hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: Dərdi sevincindən böyük Adalet.az | Faiq QİSMƏTOĞLU: Dərdi sevincindən böyük Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Faiq QİSMƏTOĞLU: Dərdi sevincindən böyük

2676    |   2019-10-30 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazıçı-publisist Nazir Çərkəzoğlu ilə uzun illərdi tanışam. Daha doğrusu, onunla tanışlığım müalicəxanaların birində yaranıb. Hər ikimiz həmin müalicəxanada müalicə olunurduq. Və ilk tanışlıqdan da söhbətimiz çox səmimi alınıb. Bir balaca dərdləşəndə onun iç dünyasını görmüşəm. Görmüşəm ki, o da mənim kimi torpağını itirib, vətənindən uzaq düşüb.

Düz 1993-cü ilin avqustun 23-də böyüyüb boya-başa çatdığı Cəbrayıl rayonunun Dağtumas kəndindən uzaq düşüb. Elə bu dərd də, bu kədər də həmişə onun qələmə aldığı müxtəlif janrlı romanlarına, hekayələrinə, povestlərinə hopub. Və zaman-zaman bu dərd, bu kədər bədii yazıya çevrilib. O, "Ağbulağın göz yaşları", "Vahid Tumaslı dünyası", "Gəyən düzü", "Gözləyəsi kimim var?!" kitablarını araya-ərsəyə gətirib. Bu kitabların hər biri insan qəlbinin və insan ürəyinin çırpıntısıdır desək, yanılmarıq. Nazir nə yazıbsa, nə qələmə alıbsa, hamısını ürəyinin atəşi, qəlbinin sevgisiylə həyata gətirib. Və bu yazıların hər birində qəmli-kədərli bir insan taleyi, bir insan obrazı var.

Nazir Çərkəzoğlunu başqalarından fərqləndirən həm də olduğu kimi görünməyi və səmimiyyətidir. İnanın, belə səmimi adamlar çox azdır. Onlar istəyirlər ki, öz dostuna, yoldaşlıq elədiyi adama gözünün yağını da yedirtsinlər. Nazirlə bir dəfə söhbət eləmək, bir dəfə yol-yoldaşı olmaq bəs eləyir ki, onun nurlu və işıqlı aləmini tanıyasan. Bu yaxınlarda Nazir Çərkəzoğlunun yeni bir kitabı: "Fikrin aynası" işıq üzü görüb. Bu kitabda Nazir Çərkəzoğlunun publisistik əsərləri və məqalələri toplanıb. Kitab iki hissədən ibarətdir. Birinci bölümdə o, müasirlərinə üz tutur, özünün əhatəsində olduğu hadisələrə toxunur, təsirləndiyi məqamları publisistikanın dilinə gətirir. İkinci hissədə isə müəllif təsirlənmələrin əks-sədası kimi səslənir, bu bölümdə ayrı-ayrı qələm sahiblərinin onun ünvanına deyilənlər yer alıb.



Kitaba ön sözü filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Abdullayev yazıb. Ön sözdə diqqətimizi cəlb edən bu məqamı oxucuların nəzərinə çatdırırıq: "...Gəlin Nazir müəllimi həm özünün, həm də özgələrinin fikir aynasında görək. O fikir aynası sözlərin, cümlələrin işığında bərq vurur: Fikir aynası elə sözün işığıdır. Sözün halisində hər şey aydın görünür...".

Kitabı vərəqlədikcə bir-birindən gözəl xatirələrlə, hekayələrlə üzləşirsən. Bu mənada 34 ildən sonrakı görüş çox yaddaqalan və həm də kövrək anlardır. Yazıçı-publisist Nazir Çərkəzoğlu "Sən mənim ömrümə qayıdacaqsan" hekayəsində 34 ildən sonra tələbə yoldaşlarının görüşünü çox kövrək və yaddaqalan notlarla tamamlayır. Və 34 il əvvəl və 34 il sonrakı illərin üstünə yağan yağışları, qarı, gülü, çiçəyi, bütün ətrli və təravətli anları xatırlayır. Bu anlar, bu xatirələr dil açıb danışır. Nazirin başqa yazarlardan fərqli cəhəti bir də ondan ibarətdir ki, qələmə aldığı mövzuları araya-ərsəyə gətirərkən istedadlı şair və yazıçıların deyimlərindən, misralarından bol-bol istifadə eləyir. Onun Ramiz Rövşəndən, Vaqif Bəhmənlidən və digər istedadlardan gətirdiyi nümunələr yazıya bir şirinlik, bir təravət, bir rəng qatır.

Onun kitabda qələmə aldığı "Sən mənim ömrümə qayıdacaqsan", "Vətən nəğmələrinin carçısı", "Dərdlərə əyilmədin, Əşir müəllim", "Dərdlərə könül verən şair", "Əbədiyyətə qovuşan doğmalarımız", "Etibarlı günlərimiz", "Mənim tanıdığım Şakir, "O, təbiəti çox sevirdi", "Payız düşüncələri", "Qarabağ haraylı şair", "Qəribəymiş bu dünyamız", "Sənli günlərin harayında", "Qorxmaz Abdulla dünyası" və s. publisist yazıları sözün həqiqi mənasında oxucu qəlbini və oxucu ürəyini fəth eləyə bilər. Çünki bu yazını oxuyan hər hansı bir oxucu bir anlıq da olsa Nazir Çərkəzoğlunun təsvir etdiyi qəhrəmanları tanıyır, onları sevir və hətta qorumaq da istəyir.

Əlbəttə, yazıçı hər hansı mövzunu, hər hansı yazını qəlbinin və ürəyinin səsiylə qələmə alanda bu bədii yazılar oxucuların da ürəyinə yol tapa bilir. İllah da ki, yazıçı səmimi olanda. Onun qələmə aldığı hər yazının dili, üslubu çox şirindi. Təbii ki, dil də şirin olanda, axıcı olanda o hekayəni, o romanı, o publisist yazını oxumaq çox asandır. Yadıma böyük rus yazıçısı Gertsenin sözləri düşür: "Dünyada elə bir fikir yoxdu ki, onu sadə və aydın dildə ifadə eləmək mümkün olmasın". Bax, bu mənada Nazir Çərkəzoğlu öz oxucusu ilə sadə və aydın dildə danışmağı bacarır.

İnanırıq ki, yazıçı-publisist Nazir Çərkəzoğlunun yeni çapdan çıxmış "Fikrin aynası" kitabı da digər hekayə, povest və romanları kimi oxucuların zövqünü oxşayacaq və bu kitabı vərəqləyən hər hansı oxucu itirdiyi vaxt üçün heç vaxt heyfislənməyəcək. Oxucu kitabları vərəqlədikcə, burda öz dünyasını görəcək, vətən həsrəti hiss edəcək, o torpaqdan, o yurddan uzaq düşmüş bir yazıçının ürək pıçıltısını eşidəcəkdir. Biz bir-birimizin ürək pıçıltısının səsini eşitsək, ağır dərdlər, ağır kədərlər çiynimizdən götürülər və iç dünyamıza işıq, nur dolar.





İmza:
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK