hacklink Adalet.az | 60 İlin o üzündən gələn səs - Əşrəf Veysəlli yazır Adalet.az | 60 İlin o üzündən gələn səs - Əşrəf Veysəlli yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

60 İlin o üzündən gələn səs - Əşrəf Veysəlli yazır

2595    |   2019-11-02 10:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

60 ilin o üzündə qalmış ömür kitabını vərəqləmək, uzaq zaman kəsiyində baş verən yuxu basmış acılı-şirinli xatirələri oyatmaq, çözələmək zarafat gəlməsin!...Gözəl ürək, məhrəm əməllər sahibi olan, hamının "Ağa”, "Seyid” –deyə müraciət etdiyi, ağır bir övliya ocağının layaqətli nümayəndəsi Səyyad Hüseynovdan , onunla çox az sürən dostluğumuzdan danışmaq istəyirəm, ancaq heç cür o vaxların abu-havasına köklənə bilmirəm.Çox çalışıram ki, o böyük insanın portretini göz önünə gətirim, bacarmıram...Nədənsə hər dəfə onu qalefe kostyumda , uzunboğaz xrom çəkmədə görürəm...Yadımda o qalıb ki, böyük vəzifədə çalışırdı : Füzuli rayon Aqrosənaye Kompleksinin direktoru işləyirdi, sonralar isə Xalq Deputatları Soveti icraiyyə komitəsinin sədr vəzifəsinə yüksəlmişdi.. Haqsızlığın qarşısında heç vaxt susmayan, mərdlik simvoluna çevrilən, mənəviyyatca çox zəngin və sinəsi xalq deyimləri ilə dolu olan bu təvazökar və səmimi insanın xətrini sadə peşə adamlarından tutmuş ziyalı və rəhbər işçilərə qədər hamı çox istəyirdi.Heç kəs öz ürəyini ona açmaqdan çəkinməz, o da öz növbəsində kimsədən öz kömək əlini əsirgəməzdi.Çovğunda tir-tir əsən adam əllərini ağzına təpən kimi ehtiyacın sazağından üşüyənlər də özünü onun iş otağına təpər və oradan müsbət enerji ilə yüklənib çıxardılar...

Hələ B.Sərdarov adına orta məktəbdə təhsil aldığım vaxtlardan şeirlərim yerli və respublika mətbuatında çap olunurdu.Füzuli rayonunda dərc olunan "Qızıl Araz”qəzetinin məsul katibi istedadlı şair, jurnalist, bəstəkar və mügənni kimi yaxşı tanınan məşhur Ağabala dayının oğlu Zöhrab Abdullayevlə dostluq edirdim. "Qızıl Araz” qəzetində şeirlərim haqqında çox mükəmməl bir yazı da yazmışdı.(Heyif ki, o yazılar hamısı bu gün işğal altında olan kəndimizdə qaldı).Günlərin birində Zöhrab məni Füzulidəki Pedaqoji Texnikumda keçirilən şeir məclisinə dəvət etdi. "Qızıl Araz” qəzetinin baş redaktoru Firuz Atakişiyev, Səyyad Hüseynov, Zöhrab Abdullayev və başqaları da həmin görüşdə iştrak edirdilər...Mənim çıxışım tələbələrin çox xoşuna gəldi və dəfələrlə "Yenə!”, "Yenə!” deyərək şeir oxumağımı tələb etdilər...Səyyad Hüseynovla tanışlığım oradan başladı.Tədbirdən sonra o qoluma girdi, gəzə-gəzə, söhbət edə-edə məni öz iş otağına gətirdi...Bütün tərcümeyi-halımla maraqlandı, bir-birimizə çoxlu şeirlər oxuduq...Ayrılanda böyük nəzakətlə məni qapıya qədər ötürdü və pencəyimin döş cibinə bir topa pul basdı. "Cavan oğlansan, təhsil alırsan, götür xərclə”-dedi...Tanışlığımız dostluğa, dostluğumuz isə qardaşlığa çevrilirdi.(Səyyadın anası Seyid Zərif xanım bizi siğə qardaş eyləyib,xeyir-dua vermişdi).

Səyyad ərəb sözüdü, mənası ovçu deməkdir .O da öz xeyirxah əməlləri, insanı keyfiyyətləri ,şirin söhbətləri, zərif zarafatları və təkrarsız şəxsi məziyyətləri ilə qəlbimizi ovlaya bilmişdi...Bir az gec görüşəndə kimdənsə sifariş göndərər, yaxud da özü axtarıb tapardı məni...Hər dəfə cibimə cibxərcliyi qoyduğu üçün yanına tez-tez getməkdən çəkinərdim...Arxasızlara arxa, yetim-yesirlərə dayaq və kimsəzilərin kimsəsi idi Səyyad Hüseynov...Əlini çiynimə qoyanda özümü ən xoşbəxt bəndə hesab edərdim.Elə bilərdim ki,onun əlləri elə tanrının əlləridir...

Heç vaxt unutmaram: səhv etmirəmsə o illərdə bir bacısı rəhmətə getmişdi...Sinif yoldaşımla hüzür yerinə gəldim.Çox göz gəzdirsəm də onu məclisdə görmədim.Qohumların birindən xəbər aldım.Dedi ki, "Cin Qobu”da bir nəfər dünyasını dəyişib.Səyyad orada dəfn mərasimindədir.Baxın:-öz dərdi başından aşan qardaşım sadə bir zəhmətkeşin dərdinə şərik olmağa getmişdi...

Gənclik illərimdə çox dəcəl idim.Oxuduğum məktəbin həyətində uşaqlar məni bir pezəvənglə güləşdirdilər.Necə oldusa, o pezəvəngi yıxdım. Uşaqlar çəpik çalıb alqışladılar. "Dostum” çox pərt oldu...Ertəsi gün bazarın yaxınlığında o, bir neçə nəfərlə yolumu kəsdi.Məni sıxışdırmağa başladılar...Elə bu məqamda Səyyada bənzəyən bir nəfəri görüb " Gəlin, qaçaq!” deyərək məndən uzaqlaşdılar.Yoxsa Allah bilir bu dava-dalaşın sonu necə qurtaracaqdı...Onun bənzəri, kölgəsi də məni qoruyurmuş sən demə...

1958-ci ilin sonlarında hərbi xidmətə çağırıldım.İki ildir ki ,orta məktəbi bitirib öz kənd məktəbimizdə katib işləyirdim.Əgər Səyyada desəydim bəlkə də məni əsgərlikdən saxlatdırardı...Ermənistanın Eçmiədzin-üç kilsə şəhərində hərdi xidmətdə olarkən tez-tez məktublaşardıq.(O məktublardan bir neçəsini qoruyub-saxlayıb mənə çatdırdığına görə qardaşoğlu Mirtalıba minnətdaram.Bu məktublardan Səyyadın əllərinin qoxusu gəlir).Səyyad Hüseynov və şair dostum Lətif Vəliyev Azərbaycanda dərc olunan bir neçə qəzet və dərgiləri müntəzəm olaraq poçt vasitəsi ilə mənə göndərirdilər...Barmağınızı qatlayın: hansı dövlət məmuru əsgərlərimizlə bu cür sıx-sıx əlaqə saxlayır, onlarla məktublaşır, ailə problemlərinin həlli ilə maraqlanır?...

Bəli, mən hərbi xidmətdə ola-ola Səyyad Hüseynov kimi qayğıkeş insanların sayəsində ali məktəbin imtahanlarına hazırlaşdım.Və imtahanları böyük uğurla verərək, ADU- nun şərqşünaslıq fakültəsinə qəbul olundum.Buna görə də əsgərlikdən 9 ay əvvəl təxris olunaraq təhsilimi davam etdirməyə gəldim...O zamanlar gənclik dostlarım Novruz Məmmədov və Zöhrab Abullayev Sumqayıta köcüb, orada məsul vəzifələrdə çalışırdılar.Ali məktəbi bitirdikədən sonra mən də taleyimi həmişəlik Sumqayıta bağladım...Əlaqələrimiz zəiflədi,yeni-yeni qayğılar, problemlər və nə bilim daha nələr, nələr bizi göz açmağa goymadı.Sonra, bir xeyli sonra isə qatı həsrət dumanı çökdü aramıza...Torpaqlarımız, yurd-yuvalarımız erməni daşnaqları tərəfindən işğala məruz qaldı...Qohumlarımızın, doğmalarımızın, əzizlərimizin və dostlarımızın məzarlarını da indi ziyarət edə bilmirik...Ancaq 2016-cı ilin möhtəşəm Aprel döyüşləri böyük qələbəyə inam hissimizi bir az da artırdı.Hər birimizin ürəyində "Cocuq Mərcanlıadlı bir gül pardaxladı...İndi özümüzü Şuşaya,Laçına aparan o böyük yolun astanasında hiss edirik...

Vətən sevgisiylə yaşayanların

Himni qanımızla yazılmalıdır.

Həsrət covğununda üşüyənlərim

Zəfər günəşiylə qızınmalıdır...

Kaş möcüzə baş verərdi: bir də görərdim ki, yenə də Füzulinin mərkəzi meydanında addımlayıram.60 ilin o üzündən gələn bir səs qəfildən məni xəyallardan ayırardı: "Ay Əşrəf,!”...o səsə tərəf devikib,uçunaydım.Arxaya çönəndə qarşımda dostumu görəydim...Qayıdaydı ki, "Haralardasan?,neçə gündür ki, Seyid səni axtarır...”

SƏN ŞAİR OLMAĞI ÖYRƏTDİN MƏNƏ

(USTADIM VƏ SİĞƏ QARDAŞIM SƏYYAD HÜSEYNOVUN HƏMİŞƏYAŞAR XATİRƏSİNƏ).

Zülmət yollarıma işıq saçıldı,

Qənimi tapıldı dərdi-sərimin.

Səni görən gündən eynim açıldı,

Çıçəyi çırtladı ümidlərimin.

Yoxdu rahatlığın ,yoxdu dincliyin ,

Qəlbin kövrəklikdə çiçək kimiydi.

Odlu cavanlığın, qaynar gəncliyin

Köksündə çırpınan ürək kimiydin.

Necə də mehriban, xoşqılıq idin,

Bir el sığınmışdı səxavətinə.

Təpədən dırnağa yaxşılıq idin,

Kəbətək gələrdim ziyarətinə.

Aşa bilməyəndə qəm hasarını

Sinəmdə qövr edib sızlardı ürək.

Mən sənin kabinet qapılarını

Açardım səadət qapıları tək.

Ən ağır çağımda yetdin imdada,

Mən səndə dayımı,əmimi gördüm.

Vəzifə başında, iş başında da

Səni sadə gördüm, səmimi gördüm.

Gəl məni təzədən sına, qardaşım,

Yaxşı dost çətində sınanan kimi.

Sənə güvənirəm yenə, qardaşım

Seyid öz cəddinə güvənən kimi.

Keçə bilməsəm də sən keçən yolu,

Şəninə şeirlər deyirəm hələ.

Hələ xərcləyirəm sən verən pulu,

Sən verən çörəyi yeyirəm hələ.

Həsrətin könlümü yeyir, qardaşım,

Göy kimi dolmağı öyrətdin mənə.

Tək şeir yazmağı deyil, qardaşım,

Sən şair olmağı öyrətdin mənə.

***




İmza:
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK