nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Türk qambiti Adalet.az | Türk qambiti Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Türk qambiti

21810    |   2020-01-23 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qanun” nəşriyyatı rus yazşçısı Boris Akuninin "Türk qambiti” romanını Mehman Cavadoğlunun tərcüməsində nəşr edib. Erast Fandorinin macəraları seriyasından tarixi detektiv mövzusunda yazılmış əsərdə hadisələr 1877-78 –ci il Rusiya-Türkiyə müharibəsi dövründə cərəyan edir. Adalet.az həmin əsərdən bəzi maraqlı parçaları diqqətinizə çatdırır.

Yedinci fəsil

Varya namuslu qadın adını

itirir

"Moskskiye qubernskiye vedomosti”,

22 iyul (3 avqust) 1877-ci il.

Bazar günü felyetonu

"Sizin sadiq nökəriniz ötən aylar bizim arxa cəhhənin daimi sakinlərinin məskəninə çevrilmiş bu şəhərin vaxtilə Pazçalan təxəllüslü, başqa bir adı da Drakula olan knyaz Vlada tərəfindən salındığını öyrənəndə hər şey aydın oldu. İndi məlum olur ki, Bukareştə bir rublu niyə ən yaxşı halda üç franka dəyişirlər, nəyə görə adi yeməkxanadakı bərbad bir nahar "Slavyan bazarı”ndakı banketin qiymətinə başa gəlir, mehmanxana otağına görə pul verəndəsə elə bil Bukinhem sarayına icarə haqqı ödəyirsən. Lənətə gəlmiş xortdanlar rus qanını sorur, sorur, iştahla dodaqlarını yalayır, hələ bir tüpürürlər də. Hər şeydən pisi odur ki, üçüncü dərəcəli alman şahzadəsini rumın hökmdarı seçəndən sonra öz muxtariyyatına görə istisnasız olaraq Rusiyaya borclu olan bu Dunay əyaləti kolbasa və sardelka iyi verməyə başladı. Boyar-qospodarların gözü qerr[1] Bismarkdadır, bizim rusak[2] qardaşlarsa burda əmi oğlu keçi sayılır: əmcəyini dartır, sonra da üstdən aşağı baxırlar. Belə çıxır ki, onlar Plevna çöllərində öz müqəddəs qanlarını rumınların azadlığı naminə axıtmır?!”

Varya yanılmışdı, çox pis yanılmışdı. Bukareşt səfəri xeyli darıxdırıcı oldu.

Rumın knyazlığının paytaxtında istirahət etməyə fransızdan başqa daha bir neçə jurnalist yollanmışdı. Hamıya aydın idi ki, yaxın günlərdə döyüş meydanında maraqlı bir şey olmayacaq, ruslar Plevna müsibətindən tezliklə özlərinə gələ bilməyəcəklər. Odur ki, jurnalist can-ciyərlər arxa cəbhənin kefini çıxartmaq həvəsinə düşmüşdülər.

Hazırlıq uzun sürdü, yalnız üçüncü gün yola düzəldilər. Varyanı xanım olduğuna görə Maklaflinin yüngül gəzinti arabasına mindirdilər, qalanlarsa atla gedəsi və Yataqanın yavaş yerişindən bezmiş fransıza uzaqdan baxmalı, söhbətisə irlandla eləməli oldu. O, Varyayla Balkanların, Londonun və Orta Asiyanın iqlim şəraitiylə bağlı hərtərəfli müzakirələr apardı, öz ekipajının ressorlarının quruluşu haqqında məlumat verdi və bir neçə çətin şahmat etüdlərinin ətraflı şəkildə təsvir elədi. Bütün bunlardan əhvalı korlanan Varya yoldaşlarına, o cümlədən atılıb-düşməkdən sifəti qızarmış d`Evreyə düşmən kimi baxmağa başladı.

Yola şıxdıqları ikinci gün – artıq Aleksandriyanı keşmişdilər – bir az maraqlı oldu, çünki Zurov da gəlib süvarilərə qoşulmuşdu. O, döyüşdə fərqlənmiş, igidliyinə görə Sobolyovun adyutantı olmuşdu, hətta, general, deyəsən, onu "anna”ya da təqdim etmək istəyirmiş, ancaq qusar bunun əvəzində ondan bir həftəlik məzuniyyət qopartmışdı əvəz eləmişdi – öz diliylə desək quluncunu qırdırmaq üçün.

Əvvəlcə rostmistr Varyanı cigitlik eləməklə əyləndirməyə başladı: atın belində ora-bura şütüyərək çapa-çapa mavi zəngçiçəklərini dartıb qopardır, qızıl imperialları atıb-tutaraq hoqqabazlıq edir və yəhərin üstündə ayaq üstə durub çapırdı. Sonra Maklaflinlə yerini dəyişməyə cəhd göstərdi, ancaq çox soyuqqanlı və qəti rədd cavabı aldığını görüb fağır hambalı kürən madyanına mindirib özü onun yerində qozlaya oturdu və dərhal başını döndərək öz qəhrəmanlığı və təzə adyutantın qanlı-bıçaq olduğu qısqanc Jeromka Perepalkinin fitnə-fəsadları haqqında hap-goplarıyla Varyanı xeyli güldürdü. Beləcə mənzi başına çatdılar.

Erast Petroviçin dediyi kimi Lukanı tapmaq çətin olmadı. Təlimata uyğun olaraq Varya ən bahalı "Ruayyal” mehmanxanasında qaldı, qapıçıdan podpolkovnik haqqında soruşdu və məlum oldu ki, son excellence[3] burda çox məşhurdur – dünən də, srağagün də restoranda kef edirmiş. Yəqin ki, bu gün də gələcək.

Axşama hələ çox var idi. Varya dəbdəbəli Kalya-Moqoşoya gəzməyə getdi. Çadır həyatından sonra bura onun gözünə Nevski prospekti kimi görünürdü: bər-bəzəkli ekipajlar, dükanların pəncərələri üstündə zolaqlı markizlər, gözqamaşdıran cənub gözəlləri, mavi, ağ, hətta çəhrayı syürtuk geyinmiş şəkil kimi qarabuğdayı oğlanlar və mundirlər, mundirlər, mundirlər. Rus və fransız dilləri rumın dilini tam üstələmiş, eşidilməz etmişdi. Varya əsl müasir bir kafedə iki fincan kakao içdi, dörd pirojna yedi, zövqü-nəşədən təmiz əriyib axdı və panama mağazasının yanında gözü təsadüfən güzgülü vitrinə sataşdı, gördüklərindən dilxor olub dərin bir ah çəkdi. Qarşıdan gələn adamlar düz onun üzünə baxır və yan gedirdilər!

Əynindəki mavi rəngli solğun donun və bozarmış həsir panamanın üstündəki ləkələr rus qadınıı adını batırırdı. Səkilərdəsə ən son Paris dəbiylə geyinmiş messalinalar veyillənirdi.

Varya restorana çox gecikdi. Maklaflinlə saat yeddiyə danışmışdı, ancaq saat doqquzda gəlib çıxdı. "Deyli post”un əsl centlemen olan müxbiri görüş təklifinə dinməz-söyləməz razılaşmışdı (restorana tək getməyəcəkdi ki, kənardan baxanlar da adına fahişə desinlər). O, qızın gecikməyinə görə bir kəlmə giley-güzar etməsə də, çox dilxor görünürdü. Eybi yox, nə əkərsən, onu da biçərsən. Bütün yol boyu öz metereoloji bilikləriylə zəhləmi tökmüşdü, qoy indi xeyri dəysin.

Hələ ki, Lukan zalda yox idi və Varya insansevərlik prinsipinə əsaslanaraq qədim fars müdafiəsinin necə oynanıldığını bir də izah eləməyi xahiş etdi. Varyada baş verən bu dəyişikliyi qətiyyən hiss etməyən irland (buna altı saat vaxt və demək olar ki, yol xərcinin hamısı – altı yüz səksən beş frank xərclənmişdi) çox soyuq tərzdə cavab verdi ki, ona belə bir müdafiə məlum deyil. Sonra qız iyulun axırlarıda bu en dairəsində həmişə belə isti olub-olmadığıyla maraqlandı və məlum oldu ki, həmişə belə olur, amma bu, Banqaloranın rütubətli istisiylə müqayisədə boş şeydir.

Saat on birin yarısında qızılı qapılar aralananda və Roma leqatının nəslinin nümayəndəsi içəri girəndə Varya doğma adamını görübmüş kimi sevinərək yerindən tullandı və səmimi-qəlbdən əllərini yellədi.

Düzdür, polkovnikin dirsəyindən sallanan şabalıdı saçlı goppuş qadının timsalında gözlənilməz bir çətinlik yarandı. Çətinlik açıq-aşkar bir qəzəblə Varyaya necə baxdısa qız əməlli-başlı dilxor oldu – necə də ağlına gəlməyib ki, Lukan evli ola bilər.

Ancaq polkovnik problemi hərbiçi qətiyyətiylə həll elədi – ovcunun içiylə yüngülcə yol yoldaşının təmtəraqlı şleyfinin aşağısını şappıldatdı və şabalıdı saçlı qız dilinin zəhərini tökə-tökə hirslə uzaqlaşdı. "Görünür, arvadı deyil” - deyə Varya fikirləşdi və daha çox dilxor oldu.

-Bizim səhra çiçəyinin qönçələri açılıb və gözəl bi qızılgül doğulub! – deyə Lukan bağıra-bağıra bütün zalı adlayaraq Varyanın üstünə cumdu. – Necə bir don! Necə panama! Aman allah, dorudanmı, mən Şanzelisdəyəm!

Ədabaz və heyvərədir, ancaq hər halda xoşdur. Varya işinin xətrinə hətta onun qoluna söykənməsinə də icazə verdi. Polkovnik başıyla irlanda salam verərək ona saymazyana bir iltifat göstərdi (rəqib deyil) və dəvət gözləmədən stolun arxasında oturdu. Varyaya elə gəldi ki, rumın da Maklaflini görməkdən məmnundur. Yəni, iqlimdən danışmaqdan yorulub? Yox sən də, belə bir şey mümkünmü?

Xörəkpaylayanlar artıq qənaətcil müxbirin sifariş etdiyi kofe qabını və keksi apararaq, onların yerinə çərab, şiniyyat, meyvə və müxtəlif çeşidli pendirlər daşıyıb gətirmişdilər.

-Siz Bukareşti unutmayacaqsınız! – deyə Lukan əminliklə bildirdi. – Bu şəhərdə hər şey mənə məxsusdur.

-Nə mənada? – deyə irland maraqlandı. – Şəhərdə çoxlu əmlakınız var?

Rumın onu cavaba layiq bilmədi.

-Məni təbrik edə bilərsiniz, mademuazel. Mənim raportum çox yüksək qiymətləndirildi, ən qısa müddətdə vəzifəmin böyüdüləcəyini gözləyə bilərəm.

-Nə raport? – Maklaflin yenə maraqlandı. Nə yüksəliş?

-Bütün Rumıniya yüksəliş gözləyir, - deyə polkovnik ciddi bir görkəm alaraq bəyan elədi. – İndi tamamilə aydın oldu ki, rus imperatoru öz ordusunun gücünü çox şişirdib. Mötəbər mənbələrdən mənə məlumdur ki, - o, nitqinə gözəllik vermək üçün səsini azaldaraq təzim elədi və burma bığlı sifətini Varyanın zərif üzünə toxundurdu, - general Kridner Qərb cəbhəsinin komandirliyindən uzaqlaşdırılacaq və Plevnanı mühasirə edən qoşuna bizim knyaz Karl başçılıq edəcək.

Maklaflin cibindən qeyd dəftərçəsini çıxardıb yazmağa başladı.

-Mademuazel Varvara, Bukareştdə bir az fırlanmaq necə olar? – deyə Lukan pauzadan istifadə edərək qızın qulağına pıçıldadı. – Mən sizə elə şeylər göstərəcəm ki, bunları öz cansıxıcı şimal paytaxtınızda görə bilməzsiniz. And içirəm ki, çox xoşunuza gələcək.

-Bu rus imperatorunun qərarıdır, yoxsa Karlın istəyi? - deyə hər şeyə burnunu soxan jurnalist soruşdu.

-Əlahəzrətin arzusu tam kifayətdir, - deyə polkovnik kəsə şəkildə bildirdi. – Rumıniya və onun əlli minlik ordusu olmadan ruslar heç nə edə bilməzlər. Oh, cənab müxbir, mənim ölkəmi böyük gələcək gözləyir. Tezliklə knyaz Karl kral olacaq. Sizin sadiq qulunuzsa, - deyə o, Varyaya müraciətlə əlavə elədi, - çox mühüm bir zata çevriləcək. Ola bilsin, hətta senator. Mənim fərasətim layiqincə qiymətləndiriləcək. Nəsə, bəs romantik gəzinti? Mən təkid edirəm.

-Mən fikirləşərəm, - deyə qız söhbəti lazımi məcraya necə yönəltmək barədə götür-qoy edərək dumanlı şəkildə dedi.

Bu an Zurovla d`Evre restorana girdləri. – bu gəliş iş baxımından heç yerinə düşməsə də, hər halda Varya çox sevindi. Onların yanında Lukanın canfəşanlığı bir az azalar.

Qızın baxışları istiqamətinə göz gəzdirən polkovnik donquldadı:

-Deyəsən, "Ruayyal” artıq ayaqaltına çevrilir. Ayrıca kabinetə keçmək lazım idi.

-Axşamınız xeyir, cənablar, - Varya tanışlarını sevincək salamladı. – Bukareşt balaca şəhərdir, düz deyilmi? Elə indicə polkovnik öz uzaqgörənliyiylə öyünürdü. O əvvəlcədən demişdi ki, Plevna həmləsi məğlubiyyətlə bitəcək.

-Doğrudan? - deyə d`Evre diqqətlə Lukana baxıb soruşdu.

-Əla görünürsünüz, Varvara Andreyevna, -Zurov dedi. – Bu nədi, martel? Adam, bura badə gətir!

Rumın bir badə konyakı başına çəkib qaşqabaqlı baxışlarla altdan-yuxarı onların hər ikisini süzdü.

-Kimə demişdi? Nə vaxt? – deyə Maklaflin gözlərini qıydı.

-Öz hokmdarının adına yazdığı raportda – Varya izah elədi. –İndisə polkobnikin fərasəti layiqincə qiymətləndirilir.

-Qonaq olun, cənablar, için, - deyə Lukan əl-qolunu geniş açaraq onları dəvət etdi və sərt hərəkətlə yerindən qalxdı.- Hamısı mənim hesabıma. Ancaq biz xanım Suvorovayla gəzməyə gedirik. O mənə söz verib.

D`Evre təəccüblə qaşlarını qaldırdı, Zurovsa inamsızcasına qışqırdı:

-Mən nə eşidirəm, Varvar Andreyevna? Siz Lukayla gedirsiniz? – Varya çaşıb qalmışdı. Lukanla getmək onun reputasiyasını birdəfəlik məhv edəcək, hələ məlum deyil daha nəylə qurtaracaq. İmtina eləməksə, aldığı tapşırığı pozmaq deməkdir.

-Mən indi qayıdıram, cənablar, - deyə qız zəif səslə dedi və cəld addımlarla çıxışa doğru getdi. Fikirləri cəmləmək, hər şeyi ətraflı götür-qoy eləmək lazımdır.

Foyedəki bürüncdən qayrılan burma haşiyəyə salınmış hündür güzgünün qarşısında dayanıb əlini od saçan alnına söykədi. Necə hərəkət etməli? Öz otağına qalxıb qapını bağlamaq və heç kimin üzünə açmamaq. Bağışla Petya, edam əmri verməyin, cənab titulyar müşavir, Varya Suvorova casusluğa yaramır.

Qapı ehmalca cırıldayıb açıldı və güzgüdən Varyanın düz arxasında peyda olmuş polkovnikin qırmızı, əsəbi fizionomiyası göründü.

-Müqəssirəm, mademuazel, ancaq Mixay Lukanla belə davranmaq olmaz. Mənə vəd vermişdiniz. Fəqət, indi vədinizə xilaf çıxıb məni adamların yanında rüsvay eləmək fikrinə düşmüsünüz?! Ünvanı səhv salmısınız. Bura sizinçün press-klub deyil. Bura mənim öz evimdir.

Gələcək senatorda nəzakətdən əsər-əlamət qalmamışdı. Onun sarı ləkəli qonur gözlərindən ildırım çaxırdı.

-Gedək, mademuazel, ekipaj gözləyir. – Varyanın çiyinlərinə qəfildən sanki dəmirdən tökülmüş güclü barmaqları olan qara, tük basmış bir əl düşdü.

-Siz dəli olmusuz, polkovnik! Mən sizinçün kurtizan deyiləm! – deyə Varya yan-yörəsinə baxaraq qışqırdı. Foyedə xeyli adam var idi – əksəriyyəti yay pencəyi geyinmiş cənablar və rumın zabitləriydi. Onlar irişə-irişə bu maraqlı səhnəyə tamaşa etsə də, heç kim xanıma (xanımamı?) hayan durmurdu.

Lukan rumınca nəsə dedi və tamşaçılar başlarını məmnun-məmnun yellədərək gülüşməyə başladılar.

-Çox içmisiniz, Marusya? – deyə biri rusca soruşdu və qalanları da ağız-ağıza verib daha bərkdən qaqqıldaşdılar.

Polkovnik hökmlə Varyanın belindən yapışdı və onu elə bir ustalıqla çıxışa tərəf apardı ki, müqavimət göstərməyə heç bir imkan olmadı.

-Siz sırtıqsız! - deyə Varya qışqırdı və Lukanın sifətinə şillə vurmaq istədi, ancaq o, vaxtında qızın biləyindən yapışmağa macal tapdı. Lukanın az qala üzünə sürtülən sifətindən qızın burnuna odekalon ətriylə qarışmış his iyi doldu. "İndi ürəyim ağzıma gələcək” - deyə Varya təşviş içində fikirləşdi.

Ancaq növbəti saniyədə polkovnikin əli öz-özünə aralandı. Əvvəlcə bərk şappıltı, sonra yaxşı bir şaqqıltı səsi qopdu və Varyanın xətrinə dəyən zat divara tərəf uçdu. Onun bir üzü şillədən qızarmış, digər üzüsə ağır yumruq zərbəsindən ağarmışdı. İki addım aralıda d`Evre sağ əlinin barmaqlarını silkələyir, qusarsa sol əlinin yumruğunu sığallayırdı.

-Müttəfiqlərin arasından qara pişik keçib, - deyə İppolit şərh elədi. – Və bu hələ başlanğıcdır. Luk, şillə-qapazla yaxa qurtara biməzsən. Xanımla belə rəftara görə adamın dərisini deşik-deşik edirlər.

D`Evresə heç nə demədi, dinməzcə ağ əlcəyini çıxardıb polkovnikin sifətinə çırpdı.

Lukan başını silkələyərək qamətini düzəltdi və yanaqlarını sildi. Gah ona, gah buna baxdı. Varyanı daha çox heyrətləndirən onların hər üçünün onu tamamilə unutmasıydı.

-Məni duelə çağırırlar? – deyə rumın boğuq səslə, sanki güc-bəla fransız sözlərini süzcəkdən keçirmiş kimi dilləndi. – Hər ikisi birdən? Bəlkə heç olmasa bir-bir?

-Kim çox xoşuna gəlirsə onu seç, - d`Evre quru səslə dilləndi. – Əgər birinciylə bəxtiniz gətirsə, ikinciylə üz-üzə gələcəksiniz.

-E-e yox, - deyə qraf hiddətləndi. - Keçməz. Dəri haqqında birinci mən danışdım, mənimlə atışacaqsan.

-Atışmaq? – Lukan acı-acı güldü. – Yox, cənab kartbasan, silah seçmək hüququ məndədir. Mən çox yaxşı bilirəm ki, musyo cızma-qaraçıyla siz qatı atıcısınız. Ancaq bura Rumıniyadar, bizim kimi vuruşacağıq, valaşsayaq.

O, tamaşaçılara baxaraq qışqırdı və bir neçə rumın zabiti həvəslə qılıncını qınından çıxardaraq qəbzəsi qabağa ona uzatdı.

-Mən müsyo jurnalisti seçirəm, - deyə polkovnik barmaqlarını şaqqıldadaraq əlini öz qılıncının dəstəyinə qoydu. O ayılmışdı və hamının gözü qabağında şənlənirdi. - Bu tiyələrin hər hansı birini götürüb həyətə buyurun. Əvvəlcə mən sənin qarnını dağıdacam, sonra cənab qumarbazın qulaqlarını kəsəcəm.

Camaat razılıqla uğuldadı və hətta kimsə "Bravo!” – deyə qışqırdı.

D`Evre çiyinlərini çəkdi və ən yaxında olan qılıncı götürdü.

Maklaflin seyrçiləri itələdi:

-Dayanın! Şarl, dəli olma! Bu ki vəhşilikdir! O səni öldürəcək! Qılıncla doğramaq balkan idmanıdır, sən bunu bacarmırsan!

-Məni qılınc oynatmağı espadronda öyrədiblər, bunlar demək olar ki, eyni şeydir, - deyə fransız tiyələrin ağırlığını əlilə ölçə-ölçə təmkinlə söylədi.

-Cənablar, lazım deyil! – nəhayət, Varya səsini çıxardı. – Bunlar hamısı mənə görədir. Polkovnik bir az içib, ancaq bilirəm ki, o məni təhqir eləmək istəmirdi. Di bəsdir, qurtarın, bütün bunlar çox mənasız bir şeydir! Görün məni nə vəziyyətə qoyursunuz? – onun səsi qəmli-qəmli titrədi, ancaq yalvarışlarını eşidən olmadı.

Bir sürü kişi heç xanımın sifətinə belə baxmadan - əslində bütün bu əhvalat elə onun şərəfi üzündən baş vermişdi – qızğın şəkildə bir-biriylə danışa-danışa dəhlizlə mehmanxananın həyətinə tərəf gedirdi. Varyanın yanında təkcə Maklaflin qaldı.

-Axmaqlıqdır, - deyə o hirslə dedi. – Nə espadron? Mən axı rumınların qılıncla necə vuruşduqlarını öz gözlərimlə görmüşəm. Burda üçüncü mövqeydə durmurlar və "qarde” demirlər. Qan kolbasası kimi dilim-dilim kəsirlər. Ah, necə bir qələm həlak olur, həm də necə səfehcəsinə. Hamısı fransız təkəbbürüdür. Hind xoruzu Lukanın da ağlı yerində deyil. Basacaqlar qazamata, qələbə münasibətiylə amnistiya verilənədək yatacaq. Bax, bizim Britaniyada...

-Aman allah, aman allah, neyləyək, - deyə ona qulaq asmayan Varya burnunun altında donquldanırdı. – Hamısı mənim günahım üzündəndir.

-Sudarınya, naz-qəmzə satmaq böyük günahdır, - deyə irland gözlənilmədən asanca onunla razılaşdı. Hələ Troya müharibəsi vaxtı...

Həyətdən ağız-ağıza verib qışqırışan çoxlu kişi səsi eşidildi.

-Orda nə olub? Doğrudanmı, artıq bitdi? – Varya ürəyini tutdu. – Belə tez! Şeymas, gedin baxın. Yalvarıram.

Maklaflin qulaqlarını şəkləyərək susdu. Onun həlim və mehriban çöhrəsini həyəcan bürümüşdü. Müxbir heç cür həyətə çıxmaq istəmirdi.

-Di tərpənin, nə gözləyirsiniz? – deyə Varya onu tələsdirdi. – Bəlkə ona tibbi yardım lazımdır. Ah, siz necə adamsınız!

Qız özünü dəhlizə atdı və bu an qarşıdan gələn Zurovun çəkmələrinin cırıltısını eşitdi.

-Necə bir bədbəxtlik, Varvara Andrevevna! – deyə o xeyli uzaqdan qışqırdı. – Necə bir itki!

Həyəcandan əl-ayağı sözünə baxmayan Varya çiynini divara qısıb dayandı. Qızın çənəsi tir-tir əsməyə başladı.

-Biz ruslar ənənəvi qılınc duelini nacə də yadırğamışıq! – deyə İppolit xiffətlə dedi. – Gözəl, baxımlı, təsirli! Yoxsa ki, pif-paf və hazırdır! Busa baletdir, poemadır, baxçasaray fontanıdır!

-Bəsdir boş-boş zəvzədin, Zurov! – deyə Varya içini çəkə-çəkə hıçqırdı. – Düz-əməlli danış görüm orda nə oldu?

-Oh, xanım, bunu gözlə görmək lazım idi, – deyə rostmistr həyacanla Varyaya və Maklaflinə baxdı. – Hər şey on saniyənin içində həll oldu. Deməli, belə. Balaca, kölgəli həyət. Daş plitələr, fanar işıqları. Biz tamaşaçılar qalereyadayıq, aşağıdasa iki nəfər – Evre və Luka. Müttəfiq məşq edir, qılıncını fırladır, onun tiyəsinin ucuyla havada səkkiz işarəsi cızır, palıd yarpağını vurub ikiyə bölürdü. Camaat da cuşə gələrək əl çalırdı. Fransız sadəcə yerində dayanıb gözləyir ki, görək bizim tovuzquşu nə vaxt özünü göstərib qurtaracaq. Sonra Luka irəli hoppanaraq atmosferin fonunda skripka açarı çəkir, Evresə yerindən tərpənmədən bədənini geri dartıb zərbədən yayınır və bir göz qırpımında – hətta mən özüm görə bilmədim – qılıncı axıra kimi düz rumının boğazına soxur. O, quruldadı, üzüqoylu yerə sərildi, ayaqlarını çəkdi, və... vəssalam, pensiyasız istefa. Duelin sonu.

-Yoxladınız? Ölmüşdü? – irland tez-tələsik soruşdu.

-Əsl meyit idi, - deyə qusar onu inadırdı. – Qan elə bil Ladoqa gölündən axmışdı. Varvara Andreyevna, siz yaman dilxor oldunuz! Sifətiniz tam haldan düşüb. Yapışın məndən.

Və heç yeri olmasa da, özü böyük həvəslə Varyanın böyrünü qucaqladı.

-Bəs, d`Evre? – deyə qız dili dolaşa-dolaşa dilləndi.

Zurov sanki təsadüfən əlini yuxarı qaldıraraq biganə halda elan elədi:

-Kim? D`Evre? Hə, komendatlığa təslim olmağa getdi. Məlumdur ki, orda onun başını sığallamayacalar. Başını üzdüyü yunker-zaddeyil-e, polkovnikdir. Ən yaxşı halda Fransaya geri göndərəsəklər. Qoy, mən sizin düymələrinizi açım ki, rahat nəfəs alasınız.

Varya heç nə görmür və eşitmirdi. "Biyabır oldu – deyə düşünürdü. – Əbədi olaraq namuslu qadın adını itirdi. Odla oynadı, casusluq etdi. O kəmağıl sarsaq, kişilərsə vəhşi. Ən başlıcasısa düşmənin hörümçək toruna uzanan ip qırıldı.

Erast Petroviçə nə deyəcək?”

Səkkizinci fəsil

Varya ölüm mələyini görür

"Pravitelstvennıy vestnik”

(Sankt-Peterburq),

30 iyul (11 avqust) 1877-ci il.

"Dəhşətli yoluxucu katar və qanlı islah sancılarına baxmayaraq, Hökmdar son günləri tif xəstələri və yaralılarla dolub-daşan qospitallara baş çəkməklə keçirdib. Əlahəzrət imperator əzabkeşlərə o qədər səmimi və insancasına yanaşır ki, bu cür səhnələri görəndə adamın qəlbini fərəh və məhrəmlik hissləri bürüyür. Əsgərçiklər hədiyyələrin üstünə uşaq kimi tullanır və sadəlöbhcəsinə sevinirlər. Bu sətirlərin müəllifi Hökmdarın gözəl, göy gözlərinin yaşla necə dolduğunun dəfələrlə çahidi olub. Bu səhnələri yüksək ehtiram dolu minnətdarlıq hissləri keçirmədən müşahidə eləmək mümkün deyil”.

Erast Petroviç bunları dedi:

-Çox gec ç-çatdınız, Varvara Andreyevna. Çoxlu maraqlı məqamları buraxmısınız. Mən sizin t-teleqramı alan kimi çadıra və mərhumun şəxsi əşyalarına hərtərəfli baxış keçirilməsiylə bağlı göstəriş verdim. Xüsusi maraq doğuracaq bir şey tapılmadı. Ancaq dünən Bukareştdən Lukanın üstündə olan kağızları gətiriblər. Nə f-fikirləşirsiniz, nə ola bilər?

Varya qorxa-qorxa dözlərini qaldırdı və ilk dəfə titulyar müşavirin üzünə baxdı. Fandorinin baxışlarında nə mərhəmət, nə də daha pisi, nifrət oxunurdu - yalnız dalğınlıq və azart var idi. Daxili yüngüllük hissi dərhal xəcalətlə əvəz olundu: düşərgəyə qayıtmaqdan xoflanaraq vaxtı uzadır, öz qiymətli ad-sanından ötrü ağlayıb sızıldayır, iş haqqındasa fikirləşməyi belə unudur – xudbinin biri.

-Danışın, görək! - deyə o, sifətiylə yavaş-yavaş diyirlənən bir damla göz yaşına maraqla tamaşa edən Fandorini tələsdirdi.

-Aliicənablıq göstərin və sizi bu cür bir işə qatdığım üçün məni b-bağışlayın, - deyə Erast Petroviç müqəssicəsinə dilləndi. – Hər şey gözləyirdim, amma b-belə...

-Lukanın kağızlarında nə tapdınız? – deyə söhbətin işgüzar məcraya yönəlməyəcəyi təqdirdə mütləq hönkürəcəyini hiss edən Varya hirslə onun sözünü kəsdi.

Həmsöhbət belə bir variantı ehtimal etdiyinə görəmi, yoxsa mövzunu bitmiş saydığı üçünmü, Bukareşt epizodunun dərinliyinə getmədi.

-Qeyd dəftərçəsində çox maraqlı işarələr var idi. Budur, baxın.

O, cibindən zərxara cildli bəzəkli kitabçanı çıxardaraq əvvəlcədən nişanlanmış yeri açdı. Varya gözlərini rəqəm və hərflər düzülmüş sütunda gəzdirdi:

19=Z-1500

20=Z-3400-i

21=J+5000 Z-800

22=Z-2900

23=J+5000 Z-700

24=Z-1100

25=J+5000 Z-1000

26=Z-300

27=J+5000 Z-2200

28=Z-1900

29=J+15000 Z+i

Bir dəfə də yavaş-yavaş oxudu, sonra yenə də oxudu. Çox istəyirdi ki, ağlının itiliyini göstərsin.

-Bu şifrədir? Yox, dalbadal nömrələnib... Siyahı? Alayların nömrələri? Əsgərlərin sayı? Bəlkə itkilər və yeni gələnlərdi? – deyə Varya alnını qırışdıraraq dayanmadan sadalayırdı. - Deməli, Lukan hər halda casus imiş? Bəs Z, J, i hərfləri nəyi bildirir, bəlkə bu hansısa düstur və ya tənlikdir?

-Varvara Andreyevna, siz mərhuma yarınırsınız. Hər şey xeyli sadədir. Əgər bu tənlikdirsə, onda çox qəlizdir. Bir məchullu olsa da.

-Yalnız bir? – deyə Varya heytətləndi.

-Diqqətlə baxın. Birinci s-sütundakı rəqəmlərdən sonra Lukan bərabərlik işarəsi qoyur. Qərb tarixiylə 19-dan 29-a kimi. Bu müddət ərzində polkovik nəylə məşğul olub?

-Mən hardan bilim? Mən ki, onu izləmirdim. – Varya fikrə getdi. – Yəqin ki, qərargahda olub, bəlkə də ön mövqelərə gedib.

-Bir dəfə də olsun Lukanın ön m-mövqeyə getdiyinin şahidi olmamışam. Onu əsasən bir yerdə görmüşəm.

-Klubda?

-Elədir ki, var. Orda nəylə məşğul olurdu?

-Heç nəylə, karta girişmişdi.

-B-bravo, Varvara Andreyevna.

Qız yenidən vərəqə baxdı.

-Deyirsən yəni, o, bura kart haqq-hesabları yazırmış! Z-dən sonra mənfi, l-dən sonra müsbət. Deməli, Z hərfiylə uduzduqlarını, J hərfiyləsə uduşlarını qeyd edirmiş? Elə bu? – Varya təəssüf hissiylə çiyinlərini çəkdi. – Bunun axı, casusluğa nə dəxli var?

-Heç bir casusluq-filan olmayıb. Casusluq böyük sənətdir, burdasa biz adi bir xəyanət və satqınlıqla qarşı-qarşıyayıq. İyulun 19-da, birinci Plevna ərəfəsində klubda qumarbaz Zurov peyda olur və Lukan da oyuna girir.

-Belə çıxır ki, Z – Zurovdur? – deyə Varya qışqırdı. – Dayan bir... – O rəqəmlərə baxaraq pıçıldamağa başladı. Qırx doqquz... yeddi yadda... Yüz dörd... – Və cəmlədi. – O, Zurova üst-üstə 15800 uduzub. Deyəsən düz gəlir, axı, İppolit özü də on beş mindən danışırdı. Bəs, i nədir?

-Güman edirəm ki, həmin məşhur üzük, rumınca inel. 20 iyulda Lukan onu uduzur, 29-da geri qaytarır.

Onda bəs J kimdir? – deyə Varya alnını ovuşdurdu. Oyunçuları arasında l hərfiylə başlayan adam, deyəsən, yox idi. Lukan bu adamdan ... m-m... Oho! Otuz beş min udub! Nəsə polkovnikin bu boyda iri məbləğdə uduşunu xatırlamıram. Bu boyda uduş olsaydı o mütləq özünü öyər, yerə-göyə sığmazdı.

-Burda öyünməli bir şey yoxdur. Bu uduş deyildi, xəyanətə görə verilən qonorar idi. B-birinci dəfə mıəmmalı J polkovnikə iyulun 21-də pul verib, Zurov onu darmadağın eləyən gün. Sonra mərhum özünün naməlum qəyyumundan ayın 21-i, 23-ü, 25-i, yəni günaşırı hər dəfə beş min alıb. Bu pullar ona İppolitlə oynamaq imkanı verib. İyulun 29-da Lukan birdəfəyə on beş min alır. Sual olunur: niyə bu qədər çox?

-O, ikinci Plevna əməliyyatının dispoziziyasını satıb! – deyə Varya partladı. – Həmin məşum həmlə səhəri gün, iyulun 30-da olub!

-Bir də bravo. Bu da sənə Lukanın fəhmi, u-uzaqgörənliyi və bizim kolonları hələ girişdə, görmədən gülləbaran edən topçılarının qeyri-adi d-dəqiqliyi.

-Yaxşı, bəs bu J kimdir? Doğrudanmı, siz heç kimdən şübhələnmirsiniz?

-Niyə ki, - deyə Fandorin anlaşılmaz şəkildə donquldandı. – Ş-şübhələnirəm... Ancaq hələ tam əminlik yoxdur.

-Deməli, sadəcə, bu J-ni tapmaq lazımdır. Onda Petyanı buraxacaqlar, Plevnanı alacaqlar və müharibə qurtaracaq?

Erast Petroviç fikirləşdi, hamar alnını qırışdırdı və çox cüddi tərzdə dedi:

-Sizin məntiqi ardıcıllığınız qüsurlu olsa da dəqiqdir.

Həmin günün axşamı Varya press-klubda görünməyə cəsarət etmədi. Yəqin ki, hamı onu Lukanın ölümünə (axı, onlar satqınlıq haqqında heç nə bilmirlər) və hamının sevimlisi d`Evrenin sürgün edilməsinə görə müqəssir sayır. Fransız Bukareştdən düşərgəyə qayıtmadı. Erast Petroviçin sözlərinə görə duelçini həbsə alaraq iyirmi dörd saat ərzində Rumın knyazlığını tərk eləməyi tapşırıblar.

Zavallı Varya Zurov, ya da heç olmasa Maklaflini görmək ümidiylə müxtəlif rəngli bayraqlarla bəzənmiş çadırın yüz metrlik həndəvərində dolanaraq onlardan ictimai rəyin cinayətkar qıza qarşı nə qədər sərt olub-olmadığını öyrənməyə çalışırdı. Getməyə düz-əməlli bir yer yox idi, öz çadırınasa heç cür qayıtmaq istəmirdi. Mərhəmətli şəfqət bacıları, bu fədakar, ancaq məhdud varlıqlar yenə də həkimlərdən kimin səmimi, kimin qılıqsız olduğunu, on altıncı palatadakı təkqol poruçikin Nastya Pryaçnikovaya həqiqətənmi evlənmək təklifində bulunub-bulunmadığını müzakirə etməyə başlayacaqlar.

Çadırın örtüyü yelləndi və Varya göy jandarm mundiri geyinmiş pota bir fiqur gördü. Qız tez üzünü geri çevirərək elə bir görkəm aldı ki, guya baş komandanın qəraragahının sığındığı Boqot kəndinin zəhlətökən görünüşünü seyr edir. Sual olunur, həqiqət varmı, varsa bəs hardadır? Yaramaz intriqaçı və opriçnik Kazanzaki istədiyi vaxt kluba girib-çıxır, mahiyyət etibarıyla şəraitin qurbanına çevrilmiş bir qızsa həyət iti kimi toz-torpaqlı yolda eşələnir. Varya hirslə başını əsdirib geri qayıtmaq istədi, ancaq arxadan murdar yunanın yaltaq səsi gəldi:

-Xanım Suvorova! Necə xoş bir görüş.

Varya arxaya döndü və podpolkovnikə xas olmayan bu lütfükrlığının ardınca ilan zəhəri kimi acı sözlər eşidəcəyinə əmin olaraq üz-gözünü büzüşdürdü.

Kazanzaki yoğun dodaqlarını aralayıb təbəssümlə, ancaq anlaşılmaz və bir az da sual dolu baxışlarla ona baxdı.

-Klubda hamı yalnız sizdən danışır. Səbirsizliklə sizi gözləyirlər. Bilirsiniz, gözəl xanımlardan ötrü hər gün qılınc toqquşdurmurlar, üstəlik, ölümlə sonuclanan.

Ehmalca üz-gözünü turşudan Varya bunun nəsə bir fırıldaq olduğunu dünürkən yandarm daha şirin gülümsədi.

-Qraf Zurov xeyli əvvəl bu ədəbsizliyi ən qatı boyalarla təsvir eləmişdi. İndi də də bu məqalə...

-Nə məqalə? – Varya əməlli-başlı təşvişə düşdü.

-Bəs necə, bizim gözdən düşmüş d`Evre "Revyu parizen”də çox bərk tozanaq qopardıb, düz bir səhifə əlbəyaxa döyüşdən yazıb. Romantikadır. Sizi istisnasız olaraq "la belle m-lle S”[4] adlandırır.

-Nə olsun? - Varyanın səsi azacıq titrədi. - Məni heç kim günahlandırmır?

-Maklaflin və Yeremey İonoviçdən başqa heç kim. Birinci çoxdanın zəvzəyidir, ikincisə nadir hallarda gəlir, yalnız Sobolyovla birlikdə. Yeri gəlmişkən, Prepelkin axırıncı döyüşdən "georgi”ylə çıxdı. Hansı xidmətlərinə görə? Bax, düzgün vaxtda düzgün yerdə olmağın bəhrəsi budur.

Podpolkovnik ağzını marçıldadıb əsas məsələyə keçdi:

-Hamı təxmin edir ki, bizim qəhrəman qızımız itib-batıb, ancaq sən demə, mühüm dövlət işiylə məşğul imiş. Hə, yenə o bicbala Fandorinin ağlına nə girib? Lukanın sirli qeydləri barədə hansı fərziyələr var? Təəccüblənməyin, Varvara Andreyevna, mən məsələdən xəbərdaram. Hər necə olsa da xüsusi hissənin müdiriyəm.

"Hələ bir bax, - Varya altdan-altdan podpolkovnikə baxıb fikirləşdi. – Deyirəm, axı. Gör bir necə də hazıra nazirdir”.

-Erast Petroviç nəsə izah elədi, ancaq mən bir şey anlamadım, - deyə o, sadəlövhcəsinə kipriklərini qırpdı. – Hansıa "Ze”, hansısa "Je” . Yaxşısı budur, özünüz tiyulyar müşavirdən soruşun. Hər halda indi tam aydın oldu ki, Pyotr Afanasyeviç Yablokov günahkar deyil.

-Ola bilsin ki, xəyanətdə əli yoxdur, fəqət, cinayəkkarcasına ehtiyatsızlıqda müqəssirdir. – Jandarmanın səsi bərk cingildədi. – Qoy, hələlik sizin adaxlınız içəridə qalsın, heç nə olası deyil. – Ancaq Kazanzaki, çox güman ki, bu gün başqa ampluada danışmaq lazım olduğunu xatırlayıb dərhal avazını dəyişdi. – Hər şey yoluna qoyulacaq. Varvara Andreyevna, axı mən çox da iddialı adam deyiləm, həmişə öz səhvlərimi etiraf eləməyə hazıram. Heç olmasa, bənzərsiz d`Evreni götürək. Bəli, etiraf edirəm, sorğu-suala çəkdim, şübhələndim, əsas da var idi. Onun türk polkovnikiylə məşhur müsahibəsi ucbatından bizim komandanlıq səhvə yol verdi, insanlar həlak oldular. Mən elə güman edirdim ki, polkovnik Əli bəy ya reportyor şöhrətpərəstliyinə, ya da başqa daha sadə mülahizələrə görə fransızın uydurduğu mifoloji bir personaj idi. İndi görürəm ki, haqsız olmuşam. – O, qıza etibar eləyib mühüm bir sirr açırmış kimi səsini yavaşıttı. - Plevnadan kəşfiyyat məlumatları alınır. Osman paşanın həqiqətən də Əli bəy adlı köməkçisimi, müşavirimi var. Demək olar ki, cəmiyyət içinə çıxmır. Bizim adam onu uzaqdan görüb, yalnız gur qara saqalını və tutqun eynəyini müşahidə edə bilib. Yeri gəlmişkən, Evre də saqqalı xatırlayırdı.

-Saqqal, eynək? – Varya da səsini aşağı saldı. – Doğrudanmı, özüdür, nədir o, Ənvər əfəndi?

-Ts-s. – Kazanzaki əsəbi şəkildə ətrafa boylandı və daha yavaş danışmağa başladı. – İnanıram ki, odur. Çox diribaş cənabdır. Bizim müxbiri ustalıqla barmağına dolayıb. Deyib cəmi üç tabor var, qalan qüvvələr tezliklə gələcək. Adi, ancaq çox incə gedişdir. Biz başıboşları tələyə qoyulan yem kimi həzmi-rabedən keçirdilər.

- Bir halda ki, birinci həmlədə d`Evrenin günahı olmayıb və onun öldürdüyü Lukansa xaindir, onda belə çıxır ki, jurnalisti ölkədən düzgün çıxarmayıblar? – deyə Varya soruşdu.

-Belə çıxır. Yazığın, sadəcə, bəxti gətirmədi, - deyə podpolkovnik əlini yellədərək bir az da qıza yaxın durdu. Varvara Andreyevna , görürsünüz ki, mən sizinlə çox səmimiyəm. Öz aramızdır, məxfi informasiyaları bölüşürəm. Ancaq siz boş bir şey haqqında mənə məlumat vermək istəmirsiniz. Mən kitabçadakı həmin vərəqin üzünü köçürmüşəm, üç gündür baş sındırsam da heç nə alınmır. Əvvəlcə elə bildim ki, şifrədir. Oxaşamadı. Hərbi hissələrin siyahısı və yerdəyişməsi? İtkilər və yeni gələnlər? Deyin, görüm, Fandorin hansı qənaətə gəlib?

-Yalnız bir şey deyə bilərəm. Hər şey çox sadədir, - deyə Varya etinasızcasına dilləndi və şlyapasını düzəldərək yüngül yerişlə press-kluba tərəf getdi.

Plevna istehkamının üçüncü, sonuncu həmləsinə bütün bürkülü avqust boyu hazırlaşdılar. Hazırlıq işləri tam məxfilik şəraitində aparılsa da, düşərgədə açıq-aşkar danışırdılar ki, döyüş əlahəzrətin adqoydu günü, ayın 30-da olacaq.

Piyadalar və süvarilər səhərdən axşamadək ətrafdakı dərə-təpələrdə birgə manevrlər keçirdir, bütün yollarla gecə-gündüz döyüş və mühasirə sursatları daşınırdı. Tərli hərbi köynəklərdə, tozdan bozarmış keplərdə (günəşdən qoruyan yaylıqlarla birlikdə) məşq etməkdən yorulub əldən düşən əsgərlərə baxanda adamın ürəyi ağrıyırdı. Buna baxmayaraq hamıda şən və qisasçı bir əhval-ruhiyyə hökm sürürdü.: daha bəsdir, səbrimiz daşıb, ruslar arabanı yavaş-yavaş qoşur, amma sürətlə gedirlər, canımızı boğazımıza yığmış Plevna milçəyini ayı əlinin güclü zərbəsiylə şappıldadacağıq.

Həm press-klubda, həm də Varyanın tez-tez yemək yediyi zabit yeməkxanasında hamı strategiya üzrə mütəxəssisə çevrilmişdi – sxemlər cızılır, türk paşalarının adları çəkilir, birinci əsas zərbənin hardan vurulacağıyla bağlı fal açırdılar. Bir neçə dəfə Sobolyov da gəldi, ancaq o özünü çox müəmmalı və rəsmi aparırdı, daha şahmat oynamır, Varyaya hörmət-izzətlə baxır, taleyin vəfasızlığından şikayətlənmirdi. Tanış qərargah işçilərindən biri ağzından qaçırmışdı ki, gələcək həmlədə general-leytenanta əsas olmasa da çox vacib bir rol tapşırılıb. İndi onun tabeliyində tam iki briqada və bir alay var. Nəhayət ki, Mixail Dmitriyeviçi xidmətlərinə uyğun olaraq qiymətləndirdilər.

Hər tərəfdə canlanma hiss olunurdu. Varya bu ümumi ab-havaya, ruh yüksəkliyinə qoşulmaq üçün nə qədər cəhd göstərsə də heç cür alınmırdı. Düzünə qalsa ehtiyatlar, dislokasiya və kommunikasiyalar haqqında söhbətlər onu lap təngə gətirmişdi. Əvvəlki kimi yenə də Petyanın yanına buraxmırdılar, Fandorin gecə zülmətindən də tutqun və qəmli gəzir, suallara anlaşılmaz şəkildə movultularla cavab verir, Zurov yalnız öz patronunu müşayiət edərkən görünür, Varyaya əsirlikdə olan canavar baxışlarıyla altdan-altdan göz qoyur, bufetçi Semyona üz-gözünü turşudur, ancaq kart oynamır və şərab sifariş vermirdi – Sobolyovun dəstəsində dəmir intizam hökm sürürdü. Qusar pıçıltıyla danışırdı ki, "Jeromka” "bütün təsərrüfatı” öz əlinə alıb və heç kimə gözünü açmağa imkan vermir. Mixail Dmitriyeviç də onu qoruyur, qoymur ki, əməlli-başlı dərsini verim. Bircə bu həmlə qurtarsaydı.

Bu son günlər ərzində yeganə ürəkaçan hadisə d`Evrenin qayıtmağı oldu. Sən demə, o, təhlükə sovuşanadək Kişinyovda qalıb və özünün tam bəraət almasından xəbər tutan kimi tələsik cəbhəyə yollanıb. Ancaq Varyanın hədsiz sevincinə rəğmən fransızı sanki dəyişdirmişdilər. O daha qızı öz məşhur əhvalatlarıyla əyləndirmr, Bukareşt insidenti haqqında danışmaqdan qaçır, bir aylıq yoxluğunda buraxdıqlarını qaytarır və bir də öz "Revyu”suna yazı-pozu göndərirdi. Bir sözlə, Varya özünü təxminən burunlarına qan iyi gələn kişilərin pərən-pərən düşərək onun mövcudluğunu unutduqları "Ruayyal” mehmanxanasının restoranındakı kimi hiss edirdi. Kişinin öz təbii mahiyyətinə görə heyvanlar aləminə aid olmasının əlavə bir təsdiqi heyvani başlanğıcın onda qadına nisbətən daha açıq-aşkar öz təcəssümünü tapmasındadır. Ona görə də homo sapiensin mükəmməl növü daha çox inkişaf etmiş, incə və çətin varlıq olan qadındır. Təəssüf ki, qız bu cür gözəl fikirlərini bölüşməyə bir kimsə tapmır. Şəfqət bacıları belə sözlərə ancaq şaqqanaq çəkib gülər, Fandorinsə başqa şey haqqında düşünə-düşünə dalğın halda başını bulayardı.

Bir sözlə, ağır, darıxdırıcı zəmanədir.

Avqustun 30-da sübh tezdən Varya vahiməli gurultu səsinə oyandı. İlk top atəşi başladı. Bu ərəfədə Erast Petroviç deyirdi ki, adi artilleriya hazırlığıyla yanaşı türkləri psixoloji təsirə məruz qoymaq lazımdır – bu hərb sənətində nəsə yeni sözdür. Günəşin ilk şəfəqləri görünən kimi, yəni müsəlmanlar cühb namazı qəlarkən üç yüz rus və rumın topu türk istehkamlarına durmadan atəş açır, düz saat doqquzdasa atəş dayandırılır. Hücum gözləyən Osman başa ön mövqelərə təzə qoşun göndərir, ancaq orda heç kim yoxdur: müttəfiqlər yerlərindən tərpənmir, Plevna ənginliklərinəsə tam sakitlik çökür. On bir sıfır sıfırda çaşqınlıq içində olan türklər yenidən iki saat sürən şiddətli atəş altına düşürlər. Sonra yenə sakitlik çökür. Rəqib yaralıları və ölənləri aparır, tələsik dağıntıları yamayır, dağılmış topların yerinə təzələrini dartıb gətirir. Məlum olduğu kimi sən deyən möhkəm əsəbləriylə fərqlənməyən türklər ani həmlə zamanı mahirdirlər, istənilən uzun müddətli təpkinin qarşısında acizdirlər – dərhal arlarınada qarışıqlıq, hətta çaxnaşma başlayır. İndi yəqin ki, bütün basurman rəhbərliyi ön mövqeyə gəlir, binoklla baxır, ancaq heç nə başa düşmür. Elə bu vaxt, saat on dörd otuzda rəqibi üçüncü atəş dalğası bürüyür, daha yarım saat sonrasa həmlə kolonları gözləməkdən üzülüb əldən düşmüş türkün üstünə cumur.

Varya özünü Plevnanım bədbəxt müdafiəçilərinin yerində təsəvvür eləyib büzüşdü. Əsas hadisələri bir saat, iki, üç saat böş-böşuna gözləmək – bu ki dəhşətdir. Şəxsən o özü tab gətirə bilməzdi. Çox bic düşünülüb, qərargah dahilərinə halaldır.

Bu-bux! Bu-bux! – deyə ağır mühasirə silahları gumbuldadı. Bux-bux-bux! Döyüş topları onların səsinə səs verdi. "Bu uzun çəkəcək” - deyə Varya düşündü. Səhər yeməyi yemək lazımdır.

Artilleriya hazırlığıyla bağlı çox hiyləgər plandan məlumatsız olan jurnalistlər, hələ sübh açılmamış ön mövqeyə getmişdilər. Müxbir məntəqəsinin yerini komandanlıqla əvvəlcədən razılaşmaq lazım idi. Uzun mübahisələrdən sonra səs çoxluğuyla mövqeyin mərkəzində yerləşən Qriviçlə sol cinahın qarşısından keçən Lovçin şossesinin arasındakı hündürlüyü xahiş etmək qərara gəldilər. Əvvəcə jurnalistlərin çoxu sağ cinaha yaxın olmaq istəyirdilər, çünki əsas zərbəni məhz həmin istiqamətdən vurmaq nəzərdə tutulurdu. Ancaq Maklaflinlə d`Evre həmkarlarını öz fikirlərindən döndərə bildilər. Onların əsas arqumenti beləydi: sol cinah ikinci dərəcəli olsa da, Sobolyov ordadır və deməli, sensasiyasız ötüşməyəcək.

Atəş səslərindən rəngləri qaçmış, bədənləri titrəyən şəfqət bacılarıyla səhər yeməyini yeyən Varya Erast Petroviçi axtarmağa getdi. Titulyar müşaviri nə qərargahda, nə də xüsusi hissədə tapmaq mümkün oldu. Hər ehtimala qarşı onun çadırına baş çəkən qız Fandorini əlində kitab, burnu bükük tumac ayaqqabıda qatlanan kresloda oturub tam sakit vəziyyətdə kofe içdiyi yerdə gördü.

-Siz nə vaxt döyüş mövqeyinə gedəcəksiniz? -Varya artıq gedəsi bir yer olmadığı üçün çarpayıda oturaraq soruşdu.

Erast Petroviç çiyinlərini çəkdi. Onun qıpqırmızı qızarmış sifəti işıq saçırdı. Düşərgə həyatı könüllüyə əməlli-başlı düşmüşdü.

-Doğrudanmı, bütün günü burda oturub qalacaqsınız? D`Evre deyirdi ki, bu günkü döyüş bütün dünya tarixi boyu istehkamlara qarşı ən böyük hücumdur. Malaxov kurqanının alınmasından da möhtəşəmdir.

-Sizin d`Evre yalan danışmağı çox sevir, - deyə titulyar müşavir cavab verdi. – Vaterloo və Borodino daha geniş və əhatəliydi. Hələ xalqların Leypsiq döyüşünü demirəm.

-Siz çox qəddarsınız! Rusiyanın taleyi həll olunur, minlərlə adam həlak olur, busa kitab oxuyur! Bu ən azı əxlaqsız hərəkətdir!

-Bəs, təhlükəsiz məsafədə dayanıb insanların bir-birlərini necə öldürməyinə tamaşa etmək əxlaqlı hərəkətdir? – Əsl möcüzə, ilk dəfəydi ki, Erast Petroviçin səsində insani hisslər peyda oldu – hirsləndi. - Olduqca minnətdaram, mən bu t-tamaşaya baxmışam, hətta orda iştirak etmişəm. X-xoşuma gəlməyib. Mənə artıq T-tasitlə daha xoşdur. – Və nümayişkaranə şəkildə başını kitabın üstünə salladı.

Varya yerindən tullandı, ayaqlarını tappıldadaraq çıxışa tərəf getdi. Fandorin onun arxasınca dedi:

-Siz orda bir az ehtiyatlı olun, yaxşı? Müxbir məntəqəsinə ayaq da basmayın. Hər şey ola bilər.

O dayandı və heyrətlə Erast Petroviçə baxdı:

-Qayğı göstərirsiniz?

-D-düz sözümdür, Varvara Andreyevna, orda nə işiniz var? Əvvəl yalnız toplardan atacaqlar, sonra irəli cumacaqlar və tüstü burumları q-qalxacaq, siz heç nə görməyəcəksiniz, ancaq kimlərinsə "ura” sədalarını, kimlərinsə ahu-zar fəryadlarını eşidəcəksiniz. Maraqlıdır. Bizim sizinlə işimiz orda deyil, burda, a-arxadadır.

-Arxa cəbhə siçovulu, - deyə Varya vəziyyətə uyğun gələn termini xatırladı və mizantropu Tasitlə təkbətək qoydu.

Müxbirlərin və neytral ölkələrin hərbi müşahidəçilərinin yerləşdiyi təpəni asacnlıqla tapdı – üstəlik, Varya büsbütün sursat yüklənmiş arabalarla dolu yoldan xeyli uzaqda ağ parça gördü. Küləyin təsirindən yavaş-yavaş yellənən həmin parçanın altındasa ora toplaşmış xeyli, hardasa azı yüz nəfər adamın qaraltısı sezilirdi. Arabalara başçılıq edən, qışqırmaqdan səsi xırıldayan, qolu qırmızı sarğılı kapitan mərmiləri ilk növbədə hara qoymaq barədə sərəncam verdiyi vaxt ani olaraq krujeva şlyapalı xoşsifət xanımın üzünə gülümsünərək əlini yellədi:

-Ora, ora, mademuazel. Ehtiyatlı olun, heç yana dönməyin. Düşmən artilleriyası ağ bayrağı vurmur, başqa yerəsə, olmaz , yox-yox, mərmilər dalbadal düşür. Hara, hara qoydun, sarsaq. Dedim axı, dördfuntluğu altınçıya.

Varya lazaret tövləsindən götürülmüş sakit, kürən atın cilovunu çəkdi və maraqla ətrafa boylana-boylana bayrağa tərəf getdi.

Arxasından Plevnaya giriş başlayan silsilə təpələrin qarşısındakı vadidə xırda adaları xatırladan qəribə ləkələr görünürdü. Bu rotalara bölünərək otun üstündə uzanıb hücum əmri gözləyən piyadalar idilər. Əsgərlər öz aralarında astadan danışır, arabirsə gah bir, gah digər tərəfdən qeyri-təbii və bərk gülüş səsləri eşidilirdi. Qrup halında dayanmış zabitlər papiros tüsdülədirdilər. At üstündəki Varyaya sanki başqa, yalançı dünyadan gələn bir varlıq kimi təəccüb və inamsızlıqla baxırdılar. Bu xışıltılı, vızıltılı vadinin mənzərəsindən onun halı pisləşdi. Varya insanların sifətlərinə baxa-baxa onları öz gözəgörünməz möhürüylə qeydə alan edən ölüm mələyinin tozlu yolun üstündə necə fırlandığını aydın şəkildə gördü.

Bu dəhşətli gözləmə zalından tez keçib getmək üçün o, dabanlarıyla atın yanlarını döyəcləməyə başladı.

Müşahidə məntəqəsindəsə hamı xoş bir şeyin intizarındaymış kimi qaynayırdı. Orda piknik ab-havası hökm sürürdü, kimsə torpağın üstünə sərilmiş ağ süfrənin kənarında oturub iştahla qəlyanaltı edirdi.

-Mən də fikirləşirdim ki, bir daha gəlməyəcəksiniz! – deyə hamı kimi təlaş içində olan d`Evre yeni gələn qonağı salamladı. Varya onun sarı rəngli öz məşhur yırtıq ayaqqabılarını geyindiyinə diqqət elədi.

-Biz əsl səfehlər kimi obaşdandan burda durmuşuq, rus zabitlərisə yalnız günortaya yaxın görünməyə başladılar. On beş dəqiqə əvvəl cənab Kazanzaki təşrif buyurub dedi ki, həmlə saat üçdə başlayacaq, - deyə jurnalist gülə-gülə dedi. –Deyəsən, sizin də əvvəlcədən dispozisiyadan məlumatınız olub. Yaxşı deyil, mademuazel Barbara, bir dost kimi bizə də xəbərdar edə bilərdiniz. Axı, mən səhər saat dördə yuxudan durmuşam, bu da mənimçün ölümə bərabər bir şeydir.

Fransız atdan düşməkdə xanıma kömək elədi və onu qatlama stulda oturdub izahata başladı:

-Bax, türk istehkamları orda, qarşı tərəfdəki təpələrin üstündə yerləşir. Fontan kimi tüsdüləyən partlayışları görürsünüz? Ora düz mərkəzdir. Rus-rumın ordusu on beş kilometr uzunluğunda paralel mövqe tutub, biz burdan bu böyük ərazinin yalnız bir hissəsini seyr edə bilərik. Yumru təpəyə diqqət edin. Yox, ora yox, ağ çadır olan yerə. Bu komanda məntəqəsidir, müvəqqəti düşərgə. Qərb cəbhəsinin rəhbəri knyaz Karl Rumıncki, baş komandan qran-dyuk[5] Nikolay və şəxsən imperator Aleksandr ordadırlar. Oy, raketlər, raketlər, raketlər uçur! Gözəl mənzərədir, düz deyilmi?

Düşmən tərəfləri ayıran boş sahələrin üzərində tüstü zolaqları sərt qövslər cızdı – elə bil kimsə göy qübbəsini qarpız və ya kömbə kimi kəsib dilimlədi. Varya başını qaldırıb lap yuxarıda üç rəngli top gördü: biri yaxında, digəri aralıda, imperator düşərgəsinin üstündə, üçüncüsüsə, ümumiyyətlə, üfüqlərin dərinliyində.

-Varvara Andreyevna, bunlar hava şarlarıdır, - deyə onlara yaxınlaşan Kazanzaki dedi. Onlar siqnal bayraqlarının köməyiylə artilleriya atəşini nizamlayırlar.

Jandarm həmişəkindən daha pis təsir bağışlayırdı. O, həyəcanla barmaqlarını şaqqıldadır, burnunun deşiklərini əsəbi halda şişirdirdi. İnsan qanının iyini hiss edir, xortdan. Varya nümayişkaranə şəkildə stulunu kənara çəksə də, podpolkovnik sanki qızın bu hərəkətini hiss eləmədi. Yenidən ona yaxınlaşdı, barmağını xüsusilə güclü gurultu qopan alçaq təpələrin arxasına tərəf uzatdı.

-Bizim ümumi dostumuz Sobolyovun həmişəki kələyidir. Dispozisiyaya görə onun rolu Krişinskidəki xırda istehkamları vurmaqla baş qatmaqdır ki, həmin vaxt əsas qüvvələr mərkəzi atəşə tutsunlar. Ancaq bizim xudbinin səbri çatmadı. Planın ziddinə olaraq səhər tezdən üzbəüz hucuma keçib. Əsas qüvvədən ayrılması və türk süvariləri tərəfindən geriyə yolunun kəsilməsi azmış kimi, bütün əməliyyatı da təhlükə altına qoyur! Payını verəcəyik!

Kazanzaki cibindən qızıl saatını çıxardıb, həyacanla kepini yuxarı qaldırdı və xaç çəkdi.

-Saat üçdür! İndi başlayacaqlar!

Varya qabağa boylandı və bütün vadinin hərəkətə gəldiyini gördü: cəld ön mövqeyə doğru cəmləşən ağ köynəkli adacıqlar yelləndi. Təpələrin yanıyla solğun insanlar qaçışır, yürüşün qabağndasa uzun bığlı yaşlı bir zabit axsaya-axsaya gedirdi.

-Geri qalma, süngülər yuxarı! – deyə o incə və təsirli bir səslə qışqırdı. – Semyontsov, bax ha! Başını üzərəm!

Kənardan artıq başqa rota kolonları gedirdi, ancaq Varya hələ də baxışlarıyla yaşlı komandir və naməlum Semyontsovun addımladığı həmin birinci dəstəyə baxırdı.

Rota xətt boyu açıldı və yavaş-yavaş üstündəki torpaq fontanı daha da qatılaşmış uzaq reduta tətəf qaçdı.

-İndi onların dərsini verəcək, - deyə yanındakılardan kimsə dilləndi. Meydanın o başında ara vermədən atılan mərmilərin torpağın üzərinə çökən tüstüsündən baş verənləri izləmək çətinləşirdi. Ancaq Varyanın rotası hələ ki nizamla qaçır və deyəsən, onlara tərəf heç kim atəş açmır.

-Hə, Sementsov, hə, deyə Varya yumruqlarını düyünləyib pıçıldayırdı.

Bir azdan açılmış kolonların arxasından "özününkülərə” baxmaq mümkünsüz oldu. Redutun qarşısındakı açıq sahə yarıya kimi ağ köynəklilərlə dolan vaxt düz insan kütlələrinin üstünə atəş yağışı yağdı: birinci, ikinci, üçüncü, dördüncü. Sonra bir az yaxından yenə: Birinci, ikinci, üçüncü, dördüncü. Və yenə. Və yenə.

-Yaman bərk başladılar, - deyə Varyanın qulağı çaldı. – Bu da sənə artilleriya hazırlığı. Bu sarsaq psixologiyayla lovğalanmaq lazım deyildi, dayanmadan əzişdirmək lazım idi.

-Qaçdılar! Qaçırlar! – Kazanzaki Varyanın çiyinlərindən tutub bərk sıxdı.

Qız həyacanla aşağıdan yuxarı ona baxdı və başa düşdü ki, adam özündə deyil. Birtətər əlindən çıxdı və döyüş meydanına baxdı.

Meydan üstündə ağ ləkələr kimi sayrışan və üstündə qara kəsəklər uçuşan tüstü örtüyünün altında gizlənmişdi.

Təpələrə sakitlik çökdü. Kütlə müşahidə məntəqəsini hər iki tərəfindən fırlanaraq səssiz-səmirsiz gömgöy dumandan qaçıb gedirdi. Varya ağ əsgər köynəklərindəki qırmızı ləkələri görüb başını çiyinlərinə qısdı.

Tüstü bir az seyrəlmişdi. Vadi çılpaqlaşmış, hər tərəf topların açdığı qara çuxurlar və ağ-ağ nöqtələr kimi görünən əsgər köynəkləriylə bəzənmişdi. Bu mənzərəyə tamaşa edən Varya nöqtələrin tərpəndiyini gördü, sanki torpağın altından gələn ulaşma səsləri eşitdi – elə bu vaxt toplar da susmuşdu.

-Birinci sınaq qurtardı, - deyə baş qərargahdan jurnalistlərin qarşısına çıxarılan tanış mayor dedi . – Osman möhkəm dayandı, çalışmaq lazım gələcək. İndi yenidən artilleriya hazırlıqları, sonrasa yenidən "ura-ura”.

Varyanın qanı qaraldı.



[1] Cənab (tərc.)

[2]rus (tərc.)

[3] əlahəzrət (fr.)

[4] Gözəl mademuazel. (fr.)

[5] Böyük knyaz (tərc.)




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK