ANA SƏHİFƏ / YAZARLAR

Nədi ayə yenə üsyanları İranlıların - Mehman CAVADOĞLU yazır

9987    |   2019-11-20 09:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İranın bütün iyirminci əsr tarixi çevrilişlər, inqilablar və iğtişaşlar tarixindən başqa bir şey deyil. Yüz il ərzində ölkədə siyasi idarəçilik sisteminin, demək olar ki, bütün variantları tətbiq olunub, sınaqdan çıxarılıb və son nəticədə hamısı iflasa uğrayıb. Adına məşrutə deyilən konstitusiya inqilabı, dünyada ən qədim və uzunömürlü monarxiyalardan birini devirmək cəhdi, həmin monarxiyanın daxilində sülalə dəyişikliyi, sonuncu sülalənin hər iki başçısının acı taleyi, xarici dəstəklə qurulan müstəqil dövlət və onun vur-tut bir ildən sonra qan içində boğulması, milli burjuaziyanın Qərb kapitalına qarşı səlib yürüşü və nəhayət, qələbə ilə bitən İslam inqilabı. On milyonlarla insanın iştirak etdiyi bu sonuncu inqilabı nəticələrinə, yəni ölkənin inkişafa, xalqın azadlıq və rifaha qovuşmasına görə olmasa da, kütləviliyinə görə dünyanın ən möhtəşəm inqilabı adlandırmaq olar.

Tarix boyu bütün müharibələr dövlətlərin öz siyasi təsir dairəsini genişləndirmək iştahlarından, inqilablar isə xalqın və onun ayrı-ayrı zümrələrinin sosial-siyasi və mənəvi instinktlərinin total şəkildə tapdalanması ucbatından baş verib.

Hələ XX əsrin astanasında İran cəmiyyətini bürüyən və tarixə "Tənbəki üsyanı” kimi düşmüş məşhur hərəkatın kökündə də bu amil dayanırdı. Nəsrəddin şahın ölkədə tütünün alınması, emalı və satışı hüququnu tam olaraq ingilislərin ixtiyarına verməsi, ingilislərin öz Şərq müstəmləkələrində yaşayan ac-yalavac təbəələrini ucuz işçi qüvvəsi kimi İrana gətirərək həmin sahələrdə işlətməsi və üstəlik, qiymət məsələsində inhisarçı siyasəti tütünü yetişdirən kəndlilərlə onun alqı-satqısı ilə məşğul olan tacirlərin maraqlarını birləşdirdi, onların səbr kasasını daşdırdı və ölkəni sosial-siyasi təlatümlər bürüdü. 1891-ci ildə ilk dəfə Təbrizdə başlayan və silahlı qarşıdurma müstəvisinə keçən bu hərəkat qısa müddətdə bütün ölkəni bürüdü və şah geri çəkilməyə məcbur olaraq ingilislərlə bağladığı müqaviləni ləğv etdi.

Çoxmillətli ölkələrdə inqilablar həm də ona görə təhlükəlidir ki, istər-istəməz milli-azadlıq hərəkatı ideyasını gündəmə gətirir. Milli qüvvələr əvvəlcə öz niyyətlərini açıq bildirməsələr də, hadisələr qızışdıqca, rejimin çökəcəyi yəqinləşdikcə ürəyindəkiləri daha açıq dilə gətirməyə başlayırlar. Demokratiya ilə, islahatlarla bağl şüarları yavaş-yavaş müstəqillik şüarları əvəzləyir. Ötən əsrin əvvəllərində və axırlarında Rusiyada da hadisələr bu senariylə getmişdi. Elə İranın özündə də yuxarıda sadaladığımız siyasi proseslər vaxtı milli qüvvələr həmişə bu fürsəti gözləyib, imkan düşəndə bu şüarları səsləndirib, hətta bir neçə əlverişli məqamda onu gerçəkləşdirməyə də nail olublar.

Hətta sonuncu İslam inqilabında da bundan qaçmaq mümkün olmadı. Dövlət idarəçiliyi institutlarının yaranması üstündə inqilabın lideri olan ayətullah Xomeyniylə xalq arasında ondan heç də az nüfuza malik olmayan ayətullah Şəriətmədari arasında yaranan ziddiyyət milliyyətcə türk olan (müstəqil Azərbaycandan fərqli olaraq müstəmləkə Azərbaycanında bu milləti öz adıyla çağırırlar) sonuncunun Təbrizə qaçması və orada az da olsa milli çalar almış müqavimət hərəkatı yaratmağa cəhd göstərməsiylə nəticələnmişdi. Yəni, çoxmillətçi olsa da, demək olar ki, birümmətçi İranda belə büsbütün dinin və mövhumatın gücünə qalib gəlmiş bir inqilabın gedişində də milli faktor qismən də olsa gündəmə gəlmişdi.

İndi İran yenidən çalxalanmağa başlayıb. Səbəb benzinin qiymətinin birdən-birə təxminən üç dəfə artırılmasıyla bağlıdır. Tarixdəki bütün inqilabların, siyasi çaxnaşmaların, sosial etirazların hərəsi bir səbəbdən, bəzən ciddi, bəzən ən adi və banal səbəblərdən başlayır. Əslində, bunlar səbəb yox, bəhanədir, sadəcə qığılcım rolunu oynayır. Səbəb həmişə və hər yerdə eyni olur: yuxarıda dediyimiz kimi cəmiyyətin bütün sosial-siyasi və mənəvi instinktlərinin tapdalanması. Sadə dildə desək, insanların dolanışıq qayğıları, onların hər bir hərəkətinin, davranışının nəzarət altına alınması, sərt qaydalara tabe etdirilməsi və bundan doğan ümidsizlik. Bu ovqat fərdlərdə depressiya yaradır, cəmiyyətin əksər kəsimini bürüyəndəsə partlayışa çevrilir.

Bizdə formalaşmış yanlış təsəvvürlərə rəğmən İran cəmiyyəti heç də geridə qalmış cəmiyyət deyil, əksinə, ictimai şüurun səviyyəsi baxımından bəlkə də müsəlman Şərqinin ən yetkin ölkəsidir. Buna baxmayaraq bu ölkədəki bütün sosial-siyasi etirazlar elə başlayan andan böyük kataklizmlərlə müşayət olunur. Söhbət dava-şavadan, hətta kimlərinsə baş-gözünün dağılmasından getmir, söhbət ölkənin bir anın içində əsl qan çanağına çevrilməsindən, hər xəbərin ölüm-itim faktlarına bələnməsindən gedir. Heç sonuncu hadisələr də istisna olmadı. Etirazlar haqqında yayılan ilk xəbərlərin əsas yükü məhz ölənlər haqqında statiskalardan ibarət idi.

Rejimlər dəyişir, amma hakim elitanın bu cür situasiyalardakı davranışları dəyişmir. Monarx şahla, respublikaçı ruhanilər siyasi rəqiblərinə münasibətdə bir-birlərindən fərqlənmirlər. Bu, şərqin ümumi bəlasıdır. Hakim zümrə dinc etiraz aksiyalarına icazə vermir, versə də bu formada olan etirazları danzına belə almır. Məzlum zümrənin canı boğazına yığılır və ölümünü gözünün qabağına alaraq ən radikal etiraz formalarına əl atır. Vurur, sındırır, yandırır… və öldürülür. Nə vaxtadək? Sonu olmalıdır, ya yox? Axı, sonuncu İran inqilabının birinci nəslinin nümayəndələrinin heç də hamısı bu fani dünyanı tərk etməyib və hazırda ölkənin başında duranların mühüm bir qismi elə həmin inqilabı eləyənlərin özləridir. Və bu cür üsullarla əbədi olaraq qalib gəlməyin mümkün olmadığını kim bilməsə də onlar yaxşı bilirlər və ya bilməlidirlər. Odur ki, 40 ildir ki, (bu müddət ərzində Musa peyğəmbər yəhudiləri kölədən xalqa çevirmişdi) öz xalqına düz-əməlli gün-güzəran gətirməyən bir inqilabın eksportu kimi xülyalardan əl çəkmək və bir az da öz xalqına tərəf addım atmaq vaxtıdır. Axı, başı inqilab ixracatına qarışdığından öz xalqını unutmuş nəhəng bir dövlətin bir neçə ilin içində dağılıb yerlə-yeksan olması uzaq tarixi dövrün hadisəsi deyil.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK