ANA SƏHİFƏ / YAZARLAR

EŞŞƏYİN BELİNDƏKİ KOROĞLU

19275    |   2011-07-05 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əcaib heykəllər barədə)
   
   Bir müddət vətəndə olmadığım üçün mətbuatdan uzaq düşmüşəm. Və Bakıya çatan kimi, hətta çay içməmişdən öncə, bütün yorğunluğuma baxmayaraq evdə yığılıb qalmış qəzetləri vərəqlədim. Hansı qəzeti açdımsa gördüm ölkənin bir müzakirə mövzusu var - o da Şamaxıda qoyulmuş eşşək heykəli ilə bağlıdı. Qəzetlərimiz palaz-palaz yazılar dərc edib, ölkənin ən ünlü köşə yazarları bu mövzuya əl bulayıb və beləliklə, bu eşşək heykəli gündəmə oturub.
   
   Yazıları oxuyub xeyli güldüm. Doğrudan da köşə yazarları bu məsələyə Mirzə Cəlilsayağı elə incə yumorla yanaşmışdılar ki, gülməmək mümkün deyildi.
   
   Çox qəribəydi ki, elə həmin gün mən maşınla ordan keçirdim və maraqla da bu heykəli seyr elədim. Əslində bu heykəl deyil, heykəl tamamilə başqa şeydi. Bir eşşək arabasında kəndli ot daşıyır. Və burda da qeyri-adi heç bir şey yoxdu. Bu gün Azərbaycanda yanacaq baha olduğuna görə kəndlərimizdə eşşək və at arabalarının sayı heç də yük avtomobillərinin sayından az deyil. Təbii ki, insanlar daha sərfəli yollar axtarırlar.
   
   Hətta atı, eşşəyi olmayan kəndlilər bəzən arabaya motosikletini də qoşduğunun şahidi olmuşam.
   
   Nə isə, qayıdaq əsas mövzuya. Seyr etdim, gördüm maraqlı bir ansambldı. Kəndlilərimizin keçmişini xatırladan və elə əslində bu gününə də aid olan bir ansambl. Və burda qeyri-adi, kimisə və ya şamaxılıları təhqir edəcək bir şey yoxdu. Görünür, bu ansamblı yaradanlar Şamaxının keçmişini göstərməyə çalışıb.
   
   Onu da qeyd edim ki, həmin kəndli ansamblına çatmamış yol ayrıcında bir at heykəli də var. Yəni Şamaxıya giriş at heykəli ilə başlayır. Və mənim yazım da atlara aiddi.
   
   Azərbaycanın müxtəlif guşələrində atlara heykəl qoyublar və yaxud ərənlərimizə, hansı ki, onlar at belindən düşməyiblər. Amma nədənsə bizim heykəltəraşlar həmişə cəngavərlərimizi atlara deyil, yabılara mindiriblər. Məsələn, Şamaxının girəcəyindəki at heykəli də atdan çox yabıya oxşayır.
   
   Yabı bilirsiniz də minilib, minilib, minilib və day minilməyə yaramadığına görə onunla ya ot daşıyarlar, ya su daşıyarlar.
   
   Dünyada 4-5 ünlü at növü varsa, biri bizim xalqımıza məxsus Qarabağ atlarıdı. Amma elə bil bizim heykəltəraşların heç biri o Qarabağ atını görməyib. Qarabağ atı cəhənnəm, heç olmasa ərəb atlarının şəkillərini də görməyiblər?!
   
   İki dəfə Tiflisdə olmuşam. Və Tiflisdə də məni ən çox təəccübləndirən və maraqlandıran heykəllər olub: möhtəşəm heykəllər. Saatlarla durub tamaşa eləyə biləcək heykəllər. Elə bil bunları insan yox, ilahi bir qüdrət yaradıb. Və bu son səfərimdə də Türkiyədən gəlirdim və Tiflisdən keçməliydim. Həmin heykəllərin xətrinə bir gün Tiflisdə dayanmalı oldum. Bir daha şəhəri gəzib bu heykəllərə tamaşa elədim.
   
   Kürün sol sahilində çar Vaxtanqın at belində bir heykəli var. Bu at Vaxtanqın özündən də əzəmətlidi. Və Vaxtanqı az-çox əzəmətli göstərən də məhz atdı. Görüm uşaqlar şəklini tapıb çap edə bilərlər?
   
   Gürcünün heç vaxt atı olmayıb, uzaqbaşı, qatırı və ya eşşəyi olub. Bu atlar türk atlarıdı, türkmən atlarıdı. Türkmən atlarının bir qolu olan Qarabağ atlarıdı. Necə olur ki, gürcü heykəltəraş özünün olmayan atını belə möhtəşəm, əzəmətli yapa bilir, amma Azərbaycan heykəltəraşları özlərinin atlarına yabı kimi yanaşırlar?
   
   Uzağa getməyək, Bakıda Tiflis prospektində Gürcüstanın bizə bağışladığı bir at heykəli var. Düzdü, postament üzərində deyil. Gedin baxın, gör nə qədər möhtəşəmdi.
   
   Bu yazını niyə yazdım? Heç də o eşşək heykəlinə görə yox.
   
   Elə Şəmkirin girəcəyində Koroğlunun bir heykəlini qoyublar. Yəqin ki, görmüsünüz. Koroğlu! Qoç Koroğlu! 7777 dəlisi olan Koroğlu! Və Koroğlunun Qıratı! Yerlə-göylə əlləşən bir at. Nallarından qığılcım çıxan bir at. Fınxırtısı ilə də düşmənin bağrını yaran Qırat! Üzəngisini gəmirən Qırat. Hətta uça biləcək Qırat!
   
   Koroğlu özü dastanda Qıratın tərifini söyləyir:
   
   Əylən, deyim Qıratın qiymətini!..
   
   Tapın oxuyun da, day hamısını yazmıram.
   
   Amma orda, heykəldəki at Qırat deyil, yabı da deyil ey, elə bir qatırdı. Və həmişə o heykəlin yanından keçəndə Koroğluya yazığım gəlir ki, o boyda hakimiyyəti ola, 7777 dəlisi ola, amma özü qatırın belində gəzə.
   
   Vaxtilə həmin yerdə Boz Qurda heykəl qoyulub. Çox əzəmətli bir heykəl idi. Düzdü, onda da primitivlik vardı, amma hər halda daha möhtəşəm idi. Onu söküb yerində qatırın belində Koroğlu heykəlini qoymağı hələ də başa düşə bilmirəm.
   
   Şəkilə baxanda deyəcəksiniz ki, nə olub atdı da, özü də şahə qalxıb. Heykəltəraşlıqda ölçülər var, o ölçülərdən çıxanda əcaib bir şey alınır. Postament, postamentin üzərindəki heykəl bir-birini tamamlamalıdır. Şəkilə baxanda bilərsiniz ki, bunlar tamamlayır, yoxsa yox. Necə ki, Nəriman Nərimanovun heykəli. Düzdü, o vaxt siyasi məsələ idi, Sovet höküməti heç Nərimanovun heykəlinin qoyulmasına razılıq vermirdi, amma Ulu Öndər çox böyük çaba göstərərək bu heykəli qoydurdu və hətta sanki Sovet hökumətinin acığına birini də Kazanda Leninin doğulduğu şəhərdə qoydurdu ki, o şəhərdə Lenindən başqa kimsənin nə heykəlinin, nə də büstünün qoyulmasına icazə verilmirdi. Amma Sovet hökuməti bircə şeyi bacardı, Nərimanovun heykəlinin Kirovun heykəlindən əzəmətli çıxmaması üçün onun postamentini dəyişdirtdi və heykəlin ansamblını pozdu.
   
   Bir maraqlı faktı da deyim. Tovuz rayonunun girəcəyinə Tovuzquşu heykəli qoyublar. Əvvəla, bu heykəl tovuzquşundan daha çox hinduşkaya oxşayır.
   
   İkincisi, tovuzquşunun ən qədim türk ellərindən biri olan, ən qədim türk qollarından biri olan Taşoğuzlara nə dəxli var ki?! Qardaşlar, "Tovuz" sözü, bu elin adı hansısa quş adından götürülməyib. "Oğuz" sözündən götürülüb.
   
   Əziz qələm dostlarım, Şamaxıdakı ansamblı bu qədər hallandırmağa ehtiyac yoxdu. Amma eşşəyin belindəki Koroğlu haqqında fikirləşməyə dəyər. Görüm uşaqlar tapsalar onun da şəklini çap edəcəm. Əgər bu gün də tapa bilməsələr yaxın nömrələrdə çap edəcəm, çar Vaxtanqın heykəli ilə bir yerdə.
   
   Mənim yazılarımı bilgisayarda ürəyində mənə söyə-söyə yazan Mehriban xanım sağ olsun ki, heç demə mən arada siqaret çəkərkən hər iki heykəlin şəklini tapıb. Buyurun, baxın.
   
   (Yazı çapa hazırlanarkən məlum oldu ki, eşşəyin heykəlin götürüblər. Görəsən Şəmkirdəki çılız heykələ də əncam çəkən tapılacaqmı?)


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK