hacklink Adalet.az | Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!” Adalet.az | Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qarabağ Azərbaycan torpağıdır, Azərbaycana qayıtmalı, Azərbaycanın olmalıdır!”

5318    |   2019-10-25 15:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqova və onun rəhbərlik etdiyi qurumla bağlı son illər çoxsaylı ziddiyyətli məlumatlar yayılır. QAT rəhbərliyinin təşkilatçılığı ilə Rusiyada keçirilən Qarabağ tədbirlərinə qatıldığımız günlərdə imkan tapıb M.Sadıqovadan müsahibə aldıq. Təsadüf elə gətirdi ki, "AzərRos”un keçirdiyi tədbirin gedişində müsahibəmiz baş tutdu və açıq söhbət edə bildik.

- Mehriban xanım, "AzərRos” yaradılandan buradasınız, eləmi?

- 20 ildir bu təşkilatdayam. Təsis olunduqdan 7-8 ay sonradan... Son 5 ili rəhbər kimi çalışıram. Məndən əvvəl təşkilatın rəhbəri Söyün Sadıqov və Asif Məhərrəmov olub.

- "AzərRos"da Abbas Abbasov dönəmi də olub...

- Abbas müəllim Ağsaqqallar Şurasının sədri idi. Ancaq 2015-ci ilin avqustunda getdi.

- Rusiyadakı milyarderlərdən hazırda kimlər var sıralarınızda?

- Elə Abbas müəllim gedəndən sonra onlar da hamılıqla kənara çəkildilər.

- Kimlər var idi ona qədər?

- Burada Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov, İsgəndər Xəlilov var idi. Hörmətli adamlar çox idi. Mənə elə gəlir ki, onları təşkilatdan getməyə əsasən "Milyarderlər İttifaqı” ilə bağlı söhbətlər vadar elədi. Adını elə deyirlər e, amma adı belə deyildi axı. Bu insanlarla bağlı Azərbaycanda çox neqativ materiallar dərc olundu. Doğrudan da bunların ilk gündən fikirləri ancaq Azərbaycan xalqına nəsə fayda gətirmək idi. Amma çox əfsus ki, imkan vermədilər.

- Amma təsəvvür edin ki, Azərbaycanda prezident seçkiləri keçirilən ərəfədə Rusiya büdcəsinün iri məbləğdə vergi ödəyiciləri olan nəhəng iş adamları bir araya gəlir, təşkilatlanır... Özü də Rusiyadan Azərbaycana qarşı müəyyən təzyiq rıçaqlarının işə salındığı zaman. Sizcə, təsadüf idi?

- Yox, məncə, burada başqa niyyət axtarmağa dəyməzdi. Hər halda, mənim bildiyim qədər onların yarım qram da olsun belə fikirləri yox idi. Yəni Azərbaycana qarşı planları, yaxud seçkilərə hansısa təsir göstərmək niyyəti yox idi. İlk gündən onlar ancaq azərbaycanlılar üçün çalışırdılar. Siz təsəvvür edin, bu milyarderlər bir yerə yığışdığı gündən ancaq ondan danışırdılar ki, mərkəzi regionlarda azərbaycanlıların Milli-Mədəniyyət Mərkəzini yaratsınlar, bütün azərbaycanlılar ora ilə əlaqə saxlasın, tədbirlərdə iştirak etsinlər. Onların fikirləri yalnız fayda gətirmək idi.


- İnciməyin, amma çox zəif arqumentdir, həm də ciddi təsir bağışlamır.

- İnanmırsınız?

- Təbii ki, yox. Söhbət milyardlara sahib olanların planlarından gedir.

"Düzü, Rüstəm İbrahimbəyovun prezident olmaq fikrinə niyə düşdüyünü bilmirəm”

- Yaxşı, bu oliqarxlara indi nə maneçilik törədir? Düz deyirsiniz, belə adamlar seçicilərə hansısa təsir göstərə bilərlər. Amma nə üçün çəkindilər? Deyilənlər doğrudursa, təsir göstərsinlər də. Niyə kənarda qalıblar?

- Hər halda, ötən illərdə Azərbaycan hakimiyyəti ciddi şəkildə hərəkətə keçdi, Rusiya ilə iş apardı...

- Yox. İnanın, elə məqsədi olan adam haçan istəsə, nəsə edərdi...

- Mehriban xanım, Rüstəm İbrahimbəyov Azərbaycan prezidenti olmaq istəyirdi, yəqin məlumatınız var idi.

- Bəli. Burada qeyri-adi bir şey yoxdur. Belə bir ifadə var: "General olmaq istəməyən əsgər yaxşı əsgər deyil”. Sizin də prezident olmaq haqqınız var.

- Bunun üçün əvvəlcə Azərbaycan qanunlarına riayət etmək, Azərbaycan vətəndaşı olmaq lazımdır. Amma Azərbaycan qanunları Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyova seçkilərə qatılmağa imkan vermirdi.

- Bilirsiniz, Rüstəm müəllimə demək olmaz ki, Azərbaycan, yoxsa Rusiya vətəndaşıdır. O, bütün dünyanın vətəndaşıdır. O, bütün dünyanın adamıdır, başa düşürsünüzmü? Düzü, Rüstəm İbrahimbəyovun prezident olmaq fikrinə niyə düşdüyünü bilmirəm. Onu da deyə bilmərəm ki, bu, yaxşı, yoxsa pis fikirdir. Amma burada elə bir şey yoxdur. Mən də Rusiyanın prezidenti olmaq istəyirəm.

- Rusiya vətəndaşı olaraq hüququnuz var. Amma Azərbaycanda ortaya iddia qoymağa qanun icazə vermir. Rüstəm müəllim belə bir şəraitdə iddiasını irəli sürdü.

- Doğrusu, o detalları bilmirəm.

- "AzərRos” ətrafında gedən müzakirələri yəqin özünüz də izləyirsiniz. Həmçinin Mehriban Sadıqova ilə bağlı ən müxtəlif, ziddiyyətli məlumatlar neçə vaxtdır ki, dövriyyədədir. Yəqin fərqindəsiniz. Düzü, məndə də sizin barənizdə fərqli rəy formalaşmışdı...

- "Kak monstr?!” (Gülür)

- Niyə belədir? Nədən camaatı bu qədər qorxutmusunuz?

- Bilirsiniz, mən ən çox nəyə təəssüflənirəm? Kimsə deyir ki, Mehriban belə bir söz deyib. Amma həqiqətən də belə söhbət olmayıb axı. Mənim müzakirələrə səbəb olan müsahibəm indiyə qədər Youtubdadır. Guya mən orda demişəm ki, biz ermənilərlə qardaşıq, ya gəlin qardaş olaq. Yəni maraqlanan adam gedib intervümə baxa bilər. 30 dəqiqəlik müsahibədir, belə söhbət olmayıb. İndi sizinlə danışırıq, sonradan siz kontekstdən nəsə çıxara və yaya bilərsiniz. Eləcə də mənim həmin müsahibəmdən kontekstdən çıxarılan fikirlərimi götürüb bayraq ediblər. Çox heyf ki, bəzi adamlara baxırsan, təcrübəli şəxslərdir, yəni hər şeyə inanmalı deyil. Açsın, baxsın müsahibəyə, belə şey olub, ya olmayıb?

- Ermənilərlə bağlı sizin adınızdan fikirlər yayılanda həyat yoldaşınız nə dedi? Tənbeh eləmədi ki?

- O bilir ki mən o sözü demərəm. Ona görə tənbeh eləmədi, dedi güclü olmaq lazımdır.

- Ağadadaş Kərimov Qarabağda döyüşmək istəyər?

- Yalançı olaram. Deyə bilmərəm.

- Həyat yoldaşınız harada işləyir?

- Əvvəllər hərbidə olub, ancaq indi yaşı ilə əlaqədar uzaqlaşıb.

- Bəs övladlarınız barədə nə deyə bilərsiniz?

- Qızımın 29, oğlumun 28, nəvəmin 8 yaşı var. Uşaqlarım hər ikisi kommersiya ilə bağlı təşkilatda çalışırlar. Allaha şükür. Hər ikisinin ali savadı var.


- Uşaqlarla hansı dildə danışırsınız?

- Azərbaycanca.

- Buna görə sağ olun. Milli mövqedə olduğunuzu dediniz və səmimiyyətinizə inanmamağa haqqımız yoxdur. Lakin rəhbərlik etdiyiniz təşkilatda təmsil olunan Ağadadaş Kərimovun mövqeyi tam fərqlidir. Ermənilərlə qohumluq əlaqələrini açıq şəkildə reklam edir ki, bu da birmənalı qarşılanmır. Səhv etmirəmsə, yubiley tədbirində də iştirak edirdi.

- Bəli. Ağadadaşın həyat yoldaşı ermənidir. 40 ildir Bakı ermənisi ilə ailəlidir. Özü isə "AzərRos” Milli-Mədəni Muxtariyyatının Moskva bölməsinin rəhbəridir. Bu adam 40 ildir erməni ilə evlidir. Bizim ermənilərlə müharibəmiz 30 ildir gedir. Yaxşı, bəs necə oldu ki, Ağadadaşı indi görməyə başladıq? Deməli, burada başqa məna var. Mən həmin mənanı deyim. O destruktiv qüvvələr var idi ki, "AzərRos”u ələ almaq istəyirdilər, onlar bilmədilər ki, Mehriban əleyhinə nə bəhanə tapsınlar, nə çirkab atsınlar. Çalışdılar ki, Ağadadaş tərəfdən gəlsinlər.

- Bəlkə Ağadadaş Kərimov nümayişkaranə şəkildə qızını erməniyə ərə verəndən sonra bu qıcıq daha da çoxaldı, elə hesab etmirsiniz ki?

- Yox. Qızını Rusiya vətəndaşı olan erməniyə ərə verib. Rusiyada yaşayan erməniyə siz deyə bilməzsiniz e, kimə get, kimə getmə! İnanırsınız? Deyə bilməzsiniz! Axı bu uşağın anası erməni qızıdır.

- Elədir, amma atası da azərbaycanlıdır. Hər halda, bizdə ata xətti öndədir.

- Yaxşı, sizə bir sual verim: azərbaycanlı oğlan o qızı alardımı, anası erməni olan qızı?! Siz onu bilirsinizmi elə indinin özündə hətta Azərbaycanda doğulub-böyümüş gənc gedib xaricdə, məsələn, İngiltərədə erməniyə ərə gedir. Mən demirəm düz edirlər, amma səhv edirlər deməyə də haqqım yoxdur. Mən ancaq öz uşaqlarım haqqında danışa bilərəm.

- Qarabağ məsələsində siz hansı mövqedəsiniz?

- Əlbəttə, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycana qayıtmalı, Azərbaycanın da olmalıdır! Bu məsələnin başqa həll variantı ola bilməz!

- Siz də "Dağlıq Qarabağ Azərbaycan torpağıdır və nida işarəsi!”- deyirsiniz?

- Əlbəttə ki! Ora Azərbaycan ərazisi, Azərbaycan torpağıdır! Mən qarabağlıyam, yoldaşım qarabağlıdır. Özüm Bərdədən, yoldaşım Ağdamdandır.

- Xahiş edirəm, səmimi cavab verəsiniz, siz öz qızınızı erməniyə ərə verə, yaxud oğlunuza erməni qızı alardınız?

- Mən bu sözümü deməyi boynuma götürmürəm. Çünki qızımın da ailəsi var, oğlumun da artıq qız övladı var. Ancaq bu haqda indi nəsə desəm, yalançı olaram. Çünki Leyli və Məcnunun ailələri düşmən idi. Romeo və Cülyettanın da həmçinin. Mən demirəm ki, erməni ilə ailə qurmağı dəstəkləyirəm. Amma bundan ötrü insana - konkret halda Ağadadaşa bu qədər çirkab atmaq olmaz!

- Ən azı nümayişkaranə meydan oxumaqdansa, deyə bilərdi ki, bu da mənim taleyimdir, bundan sonra taleyimi dəyişə bilmərəm.

- Siz görürsünüzmü, Azərbaycan qəzetlərində Ağadadaş haqqında nələr yazırlar? Onlar da aparıcı qəzetlər deyildi. Yaxud sosial şəbəkədə pis şeylər yazırdılar. Bəs bunlar nə üçün Ağadadaşın 20 ildir Azərbaycan icması üçün gördüyü faydalı işləri demirdilər?

- Nə kimi faydaları olub?

- Çox. İndiyədək o, öz hesabına, bir qəpiksiz bu təşkilatı saxlayıb, məclislər, festivallar keçirib. Əgər oğlan və qız istənilən federal səhnəyə Azərbaycan milli geyimində çıxıb oynayırsa, bu, artıq xidmətdir. Bilirsiniz, bunlar hamısı maliyyədir. Bu işlər üçün bizə heç kim maliyyə vermir, heç kim əlimizdən tutmur.

- Bəs milyarderlər?

- Yox. Çox təəssüflər olsun ki, yoxdur. Hələ ki mən görməmişəm. Ola bilsin bundan sonra olacaq.

- Yəni 20 il ərzində onlardan dəstək almamısınız?

- Abbas müəllimin (Abbasovun-E.P.) vaxtında ediblər, necə etməyiblər? Abbas müəllim 2 ilə yaxın fəxri sədr oldu, o zaman kömək ediblər. Ancaq sonrakı illərdə olmayıb. Tədbirimizdə Şirvan Kərimov çıxışında gözəl söz dedi ki, icma belə milyarderlərin nəyinə lazımdır ki? Onlar hər biri ayrıca respublikadır, bir dövlətdir.

- Söyün Sadıqov hələ də həbsdədir, eləmi?

- Bəli. Rostovdadır. Hələ məhkəməsi başlamayıb.

- Səbəbi nədir?

- Dəqiq deyə bilmirəm. Çünki orada qaranlıq məsələlər çoxdur. Söyün müəllimin qızı bir tarixi gedişatı danışır, onu günahlandıranlar başqa şeyi. Ona görə də dəqiq söz deyə bilmirəm.

- "AzərRos” üzvü olaraq qalırmı?

- Yox. 2015-ci ildə çox mübahisəli məsələlər oldu, Söyün müəllim başda olmaqla. Ona görə də getdi.

- Yeri gəlmişkən, Rusiya azərbaycanlılarının ağsaqqal nümayəndəsi, akademik Fazil Qurbanov "AzərRos”a doğru bir addım atdı, ləğv edilmiş ÜAK-ın sabiq rəhbəri olaraq sizin dəvətinizi qəbul edib tədbirə qatıldı və Azərbaycan diasporunun birləşməsi baxımından çox faydalı addım sayılır.

- Düzdür.

- Ancaq Fazil Qurbanov diaspora təşkilatlarının birləşməsi üçün üst qurumun yaradılmasını, koordinasiya şurasının qurulmasını təklif etdiyi halda, "AzərRos”dan müsbət cavab verilmədi.

- Siz niyə elə deyirsiniz? Zalda həm müsbət, həm də mənfi fikirlər səsləndi.

- Ən azı rəhbərliyin mövqeyini eşitmədik.

- Mən o sözü deyə bilmərəm. Niyə? 1996-cı ildən milli-mədəni muxtariyyətlər barədə federal qanun var, həmin qanuna görə bizim kimi təşkilatlar heç bir təşkilata üzv ola bilməz.

- Qeyri-rəsmi, birləşdirici qurumda təmsilçiliyə nə deyirsiniz?

- Belə bir quruma razıyıq. Siz gördünüzmü, mən çıxış etməsəm də təşkilatımızın üzvləri çıxışlarında dedilər ki, birgə çalışmağımıza, çiyin-çiyinə durmağımıza razıyıq. Biz bunu təkcə bu gün demirik, 5-10 ildir deyirik. Deyirik gəlin çiyin-çiyinə duraq, birgə çalışaq!

- Siz özünüz konkret addım atmışdınız?

- Bizim aramızda hansısa narazılıq ola bilməz. Elə bu məclis mənim addımımla baş tutub. Elə Fazil müəllimi şəxsən mən dəvət etmişdim.

- Siz akademik Fazil Qurbanov, professor Kamran Rüstəmov kimi nüfuzlu ziyalıları "AzərRos” rəhbərliyinə dəvət edə bilərsinizmi?

- Onu ancaq qurultayda etmək olar. Yəni qurultay seçir. Mən qurultaya qədər buradayam. Qanuna görə, qurultay 2020-ci ildə olmalıdır.

- Bəzən şübhə toxumu səpirlər ki, UAK-ın ləğvində "AzərRos”un da rolu olub. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Çox söz deyirlər. Hələ gəlib mənim otağımda, mənə nələr deyirlər. Bunu deməklə deyil. Şüurlu adam belə şeylərə inanmır.

- UAK niyə ləğv edildi?

- Ədliyyə Nazirliyi orada nəsə hüquqi çatışmazlıqlar aşkarlamışdı.

- Neçə illər ərzində niyə tapmırdılar? Bəlkə azərbaycanlıların təşkilatlanması burada kimlərisə narahat etdiyi üçün böyük bir qurum sıradan çıxarıldı...

- Bəs biz də azərbaycanlıyıq da. Nə bilim? Deyə bilmərəm. Biz 54 regionda fəaliyyət göstəririk. Əlbəttə, UAK da böyük təşkilat idi. Deyə-deyə istədilər ki, bizi onlarla düşmən eləsinlər. Axı biz düşmən olmamışıq.

- Bakı-Moskva münasibətlərini necə qiymətləndirmək olar?

- Azərbaycan-Rusiya münasibətləri nə qədər yaxşı olsa, bu, bizim də rahat yaşamağımız deməkdir. Gün-gündən bu münasibətlər daha da yaxşılaşır. Mən çox gözəl başa düşürəm ki, bu, ancaq prezidentlərin özlərinin arzu-istəyidir.

- Azərbaycana demək istədikləriniz varmı?

- Nəsə xahişim yoxdur. Allaha şükür ki, Azərbaycan gün-gündən inkişaf edir, irəli gedir. Mən çox ümid edirəm ki, bundan da gözəl olacaq, Qarabağ qaytarılacaq, ədalət öz yerini tapacaq!

Elşad PAŞASOY,
"Yeni Müsavat”
Moskva-Bakı



İmza:

Ağsaqqal və ağbirçək məsləhəti hər zaman önəmlidir - MÜSAHİBƏ

Ermənilər Alban məbədini necə taladılar - VİDEO

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK