ANA SƏHİFƏ / YAZARLAR

SALVADOR ALYENDE, QƏDDAFİ VƏ QAÇAN PREZİDENTLƏR

("Qalıb burda ölmədi ki, heç olmazsa and içməyə bir yerimiz olsun")

16246    |   2011-03-05 09:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Pişəvəri haqqında deyilən bu sözləri cənublu qardaşlarımızdan dəfələrlə eşitmişəm.
   
   Şah rejimi Cənubi Azərbaycanda qurulmuş milli dövlətimizi 1946-cı ildə devirəndə dövlət başçısı və hökumət üzvlərinin bəziləri milləti başsız buraxıb Arazın bu tayına qaçdı. Yalnız Xosrov Ruzbeh və bir də şərəfli ölümü daha üstün tutan mücahidlər millətin yanında oldu, sonadək döyüşdülər, sonra da edam olundular. Yəni millətin yolunda ölməyi şərəfsiz qaçışdan üstün tutdular.
   
   Amma Pişəvəri haqqında deyilən sözlər bir qədər həqiqətə uyğun deyil. Cənublu qardaşlarımız həqiqəti bilmədiklərinə görə haqlıdılar. Əslində isə Pişəvəri qaçmamışdı, Sovet KQB-si onu oğurlayıb gətirmişdi və sonra gördülər ki, Pişəvəri haqqında həqiqətlər ortaya çıxır və xalqın kumirinə çevrilir, avtomobil qəzasına saldırıb öldürdülər. Yəni cənublu qardaşlarımız bunu bilsinlər. Bilsinlər ki, Pişəvəri goruna and içiləsi kişidi.
   
   Bir Salvador Alyende vardı, Çilinin prezidenti. Və xalqın seçdiyi prezident. Amma sonra Amerika qurdu-qoşdu və 1973-cü ilin gərək ki, sentyabr ayında xalqı öz seçdiyi prezidentə qarşı qaldırdı, hərbçilər hakimiyyəti ələ keçirdi, qısası, Pinoçet dövlət çevrilişi elədi.
   
   Xalq öz içindən seçdiyi, demokratik yolla hakimiyyətə gətirdiyi Salvador Alyendeni devirdi, diktator Pinoçeti hakimiyyətə gətirdi.
   
   Və hakimiyyətə gələn Pinoçet "ura" deyib, küçəyə axışan on minlərlə "inqilabçını" edam elədi, həbsxanalarda çürütdü, stadionlarda güllələdi və sair və ilaxır.
   
   Həmin vaxt Salvador Alyende son anadək xalqı ilə bir yerdə oldu, qaçmadı. Özü də Pinoçet təklif eləmişdi ki, ona təyyarə verir, hara istəyir uça bilər, hətta Moskvaya. Amma Alyende öz postunda güllələnməyi üstün tutdu və kabinetində də güllələdilər.
   
   Çili hadisələri ilə bağlı gərək ki, rejissor Jarakayviçus çəkib, "Kentavr" adlı gözəl bir film də var. Oxucular həmin filmə baxsalar heç nə itirməzlər. Əksinə, milləti üz-üzə qoyan, ölkələri qarışdıran xarici dövlətləri yaxşı tanıyarlar.
   
   Salvador Alyende tarixə elə Salvador Alyende kimi düşdü, Pinoçet isə çox yaşadı, amma it kimi yaşadı, boğazına xalta salıb o məhkəməyə, bu məhkəməyə sürüdülər, axırda da elə it kimi gəbərdi.
   
   Araşdırsam canından qorxub qaçan padşahların, kralların, prezidentlərin çox uzun bir siyahısı ortaya çıxar.
   
   Bu yazını yazanda yadıma düşənləri deyirəm.
   
   Kiprin bir prezidenti vardı - Arxiyepiskop Makarius, ölkəsini qoyub qaçmışdı.
   
   Bir az əvvələ getsək, dünyanı lərzəyə salan Osmanlı imperiyasının sonuncu imperatoru Sultan Vəhdəddin də türklərin qatı düşməni ingilislərin gəmisi ilə qaçıb getmişdi Maltaya, ordan da nə bilim hansısa cəhənnəmə.
   
   Məhəmməd Rza Pəhləvi İranı inkişaf etmiş Avropa dövlətləri səviyyəsinə qaldırmışdı. Və Avropa gördü ki, kakoy-nibud bir Şərq dövləti onların səviyyəsinə çatıb və hətta onların səviyyəsini keçmək üzrədi, qurdular-qoşdular xalqı ayaqlandırdılar və Pəhləvi də şah adına ləkə gətirərək atası kimi ölkəsini qoyub qaçdı və atası kimi mühacirətdə öldü. İranda bir diktator getdi, yerinə başqa bir diktatura rejimi gəldi və yeni rejim də İranı atdı orta əsrlərə.
   
   Qırğızıstanın papağı yeməli bir prezidenti vardı, İrəvanda "uydurma erməni soyqırımı" abidəsinə də əklil qoymuşdu, özü də familiyası da ağaydı, bəydi, kişiydi...g qaçdı Moskvaya. Xalq yerinə birini seçdi, beş ildən sonra onu da daş-qalaq elədi, o da bilmirəm Banqladeşəmi qaçdı, yoxsa Belorusiyayamı.
   
   Acarıstanın da bir prezidenti vardı, televiziyalarda elə qəşəng görsənirdi, boy-buxun, amma demə ciyəri bir tikəymiş. O da qaçdı çıxdı aradan.
   
   Bizim qaçanlardan xəbəriniz var deyin, yazmaq istəmirəm.
   
   Tunisin prezidenti Ben Əli cırdı çıxdı aradan. Heyf, Həzrət Əlinin adını ona qoymuşlar.
   
   Misirin prezidenti də cırdı aradan. Yəmənin, Omanın prezidentlərinin də bir ayağı qaçaraqdı.
   
   Türkiyədə hərbi çevrilişdən sonra Alparslan Türkeş həbs olunmuşdu. Bozqurdlar Başbuğlarının həbsdə yatmasına dözə bilmirlər. Birləşmiş Ərəb Respublikasının ...
   
   ... O vaxt ərəblərin arasından bir kişi çıxmışdı - Camal Əbdül Nasir, ərəb respublikalarını birləşdirmişdi...
   
   ... prezidenti Camal Əbdül Nasirlə danışıqlar aparırlar, o, Türkeşi Türkiyədə ara sakitləşənə qədər Qahirədə yüksək səviyyədə qonaq saxlamağa razılıq verir. Gəlirlər həbsxanaya Türkeşin yanına, məsələni açırlar. Deyirlər hər şey hazırlamışıq, səni helikopterlə yaxınlıqdakı hərbi aeroportların birinə qaçıracağıq, ordan da hərbi təyyarələrin birinə minib səni Qahirəyə aparacağıq və sair və ilaxır.
   
   Türkeş bərk əsəbləşir, qalxır ayağa və deyir:
   
   - Siz məni alçaldırsınız. Mən üstündə Türk bayrağı dalğalanan həbsxanada yüz il yataram, uf da demərəm.
   
   "İgidlik ondu, doqquzu qaçmaqlıqdı". Koroğlu kimi bir igid heç vaxt belə axmaq söz deməzdi. Çünki dastanda onun kiminsə qabağından qaçması ilə bağlı bir epizod da yoxdu. Bunu Koroğlunun adına Həmzənin nəvələri yamayıblar. Koroğlu yəqin belə deyib: "İgidlik ondu, doqquzu bu yolda ölməkdi".
   
   Qoy səni tutsunlar, assınlar, kəssinlər, cinayətkarsan, cinayətkar deyilsən, günahın var, ya yox, Çe Qevara kimi güllələsinlər. Və sonra milyonlarla insan səni Çe Qevara kimi sinəsində gəzdirə bilər, ruhunda gəzdirə bilər, bir bütə çevrilə biləsən.
   
   İraqda sevindiriyə düşdülər. Səddam Hüseyni tutub verdilər amerikalılara, onlar da asdı. Və ABŞ-la Avropa İraqa demokratiya gətirdi. Və demokratiya gələndən İraq xalqı o qədər xoşbəxt yaşayır ki, sevincdən artıq bir milyon yarım ərəb ölüb. Bir on il də belə davam eləsə, day İraqda sevinməyə ərəb tapılmayacaq.
   
   İlahi, ABŞ və Avropa ərəbləri nə qədər sevirmiş? Tək ərəbləri yox, elə biz müsəlmanların hamısını. Odur ey, əfqanları nə təhər bağırlarına basıblarsa təngənəfəs olublar. Əfqan demişkən, qaçan prezidentin biri də yadıma düşdü. Bir Babrək Karməl vardı. O da qaçmışdı Moskvaya, bir-iki otaqlı ev vermişdilər.
   
   Ondan əvvəlki prezidentləri isə qaçmadı, Tərakini maşınında vurdular, Hafizulla Əmini də ailəsi ilə bir yerdə prezident iqamətgahında öldürdülər, o da sonacan döyüşdü, qaçmadı.
   
   İndi meydanda Qəddafi qalıb...
   
   Və bütün dünya...
   
   
   
   İndi meydanda Qəddafi qalıb...
   
   Və bütün dünya, dünya deyəndə dünya var ki, dünya ABŞ-dı, bir də Avropa, yəni ABŞ və Avropa quyruğunun üstünə qalxıb ki, Qəddafi hakimiyyətdən getməlidi, ya da Liviyanı bombalayacağıq.
   
   Balam, belə insan haqları gözləyənsiniz bəs Ermənistanı niyə bombalamırsınız? 1 milyon insanı öz yurdlarından qovublar, başqa bir dövlətin 20 faiz torpağını işğal ediblər, 30 minə yaxın vətəndaşını qırıblar. Bir şəhəri əhalisi ilə birlikdə yer üzündən siliblər. Bəs nöşün bombalamırsınız?! Nöşün ki, müsəlman deyillər?
   
   Qəddafini burda saxlayaq, ötən yazımdakı bir məsələyə aydınlıq gətirək.
   
   Qaçan prezidentlər haqqında yazanda qeyd eləmişdim ki, "bizim qaçanlardan xəbəriniz var deyin, yazmaq istəmirəm". Oxucular bunu irad tutur ki, bəs niyə onlardan yazmırsan. Yaz deyirsiniz, yazım da.
   
   Vəzirov xalqını rus tanklarının altında qoydurdu və qaçdı getdi. İndi hardasa yaşayır. Bir türk şarkısında deyildiyi kimi: "O da yaşayır, əgər bunun adına yaşamaq deyirsənsə..." Böylə yaşamaq yaşamaqdımı? Bir millətin lənətini qazanıb yaşamağa yaşamaq demirlər.
   
   Qarabağda Azərbaycan kəndlərini yandıranda, Azərbaycan xalqını soyqırıma məruz qoyanda Mütəllibov Rusiya televiziyalarında və qəzetlərində qalstuku haqqında, şıq geyimləri haqqında müsahibə verirdi. Ermənilər Xocalı soyqırımını törədəndə bilmirəm hardasa nə ilə məşğul idi. Və sonra da qaçdı. Sonra utanmadan bir də gəldi və yenə də qaçdı. Dövlətin və millətin cəzasından qaçdı. Dövlətin və millətin cəzasından qaça bilərsən, amma Allahın ki cəzasından qaça bilməzsən. Müstəntiqlərin soruşdurmasından qaçmaq olar və qaçanlar da çoxdu, amma hələ bu günədək heç kim inkir-minkirin soruşdurmasından qaça bilməyib.
   
   Bəs deyəcəksiz Elçibəy? Elçibəy tamam başqa bir məsələdi. Elçibəy qaçmadı, ölkəni tərk etmədi. Elçibəy ölkədə baş verə biləcək bir vətəndaş müharibəsinin qarşısını almaq üçün, dövləti və dövlətçiliyi xilas etmək üçün hakimiyyəti dünyanın ən böyük şəxsiyyətlərindən biri, dövlət və dövlətçilikdə böyük bir təcrübəyə malik müdrik bir insana devr etdi. O da gəlib ölkəni xaosdan xilas elədi.
   
   Elçibəyin ən qatı tərəfdarları belə bu gün də o peyğəmbər kimi insanı hakimiyyəti Heydər Əliyevə verdiyinə görə yamanlayır, nüfuzuna kölgə salmağa çalışırlar.
   
   Bəs Elçibəy hakimiyyəti kimə təhvil verməli idi?! Bazar uşaqlarına, cinayətkarlara, adi bir rayonu idarə etmək qabiliyyəti olmayanlara, canilərə, quldurlara?!
   
   Əgər Elçibəy hakimiyyəti Heydər Əliyevə təhvil verməsəydi indi Azərbaycanda 18 ildə 18 dəfə dövlət çevrilişi olmuşdu. Necə ki Elçibəydən sonra buna iki dəfə cəhd elədilər.
   
   Və Elçibəy hakimiyyəti təhvil verəndən sonra da çəkildi müxalifətə və yenidən hakimiyyətə qayıtmaq üçün sivil mübarizəyə başladı. Amma prezident seçkilərində bu gün Elçibəyin ətəyindən bərk-bərk yapışıb özünü Elçibəyin müridləri sayanlar özlərini ona alternativ verdilər. Öz liderlərini dəstəkləmədilər. Nə isə, qəbri nurla dolsun.
   
   Bir az əvvəl dedim ki, Elçibəydən sonra Heydər Əliyevi devirmək üçün dövlət çevrilişinə iki dəfə cəhd olundu. Əslində isə Heydər Əliyevi devirmək üçün üç cəhd olmuşdu.
   
   Birincisi, 1992-ci ilin oktyabr ayında. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda və tək qalıb Naxçıvanı erməni işğalından qoruyanda. Naxçıvanda bir qrup silahlı televiziyanı və mühüm dövlət strukturlarını işğal eləmişdilər. Ümummilli Liderin istefasını tələb edirdilər. Amma Heydər Əliyev qaçmadı.
   
   Yadınıza düşürsə, Əlikram Hümbətov kabinetində Ümummilli Lideri hədələyəndə Heydər Əliyev gülüb Əlikrama demişdi: "Sənin tapançan var, amma mənim tapançam yoxdur".
   
   Əslində isə Heydər Əliyev tapançanın nə olduğunu biləndə Əlikram aşırmalı şalvar geyinirdi.
   
   Naxçıvanda da əli tapançalılar Heydər Əliyevin istefasını tələb edəndə Heydər Əliyev yəqin ki, yenə gülmüşdü və qaçmamışdı. Çünki Heydər Əliyev xalqa arxalanırdı, Naxçıvan camaatına arxalanırdı. O Naxçıvan camaatına ki, Onu çiyinlərində gətirmişdilər Ali Məclisə ki, təkcə Naxçıvanı yox, həm də Azərbaycanı xilas eləsin.
   
   1994-cü il dövlət çevrilişi cəhdində də, 1995-ci il dövlət çevrilişi cəhdində də Ümummilli Lider bir addım da geri çəkilmədi. Kimlərinsə topundan-tüfəngindən heç ürpənmədi də. Çünki arxasında xalq vardı. Və hər iki dövlət çevrilişinin qarşısını aldı və birdəfəlik dövlət çevrilişləri ənənəsinə son qoydu. Və birdəfəlik sübut elədi ki, hakimiyyətə gəlməyin yalnız bir yolu var - o da sivil yoldu, demokratik yoldu. Və ölkədə əmin-amanlıq yarandı, sabitlik yarandı, bu da Azərbaycanın qısa bir zaman kəsiyində sürətli inkişafına səbəb oldu.
   
   Ötən yazımda Salvador Alyendeni misal gətirmişdim. Həlak oldu, amma qaçmadı.
   
   Əslində dövlət və dövlətçiliyi qorumaq üçün dünyada ən böyük örnəklərdən biri Ulu Öndərdi.
   
   Qəzetlərin birində Qəddafi ilə Heydər Əliyevin bir-birlərini dost və qardaş adlandırmaqlarını ironiya ilə yazmışdılar. Qəddafi Ulu Öndəri Liviyaya dəvət edibmiş. Həmin yazıdan belə məlum olur ki, Qəddafi Avropa Birliyi kimi 700 milyonluq bir Afrika Birliyi yaratmaq istəyibmiş. Və Heydər Əliyevi böyük bir şəxsiyyət, müdrik bir siyasətçi kimi qəbul elədiyinə görə Onu öz ölkəsinə ona görə dəvət edibmiş ki, məsləhət alsın. Qəddafinin arzusunda nə pis şey varmış və Ulu Öndəri məsləhət almaq üçün öz ölkəsinə dəvət etməkdə nə pis şey varmış?!
   
   Oxucuların iradını nəzərə alıb bizim ölkənin də qaçan və qaçmayan dövlət başçıları haqqında qısaca da olsa yazdım.
   
   Qayıdaq Qəddafiyə.
   
   Liviyada baş verənlər xalq üsyanıdımı? Padşahını sevmirsən sevmə, pisdi istefasını tələb elə və padşahla savaş. Muzeylər talan olunur, evlər, banklar, mağazalar yağmalanır, yandırılır, xarici şirkətlər yandırılır, dağıdılır, mal-mülkləri talan edilir.
   
   Heç uzağa getməyək, Liviyada 25 mindən artıq Türkiyə vətəndaşı çalışırmış. Hamısının malını, mülkünü tutub əllərindən alıblar, şirkətlərini dağıdıblar, hətta əl telefonlarını belə tutub əllərindən alıblar. Yalnız Ərdoğanın çox böyük səyi nəticəsində türk qardaşlarımız bircə öz canlarını və balalarını xilas eləyə bilib. Bu xalq hərəkatıdı?
   
   Qəddafi neyləməlidi? Ölkəsinin dağıdılmasına göz yummalıdı?! Xalqını və dövlətini dar gündə qoyub qaçmalıdı?! Hakimiyyəti talançılara, quldurlara, Avropanın agentlərinə təhvil verməlidi?! Ölkəsinin İraq və Əfqanıstan kimi işğal olunmasına qol qoymalıdı?! Xalqının var-dövlətini özündənrazı dövlətlərin yağmalamasına razı olmalıdı?! Bir qaşıq qanından qorxub qaçmalıdı?! 27 yaşında, ömrünün ən gözəl çağında ölümdən qorxmayan bir kişi 69 yaşında canından qorxmalıdı?!
   
   Ömrü boyu ABŞ-a və Avropaya meydan oxuyan, Vaşinqtonun ortasında çadır quran bir kişi indi meydandan qaçmalıdı?!
   
   Mən Qəddafinin bu savaşda qalib gələcəyinə inanmıram, 6 milyonluq bir dövlətin ABŞ və Avropayla savaşda qalib gələcəyinə inanmaq sadəlövhlükdü.
   
   Mən sadəcə olaraq inanıram ki, Qəddafi qaçmayacaq, Alyende kimi postunda, dövləti və milləti yolunda şəhid olacaq. Mən Qəddafinin o cür şəhidliyini istəyirəm. Bu onun mənəvi qələbəsi olacaq. Ərəb xalqları üçün bir örnəyə çevriləcək.
   
   Və Avropa görəcək ki, əqidə yolunda Ərəb dünyasında İmam Hüseyn kimi şəhid olmağı bacaran oğlanlar var.
   
   Döyüşdə öləcək və liviyalıların, eləcə də əzilən xalqların ruhuna Ömər Muxtar kimi hopacaq.
   
   Və sonda bir tarixi hadisəni də xatırladım. Tolstoy yazır ki, Napoleon Borodino döyüşündə rusları darmadağın elədi, amma ruslar həmin döyüşdə mənəvi qələbə qazandılar və sonda da rus əsgərləri Parisin küçələrində at oynatdılar.
   
   Heç vaxt buynuzsuz qoçun intiqamı buynuzlu qoçda qalmır.
   
   Və lap sonda. İtalyanlar Ömər Muxtarı asdılar, amma nə onun ruhunu, nə də xalqını asa bilmədilər.
   
   Nə isə... Bu da belə...
   
   ... Səlib yürüşü davam edir...


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK