hacklink Adalet.az | Sola dönüş - İradə TUNCAY yazır Adalet.az | Sola dönüş - İradə TUNCAY yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sola dönüş - İradə TUNCAY yazır

19837    |   2019-11-12 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İkimizik maşında. Mən və danışan qız. Daha doğrusu, telefonun naviqatoru. O danışır, mənə yolu göstərir. Yaxşı nəsnədi bu naviqator. İnternet normal olsa misli-bərabəri yoxdu. Həəə, əslində yol göstərənlər normal mühitdə normal anlaşılır.

- Derjites pravee - deyir. - Yaxşı- deyirəm ... ”Azad qadın” heykəlinin yanından yuxarı qalxıram. Simvolikdir deyəsən. Sükanı idarə edən qadın Azad qadının yanından ötüb keçir...

Bir vaxtlar burdan keçməyi sevirdim.Vanil qoxusu vardı bu məhəllədə. Karamel fabrikinin qoxusu . Biz burda yaşamışıq bir vaxtlar. İndi getdiyim yolda isə tramvay işləyirdi. Bir idiot qohumumuz vardı, gözümə dixlofos fısqırtmışdı. Anamın məni qucağına alıb ayaqyalın bu tramvay xəttinin üstündən qaçmağın dumanlı xatırlayıram. Poliklinikaya qaçmağın. Həkimin gözlərimə baxmağı da gözümün qarşısında... Tramvaylar yoxdu indi. Poliklinika qalıbmı? Bilmirəm. İndi bu küçədə çoxlu təzə tikililər var. Tikili varsa, sökülənlər də çoxdu. Maşının sürətin azaldıb boylanıram. Həmən arxadan siqnallayırlar. Hara tələsirsiz, bala? Təxirəsalınmaz işləriniz var? Uranı zənginləşdirmə prosesinə gecikirsiz?

Hərdən özümü bu şəhərdə "Firuzə” hekayəsinin qəhrəmanı kimi hiss edirəm. Tanımıram şəhəri. Siz də yəqin Firuzəni tanımırsız. Qarşılıqlı dolanırıq bu tanımamaqlarla ...

***

Son illər hər dəfə Əqrəb bürcü ulduzların içində öz aparıcı yerini tutanda, hər dəfə soyuq noyabr küləkləri pəncərəni döyəndə anlaşılmaz duyğuların, hisslərin təsirinə düşürəm. Hər dəfə müəyyən bir yaş səhifəsini qatlayıb yeni bir səhifə açanda həyat adlı bu kitabın müəllifi ilə – yəni Zamanla bizim ömrümüzü müzakirə eləmək istəyirəm. Bizim – yəni bu gün orta yaşlarını yaşayan insanların. Bu kitabı fəsil-fəsil vərəqləsək, birinci səhifəsindən bu günə gəlib çatsaq hansı nəticəni çıxaracağıq? Müəllif nə demək istəyirdi, baş qəhrəmanlar kim idi, ana xətt nə idi? Ümumi bir fikrə gələ biləcəyikmi? Və bizim yaşıdlarımız – xoşbəxt sovetlər ölkəsində doğulub bu gün azad və müstəqil məmləkətin vətəndaşları olan yaşıdlarımız – həyatdan nə gözləyirdilər, nə aldılar? Mən düşünə bilən, hər şeyi təhlil edə biləcək insanlara xitabən soruşuram: 20-25 il əvvəl ətrafınızda bolşevik təfəkkürlü hədyanlara inanan, inanmasa da əl çala bilən yırtıcılarla üzbəüz gələndə həyatın dəyişəcəyinə, dünyanın düzələcəyinə inanırdınızmı? Və bu düzəlişlərdə öz payınızın olacağına ümid edirdinizmi? Bu gün bizi yeni yetişən nəsil haqlayıb, yeni nəsil. Onlar yeni dövrün insanlarıdır – ola bilər ki, bizim kimi kitaba hörmətlə yanaşmırlar, ola bilər ki, yazılarını başdan-ayağa orfoqrafik səhvlərlə yazırlar, ola bilər ki, baletlə operanın fərqini anlamırlar... Əsas məsələ odur ki, onlar həyata uyğunlaşmağı öyrəndilər. Bizi bəyənmədikləri üçün bizə məxsus bu kiçicik künc-bucaq ki var, ordan da sıxışdırıb çıxarmaq istəyirlər. İnanın ki, dediyim atalar-oğullar, nəsillər arasındakı anlaşılmazlıq problemi deyil. İndi iş elanlarına baxsanız orda yalnız və yalnız 20-25 yaşlı gənclərə tələbat var. Olğun bir insanın işləmək hüququ yoxdur? Dünən bizə heç yerdə imkan vermirdilər ki, uşaqsınız, bu gün ancaq uşaq axtarırlar. Cəmiyyət niyə belə pedofil olub? Bildiklərimizi, savadımızı tətbiq etməyə nə vaxt imkan olacaq? Biz nə vaxtsa savad və istedadımızın müqabilində çörək qazana biləcəyik? Şantaj eləyə bilməyən, rüşvət ala bilməyən, əyilə bilməyən, işini ancaq düz yolla quran adamlar nə vaxt cəmiyyətə lazım olacaqlar?

Bu günlərdə bir dostum gileyləndi ki, vaxt keçdikcə hiss edirəm ki, boğuluram, hiss edirəm ki, öz yerimdə deyiləm, öz istədiyim işi görmürəm. Bizim yaşıdlarımızın əksəriyyəti belə düşünür. Düşünür, çabalayır və heç nə edə bilmir. Biz yaşda insanın başında inqilab havası olmur. Cəmiyyətə öz biliyi ilə xidmət etmək ehtirası olur. Bu enerjini işə çevirmək vaxtı gəlib çatmayıbmı? Göz-qaş oynatmağı, əzalarını titrətməyi bacarmayanların da ağlına, sənətinə, istedadına görə müəyyən bir mövqe tutmağının vaxtı gəlib çatmayıbmı? Kişiliyi, gücü ciblərində olanların öz pullarını kiməsə klip çəkdirməyə yox, xalqın taleyüklü problemlərinə yönəltməyin vaxtı gəlib çatmayıbmı? Gənclərin heç olmasa burdan getmək ümidi var...

... - Derjites pravee – deyir qız. Yaxşı – deyirəm...

Yanımdan ötən maşındakı adam tanış gəldi elə bil. Deyəsən, müğənni idi... Nəsə dəqiq baxa bilmədim. Yekə maşında idi. Bu da bizim həyat kitabımızın yeni bir fəslidi. Məmləkət dönüb olub böyük bir səhnə – 7-dən 77-yə hamı artist olmaq istəyir. Mentalitet 10-12 ilə görün necə dəyişib. XX əsrin əvvəllərində Əbdürrəhim bəy Haqverdiyev "Qacar" dramını yazanda aktyorlar ondan xahiş eləmişdilər ki, qadın obrazı yazmasın, aktrisa yoxdur. İndi kişi başını qaldırıb baxsaydı fəxr eləyərdi. Bir qəribə tendensiya da var. Pulsuz adamlar artist olmaq istəyirlər, pullu adamlar şair, bəstəkar. Bu fəslin səhifələri çox olacaq, ya yox, onu deyə bilmərəm. Hələ ki davam edir. Yekə maşınları olur artistlərin... Gör nələri görə-görə gəlirik ey....

***

Bu dairəyə niyə gəldim axı? Burdan keçmək qıl körpüsündən keçmək kimi bir şeydi... Amma Brejnevi xatırladım... O vaxt bu dairənin adı da başqaydı – XI Qızıl Ordu adlanırdı. Bura açılışına gəlmişdi. Hər zaman noyabr ayında rəhmətlik Brejnevi xatırlayıram. Onun sonuncu dəfə 7 noyabr paradında əlini zorla tərpətməyi, maskaya bənzər sifəti yadıma düşür. Ölümü, tappıltıyla məzara tullanmağı yadıma düşür. Mənim tələbəlik illərim Brejnevin həyatının son dövrünə təsadüf edir. Həmin o son dövr Sovet dövlətində də müəyyən dövrün sonu demək idi. Daha doğrusu, sonun başlanğıcı idi. Ancaq çox dəbdəbəli və möhtəşəm sonu. Təntənəli qurultaylar, uzun-uzadı iclaslar, sürəkli alqışlar, keçici bayraqlar və bütün bunların fonunda bomboş dükanlar, talonlar, uzun-uzadı növbələr – hər şeyə corabdan-kolbasaya tutmuş, evə-maşınacan növbələr. Kosmosa raket uçurdan, nüvə silahı olan, dünyada nə qədər yetim ölkələri yedirdən Brejnev, yəni sovet hökuməti – öz vətəndaşlarına əyin-baş, yemək-içmək verə bilmirdi. Amma insafla danışsaq, bütün bunlar qocalıb-xəstələnəndən, ağlı başından çıxandan sonra baş verdi. Ölkə başladı çökməyə. İndi desəm ki, o vaxt hər şey pis idi, insafdan kənar olar. Birincisi, Sovet adamları aza qane olmağa öyrəşmişdilər və hər şeyə əl çalmağa, "Yaşasın", "Ura" qışqırmağa həvəskar idilər. İkincisi, Sovetlərin gözəl təhsil sistemi var idi. Bu gün postsovet məkanındakı ölkələrin hər sahədəki yükünü Sovet təhsili almış adamlar çəkirlər. Mühəndisindən, həkimindən tutmuş nazirinə, birinci şəxsinə qədər. Amma bu təhsil sistemində o qədər artıq şeylər vardı ki... Məsələn, hər sessiyada gözümüzü kor eləyib Sov.İKP tarixini, qurultayları, həmin qurultaylarda qəbul olunmuş qərar və qətnamələri əzbərləyirdik. Sonra məlum oldu ki, bunlar heç lazım deyilmiş. Bütün institutlarda, universitetlərdə ən əsas kafedra "Elmi kommunizm" kafedrası sayılırdı. Bu fənnə görə, hətta sonuncu kurslardan o qədər uşaqları xaric eləmişdilər ki. İxtisas fənləri qalırdı bir tərəfə, Leninin aprel tezislərini müəllimlər də, həkimlər də əzbər bilməliydilər. Deməli, boş şeylərə ömrümüzün xoş saatlarını, günlərini sərf eləmişik. Çox təəssüf. Bunları bizə kim qaytaracaq?

***

...Qayıtmayanlar... Bəlkə qeyri- adi, bəlkə də sıradan bir mənzərədi. İki dağın arasından kiçik bir çay axır... Göz yaşı kimi dumduru suyu var çayın... Amma səsi gurdu, bütün dağ çayları kimi... Gecələr isə ancaq bu çayın şırıltısın eşidirsən. Çox vaxt yağışın səsi də qarışır çayın səsinə...Və bu duet avqustun yandırıcı dağ günəşinə musiqi fasiləsi gətirir. Burada iqlimi idarə edən dirijorun kəskin keçidləri var... Ritmlər qəribə və təzadlı dəyişir ... Dağın bir yamacında oturub çayla sərhədlənən o biri yamacına baxıram... O biri tayda alaçıqlar, öz işində olan insanlar... Xatirimdə belə qalıb. Və o yaşımın möhtəşəm simfoniyası bu gün elegiya kimi səslənir... "Bəlkə bu yerlərə bir də gəlmədim"-demişdi Şair... Şeir orda gəlmişdi dilinə...
Kəlbəcər... İstisu... Bəlkə o yerlərə bir də gələsən?! Xatirələr öldürür adamı...

Maşınım ora gedə bilmir... Bilməz!!!

***

Siqnal səsi ayırır məni xatirələrdən... Və yaxşı ki, ayırır... Amma burda ayırır da. İnsanın yaşı artdıqca varlığı xatirələrdən ibarət olur. Yoxlarla, varlarla... Yoxlar var həyatımızda, var. Yoxdan Var edən pay verib bizə. Var ola bilmək üçün yoxluğa öyrəşmək gərəkli. Nəyə lazım axı sərsəmlik... Vardı və... yoxdu... Öyrəşsən də budu, öyrəşməsən də...
Nə çətindi Allahım, hisslərinin rəngini çəkmək. Qara da deyil - bulanıqdı. Dərk eləmək, özünə yaxın qoymaq istəmirsən. Hər Yoxluğa hər dəfə öyrəşmək. Varlığın sirri yoxluqdamı? Və bir dostum bu fikirlərimə əlavə edir - birinin yoxluğunu qəbul etmək çox çətindi, qəbul edənə qədər varla yoxun arasında gedib-gəlirsən...

İnsanlar bölüşmək, paylaşmaq istəyirlər. Bəzən etiraflar eləmək istəyirlər. Dünyəvi dinlər bunu məqbul hesab edir. Katoliklər keşişin yanına gedib günah çıxarırlar, İslamda tövbə anlayışı var... Mənə görə, daha doğrusu, İslamda olandı. Bəndəynən Allahın arasına kim girə bilər ki? Üzünü tutdun yuxarı və "Allahım, əfv elə" dedin... Günahları da özündən yaxşı kimsə bilməz... Elə etiraflar da var ki, onu heç özünə də edə bilmirsən... Amma öz aralarında bölüşür insanlar, kimin bəxti gətirib də məhz anlayana rast gəlsə. Hələ yubiley yaşına gəlib çatanda bunları düşünmək…

Siqnallamağına bax da... Hara gedim? Uçum?

***

Qədim yəhudi dilində "yovel", ya da "yuvel" əvvəllər "qoç buynuzu", sonralar isə "azadlıq ili" anlamı verirmiş. Qoç buynuzunun azadlığa nə dərəcədə dəxli var, deyə bilmərəm (Bəlkə azadlığı qoç döyüşü ilə qazanmaq olar kimi bir interpretasiya da gəlir ağlıma). Amma hər halda Musa peyğəmbərin vaxtından "yovel" qulların sahibindən azad olunduğu, borcluların borcdan qurtulduğu, Toranın xalqa təfsir olunduğu, torpağın dincə qoyulduğu illərə deyirlərmiş. Bu azadlıq zamanı hər əlli ildən bir gəlirmiş. Daha dəqiq desək, yeddi yeddilikdən sonra. Qədim adətlərə görə, yeddi müqəddəs rəqəm sayılırmış və yeddinin yeddiyə vurulmasından sonra (yəni 49-dan) gələn ilin önəmli sayılacağı, nə iləsə yadda qalacağı önəmli sayılırmış. Xristianlıqda Papaların yanında tövbə illəri –JUBİLAEUS düşünülürmüş. Qədim Misirdə fironların hakimiyyətinin 30 illiyi ANNUS adlanırmış. Söz həmin o YOVEL sözündən gəlir. Bu nə sərsəm düşüncələrdi, niyə getdim oralara? Qız niyə danışmır? Və ümumiyyətlə, bu naviqatorlar niyə qadın səsiylə danışır? Yol göstərənlər ancaq qadındır?

- Povernite nalevo – dedi... Şükür... Sola dönmək vaxtıdır. Hamı üçün sola dönmək vaxtıdır. Sola dönüş...




İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK