hacklink Adalet.az | 20 NOYABR – Qarakəndin qara səması... - Əzizə İsmayılova yazır Adalet.az | 20 NOYABR – Qarakəndin qara səması... - Əzizə İsmayılova yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

20 NOYABR – Qarakəndin qara səması... - Əzizə İsmayılova yazır

14571    |   2019-11-21 09:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O vaxt məktəbli idim. Yadıma gəlir, ucqar bir rayonda, buxəbərdən hamımız necə sarsılmış və hətta qorxmuşduq. Bu siyahıda olanlardan baş prokuror İsmət Qayıbovu, daxili işlər naziri Məhəmməd Əsədovu və jurnalist Osman Mirzəyevi tanıyırdım. Televiziya ekranından təbii ki... Amma İsmət Qayıbovu həm də sevirdik. Televiziya ekranından tez-tez görürdük onu, bəlkə də ona görə idi. Bəlkə də xalqa daha yaxın, onlarla birbaşa təmasda prokurorlar olur, ona görə. Bu sevginin səbəbini heç bu gün də bilmirəm. Onun olduğu bütün verilişləri maraqla izləyirdik. Onun kimi prokuror olmaq arzusunda nə qədər uşaq vardı məktəbimizdə. İndi dərk edirəm ki, böyüklərimiz də ona baxıb, bütün prokurorları elə onun kimi təsəvvür edirdilər.

Bəlkə də bütün bunlardan dolayı rayonumuzda heç kim onun öldüyünə inanmaq istəmirdi...

Alı Mustafayevi o hadisədən sonra tanıdım. Hətta şeirlərini də əzbərləmişdim. Oxumuşdum ki, Alı bu vertolyotla getməzdən əvvəl Şəhidlər Xiyabanına xitabən "Dəli bir ağlamaq keçir könlümdən" şeirini yazmışdı. Sonra özü də o Xiyabanda uyumalı oldu. O adda kiçik bir şeirlər kitabı da çıxmışdı. Yadımda deyil, kitab ölümündən əvvəl çıxmışdı, yoxsa sonra, amma yaxşı yadımdadır ki, o kitabı mən elə Şəhidlər Xiyabanının yanında kitab satan bir kişidən almışdım.

Bu gün 28 il keçir o qorxunc gündən.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində "Mi-8” vertolyotu ermənilər tərəfindən vuruldu.

Nəticədə 22 nəfər həlak oldu. Yadıma gəlir, hadisə yerindən görüntüləri də göstərmişdilər. Onların yanmış meyidlərini görüb dəhşətə gəlmişdik. O vaxt indiki kimi hər gün belə qorxunc şeylər göstərməzdilər. Hamı sözün əsl mənasında şokda idi-qapqara kömürə dönən insan meyidlərinə baxan hər kəsin nitqi tutulmuşdu sanki.

Çox qorxmuşduq, çox. 90-cı ilin "20 yanvarı da gözümüzün önündə idi axı. 20 rəqəminin qaranlıq tərəfi düşmüşdü sanki qismətimizə - dünən 20 Yanvar, bu gün 20 Noyabr...

Hadisədən sonra nə qədər vaxt böyüklər "qara qutu", "qara qutu" deyib danışırdılar. Onun tapılması ilə hər şeyin aydın olacağına inandırmışdılar özlərini. O zaman "qara qutu”nun nə olmasını ağlım kəsmədiyi üçün niyə elə dediklərini anlamasam da, hamı kimi inanır və gözləyirdim tapılacağını.

Bir süstlük, bir sükut çökmüşdü gündəlik həyatımıza. Müharibədən uzaqda, müharibə havasından qorxurduq... Hər yerdə hamı bundan danışırdı. Bu qədər vəzifəli və önəmli adamı necə bir vertolyota yığıb harasa göndərmək olar? Niyə onların heç biri bu təhlükəni hiss edə bilməyib və ya bu "olmaz”ın ola biləcəyi ilə bağlı düşünməyib? Bəlkə də düşünüb, nə bilək.

İstənilən söhbətin əvvəli və sonu "niyə?” yə ilişib qalırdı. Hətta məktəbdə müəllimlərimiz danışanda da ən çox bu sualı eşidirdik - bu qədər vəzifəli adam niyə birdən hamısı bir vertolyota minib Qarakəndə getməli olublar və necə olub ki, onları kimsə müşayiət etməyib? O qədər strateji post sahiblərinin bir yerdə uçma təhlükəsinin fərqinə, doğrudanmı, kimsə varmamışdı? Mümkünsüz görünür.

Bəs onda niyə görəsən?... O qədər cavabsız suallar vardı və bu gün də var ki.



Bir gün məktəbimizdə onların adı və şəkilləri olan bir stend də vuruldu. Düz qapının girəcəyində...

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-inin müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Üstündən iyirmi səkkiz il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Hadisənin gedişatını az qala nəfəsimizi içimizə çəkib izləyirdik. Dedim axı, müharibədən uzaq müharibə havasından qorxmuşduq. Bugünkü kimi yadımdadır, "Xəbərlər”də ilk olaraq rəsmi məlumat kimi helikopterin dumana düşərək qayaya çırpılmasını dedilər. Bu da nə qədər müzakirə olundu. Kim inanardı buna?.. Sonralar Mi 8-in ermənilər tərəfindən vurulması faktı təsdiqləndi. Buna artıq hamı inandı. Çünki ilk olaraq hər kəsin irəli sürdüyü fikir də elə bu idi.

Faciədən 28 il keçsə belə o günlə bağlı bir sıra qaranlıq məqamlara hələ də qaranlıq olaraq qalır – orda yanıb-qaralan cəsədləri kimi.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın aparılması Respublika Prokurorluğuna verilir. Amma bu da heç bir işə yaramır. Çünki, hadisə ilə bağlı cinayət işi üzrə istintaq dayandırılmalı olur. Səbəb isə terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olması göstərilir.

Təbii ki, heç kim bilmədi və yəqin ki, bir də heç vaxt bilməyəcək-səbəbin nə olduğunu. Bəlkə də tam tərsi olacaq. Bir gün torpaqlarımız alınacaq, cinayət işi yenidən açılacaq və hər şey aydınlaşacaq. Zaman göstərər...

Bu gün isə hadisə qurbanlarının hamısını sayqı ilə anır və ruhları qarşısında baş əyirəm!




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK