hacklink Adalet.az | Zəngilansız 26 il: Bir budaqda min xatirə, min ağrı... Adalet.az | Zəngilansız 26 il: Bir budaqda min xatirə, min ağrı... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Zəngilansız 26 il: Bir budaqda min xatirə, min ağrı...

14652    |   2019-10-29 10:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zəngilanın işğal günündən 26 il keçir... 26 ildir ki, o torpaqda keçən günlərin ilıq xatirələrini, sevincli günlərin işartısını da içimizdə daşıyırıq. Az-çox əlimizdə qalan şəkillər, video görüntülər, müxtəlif kanallarla əldə olunub sosial şəbəkələrdə paylanan və Zəngilanın bu gününü əks etdirən materiallar hər biri bir ömür kitabımızın parlaq səhifələrini xatırladır bizə. Bəzən kiçik gölməçələr əks olunan adi bir foto bizi palçıqlı dalanlardan keçirir, beynimizdə belə bir təəssürat yardır ki, indicə evə çatıb şalvarımızın balaqlarına hopmuş palçığı təmizləyəcək, təbiətin qarasınca donquldanacağıq.

Yaxınlarda sosial şəbəkədə yayılan bir foto diqqətimi cəlb etdi və sanki içimdən ilıq bir sızıltı keçməklə bir çox xatirələri yenidən qıcıqlandırdı, yaddaşımın yamış qatlarını silkələdi. Bu kiçik yazıda qəriblikdə qalan bir ağacın budağına baxa-baxa 26 illik həsrətin ağrısını işıqlandırmağa çalışdım... Fotoda görünən ağacın budaqları bizim xüsusi "parter”lərimiz idi ki, biz oradan yay klubunda nümüyiş etdirilən filmləri "müftə” izləyə bilirdik. Ondan sağda dağıdılan hovuzun ətrafında uşaqlar üçün attraksion, solunda isə həmişə qələbəlik olan voleybol meydançamız yerləşirdi. Fotoda xarabalıq kimi görünən, kol-kos basmış hissədə, yay klubu ilə qış klubunun arasında çayçı Əəsdin yay çayxanası yerləşirdi. Uzaqdan görünən maşının yanındakı böyük çinarın altına stollar düzülər, məxməri çay süfrəsində baməzə söhbətlərə şahidlik edər, dünyanın olub-olacaqlarını müzakirə edərdik. Kənardan gələn domino, nərd səsi, "cığallıq” edənlərin hay-həşiri günün ovqatına xüsusi bir çalar qatardı... Yaxınlıqda yerləşən Hava bürosunun müdiri Misirxan kişi çayçı Əsədi inandıra bilmişdi ki, ondan çay pulu alınsa yağış, külək "törədib” "müştəriləri azalda bilər. Əsəd də ona pürrəngi çay verər və xahiş edərdi ki, "Sən allah, "bu qənd haqqı”andını tərgit, səndən sonra yerdən "and” qəndləri toplamaqdan bezmişəm...

Görünən ağacın budaqlarında və klubun o biri tərəfində kluba yaxın armud ağaclarında hərənin öz "lojası” vardı... Bir az fərasətlilər ya tez gələr, ya da qolu zorluluq edib əsas budaqları "bronlayardılar”. Yaxşı film nümayiş etdirlən günlər klub müdiri Ağamirzənin, kassir Hədiqə xalanın səs-küyü oraları ağzına alardı, gah polisə zəng edər, gah da haray-qışqırıqla ağaclardakı "zritelləri” zərəsizləşdirərdilər. O balaca yay klubu, o budaq lojalar haqqında nə qədər xatirələr var, ilahi... O vaxtlar müəllimlər gecə reydləri edər, şagirdlərin nə ilə məşğul olmaları ilə maraqlanardılar. Bir dəfə ədəbiyyat müəllimimiz İbrahim müəllim (ruhu şad olsun) armud ağacının bir budağına şellənə-şellənə kinoya baxan məktəbli Alışı tənbeh edir ki, "Sabah atana deynən məktəbə gəlsin, ona sözüm var.” Alış da sakitcə : "İbrahim müəllim, atam məndən yuxarıdakı budaqdadır, nə sözünüz varsa elə indi deyin”... Bəzən lentlər qırıq olur, filmin sonunu göstərən "koneç” sözü yazılmayanda zaldan çıxmayan, kinonun sonunu gözləyən tamaşaçıların "Nuralı "koneç”, "Nuralı zvuk” kəlmələrinə kinomexannik Nuralı dayının "Koneş yoxdu, koneş yerinə armud sapalağı yapışdıracam?” sözləri indi də qulaqlarımda səslənir... Bir dəfə onun köməkçisi Tofiq filmi bir az tez qurtarıb, etiraz edənlərə demişdi ki, "Mədəd həkim Bakıya gedir, qatara çatmalıdır”.

Qərib ağacları, xarabazırlığa dönmüş Vətən parçasını göstərən bu fotonun işığında uzaq Ameriakdan tutmuş Azərbaycanın bir çox bölgələrinə səpələnmiş yurddaşlarımın da fikrini öyrənmək marağı mənə güc gəldi, onların da xatirələrini bölüşməklə bu qənatimi gücləndirmək istədim ki, bu şirin xatirələr, bu ağrılar hamımızındır və biz o yurda birgə dönə, o yaraları birgə sağalda bilərik...

Amerikanın Hyuston şəhərində yaşayan təqaüdçü müəllim Mirqələm Miriyev: " İlk klub bizim evə yaxın idi və mənim uşaqlıq xatirələrim daha çox o klubla bağlıdır.Yəni mən yeni yay klubunda ağaclardan filmlərə baxa bilməmişəm. Filmqabağı hay-haray, Hədiqə xalanın, İzafənin uşaqları ağaclardan yendirərkən qopradıqları hay-küysə mənim də qulaqlarımdadır. Bəzən o budaqlardakı "zritellərə” görə film dayandırıldıqda böyüklər "budaqlardakılar”ı ya "zərəsizləşdirər”, ya da onlara da bilet alınıb içəri buraxdırardılar. Bircə şeyi bilirəm ki, bu şirin xatirələr bizi mütləq oralara qaytaracaq, yeni yay klubu tikib, yeni çinarlar böyüdəcəyik.”

Uzun illər Mincivanda məktəb direktoru işləmiş, istedadlı yazar Alı Əliyev : ”Görünən bir parça Vətən –Mincivanın yay klubu və onun ətrafıdır. Fotonu görən kimi yaddaşım təzələndiyindən sevinsəm də, əlim çatmadığı, məndən çox uzaqlarda, yağı əlində oluğu üçün kədərləndim. Babalardan bizə miras qalan bu elatı, bu yurd yerini qoruya bilmədiyimiz üçün hamıdan çox özümü günahlandırdım. O ağacların budaqlarındakı tilişkələr xəncər kimi ürəyimə sap-landı. Ümid edirəm ki, tezliklə oralara dönəcək, o ağacları neçə illik işğaldan, dustaq həyatından xilas edəcək, hətta gecikdiyimizə görə onlardan üzr də istəyəcəyik.”

Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının dosenti Zahir Əsədov: " Bu fotonu mənə göndərəndə özümdən asılı olmayaraq aşağıdakı misraları pıçıldadım, "Mən elə bilirdim sənsiz ölərəm, Mən sənsiz ölmədim məni bağışla”... O günlərdən, sənli xatirələrimin olduğu günlərdən 26 il ötür.. Bir igidin ömrü olan 26 il... Səni tərk edən gündən səni xatirələrim doğuldu... Uçaqlığımı, xoş günlərimi anlara sığışdıracaq xatirələrim doğuldu. Həmin günü son günüm kimi düşünmüşdüm, amma söz günüm olmadı, yaşadım, xatirələrimi incələyə-incələyə bir gün yenə sənə qayıdacağımı düşündüm... Hər şeyə rəğmən yaşayıram, yaşayiram ki, sənli günləri unutmayım, sənli günlərimin real təsvirini övladlarıma, səni görməyən balalarımıza çatdırım. Qadın olub ağlamağı bacarsaydım, qəlbimə yüklənən bu 26 illik həsrəti, ağrını ağı deyə-deyə göz yaşlarımın nəmində isladardım. Amma mən kişiyəm və ümid edirəm ki, oralara dönəcəm və səni ağladanları ağlada biləcəm, uşaqlıq xatirələrimi isə öz məkanında yerbəyer edəcəm... Bilmirəm, gecikdiyimə görə məni bağışlayacaqsan, yoxsa yox, amma gələcəm, mütləq gələcəm... Lap ölmək üçün yanına gəlmək istəsəm də gələcəm.. "Ölmədim” deyirəm, nə edim axı, bəlkə də mən sənsiz ölmüşəm elə...”

Ömürlük xatirələri, 26 illik ağrı-acını bir yazıya, bir qəzet səhifəsinə sığışdırmaq olmaz, amma zəfər günün uzaqda olmayacağını, neçə-neçə qayıdış kitablarının yazılacağını düşünərək bu ağrını kiçib bir şeir parçası ilə tamamlamağı daha doğru hesab edirəm:

Salam,

ucalardan uca,

yaddaşımdan

qoca ağac!

Salam,

yağı əlində əsir,

Kimsəsiz

və yesir ağac!

Budağından

son filmi izlədiyim

gün,

"16 yaşın yox”

– deyə, mənə kəsilən

"sürgün”

yadındamı?

Yadındamı

sənə "qısır” deyib,

armud ağacına

"bilet” alacağıma

özümü inandırdığım gün?

Yandındamı

barsız qozalarını

"Janna Dark”

filmindən sonra

yandırdığım gün?


Adil Həsənoğlu, 

ADPU-nun müəllimi




İmza:

Kəramət Böyükçöl: "Mən Qarabağa görə vuruşmaram!" - MÜSAHİBƏ

Səfir Ukraynada nəsimişünas şairi ziyarət edib

QMİ sədri : Erməni dini liderləri razılaşmalara əməl etmir

Prezident iki quruma pul ayırdı

Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

DGK və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edib

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

"Gördüm ki, bir dəstə yekəqarın kişi Xiyabanda şəkillər çəkdirib yazıblar ki..." - Qalmaqal

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK