ANA SƏHİFƏ / YAZARLAR

ALLAHI QATİL EDƏNLƏR (XVI hissə)

Roman

13651    |   2012-01-20 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

XVI hissə

(əvvəli qəzetimizin 14 yanvar sayında)
   
   
   
   Gördüyü mənzərə onu necə yerində dondurdusa, tüfəng əlindən düşdü...
   
   Böyük Qardaş evə girəndə anası soruşdu:
   
   - Dədən harda qaldı?
   
   - İndi gələr.
   
   - Güllə səsini bəhanə edib yenə ora getdi?
   
   Böyük Qardaş bir söz demədən keçdi öz otağına.
   
   Qapı təpiklə necə açıldısa, nəinki ana, qonşu otaqdakı Böyük Qardaş da dik atıldı.
   
   Ana kişinin qucağında qan içində can verən qızcığazı görəndə necə cikkə çəkdisə...
   
   - Nə bağırırsan, ay qancıq? - bu minillik evliliklərində ilk dəfəydi xanımını belə təhqir edirdi. - Görmürsən, hələ sağdı!
   
   Böyük Qardaş qızı atasından aldı:
   
   - Ana, süfrəni dəyiş.
   
   Amma Ananın stolun üstündəki süfrəni dəyişməyə, heyi yox idi.
   
   Ata stolun üstə nə vardı biləyi ilə süpürüb tökdü yerə, süfrə axtarmadı, dartıb pəncərədəki pərdəni qopartdı və sərdi stolun üstə.
   
   Böyük Qardaş qızı ehtiyatla stolun üstə uzatdı:
   
   - Ana.
   
   Cavab gəlmədi, anada cavab verməyə hal vardı ki?!
   
   - Ana, ayıl, ana! Çantamı gətir.
   
   Ata bağırdı:
   
   - Ay qancıq, eşitmirsən uşaq nə deyir? - deyib xanımını silkələdi: - Uşağın çantası hardadı?
   
   Ana söyüşdənmi, silkələdənmi, nəhayət özünə gəldi və qaçıb yan otaqdan çantanı gətirdi.
   
   - Ana, su qaynat. -dedi Böyük Qardaş və ehtiyatla Qızı soyundurmağa başladı.
   
   Güllə sol çiynindən dəyib arxadan çıxmışdı, ürəyi çox zəif vururdu.
   
   - Ata, təcili rayona zəng elə, çox qan itirib, ölür.
   
   - Oğul, sən necə həkimsən, ölür nədi? Əgər bu uşağı xilas edə bilməsən, səni boğaram! - dedi Ata.
   
   - Mən tək neyləyə bilərəm, heç olmasa bir tibb bacısı olsaydı...
   
   Ata:
   
   - Tibb bacısı mən! - birdən hönkürdü, - Qoyma ölsün oğul, sənə qurban olum, qoyma ölsün, qardaşıyın xətrinə qoyma.
   
   Böyük Qardaş spirtlə yaranı təmizləyə-təmizləyə:
   
   - Dedim ki, rayona zəng elə, qoy reanimasiya maşını göndərsinlər, özü də təcili.
   
   Ata nömrəni yığdı, amma özü danışmadı, danışa bilmədi, telefonu tutdu oğlunun qulağına:
   
   - Həkimdi, reanimasiyanı göndərin, qan da göndərin, müsbət bir. Danışmağa vaxtım yoxdu. Güllə yarasıdı.
   
   Böyük Qardaş indiyədək heç kimin qalib gələ bilmədiyi və qalib gəlinməsi də mümkün olmayan Əzrayılla bir döyüşə girmişdi, özü də tək, atasıyla anası bu döyüşdə ona kömək etməkdə aciz idilər.
   
   Ata "tibb bacısı mən" desə də bunu bacarmırdı. İndi özü həm cərrah idi, həm də tibb bacısı.
   
   İndi Əzrayılla vuruşurdu, ya ona verən Tanrı, ya Əzrayıla. Tanrı öz mələyini qoyub, ona verəcəkdimi?!
   
   Müharibə zamanı bundan da ağır əməliyyatlar aparmışdı, çox zaman da birbaşa səngərdə, güllənin altında, tozun-torpağın içində. Möcüzə idi. Onda Tanrı onlara görünməmiş bir güc-qüdrət verirdi, mələklərini köməyə göndərirdi. Kiminsə qolunu kəsmişdi, kiminsə qıçlarını, amma əlində ölən olmamışdı. İndi də müharibə meydanında, səngərdə idi və Tanrını çağırırdı.
   
   "Kurtlar vadisi"nin o yeri idi ki, Məmati çiyninin birini çəkərək ortağı Bulud Yalçınla Zazanın iqamətgahını basmağa gedirdi. O Zazanınkı şəhərdəki cibgirlərin, oğruların qabadayısıydı, sonralar Türkiyəni xilas etmək istəyən və bu yolda varından-yoxundan keçən yazıq Polad Ələmdarla bir-birlərini bağırlarına basıb qardaş olacaq, Türkiyəni birlikdə xilas edəcəkdilər. Hamı nəfəsini çəkmişdi içinə, Məmati Zazanı indi öldürəcək, bir azdan öldürəcək...
   
   Təcili Yardım maşını ulaya-ulaya kəndə girdi. Güllə səsi kəndi diksindirməsə də, maşının ulartısı hamını bir anlıq Məmatidən ayırdı.
   
   Kimsə ərinə-ərinə eyvana çıxdı, kimsə ərinə-ərinə həyətə düşdü, kimsə də bir xəbər bilmək üçün qonşuya səsləndi:
   
   - Qonşu, ay qonşu!
   
   - Hayy!
   
   - Kənddə kim xəstələnib?
   
   - Kənddə sağlam adam qalıb ki?!
   
   Qız Atası da eyvana çıxdı və gördü ki, körpüdən keçən maşın Akademikgilin doqqazına döndü, qayıtdı içəri:
   
   - Arvad, dur görüm.
   
   - Nə olub?
   
   - Təcili Yardım Akademikgilə getdi. Görünür, arvada nə isə olub. Yazıq arvadı bu dərd öldürəcək.
   
   - Qızı oyadım?
   
   - Qızı neynirsən, gəl görüm.
   
   Həyətə girəndə sürücü siqaret çəkirdi.
   
   Qız Atası:
   
   - Axşamınız xeyir, oğul.
   
   - Axşamınız xeyir.
   
   - Nədi, arvada nəsə olub?
   
   - Bilmirəm, dayı, vallah deyəsən kimə isə güllə dəyib.
   
   Qız Anası əlini vurdu dizinə:
   
   - Allah, sən saxla. Deyirdi, vallah, deyirdi. Deyirdi ki, özümü öldürəcəm.
   
   Qalxdılar eyvana və girdilər içəri. İçəri girənlərin kimlər olduğunu görən Böyük Qardaş çığırdı:
   
   - Onları bayıra çıxardın!
   
   Ata cəld ikisini də zorla itələyib çıxartdı bayıra, amma gec idi, ikisi də stolun üstə kimin uzandığını görmüşdü. Və Qızın Anası necə fəryad qopartdısa...
   
   Məmatinin atdığı güllələrin səsi eşidilməz oldu. Bu fəryad kəndin sinəsindən tutub babat silkələdi və hamı töküldü bayıra.
   
   Vay xəbərdən ötrü sino gedən kənd camaatı həyəti doldurub-daşdırdı, elə bil Akademikin tabutunu indicə gətirmişdilər. Birdən-birə televiziyaların qarşısı necə boşaldısa, Məmati də çaşqın-çaşqın Buluda baxdı ki, bu camaat necə oldu?!
   
   Təcili Yardım maşını həyətdən güc-bəla ilə çıxdı. Kənddə ayağı yer tutan qalmadı, maşınlara doluşub Təcili Yardımın arxasınca rayon mərkəzinə yollandılar.
   
   Akademikin də, Qızın da valideynləri Təcili Yardımın arxasınca gedən maşındaydılar. Qız Anası dizinə döyə-döyə ərini söyürdü:
   
   - Ay itoğlu, sənə demirdim o tüfəngi ortalıqdan götür?! Ay itoğlu, sənə demirdim o tüfəngi gizlət?!
   
   Qız Atası isə arvadının başını sinəsinə qoyub xısın-xısın ağlayırdı.
   
   Təcili Yardım xəstəxananın həyətinə girəndə burda da qələbəlik idi. Prokuror da, polis rəisi də, baş həkim də həyətdə gözləyirdilər. Başçıya da məlumat vermişdilər.
   
   Başçı da dərhal baş həkimə telefon açmışdı:
   
   - Əlinizdən gələni edin. Bakıdan həkim çağırın.
   
   Xəstəni yuxarı qaldıranda Akademikin Atası oğluna dedi:
   
   - Oğul, əllərinə qurban olum, qızımı səndən istəyirəm.
   
   Qız Atası "qızımı səndən istəyirəm" sözlərini eşidəndə özünü saxlaya bilmədi, Akademikin Atasını qucaqlayıb hönkürdü:
   
   - Oyy! Ay qardaş, bu nə işdi başımıza gəldi.
   
   Artıq üçüncü gün idi ki, kənd camaatı yalnız gecə düşəndə evə gedirdi, bütün günü xəstəxananın həyətindəki çayxanada qeybətlə məşğul idilər.
   
   - Qızda hikkəyə bax ey!
   
   - Bu da bizim Fərizədi.
   
   - Ə, boş-boş danışmayın, qoyun görək başımıza nə gəlir.
   
   - Qız deyil ey, Həcərdi! Qeyrətinə qurban olum!
   
   Bir nəfər isə artıq neçənci dəfəydi ki, deyirdi:
   
   - Ay qardaşlar, mənim sözümü qəribçiliyə salmayın. İstəyirsiz inanın, istəyirsiz yox, o namərd Polkovniki bu qız öldürüb, görüb işin üstü açılır, özün atıb.
   
   - Vallah, mən də unamışdım...
   
   - Ə, yenə səfeh-səfeh danışmayın! Qoyun camaat dərdin çəksin də! Xalqın uşağın dilə-dişə salmayın. Özü də öldürübsə, lap yaxşı eləyib.
   
   - Biz də onu deyirik də!
   
   Prokuror Başçıya telefon açdı:
   
   - Cənab Başçı, biz özünü öldürməyə təhriklə bağlı cinayət işi qaldırmışıq. Dedim bir sizinlə məsləhətləşim.
   
   Başçı:
   
   - Sən prokurorsan, qanunları da məndən yaxşı bilirsən, məndən niyə soruşursan? Ehtiyatsızlıqdan baş verən bir hadisədi, əsas odur ki, xoşbəxtlikdən hər şey yaxşı qurtarıb. Özün başa düşdün də!
   
   - Cənab Başçı, Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə...
   
   - Dostum, sən Cinayət Məcəlləsindən həmin maddə yazılan səhifəni cır...
   
   
   
   ***
   
   Kriminalist həyətə girəndə Akademikin Atası həmişəki kimi tut ağacının altında çay içirdi, stolun üstündə bir topa da qəzet vardı, qonağı görən kimi dilxor-dilxor başını yellədi, amma hörmət xatirinə ayağa qalxdı, əl tutub görüşdü, oturmağa yer göstərdi:
   
   - Xoş gəlmisiz, əyləşin.
   
   - Xoş gününüz olsun.
   
   Kriminalist oturdu, Akademikin Atası qonağa da çay süzdü, amma əsəbini gizlədə bilmədi:
   
   - Ay oğul, niyə qoymursuz öldüyümüz yerdə ölək?! Bir tərəfdən də bu qəzetlər! Bəlkə o bədbəxt qızı da biz vurmuşuq?!
   
   Kriminalist atanın nə çəkdiyini çox gözəl başa düşdüyündən onun bu tikanlı sözlərindən incimədi:
   
   - Ağsaqqal, mən sizi yaxşı başa düşürəm, dərdinizə də şərikəm. Xahiş edirəm, siz də məni başa düşün. Mən təkcə Polkovnikin qatilini axtarmıram. O uşaqların öldürülməsinin səbəblərini açmaq istəyirəm. Bu gün-sabah elmlər namizədi olacaq gənc bir aspirantın belə bir cinayətə əl atmasının çox köklü səbəbləri var. Mən əgər bunu üzə çıxarmasam, sənin oğlun kimi hələ çox oğullar qurban gedəcək.
   
   Akademikin atası istehza ilə güldü:
   
   - Ondan əvvəl baş verən cinayətləri açdılar ki, siz də bunu açasız?! Sizdən əvvəl bir namuslu müstəntiq vardı. Cinayətləri açmışdı də, nə oldu? Deyirlər indi kartof satır. Gözlə, səni də soğan satmağa göndərərlər.
   
   Kriminalist güldü:
   
   - Hər halda soğan satmaq vicdan satmaqdan yaxşıdı. Amma mənə başqa şey təklif edilib, əgər Polkovnikin qatilini tapsam, böyüdəcəklər, hələ bəlkə prokuror qoydular. İnanın, amma mən bu işi prokuror olmaq üçün açmaq istəmirəm. Mən sadəcə vəzifə borcumu yerinə yetirirəm.
   
   - Oğul, kim sizə deyir vəzifə borcunuzu yerinə yetirməyin. Amma bizdən nə istəyirsiz? Bilmirik dərdimizi çəkək, yoxsa sizin eyni suallarınıza cavab verək. Bir məsələnin üstə nə qədər qayıtmaq olar? Eyni sözü nə qədər soruşmaq olar? Kaş onu elə mən öldürmüş olaydım. Onu mərdi-mərdanə öldürərdim, kişi kimi, xəlvətcə atmazdım. Kişi kimi də gedib girərdim polisə, başımı da dik tutardım. El-oba da deyərdi kişi intiqamını aldı. El-oba cəhənnəm, bu arvadın ürəyi soyuyardı. Bilmək istəyirsinizsə, bir neçə dəfə gedib vurmaq istədim, amma vura bilmədim, insan öldürmək asan iş deyil. Mən onu Allaha tapşırmışdım, Allah da cəzasın verdi. Bir də ki, ay oğul, mən min ilin ovçusuyam, quşu gözündən vururam. Amma mənim eşitdiyimə görə ona iki güllə atıblar.
   
   - Bildiyimə görə, ovçular patronları özləri hazırlayırlar, düzdü?
   
   - Baxır ovçuya. Əldəqayırma ovçuları deyə bilmərəm, amma əsil ovçular, hə. Bilirsiz, oğul, silah ovçunun canı-ciyəridi. Silah həm də qadın kimidi, naz istəyir, sevgi istəyir. Gərək onu əzizləyəsən, oxşayasan, küsdürməyəsən, könlünə toxunmayasan. O patronu, gülləni gərək özün düzəldəsən. Öz əlin, öz nəfəsin dəyə ki, o da səni eşidə, darda qoymaya.
   
   - Sizin emalatxanaya baxa bilərəm?
   
   - Uşaqdan sonra nə o emalatxanaya girmişəm, nə də əlimə tüfəng alıb ova getmişəm. Amma baxmaq istəyirsizsə, gedək baxın. Ürəyiniz sakitləşsin.
   
   (ardı növbəti şənbə sayımızda)


İmza:AQİL ABBAS

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK