hacklink Adalet.az | Ürəklə yazılanlar - Loğman Rəşidzadə yazır Adalet.az | Ürəklə yazılanlar - Loğman Rəşidzadə yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ürəklə yazılanlar - Loğman Rəşidzadə yazır

(Rəşad Məcidin publisistikası)

3361    |   2019-11-02 10:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəmiyyətin inkişafı uğrunda mücadilə eləcə həqiqət axtarışı, özünütapma və özünüetiraf naminə azad fikrin ilahi yüksəlişinin təntənəsidir. Həqiqətin dərin kök saldığı qəlblər bəşəriyyətin geniş, işıqlı mənəviyyat adası kimi zaman-zaman insan ağlının, şüurunun, coşqun və təlatümlü ruhunun sığınacağı olub. Həqiqət zamanın xeyrinə bir an belə, susmamalı, dil açıb bizim varlığımızdan, mübarizəmizdən, bəşəri əməllərimizdən, çalın-çarpaz fikirlərimizdən, üzərimizdə bərqərarlaşmış vətəndaşlıq borcundan danışmalıdır. Bu isə insanlığın nəcib həvariləri, azad fikrin və demokratik ruhun apastolları olan ziyalıların, yazıçıların, qələm əhlinin əbədi missiyasından mayalanır. Həqiqət carçısı olan ziyalılar ürək və qəlbin hakim kəsildiyi nəsnələri, ilahi hökmlə möhürlənmiş əməlləri öz isti və munis kölgəsi ilə qoruyub saxlamaqda daim baqidir. Belə ziyalılarımızdan biri istedadlı qələm sahibi, şair, nasir, publisist, mühərrir, bir sözlə, "bütün yönləri ilə yaradıcı” (Akademik İ.Həbibbəyli) insan Rəşad Məciddir. Bəzən biz istedad sözünü fərqinə varmadan geninə-boluna işlədir, səxavətlə demək olar ki, hamıya ünvanlayırıq. İstedad dərin məzmunlu, poetik ruhlu, intellektual siqlətli yazılar ərsəyə gətirməklə yanaşı, həm də zəhmətin qaynarında bişmiş düşünən adam, azad fikirlilik, zəmanənin naqisliklərilə barışmazlıq, sərt ictimai tənqidçi, nəcib, səmimi maarifçi, coşqun ruhlu vətəndaşdır. İstedad – insanları birləşdirmək, ideyalar yaratmaq (ideallara xidmət etmək), sosial ziddiyyətləri aradan götürmək, siyasi çaxnaşmalar zamanı təmkin və ləyaqətini itirməməkdir. Bizim əziz dostumuz, müqtədir şair, nasir, publisist, demokratik ruhlu redaktor, maarifçi, islahatçı ədəbiyyatşünas, azad düşüncəli insan Rəşad Məcid belə istedad sahiblərindəndir.

Rəşad Məcidin şeirləri, nəsr əsərləri və həm də publisistikası barədə çağdaş ədəbi sferada geniş söhbət açılıb, onun duyğu və düşüncələri hər üç janrın imkanları işığında geniş şərh edilib. Bu qələm məhsullarında doğrudan da Rəşadın həm istedadı, vətəndaş mövqeyi, humanizmi, azadlıq sevdası, torpaq nigarançılıqları, Qarabağ dərdi və həsrəti bütün çalarlarıyla görünür, həm də özü, şəxsiyyəti, ziyalı obrazı, ipək kimi yumşaq və ipək kimi qayim xarakteri, mübariz, coşqun ruhu boy göstərir. Tələb və zövqlərin şıltaqlaşdığı bir zamanda qəzetçiliklə məşğul olmaq, redaktorluq etmək, jurnalistikada yeni məktəb yaratmaq həddinə qədər gəlib çıxmaq hünər və istedadın göstəricisidir. Doğrudan da Rəşad Məcid müstəqillik dövrü jurnalistikamızın cəsarətli və demokratik ruhlu redaktorlarından biri kimi "525-ci qəzet”in ətrafında bacarıqlı, istedadlı, qəlbi vətəndaşlıq duyğularıyla döyünən böyük bir jurnalistlər (publisistlər) ordusu toplaya bildi. Bu, onun jurnalistikamız qarşısında, ümumiyyətlə, ədəbi düşüncənin, müstəqil fikrin və vətəndaş mövqeyinin inkişafı naminə atdığı ən böyük addımdır. O, jurnalistikamızın nəzəri və təcrübi ənənələrini də öz simasında məharətlə birləşdirə bilən yaradıcı ziyalı, ictimai xadimdir. R.Məcid redaktor kimi özünü bacarıqlı təşkilatçı kimi təsdiq etməklə yanaşı, yazdığı dəyərli məqalələr, resenziyalar, rəylər, verdiyi müsahibələrilə də özünü təcrübəli, səriştəli, cəsarətli və istedadlı publisist, qəzetçi və genişprofilli jurnalist kimi də sübut etmişdir. Başqa sözlə: "Heç şübhəsiz ki, Rəşad Məcid gördüyü bütün işlərdə səriştəli, bacarıqlı və peşəkardır. Amma elə bunları yaza-yaza içimdəki ikinci "mən” deyir ki, cəmiyyətdə nə qədər peşəkarlar var, adamlar onlar haqda nəinki yazmır, hətta, yüz metrliyindən qaçırlar. Görünür, sadəcə peşəkarlıq və bacarıq, hətta istedadın özü də yetərli deyil. Bütün bunlar uzağı yaxşı əsər yazmağa, populyar qəzet buraxmağa kömək edər, amma Rəşad Məcid olmağa yox! Bir çox sirlərin cəmidi, Rəşad Məcid! (Pərvin "Hamının və heç kimin”).

Rəşad Məcid uzun illərdir ki, şeir, hekayə və s. ədəbi yaradıcılıqla yanaşı publisist kimi də fəaliyyət göstərmiş, bu sahədə özünü dərin bilikli, erudisiyalı, intellektual bir jurnalist, geniş analitik təfəkkürlü publisist kimi də təqdim etmişdir.



"Rəşad Məcid müstəqillik dövrü Azərbaycan publisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biridir” (Akademik İsa Həbibbəyli, "Bütün yönləri ilə yaradıcı Rəşad Məcid”).

Onun publisistikası, təbii ki, real həyatdan nəşət tapır, konkret hadisə və əhvalatlardan qidalanır. Və bəzən də xəyal pərvazlarında ömrün və taleyin o taylarına, yaddaşın məhrəm ünvanlarına qanadlanır. Bu da onun publisistikasına şirin bir romantika qatır. O, qələmə aldığı adi məişət hadisələrindən tutmuş geniş rezonanslı ictimai-siyasi problemlərə qədər öz müdaxiləsi, rəy içində rəy formalaşdırması, münasibət içində münasibət yaratması, mövqe içində mövqe nümayiş etdirməsilə daha çox yadda qalır. Belədə o, əsl analitik kimi qələmə aldığı hadisələrə doğru-düzgün qiymət verir, oxucunu öz mövqeyinə, fikrinə, tendensiyasına inandırıb tabe edə bilir.

Onun qələmə aldığı publisistik nümunələr, əsasən, "Dəlicəsinə” adlı kitabda toplanıb. Onun "Roman” adlandırdığı lirik-epik düşüncələri nə dərəcədə lirik-romantik, hissi-emosional ovqat yaradırsa, "Dəlicəsinə” toplusu da bir o qədər ciddiliyi, ləngərliyi, dərinliyi, akademizmiylə fərqlənir. Lakin burada toplanan məqalələr də poetik ruhdan, romantik ovqatdan, metafizik əhval-ruhiyyədən xali deyil. R.Məcidin publisist qələmi həyatımızın bütün tərəflərinə nüfuz edir, bəzən ictimai nəzarətdən kənar qalan, hətta taleyüklü məsələlərin, biganəlik caynağında vurnuxan və heç kimə lazım deyilmiş kimi unudulan problemlərin üzərinə də işıq salmış olur. Onun publisistik əsərlər toplusu "Dəlicəsinə” kitabının strukturu, ideya-məzmun bölgüsü də bu mənada publisistin məqsəd və məramının açılımına, əyaniləşməsinə kifayət qədər kömək edir. Kitabın içindəkilər belə qruplaşdırılıb: "Yaşadıqlarım”, "Gördüklərim”, "Dediklərim”, "Tanıdıqlarım”. Bu bölümlər, ümumiyyətlə, topluya struktur etibarilə bədii-məntiqi aydınlıq verir və oxucunu qabaqcadan mütaliəyə hazırlayır. Belə bir aydınlıq, şüurlu görüntü, oxucu ilə açıq dialoq, ictimai-siyasi hadisələrin yetərincə dəqiq təqdimatı, müəllif fikrinin duyğu və düşüncələrinin səmimi etirafı, ümumiyyətlə Rəşad Məcid yaradıcılığı üçün səciyyəvi cəhətlərdir. "İctimai-siyasi və ədəbi-elmi mühiti tam olaraq birlikdə görməyi və dəyərləndirməyi bacarmaq, daim irəliyə doğru dərkolunmaz obyektiv baxış Rəşad Məcidin jurnalistika fəaliyyətinin və publisistikasının mahiyyətini təşkil edir” (Akademik İ.Həbibbəyli, "Bütün yönləri ilə yaradıcı Rəşad Məcid”).

Rəşad Məcidin həyatımızın müxtəlif sahələrinə nüfuz edən publisistik fəaliyyətini şərti də olsa, bir neçə qrupa ayırmaq olar.

1. İctimai-sosial motivli məqalələri. Rəşad bu mənada həssas müşahidəçi, dərin analitik təhlil istedadına malik jurnalistdir. O, dövrümüzün, içində yaşadığımız cəmiyyətin səciyyəsini bütün təfərrüatı ilə şərh edə bilir, insanlar arasında qarşılıqlı münasibətlərin məntiqinə varır, onların əqli-intellektual, ruhi çabalarını ən incə ştrixlərlə əks etdirir və həssas sənətkar nöqteyi-nəzərindən bu müsbət, yaxud naqis olaylara sərrast ziyalı-sənətkar mövqeyi sərgiləyərək dəqiq qiymət verə bilir.

2. Ədəbi-bədii oçerkləri – esselər. Onun bədii publisistikasının əsasını təşkil edən bu oçerklər və esselər publisistik sərhədləri ötərək daha çox bədii düşüncə, lirik ovqat məhsulları kimi təzahür edir. Təbii ki, publisistika yaradıcılığında lirik təəssüratlar və bədii düşüncənin üfüqləri kifayət qədər geniş olur. Bu çalarlar da publisistik əhval-ruhiyyəni bədii obrazlılıqla zənginləşdirir, ona yeni təravət verir, müəllif-oxucu ünsiyyətini doğmalaşdırır. Rəşad Məcidin bədii publisistikasında isə bədiilik daha öndədir, daha çox dominantlıq təşkil edir. Onun publisistik məqalələri bitkin bir hekayə, yaxud lirik bir lövhədir. Xüsusən, esseləri. Bu əsərlərin strukturunda, bədii arxitektonikasında və poetik estetikasında duyan bir insanın qəlb çırpıntılarını hiss edirik, narahat bir vətəndaşın zahiri forma və görüntülərdən uzaq ictimai düşüncələrlə dolu qayğılarını biz də onunla birgə yaşayırıq. Onun cümlələrində, sözlərində, ifadə və ibarələrində bəlağət, təmtəraq, saxta şüarçılıq yoxdur, dərin hissiyyat, zərif duyum və universal estetika yaşayır. O, insanda formalaşan və onu zənginləşdirən mənəvi-əxlaqi dəyərləri təkmil və kamil görməyə çalışır, bədii oçerklərində, esselərində bunun nümunələrini yaradıb yüksək qiymətləndirir. O, həm də ona görə uğura nail olur ki, çox yaxından tanıdığı, sevdiyi insanları ədəbi tədqiqatın mövzusuna çevirir.

3. Ən maraqlı təəssüratlar Rəşad Məcidin səfər qeydlərinin qatlarında yaşayır. O, həm bir redaktor, yaradıcı şəxs, ictimai-dövlət adamı kimi, həm də Azərbaycan Yazıçılar Birliyinin katibi kimi tez-tez müxtəlif səfərlərdə olur, ayrı-ayrı tədbirlərə dəvətlərdə bulunur. Çox yaxşı ki, bu səfərlərdən Rəşad əliboş qayıtmır, geri dönəndə vağam sünbül kimi dönür, qələmə aldığı oçerklərlə, publisistik qeydlərlə öz oxucularına maraqlı səfər təəssüratları təqdim edir, yeni məlumatlar verir və beləliklə də bizim ruhumuzu və qəlbimizi təravətləndirməklə yanaşı informasiya bankımızı da zənginləşdirir.

Bir məsələni də mütləq qeyd etmək lazımdır ki, Rəşad harada olursa-olsun, hansı ölkəyə, hansı şəhərə gedirsə-getsin – istər İstanbulda, Romada, Strasburqda, istərsə də Berlində fərqi yoxdur, Qarabağ ağrısını da özüylə aparır, hər yerdən Şuşa görünür, Laçın boylanır, Ağdam baxır ona... İşgüzar səfərlərdə, bu səfərlərin təəssüratı kimi qələmə alınan publisistik qeydlərdə də Qarabağ dərdi və problemi əsas prioritetdir. Onun aydın vətəndaş mövqeyinin mayasında, məhz bu yaşantılar, duyğu və düşüncələr dayanır.

4. Rəşad Məcid dövrün siyasi dəyişmələrinə, ölkədə və dünyada baş verən siyasi təbəddülatlara, beynəlxalq böhran paradiqmalarına və bununla yanaşı tarixi keçmişimizə son dərəcə ziyalı həssaslığı, ayıq yazıçı fəhmiylə daim operativ reaksiya verir. Siyasi hadisələrə münasibət bir jurnalist-analitik və aktiv ziyalı-yazıçı kimi Rəşad Məcid üçün taleyüklü məsələdir, ölkənin, dövlətin mövcud, mürəkkəb və qarışıq dövrdə müdafiəsi məsələsidir. Onun üçün, siyasi duruma öz qələmi ilə fəal müdaxilə, əslində fəal vətəndaş mövqeyi ortaya qoymaqdır. O, bütün bunları – istər qələmə aldığı zarisovkalarında, verdiyi irili-xırdalı müsahibələrində, siyasi təhlillərində, istərsə də rəsmi məclislərdə, forumlarda, konfranslarda etdiyi çıxışlarda açıq ziyalı mövqeyindən bəyan edir. O, bəziləri kimi buqələmun cildinə girmir, siyasi, ictimai və ədəbi mövqeyini heç vaxt gizlətmir. Bir çoxları siyasəti riyakarlıq, saxtakarlıq, oyun adlandırır. (Yazılı mətnlərdə, filosofların, siyasi xadimlərin çıxışlarında da eyni kontekstlə rastlaşırıq). Amma, görünür hər şeydə olduğu kimi, eləcə siyasətin özü də səmimiyyətə daha çox ehtiyac duyur. Rəşad Məcidin səmimi, aydın həyat və fəaliyyəti, ictimai-siyasi, ədəbi mövqeyi bu mənada da nümunə ola bilər.

5. Ədəbi-bədii tənqid və ədəbiyyatşünaslıq mövqeyindən qələmə alınan məqalələri də Rəşad Məcidin bir başqa yöndən ictimai-ədəbi məzmununu ortaya qoyur, onun bu istiqamətdə fəaliyyətinə yeni işıq salmış olur. Ədəbi-publisistik fəaliyyətinin bu növü onu "yazıçı tənqidi”nin tanınmış nümayəndəsi kimi səciyyələndirməyə imkan verir. Belə yazılarda onun qrafomonluğa, ədəbi spekulyasiyaya dözməyən amansız tənqidçi mövqeyilə yanaşı, xeyirxah, humanist, qayğıkeş obrazı da canlanır. Xüsusən, gənc yazarlar haqqındakı qeydlərində, onların yaradıcılığı barədə yazdığı ressenziya və rəylərdə bu ürəyiyumşaqlıq və canyananlıq daha çox boy göstərir. O, bu mövqedə amansız tənqidçi deyil. O, tərif də etmir. O, araşdırır, təhlil edir, daha çox ruhlandırır, gələcəyə, uğura səsləyir, yönəldir və yönləndirir. Bir sözlə, əsl dost münasibəti, humanizm sərgiləyir.

Rəşad Məcidin publisistik yaradıcılığına xas cəhətləri bir az da xırdalamaq olar. Amma bizcə, onun bu irtiqamətdəki yaradıcılıq estetikasının və ədəbi-publisistik fəlsəfəsinin açılımı üçün dediklərimiz də müəyyən mənada, kifayət edər. O bu məsələləri və öz fəlsəfi-estetik kredosunu "Yeni paytaxt ehtiyacı”, "Səfərin təzəsi, dostun köhnəsi”, "Əlvida və salam”, "Ağ dənizin duzu”, "Mətbuat tarixinə yazılacaq böyük hadisə”, "Dostluğun böyük nümunəsi”, "İdarəçilik Akademiyasında jurnalistika dərsi”, "Dövlət İdarəçilik Akademiyasında növbəti dərs”, "Doğma adamın "Köhnə və təzə Bakı” nağılı”, "Hamıya çatası işıq”, "Gördüyüm ilk diri şair”, "A” roman”, "Şair və nasir Fəhmi”, "İki 5”, "Ləqəbi Ağsaqqal”, "Gəncədəki ruh”, "Özgə planetdən gələn”, "Ağ qoç, qara qoç”, Nə yaxşı tapdım özümü”, "Uğura aparan yol”, "Əsəd bəy və Nuridə xanım”, "57 il öncənin borcu” və başqa məqalələrində geniş diapazon və spektrdə açıqlamışdır.

Rəşad Məcidin jurnalistikasının həyata cəsarətlə müdaxilə edən zəngin və rəngarəng mövzular üzərində intişar tapması onun bədii publisistikasının mayasına yeni məna qatır. O, son dərəcə aktual, zəruri mövzulara toxunur, incə mətləbləri çözələyir. O, açıq, aydın düşüncəyə yol açan, insan qəlbini riqqətə gətirən, işıqlı ideyalar formalaşdıran məsələlərdən söz açır. Rəşad Məcid o publisistlərdəndir ki, adilikdə qeyri-adilikləri sezə bilir, çoxlarının yanından sakit-səssiz ötə bildiyi nəsnələri ictimai fikrin diqqətinə yönəldir. Belədə o, müqtədir, bir söz ustasıdır, anlayan və anladan maarifçidir, problemləri sona qədər təşrih edən ictimai cərrahdır. Son anda gələcəyə işıq tutan yolgöstərəndir.

"Rəşadın bir-birini təkrarlamayan mövzularda bəhs etdiklərini fərqli bir rakursdan, həm də stilinə xas ifadə etməsi publisistik səriştəsinin göstəricisidir.” (Şəfəq Nasir, "Dəlicəsinə sevə bilsən”). Bəli, Rəşad Məcidin çevik intellektinin və yaradıcı təfəkkürünün nəticəsidir ki, həm onun öz yaradıcılığında, həm də "525-ci qəzet”in (bu da eləcə onun yaradıcılığının bir qanadıdır) səhifələrində mövzu zənginliyi və rəngarəngliyi ilə qarşılaşırıq. Bu, həm də onun redaktorluq bacarığından, mühərrirlik istedadından və səriştəsindən süzülüb gələn bir xüsusiyyətdir. Yaxşı redaktorun beyni ictimai mətləblərlə ləbələb dolu informasiya bankı, yaradıcılıq emalatxanası olmalıdır, fikriylə razılaşmamaq olmur. Ə.Haqverdiyev Mirzə Cəlil haqqında xatirələrində yazırdı: "Mirzə Cəlil dost qazanmaqda, ziyalıları işə çəkməkdə məharət yetirmişdi. Yazmaq istedadı olanlara və mövzu qarşısında məəttəl qalanlara mövzu verməkdə yədi-bəyzası var idi. Guya ki, mövzuları cibindən çıxarırdı”.

Belə misallar yaxın tariximiz və demək olar ki, müasirlərimiz sayılan müqtədir redaktorlarımız üçün də xarakterikdir. Azərbaycan mətbuatının korifeylərindən biri, "Bakı”, "Baku” qəzetlərinin banisi, yaradıcısı və 30 ildən çox bu qəzetlərə başçılıq etmiş Nəsir İmanquliyev bizə, gələcək jurnalistlərə tələbə vaxtı dərs deyəndə publisistikada mövzu seçiminə dönə-dönə toxunardı. Deyərdi ki, diqqətli jurnalist hər şeydə, yolda küləyin ağzında cövlan edən adi bir kağız parçasında, cırılmış kitab vərəqində də mövzu tapa bilər. Küçədə gedəndə hər şeyə diqqət yetirin, dükana-bazara baş çəkin, kinoteatrlara yolunuzu salın, adicə afişalara, elan vərəqələrinə nəzər yetirin, ən əsası da insanları müşahidə edin, onların üz cizgilərini, hərəkətlərini, sevinc və kədərini ufadə edən jest və mimikalarını yadınızda saxlayın. Bütün bunların hamısı gələcəkdə sizin üçün mövzu mənbəyi olaraq yaddaşınızda kodlaşacaqdır.

Digər bir mətbuat korifeyimizin bu tipli tövsiyələrini və təcrübi hərəkətlərini, öyüd və nəsihətlərini öz həyatımda, öz taleyimdə birbaşa yaşamışam. Bizim unudulmaz müəllimimiz və mənim ilk redaktorum Nəriman Zeynalov redaktorluğun bütün parametrləriylə nümunə olduğu kimi mövzu seçməkdə də taysız-bərabərsiz idi. Redaktorluğu dövründə "Sovet kəndi” qəzetində doğrudan da o, bir inqilab etdi və yeni məktəb yaratdı. Mövzu seçməyi isə tamam başqa aləm idi. Bir dəfə məni çağırıb sorğu-sualsız dedi ki, get növbəti nömrəyə bir felyeton hazırla, adını da qoy "Qarpız kəsdim yeyən yox...”. Sonra əlavə etdi, eşidibsən, belə bir mahnı? Dedim, eşitmişəm. Dedi ki, mahnıdan yazma ha, camaat qarpızdan zəhərlənib qırılır. Bildin də...

Bir dəfə də axşamüstü çağırıb dedi ki, mən bilirəm, Nazim Hikməti çox sevirsən, öhdəsindən gələrsən. Sabahkı nömrəyə Nazim Hikmətdən bir şey yaz, adını da qoy "Mən bir ceviz ağacıyam...”. Gecə yatmadım. Səhər tezdən böyük bir material artıq redaktorun stolunun üstündəydi. Nöqtə-vergülünə toxunmadan çapa göndərdi. Səhv eləmirəmsə, N.Hikmətin 70 illik yubileyi idi.

Söylədiklərimə xatirə kimi yanaşmayın. Bu xatirələrdə jurnalistikamızın həm nəzəri, həm də təcrübi dərslərinin yaddaş xəritələri cızılmışdır. Bəli, jurnalistikada mövzu seçimi prosesi uğurun yarısıdır, bəlkə bir az da artıq. Rəşad Məcid belə müqtədir insanların, əvəzolunmaz müəllimlərin məktəbini keçdiyinə görə özü də qurucu oldu, məktəb yaratdı. Məhz bu redaktor həssaslığıdır ki, özünü onun publisistik nümunələrində də yaradıcı eleksir kimi göstərir. Məhz, Mirzə Cəlildən üzübəri həmin yaradıcı ruhdur ki, Rəşad Məcid kimi redaktorların simasında təcəlla tapır.

Qeyd etdik ki, Rəşad Məcid öz publisistikasında həmişə ciddi əks-səda verən hadisələrə, impulsiv problemlərə toxunur. Bu aktual məsələlər onun vətəndaş narahatlıqlarından qaynaqlanır. "Rus bölmələri haqqında köhnə mif” ("525-ci qəzet”, 16 mart, 2019-cu il) adlı analitik yazısında Azərbaycan üçün tarixən üzücü, ağrılı bir məsələ olan orta məktəblərdə rus dilinin tədrisi probleminə toxunulmuşdur. Bugün bütün olmuş və olacaqlara baxmayaraq, Azərbaycan insanı rus basqısının üfüqdə parıltısını daim görə-görə, bu kal meyvənin acısını həmişə dada-dada yenə də ona kütləvi meylin havasının yaşantısı publisistə qəribə gəlir. Bu həvəsin kökündə dayanan hansı hissdir, hansı həvəsdir? Rəşad Məcid açıq-aydın bir mövqeylə, sadə, anlaşıqlı mühakimə tərzi ilə bu bəlanın simptomlarını araşdırır. Düzdü, bizdə digər xarici ölkələrin dili də kifayət qədər geniş şəkildə tədris olunur. Lakin heç bir xarici dilə bu qədər meyl və həvəs də yoxdur. Bu da təhlükəli bir sindroma gətirib çıxarır, nəticədə rus dili Ana dilimizi üstələməyə başlayır. Ziyalı narahatlığı və nigarançılığı da əsasən, buradan qaynaqlanır.

R.Məcid ciddi bir təəssübkeşliklə yazır: "Sonda bir məqamı qeyd edim ki, məncə, Azərbaycanda kimsə rus dilini bilməyin, öyrənməyin əleyhinə deyil. Rus dili dünyanın ən zəngin, işlək dillərindən biridir, böyük ədəbiyyat, mədəniyyət, elm dilidir. Bu dildə dünyanın bir çox məşhur şəxsiyyətləri danışıb-yazıblar və indi də belədir. Üstəlik, rus dili qonşu, tarixən bağlı olduğumuz nəhəng bir dövlətin dilidir. Bütün buna görə ruscanı da öyrənib-bilmək vacibdir. Amma çox vacib, hətta taleyüklü bir şərtlə: hansısa başqa dilin, o cümlədən ruscanın Ana dilimizdən nəinki yüksək, heç ona bərabər də tutulmasına, dövlət dilimizin önünə keçməsinə imkan vermədən!”.

Rəşad Məcid Qurban bayramı ərəfəsində cəmiyyətimiz üçün digər bir ağrılı məsələyə ziyalı həssaslığı ilə münasibət bildirmişdir. Hamımıza məlumdur ki, bir çox istetdadlı tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün daxil olduğu ali məktəblərdə oxuya bilmirlər. Rəşad Məcid bu məsələyə sərt reaksiya verib və imkanlı adamları bu işdə yardımçı olmağa çağırıb. Burada da onun mövqeyi sərtdir, birmənalı və qətidir. Bu yazıda o, imkanlı, zəngin vətəndaşlarımızı təhsil haqqını verə bilməyən gənclərimizə köməyə çağırır. Onun müraciəti tərpədici və səfərbəredicidir. "Qarşıdan Qurban bayramı gəlir. Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O qoyunları sıraya düzüb cənnətə yol axtarınca bu tələbələri sevindirib savab qazanın!

Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır!..

Buyurun zənginlərimiz”.

Ən nəhayət, "Qələmsiz yazılanlar... Virtual aləmə səyahət, Rəşad Məcidin sms dünyasında görüşlər, statusların romantik ab-havasında üfüq ovqatı... İnternet saytlarından istifadə, hansısa bir sosial şəbəkədə mövcudluq, ola bilsin ki, bəziləri üçün əyləncə, digərlərindən ötrü vaxt öldürmək, iddiasını, təşnəsini söndürmək, bir başqası üçün dəb xatirinə dəstədən geridə qalmamaq cəhdləridir. Yazıçı- publisist, üstəlik Rəşad Məcid kimi həssas, hər şeydə min bir məna axtaran və tapan istedadlı yazarlar üçün əyləncəli virtual məkan ciddi ədəbiyyat və jurnalistika meydanına da çevrilə bilərmiş. Rəşad hər kəsin adi və saya, yaxud ötəri və keçici sandığı, əyləncə hesab etdiyi nəsnələri də ədəbiyyat və publisistikanın ciddi predmetinə çevirməyi bacardı və özünün "cığıracan”lıq statusunu bir daha yeni bir ilkə imza atmaqla möhürləmiş oldu. R.Məcidin təqdim etdiyi esse-sms-lər, yığcam süjetli statuslar, digər internet söhbətləri publisistikanın çevik, eksklüziv janrıdır. "Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində Rəşad Məcid tam yeni janrlara imza atmışdır. "Status-esselər” və "sms-esselər” adlandırdığı sosial şəbəkə yazışmalarında ilk dəfə Rəşad Məcid müstəqil janr kimi söz açmışdır.” (Akademik İsa Həbibbəyli).

Rəşad Məcidin "Qələmsiz yazılanlar” virtual esseləri, kodlaşmış alqoritmik ədəbi- publisist düşüncələri heç şübhəsiz ki, müasir dünya bədii təfəkküründə gəlişmiş bir formadır. Bu virtual düşüncələr yaradıcılıq üslubu və elektron janr kimi Azərbaycan ədəbiyyatında və jurnalistikasında da artıq oturuşmağa başlamışdır. Bu düşüncələr Xalq yazıçısı Kamal Abdullanın "Əvvəl-axır yazılanlar”, Rəşad Məcidin "Qələmsiz yazılanlar” adıyla dərc edilərək üzə çıxmışdır. Bu yaxınlarda mərhum ədəbiyyatşünas, görkəmli tənqidçi və böyük ziyalı Arif Əmrahoğlunun "Fasebook” statusları tələbələri tərəfindən toplanaraq "525-ci qəzet”in 19 iyul 2019-cu il tarixli nömrəsində yer aldı. Demək, təşəbbüs ənənəyə çevrilməyə başlamışdır. Azərbaycan ədəbiyyatında və publisistikasında kimsə sinəsini irəli verib bu işi aşırmalıydı, zamanın tələbi kimi bu addım gec-tez atılmalıydı. Rəşad Məcid ilk təşəbbüskar oldu, yeniliyi yeni tərzdə ictimai rezonansa çevirə bildi. Bundan sonra, ola bilsin ki, virtual ədəbiyyat və publisistika janrı ənənəvi yazıları, hətta, üstələmiş də olsun. Bu zaman nə tarix, nə də virtual ədəbiyyat və jurnalistikaya gələn yeni nəsil, əlbəttə, Rəşad Məcidin xidmətlərini unutmayacaqdır.

Bu xüsusda Mehman Həsənli "Ədəbiyyatda esse” adlı məqaləsində yazır: "Rəşad Məcid "Əvvəl-axır yazılanlar” silsiləsindən (Kamal Abdulla) ruhlanaraq sosial şəbəkələrdəki statuslarını "Qələmsiz yazılanlar” başlığı altında təqdim etməyə başladı. Doğrudan da sosial şəbəkələrdə, xüsusən də "Fasebook”da aparılan ədəbiyyat söhbətləri, ədəbiyyatın və ədəbiyyatşünaslığın ən müxtəlif məsələləri ilə bağlı paylaşılan statuslar, onlara yazılan şərhlər heç də digər yayım üsullarından (qəzet, jurnal və hətta internet saytları) geri qalmır, hətta deyərdim ki, onları funksionallığı və hərəkiliyi baxımından üstələyir” ("Ədəbiyyat qəzeti”, 7 sentyabr 2019-cu il).

Rəşad Məcidin elektron yaradıcılığı mövzu etibarilə zəngin, mənalı, çoxqatlı, üslubi cəhətdən bədii, cazibədar və rəngarəngdir. Onun toxunduğu sahələri təxminən belə qruplaşdırmaq olar: portretlər, siyasi təhlillər – siyasi publisistika, mənəvi-əxlaqi söhbətlər, psixoloji yaşantılar, ictimai-sosial rezonans, ədəbi-tənqidi təhlil, eksklüziv araşdırma və ədəbi şəxsiyyətlər haqqında söz, tarixi keçmişimizə ekskurs, yaddaş salnaməsi, poetika, romantika, ünsiyyət, nostalji, düşüncələr, keçmişlə bu günün harmoniyası, müniatür hekayələr, aforizmlər və s. Bütün bunlar Rəşad Məcidə xas sadəliklə, təmkinlə (bəzən də şimşək çılğınlığı ilə) bədii sözün və təxəyyülün səyyar qanadlarında, ağıl və məntiqin dərin fəlsəfəsində əyarlanır. "Hava limanı-1”, "Hava limanı-2”, "Yuxu”, "Qara reyhan”, "Göy üzü”, "Ağanisənin duası”, "Köhnə Bakı üçün nostalji” xarakterik nümunələr kimi nəzəri cəlb edir. Onun aforizmlərindən bir neçə seçmə: "Deyir, cənnət başqalarının qəlbində işğal etdiyimiz yerdədir”, "Qəzəb ədalətsizlikdən doğur”, "Kənddən şəhərə hamı eyni arzuyla gəlir”, "Əleyhinə danışılırsa, demək, varsan, mövcudsan. Lap yüz il əvvəl ölənlərin də qeybətini edirlərsə, onlar da diridir”, "Buxovlar olmasa, xaos yaranar! Buxovlar idarəetmənin ən vacib həlqəsidir. Dinin, dövlətin, qanunların, cəmiyyətin, mentalitetin, ailənin... buxovları! Yaşasın buxovlar!”, "Əzmkarlıq abırsızlığa çevrilmirsə, sonda rəğbət yaradır” və s. və i.a. Kitabı oxuyanlar hamısını gözdən keçirə biləcəklər.

Bir dəfə Xalq yazıçısı, böyük ustad Mirzə İbrahimov məndən sözarası soruşdu: "Loğman – bala, makinada yazırsan, yoxsa qələmlə?” "Qələmlə, Mirzə müəllim”, - dedim. Dedi: "Bərəkallah, düz edirsən, söz gərək barmaqdan süzülə...”. Rəşad Məcidin "Qələmsiz yazılanlar” kitabını oxuyanda nədənsə, bu söhbəti xatırladım. Qələmlə yazılanlar... Qələmsiz yazılanlar... Söz gərək barmaqdan süzülə... Amma nə fərqi, qələmlə də, qələmsiz də yazanda, əsas odur ki, söz barmaqdan süzülür. Qələmi də barmaqla qucaqlayırsan, klaviaturanı da barmaqla döyəcləyirsən. Hər iki halda ürəkdən axıb gələn qan barmağı hərəkətə gətirir, beynin və ruhun yaddaşı barmaqdan boylanır. Əsas odur ki, bu prosesdə ürək hakimlik etsin. Rəşad Məcidin virtual əsərləri qələmsiz yazılsa da, ürəksiz yazılmayıb. Bu sözlərin, sətirlərin hər birində coşan, çağlayan, yanan, yandıran bir ürəyin hərarəti hiss olunur.

Rəşad Məcidin kitablarından birinin adı "Dəlicəsinə” adlanır. Dəlicəsinə sözü insan ehtiraslarının və ruhunun sərhədsiz yüksəlişinin atributu kimi səslənir. Dəlicəsinə (Koroğlunun dəliləri) döyüşmək, dəlicəsinə işləmək, çalışmaq, dəlicəsinə yazıb-yaratmaq, dəlicəsinə sevmək... Dəli bir sevda... Bəlkə elə Qarabağımızı da Rəşadın və Rəşad kimi vətənpərvərlərimizin torpağa, Vətənə olan dəlicəsinə məhəbbəti qaytaracaq?!




İmza:
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK