dərd qıfılbənddi,

Qapına gəldim, İlahi!


İstedadlı şairənin lirik şeirlərində insan, onun daxili dünyası, ətrafda baş verənlərə münasibəti dolğun əksini tapır. Lakin oxucu kədər notlarına bürünmür, ümidsizliyə qapanmır, əksinə nikbin ovqata köklənir:


Ölçüsüz, biçisiz bu doğmalığın

Bilirsə sirrini, qoy Tanrı desin.

Məni bu dünyanın təklənməyindən

Qurtara bilərdi tək sənin əlin.


Günəş istisində çovğun, boran var,

İçimdə min qışın küləyi əsir.

Əlim çarpazlanır sinəmə sarı

Görürəm ürəyin əlimdə əsir.


Sona Vəliyevanın bədii yaradıcılığını izləyənlər yaxşı bilir ki, şairə şeirlərində milli ruh, vətənpərvərlik, ikiyə bölünmüş Vətən, işğal altında qalan yurd yerlərimiz, bütöv Azərbaycan mövzularını daim önə çəkir:


Vətən də alın yazımız,

Qorumasaq, pozulacaq.

Alından pozulan yazı

Günahlarla yozulacaq.


Sona xanımı fəqrləndirən əsas cəhətlərdən bir də odur ki, ümummilli dərdlərimizdən bəhs bu şeirlərdə pafos, yalançı hay-küy yoxdur. Yəqin elə ona görə də "Türkün duası”, "Ərdəbilə gəldim”, "Qaçqın yataqxanası”, "Sərhəd adamları”, "Qardaşım Kefli İsgəndərə məktub” silsiləsindən olan şeirlər böyük maraqla oxunur:


Ümidim ürəyin son teli, Allah,

Qorxuram üzülə, gedib çatmayam.

Qarabağ bağrımın qara səbridir,

Qar yağır, don vursa, səbrim çatlayar.


Səninçün qaradam, qartopudur qış,

Mənim həsrətimə qarlar yağacaq.

Şuşanın, Laçının ümidi donub,

Qələbə yazında yarpaqlayacaq.


Sona Vəliyevanın elmi və bədii yaradıcılığı barədə görkəmli alimlər, nüfuzlu ictimai xadimlər mətbuatda, ədəbi məclis və yığıncaqlarda fikirlərini bildiriblər. Akademik, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun, akademiklər Kamran Əliyevin və Teymur Kərimlinin, professor Cahangir Məmmədlinin, Xalq şairi Sabir Rüstəmxanlının, yazıçı Yunus Oğuzun, tənqidçilər Əsəd Cahangirin, Əkbər Qoşalının, Fərid Hüseynin, jurnalistlər Flora Xəlilzadənin, Əbülfət Mədətoğlunun çoxsaylı məqalə və çıxışlarında Sona Vəliyevanın elmimizə, ədəbiyyatımıza verdiyi töhfələrdən geniş bəhs edilib.

Son vaxtlar bizə bəlli olmayan səbəblərdən ədəbi tənqid Sona Vəliyevanın yaradıcılığına biganəlik göstərir. İnanmaq istərdik ki, Sona xanım elmi məqalələri, təzə şeirləri və nəsr əsərləri ilə oxucuların görüşünə gələcək, ədəbi ictimaiyyət, mətbuat onun yaradıcılığına yenidən xüsusi diqqət ayıracaq.

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2020-04-17 : Canlı bir roman
2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK