hacklink Adalet.az | "Facebook"da gözləmək - Eminquey yazır Adalet.az | "Facebook"da gözləmək - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Facebook"da gözləmək - Eminquey yazır

1516    |   2019-10-21 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Hər şey necə də rahatdı. Lap həsrət çəkmək də. Məsələn, əvvəllər dostundan, sevgilisindən ayrılan insanlar bir-birlərindən xəbər almaqçün çox əziyyət çəkirdilər. Dostundan, rəfiqəsindən, qonşusundan öyrənirdilər sağ-salamat olmağını, vəziyyətini.


"Yaşıl" işıq


İndi bircə "yaşıl" işıq, bircə status bəs edir. Və sən açıb yazışmaları belə, oxumağa ürək eləmirsən. Ki, birdən qulağının ucu səsindən, gözünün ucu gülüşündən ötrü daha çox göynəyər, daha çox ağrıyarsan. "Yaşıl" işıq yananda həm üzülərsən sənə yazmadığı üçün, həm sevinərsən varlığından xəbərin olduğu üçün. "Yaşıl" işıq sönər, həm üzər səni yoxluğu, həm sevindirər başqaları ilə də yazışmadığı ehtimalı. O "yaşıl" işıq səninçün nələri ifadə etməz ki. O yazışmadakı mesaj yazmaq üçün olan hissənin açıq olduğunu görmək həm sevindirər ki, səni bloka atmayıb, nə vaxtsa halını soruşasan deyə, həm də üzər ki, heç vaxt əvvəlki kimi yazışmayacağını, ümumiyyətlə, yaza bilməyəcəyini bilirsən. Bütün yazışmaları silə də bilərsən, amma bəs, xatırlamaq istədiyin gülüşlü, sevincli günlərin tarixçəsinə necə baxacaqsan? Hardan tapacaqsan? Axı bu yazışmada onun səndə heç kimin görmədiyi, tanımadığı bir fotosu, xatirəsi var... Dostluğunda qalmasını görüb sevinərsən ki, gözün görür, nigaran deyilsən, üzülərsən ki, birdən sabah başqasıyla bir foto paylaşar, yıxılarsan.

Və qəfil bir statusunu, şəklini bəyənər. Sevinərsən ki, unutmayıb, nifrət etmir. Və üzülərsən ki, o, indi səni də başqaları kimi bəyənir. Beləcə, virtual dostluqlar, sevgilər barmağın ucundan ürəyinin başına kimi uzanır, uzanır və bir gün o "yaşıl" işıq kimi yoxa çıxır.


ayrılıq nə yaman imiş,

sən uzaq yaşıl işıq...


"Facebook"da gözləmək

Burda gözləməyin də öz qəribəliyi var. Dostluğuna biri daxil olur. Canla-başla bütün parametrlərinə baxıb qəbul edirsən. Sonra günbəgün şəkilləri, paylaşımları cəlb edir səni. Yavaş-yavaş simpatiyan reaksiyanı bəyənməkdən ürək qoymağa qədər ucalır, ucalır, amma heç cürə bundan başqa ona heyranlığını ifadə edə bilmirsən. Gah statuslarında rəylərdə sözaltı nələrsə ötürürsən, ya tutar, qulaqardı eləyər, ya da tutmaz, ümidini üzməzsən. Gah sənin hansısa paylaşımına rəy yazar, elə bilərsən ki, aha, deyəsən, o da sənə qarşı eyni hissləri keçirir. Bu gedişlə illəri də başa vura bilər adam. Ta o günə kimi ki, ya sənin cəsarətin yerindən qalxar, ya da onun.

O məlum mesaj var ha, bir azdan "siz" dən "sənə" keçəcək "salam, necəsiz?", dəhşətdi. Sevincindən pırrr eləyib uçmağın gələr. Sən cəsarətini bu gün yazaram, sabah yazaram, - deyib işə sala bilməzsən və bir göz qırpımında o yazar sənə. Bundan həyəcanlı nə var ki?! Siz saatlarla həkim, nazir, müdir qəbuluna düşmək üçün qapıda gözləməmisinizmi? O ki, əlində sıra nömrənin yetişdiyini görüb sevinərsən ha, bax ondan.

Qarşındakı o qədər enerjili olar ki, durmadan saatlarla danışarsan. O səni tanımağa, sən onu tanımağa cəhd edə-edə bir də ayılıb görərsən ki, səninki artıq bağlılığa çevrilib. Hər gün saatbasaat yazmağını gözləyərsən. Söhbətin, mövzun bitsə də susub baxışmağa da razısan.

Filmlərdə türmələr belə olur. Arada uzun nazik pəncərə, bir-birinin səsini telefonla eşidən məhbus və doğması. Toxunmaq qadağan, sarılmaq qadağan, qoxlamaq qadağan. Bu video görüntülü danışıqlar onun əkiz qardaşıdır. Elə istəyərsən ki, tutub ekranı qucaqlayasan, öpəsən.

Sürətlər artdıqca münasibətlər də sürətlə gəlib keçər. Ayrılıqlar da tez düşər. Üstəgəl, bir-birinizdən uzaqlığınız təyyarə fərqidirsə, vəssalam! Heç cür o telefondan kənara çıxa bilməzsiniz. Nə Leyli və Məcnun dövrüdür, nə də Romeo və Cüliyetta.

Yəni indi insanlar sonu olmayan, türmə kimi qadağalı münasibətlərə tab gətirməzlər. Beş gün, on gün, mümkün olmaz, daha da ağrımamaqçün bitirərlər hər şeyi. Nəyimə lazım ki, sevəm, bağlanam, uzun-uzun gözləyəm görüşü. Qollarım ağrıya ki, quca bilmirəm, saçlarım göynəyə ki, əlləri dəymir.

Nə qədər ki, bağlılıq dərinə işləməyib, bitir! Və bitər! Amma mütləq bir tərəfdə heç nə bitməz. O, fərqli yaşayar, fərqli şeylər gözləyər. O adam ki, illərdir yaza bilməyib və "salam, necəsiz?" mesajını gözləyib. Onu o qədər incidər ki, indi "niyə uzadırıq e, bitirək" mesajı. Axı niyə?

gəldin də, niçin pəmbə buludlar kimi axdın?

bilməm niyə getdin, niyə döndün, niyə baxdın

Sonra... sonrası gileylənməyi, deyinməyi kəsib şükür edərsən. "Yaxşı ki, gəldin, gözəl günlər yaşatdın" - deyib heyifsilənməzsən. Axı niyə peşman olasan ki? Birlikdə güldüyünüz, zamanı unutduğunuz anlar bəs deyil? Bir insanla keçirdiyin gözəl saatlara görə niyə "kaş ki, səni tanımayaydım" deyəsən axı. Bəlkə, elə getməyi xeyirlidi? Bəlkə, onun sənə gəlməyində özünə də bir xeyri var? Hə, deyərsən ki, nə oldu, mən burda nəyəm, gəlsin, mənlə özünü ovutsun, köhnə yaşadıqlarının ağrılarını sağaltsın, getsin.

Hə, əzizim, qoy olsun! İnsanlar təkcə sevmək üçün birləşmirlər, həm də bir-birlərini müvəqqəti ovutmağa görə də birləşirlər.



İmza:Eminquey

YAZARIN ARXİVİ

2019-11-20 : GÜNÜN SİTATI
2019-11-04 : TƏBRİK
SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK