nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Zaur İlhamoğlunun şeirləri Adalet.az | Zaur İlhamoğlunun şeirləri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Zaur İlhamoğlunun şeirləri

7254    |   2020-02-11 17:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gedəcəm dünyanın o bir başına

Gedəcəm dünyanın o bir başına
Dünyanın bu başı məni açmadı.
Bu başın günləri qaranlıq imiş,
Burda gün çıxmadı, işıq saçmadı.
Gedəcəm dünyanın o bir başına
Burda yaşananlar dərddən seçilmir.
Bu yerdə min sifət, min dənə üz var
Buranın qoyunu qurddan seçilmir.

Gedəcəm dünyanın o bir başına
Bu yerdə gözləri pərdələyiblər.
Burda yaxşılığın izi-tozu yox,
Burda insanlığı dəfn eləyiblər.

Gedəcəm dünyanın o bir başına.
Burda müharibə, dava-dalaşdır.
Bu yerdə analar sinəsi dağlı,
Burda bacıların gözləri yaşdır.

Gedəcəm dünyanın o bir başına
Burda əyləncədir sevgi-məhəbbət.
Bu yerdə yaşanan sevgi hissləri
Büsbütün ehtiras, büsbütün şəhvət.

Dünya da fırlanır, yerində durmur.
Gün keçir..Oyandın yatana kimi.
Qorxuram o başı bu başı olar
Mən gedib o başa çatana kimi.


Özünə dəyər ver!

Sən ki sən olaraq dünyaya gəldin,
Sənin varlığında bir nəfər "sən" var.
Sən başqa kimsəyə bənzəmə heç vaxt,
Çalış özün kimi olmağı bacar.

Əgər insanları sevmək istəsən,
Hər kəsdən birinci özünü sev sən.
Yadında saxla ki, özünü sevsən,
Onda həm sevəcək, seviləcəksən.

Özünü araşdır, özünü tanı
Bax görüm, bir kimsən,
nahaqsan, haqsan?
Özünü tanısan, bu dünyadakı
Bütün insanları tanıyacaqsan.

Özünə dəyər ver, öz dəyərini
Düşünmə kiminsə dəyərindən az.
Özünü dəyərsiz sansan həyatda,
Kiminsə yanında dəyərin olmaz.

Özünə güvənin olsun hər zaman
Güvənsiz boş şeydir əqidə, məslək.
Güvənin yoxdursa, yadda saxla ki,
Sənə bir nəfər də güvənməyəcək.

Sev öz vətənini, sev, özün kimi.
Ayır vətənində yaxşını, pisi.
Unutma hər kəsdən, hər şeydən öncə,
Özündən başlayır vətən sevgisi.


Adam

Allah, bu necə adamdır
Kim nə deyir baxır, gülür.
Özgəsi də yıxır, gülür,
Doğması da yıxır, gülür.

Hər görəndə adam çaşır,
Bu nə hissdir, aşır-daşır?
Kim ayrılır, vidalaşır,
Əllərini sıxır, gülür.

Dərd çıxsa da çopur-çopur,
Yenə üzə gülüş hopur.
Həyatında tufan qopur,
Dəli şimşək çaxır, gülür.

Dəli deyil, dəli olsa,
Qırıb-tökər ona qalsa.
Kim nə versə, kim nə alsa,
Adam əvvəl-axır gülür.

Gülüşlə qatır başını,
Həm yazını, həm qışını.
Gecə tökür göz yaşını,
Səhər üzdən yığır, gülür.


Külümün altında

Bir vücudda yarandım mən,
İçim çölümün altında.
Tanrı başımın üstündə,
Dünya əlimin altında.

Yaşamağım çılğın istək,
Budur vazkeçilməz məslək.
Günlərim yeraltı çaytək
Axar ilimin altında.

Hər atəşə gərim sinə,
Yandırsınlar dönə-dönə,
Kül olsam da, közüm yenə
Qalar külümün altında.

Nə gördümsə gözlərimlə,
Seçdim əyri,düzlərimlə.
Məzarımı sözlərimlə
Qazdım dilimin altında.


Şair ömrü

Şair şeir yazır, misralar düzür
Sərir vərəq üstə düşüncələri.
Gizlənir yazdığı misralar altda
Bir şair sevinci, şair kədəri.

Bizlər oxuyuruq yazdıqlarını.
Ürəyə toxunur deyirik:-Əhsən!
Bəs heç düşündükmü şair bunları
Hansı şəraitdə yaradır görən?

O necə yaşayır, necə dolanır?
Bəlkə yarıacdır, bəlkə yarıtox.
Bəlkə kirələrdə can verir şair
Yaşamaq üçün öz otağı da yox.

Körpələr haqqında şeirlərini
Analar oxuyar öz körpəsinə.
Biz heç bilirikmi bəlkə də şair
Özü həsrət qalıb körpə səsinə?

Ruhumuz isinir, canımız qızır.
Odlu misraları oxuyan günü.
Duyduqmu görəsən o misraların
Üşüyən əllərdən süzüldüyünü?

Düşünək...Nə fərqi...Bu düşünməyin
Ona nə köməyi, nə əlacı var.
Baxsaq görərik hər şair ömrünün
Bir xoşbəxt həyata ehtiyacı var.

Qəm-kədər içində yaşayar şair.
Xoşbəxtlik ömründən didərgin düşər.
Ondan uzaqdadır işıqlı səhər
Onun həyatına haçan gün düşər?

Bəzən məskən olar soyuq türmələr,
Həsrətdən içindən oyular şair.
Bəzən qürbət eldə əcəl yetişər
Kəfənsiz məzara qoyular şair.

Gözəl əks etdirir şair ömrünü
Bizə müdriklərdən qalan bu kəlam:
"Dünyanı dolaşan gözəl əsərlər
Uçuq daxmalarda yaranmış müdam"

Şairin kimliyi şeirləridir.
Misralar danışan, dinən dilidir.
Bədbin şeirləri yaşadıqları,
Nikbin şeirləri təxəyyülüdür.
Çatmır

Ruh içimdə haray salmış:
-Dərd üstəyəm, dəvam çatmır.
Nə fayda içimdən çölə,
Səsim çatmır, sədam çatmır.

Həm doğmayam, həm özgəyəm,
Bütövdən qopmuş hissəyəm.
Yarımçıq qalmış cümləyəm,
Nöqtəm çatmır, nidam çatmır.

Bacarsan, alışma, yanma,
Bu nə sirdir, nə müəmma?
Hər tərəf açıqdır, amma
Boğuluram, havam çatmır.

Bir günəşəm, kütləm ziya,
Həmdəməm ulduza, Aya.
Nur çiləsəm də dünyaya,
Öz dünyama şüam çatmır.

Əl açaraq göyə hətta,
Dua etsəm də həyatda,
İlişir hansısa qatda,
Allahıma duam çatmır.

Reallıq

Bir gün şeirlər kitabım yanacaq.
Külə dönəcək.
Qarışacaq torpağın qoynuna
İtəcək torpağın ağuşunda..
İtəcək...İtəcək.
Bir zaman olacaq
O torpaqda bir ağac bitəcək.
Köklü, budaqlı bir ağac.
Və insan oğlunda doğan ehtiyac
Onu gövdə-gövdə, budaq-budaq
Kəsəcək, doğrayacaq.
Kağız emal edəcəklər
Qalaq-qalaq, dəstə-dəstə.
Hansısa bir şair şeirlər yazacaq
O kağızlar üstə.
Haqq-hesab dünyasıdır.
Hər kəs öz payını götürür
Bu dünyanın haqq-hesabında.
Mən də şeirlər yazıram
Hansısa şairin "yanmış şeirlər
kitabı"nda.


Olmayaydı

Kaş dünya yaxşılarla hər an aşıb-daşaydı,
Yamanlar olmayaydı, fitnələr olmayaydı.
Hər kəs əziz olaydı, hər kəs doğmalaşaydı,
Ögeylər olmayaydı, özgələr olmayaydı.

Həyat sevindirəydi insan olan hər kəsi,
Xoşbəxtlik gətirəydi aldığı hər nəfəsi.
Hamının bir Vətəni olaydı Yer kürəsi,
Sərhədlər olmayaydı, ölkələr olmayaydı.

Hər kəsin xoş əməli onu nişan verəydi,
Kimsə qan tökməyəydi, əksinə qan verəydi.
Tanrım nə dərd verəydi, nə də dərman verəydi,
Şikəstlər olmayaydı, xəstələr olmayaydı.

"Varlı", "kasıb" deyərək bölünməzdik hissəyə,
Düşməyəydi ürəklər nə qəmə, nə qüssəyə.
Hamı bir ailə kimi əyləşəydi süfrəyə,
Kütlələr olmayaydı, zümrələr olmayaydı.

Nə müdhiş müharibə, nə də savaş olaydı,
Nə də ki insanların gözündə yaş olaydı,
Nə də kimsə qəfildən gülləyə tuş olaydı.
Mərmilər olmayaydı, qəlpələr olmayaydı.

Ruhumuzu sarardı sevinc dolu duyğular,
Çıxardı qarşımıza həqiqətlər, doğrular.
Yarımçıq qalmayaydı etdiyimiz arzular,
"kaş ki" lər olmayaydı, "bəlkə"lər olmayaydı.


Kitabları oxuduqca...

Kitabları oxuduqca
Bu dünyada say-hesabsız
Yolu gördüm, izi gördüm.
Yol üstündə yol yürüyən insanların
Amalında, məsləkində
Səhvi gördüm, düzü gördüm.
Kimlərisə xoşbəxt olub danışdıran,
Xoşbəxtliyin təcəssümün,
Kimlərisə bədbəxt olub
Öz içindən alışdıran
Odu gördüm, közü gördüm.
Kitabları oxuduqca
Daha da çox anladım ki,
Qanunsuzluq kütləsindən
parçalanan zərrə-zərrə
Biz görməyən, biz duymayan
Qanun nədir, qayda nədir?
Üzdə mənasız saydığım nələr varsa,
İçindəki sadəf içrə gizlədilmiş inci kimi
Anlam nədir, məna nədir?
Olumunla ölümünün arasında
yaşadığın
Sirr dolusu, möcüzəli
Həyat nədir, dünya nədir?
Kitabları oxuduqca
Vərəqlərdə pıçıldaşan
Səsi sevdim, ünü sevdim.
Kitablarda Aya dönən,
Günə dönən kəlmələri,
Kəlmələrin dolaşdığı asimandan
Cahilliyin zil qaranlıq dünyasına
nur çiləyən
Ayı sevdim, Günü sevdim.
Kitabları oxuduqca insanlara
sevgim artdı
Səni sevdim, onu sevdim,
İçimdəki "mən"i sevdim.


Düşünüb addım at...

Düşünüb addım at ömür yolunda
Taleyin saldığın iz üstündədi.
Səhvlər elədikcə ümidsiz olma
Bəzən əyrilər də düz üstündədi.
Söz üçün deməyə tərpədəndə dil,
Dediyin hər sözün öz yerini bil.
İnsanın kimliyi adında deyil,
İnsanın kimliyi söz üstündədi.
Bağını görməmiş gülünü dərmə.
Dəvət olunmamış içəri girmə.
Hər çörək kəsənə sirrini vermə.
İnsan var çörəyi diz üstündədi.
Hər kəsin yeri var gəl,saxla yadda
Sən də öz yerini qoru həyatda.
Kiminin varlığı ayaqlar altda,
Kiminin varlığı göz üstündədi.


Sənsizlik

Sən yoxsan əvvəlki o mən deyiləm
Bütövdən hissəyə parçalanmışam.
Sən yoxsan bir ömür çıxmayacağım,
Dibsiz bir boşluğa yuvarlanmışam.

Ürəyim köksümdə sıxılır daha
Sənin həsrətindən,intizarından.
Hər gün yağır mənə kədər yağışı
Könlümün pərişan buludlarından.

Xəyalın bütün gün gözüm önündə
Gecə də kipriklər qovuşa bilmir.
Sənin yoxluğuna barışsam da mən,
Ürəyim yoxluğa barışa bilmir.

Evdə sıxılmayıb dərdləşmək üçün.
Ehtiyac adında qonağım da var.
Gözümün önündə olasan deyə,
Rəsmini düzdüyüm otağım da var.

Ruhumu yandırıb,qəlbimi didən
İçimin atəşi,odu sənsizlik.
Hər günü qayğılı,hər gün fikirli.
Mənim həyat tərzim adı-sənsizlik.

Sanki qundağında məhv olan təki
Heç yaşa dolmadı körpə arzular.
Sənli sənsizliyə aparır məni
Həsrətli duyğular,uzaq duyğular.

Səni hiss eləmək-səni düşünmək.
Sənli xəyallarım ülviyyətimdir.
Sənsizlik içində sən varsan deyə,
Sənsizlik sevincim,səadətimdir.




İmza:
SON XƏBƏRLƏR
2020-02-20
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK