hacklink Adalet.az | Necə sevmiyəsən belə klubu?!... - Müsahibə Adalet.az | Necə sevmiyəsən belə klubu?!... - Müsahibə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?!... - Müsahibə

10910    |   2019-10-07 15:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Ölkəmizdə yavaş-yavaş xanım futbol azarkeşlərinin sayı artmaqdadır. Artıq tribunalarda xanımları daha tez-tez görürük. Bəzi xanımlar isə elə kişilər kimi əsl fanat da olurlar. Onlardan biri də "Qəbələ" komandasının qatı azarkeşi olan Sevinc Novruzovadır. Onunla etdiyimiz söhbəti təqdim edirik.


- Maraqlıdır, necə oldu ki futbola marağın yarandı?

- Təsadüf nəticəsində futbol həyatıma girdi. O vaxtları Azərbaycan Nəşriyyatında qəzetdə işləyəndə dostumuz Vasif Acalov oyunlara dəvət etmişdi. Tək mən yox, xanım həmkarlamırız da dəvətlilər arasında var idi. Birlikdə 3 4 oyun izlədik. Əslində onda kömək etmək kimi getmişdim. Dostumuzun işinə dəstək kimi, şəkillər çəkdirib sosial şəbəkələrə yerləşdirmək kimi getmişdim. Xanımları futbola dəvət etmək, bir sözlə xanımları tribuna ilə tanış etmək idi əsas məqsəd. O layihə hələ də uğurla davam edir. Söhbət "Ladies of GARABAGH”dan gedir.

- Evinizdə səndən qabaq futbol sevən var idi?

- Bizim evdə futbolu sevən heç kim yoxdur. Atam bu yaşına kimi 5 dəqiqə belə olsun futbola baxmayıb. Qardaşım da yoxdur ki, o maraq göstərsin. Evimizdə yalnız mənəm futbola baxan. Tək olduğuma görə də problem yaşayıram. Anlamırlar, istəmirlər gedim oyunlara baxım. Ailədən gizlin oyunlara gedirəm, əsas da ev oyunlarımıza. İlk dəfə bacımın yoldaşı Cavid Haqverdiyev futbola aparmışdı, Neftçi Avroliqa oyunlarına, 2006-ci ildə. O zaman uşaq idim, futbolu ilk dəfə görürdüm. Tofiq Bəhrəmovda keçirilən oyun idi. 9 il sonra sərbəst özüm getməyə başladım. İndiyə kimi də gedirəm.

- "Qəbələ" fanatı olmağına səbəb nə oldu? Bildiyim qədər, əslən qəbələli deyilsən.

- "Qəbələ”ni nəyəsə görə seçməmişəm. Sadəcə klub olaraq maraqlı gəldi. AFFA-dan asılı olmayan, öz ayaqları üstündə dayana bilən, akademiyası, stadionu, bir sözlə, hər nə gözəllik axtarsan hamısı "Qəbələ”də var idi. Necə sevmiyəsən belə klubu?! Ən əsası isə bu klubda uşaq futboluna böyük diqqət və qayğı göstərilir, öz yetirmələrinə daha çox şans verilir. 5 6 il öncəki uğurlarımızı hər kəs bilir. Avroliqada İki dəfə ardıcıl qrup mərhələsinə düşmək, "Dinamo Tbilisi”, "Çukariçki”, "Apollon”, "Panatinaikos” kimi klubları mübarizədən kənarlaşdırıb qrupa düşmə sevincini yaşadan, qrupda "Borussiya Dortmund", "PAOK” "Krasnodar”, "Lil” kimi böyük klublarla mübarizə apararaq həyəcan bəxş edən klubdur "Qəbələ".

Çempionluğa oynamaq, rəqabət, əzmkarlıq, oynamaq həvəsi, hakimlərin etdiklərindən sonra anlamaq elə də çətin olmurdu ki, bu meydanda təkdir "Qəbələ”. Haqsızlıqlar edilirdi, sıxışdırılırdı. Öz gücünə, dəstəksiz oynayırdı. Bu amillərə görə sevdim "Qəbələ”ni. Rayon olaraq Qəbələli deyiləm, Ordubad və Xızı qarışığıyam. Xızıda futbol klubu yoxdur, Ordubadda isə "Dübəndi” FK var. Onların oyunlarını izləmək isə həqiqi çətindir. Naxçıvanın öz çempionatında oynayır. Hər oyununa da Ordubada gedə bilmərəm. Həm maddi, həm də mənəvi gücüm çatmaz. Elə ən yaxşısı və şükürlüsü elə "Qəbələ”dir.


- "Ladies of Garabagh” kimi "Ladies of Gabala” yaratmaq fikrin var?

- Bir az öncə qeyd etdiyim kimi, "Ladies of Garabagh”ın ilk vaxtlarında mən var idim. Orada Vasif üçün az çox kömək edirdim. Tək mən yox başqa qızlar da. Oyuna gələn qızları qeydə almaq, daha çox qız cəlb eləmək və s. Bu iş əslində çox çətindir. Hər qızın öz nazı olur. Əvvəl gəlirəm deyir, son anda gəlmir. Bu işdə çoxlu əsəb var. Ancaq Qarabağda bir iş yaxşı idi ki, oyun Bakıda keçirilirdi. Tələbə qızlar daha çox gəlirdi. Ancaq mən "Qəbələ”nin oyununa düşünmürəm kimisə apara bilim. 225 km getmək eyni km-lə də qayıtmaq, 6 saatlıq gediş gəliş yolu, bir sözlə kimin balasını aparım? Özüm çətinlik çəkirəm, oyun gec bitəndə qayıtmağa maşın tapa bilmirəm, uzun yol, bu yolun dumanı, qarı, yağışı olur. Narahat olur insan. Kim şəxsi iradəsi ilə getmək istəsə buna yalnız sevinə bilərəm. Ən azından tək gedib tək gəlmərəm. Qulaq yoldaşım olar. Həm oyunda, həm də yolda tək olmaram. Yalnız Bakı oyunlarını siz nəzərdə tutursuzsa ona da razıyam. Yenə deyirəm gəlsinlər, birlikdə baxaq. Çox xoş olar mənə. Sosial şəbəkələrdə aktivəm, nömrəmi də tapma çətin olmaz. İnstagramda Qəbələnin fan səhifəsini işlədirəm. İstəyən yazsın, gəlsin oyunlara. Fan klub yaratmaq tək insanın işi deyil. Yəni məsuliyyəti var. Gərək klub rəhbərliyi də razı olsun. Günü sabahdan banner düzəldərəm "Ladies of GABALA”, hər oyunda asaram. Ancaq özbaşıma iş görmək istəmirəm. Birdən klub istəməz, narazı olar.

- Tribunada oyun izləyəndə söyüş söymürsən ki?

- Dəhşətli, ağır söyüşlər söymürəm. Ən pis söyüşüm "it oğlu” ola bilər. Bir də tat dilində bir iki sadə söyüşlər olur. Onu da özüm elə deyirəm ki, yanımda oturanlar anlamasın. Futbolçularla işim olmur. Yalnız istisna hal olaraq, bir dəfə çox pis "bəzəmişəm” o da "Keşlə” ilə kubokun finalında. Bizim meydanda kubok qaldıranda, səbəbkar Pərdisi söymüşəm (gülür). Bir də ən çox hakimlərin görməzdən gəldiyi hallar olur, oyunları istədiyi kimi idarə etməsi olur, tapşırıqla çıxıb oyunu idarə edirlər. Onda, bəli, söyürəm. Çünki bu söyüşləri artıqlaması ilə qazanmış olurlar (gülür).

- Ən çox üzüldüyün oyun hansı olub?

- Hər sezon üzüldüyümüz oyunlar olur. Ancaq bizə ən çox pis təsir edən, gözlənilmədiyimiz nəticə ilə yekunlaşan iki oyun olub ki, biri "Qarabağ”la oyunda hakim Rəhimin şərəfsizliyi ilə bitən oyun (2017), biri də dediyim kimi keçən sezon "Keşlə” ilə kubokun finalı.

- Bəs ən çox sevindiyin oyun hansı olub?

- Hər bir "Qəbələ” azarkeşinə bu sualı versəniz yalnız bir cavab ala bilərsiz. Bu da Naxçıvanda "Sumqayıt”la keçirilən Kubokun final oyunu. İlk kubokumuzu qazandığımız oyun.


- "Qəbələ"nin son illərki pis vəziyyətinin səbəbini nədə görürsən?

- Klub olaraq dəyişikliklər yaşadıq. İlk olaraq prezidentimiz istefa verdi, daha sonra büdcə aşağı düşdü. Əsas oyunçularımız getdi. Klubdaxili çox məqamlar oldu. Bunlar da təbii ki, təsir etdi. Əslində bir çox klubların uğursuzluq zolağına düşdüyünün şahidi olmuşuq. "Neftçi” iki-üç il qabaq 8 oyun ardarda uduzurdu. Azarkeşləri Allaha dua edirdi ki, bu dəfə qalib gələk, sabah işə çıxanda bizimlə məzələnməsinlər, və yaxud "Kəpəz”. 3 dəfə çempion, 4 dəfə kubokun qalibi olan komanda indi divizyondadı. "Qarabağ”ın özü də son 6 ildir stabil yaxşı oyun nümayiş etdirir. Dövlət tərəfindən dəstək də var. Ondan öncə onların da pis vəziyyətləri olub. Bu siyahını çox uzatmaq olar. Yəni hər klubun başına gələ biləcək hadisədir.

- Baş məşqçi Elmar Baxşıyev haqqında nə düşünürsən?

- Mənim Elmar müəllim haqqında danışmağım doğru çıxmaz. Sanki şagird müəllimi haqqında fikir söyləmiş kimi olur. Bir onu deyə bilərəm ki, Elmar müəllim çox savadlı məşqçidir.

- Bu mövsüm klubdan gözləntilər nədir? Qəbələnin PFL-də bu ilki çıxışını necə qiymətləndirirsən?

- Bu mövsümə ilk oyunlarda çox pis başlamışdıq, hər halda növbəti oyunlarda xallar qazanmağı bacardıq. Çempionatın gedişatında klubumuzun xal ehtiyatını artırıb avrokuboklara vəsiqə qazanmasına ümid edirəm. Nəzərə alsaq ki, Azərbaycan Kubokunun son qalibi bizik, bu il də klubumuzdan titul gözləyirəm. O sevincli anları bir daha yaşamaq istəyirəm.

- Klubda hansı dəyişikliklərin olmasını gözləyirsən?

- Biz azərkeşlər hər zaman yaxşılığa doğru dəyişikliklər gözləyirik. İlk olaraq yaxşı baş məşqçinin tapılacağı və qış transfer pəncərəsi dövründə uğurlu transferlərin ediləcəyini gözləyirəm. Bütün bunlar kluba nəticə qazandırmağa kömək ola bilər. Bizə Tərlan Əhmədov kimi məşqçi lazımdır. Sonuncu yerdə olan "Neftçi”ni götürüb, 3-cü yerə kimi gətirib çıxarmışdı. Məncə biz Elmar Baxşıyevlə ən yaxşı halda 6-ci pillədə qərarlaşa bilərik. Bu da yaxşı nəticə olmaz. Klubumuza yeni baş məşqçi gətirmək lazımdır. Yeni baş məqşçi – yeni nəfəs deməkdir. Bəlkə ondan sonra bu qara zolaqdan çıxmış olarıq.

- Sevdiyin milli futbolçu kimdir?

- Siz indi millinin heyətindəki oyunçuları deyirsinizsə, "Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Bəhlul Mustafazadəni deyərdim. Millinin son Xorvatlarla oyunundan sonra adından söz etdirdi, bütün Azərbaycan ondan danışdı. Bu da təbii ki, insana çox xoş təsir bağışlayır. Akademiyamızın yetirmələrinin hər biri mənim üçün fəxrdi, qürurdu. Azərbaycan çempionatından demək olar ki, hər klubda akademiyamızın yetirməsi var. Buna misal olaraq, "Zirə”də Elvin Camalov, Tellur Mütəllimov, "Sabah”da Bəhlul Mustafazadə, "Keşlə” də Nurlan Quliyev, "Qəbələ”də Amin Seydiyev, Roman Hüseynov, Qismət Alıyev, Murad Musayev, Ülvi İsgəndərov, Sadiq Quliyev, "Sumqayıt”da Baxşəli Baxşəliyev və s. Bu siyahını uzatmaq çox olar. Faiq Hacıyev, Xəyal Muradov, İdris İnqlablı, Vüsal Məsimov, Rüstəm Nuruyev, Məhəmməd Məhərrəmov, Müşfiq Nadirov, Rüfət Əhmədov, Nicat Oruclu, Veysəl Rzayev, Əli Mürsəlov, Təbriz İsazadə, kimi bir çox gənc yetirmələrimiz var. Adını çəkməyə unutduğum uşaqlar var. Maşallah o qədər yetirməmiz var ki, unutmağım normaldı J. Hal hazırda legioner həyatı yaşayan akademiyamızın yetirməsi də var. Kamal Mirzəyev karyerasını Küveytin Əl-Salmiyə” klubunda davam etdirir. Bütün bunların hamısı "Qəbələ” İdman Akademiyasının uğrurlarıdır. U9-U19 arası keçirilən çempionatda hər yaş həddi üzrə klublarımız öz gücünü sınayır. 9 yaşdan aşağı uşaqlar da akademiyada məşqlər keçir. Sadəcə çempionat 9 yaşdan başladığından o uşaqları hələ ki, çepionatlarda görə bilmirik. Hər il uşaq futbolunda qazanılan qızıl medalların sayı artır. 19 yaşlılarımız isə hər il ayrı bizi sevindirir. Çempionlarımız dünən Apoelə qarşı oyunda inamlı oyun nümayiş etdirdilər, 1:1 edərək sərfəli nəticə əldə etdilər. İnanıram ki, cavab oyununu öz meydanımızda daha yaxşı keçirərik. Qolun müəllifi də akademiyamızın yetirməsi İdris İnqlablı oldu. Bütün bu uğurların arxasında məşqçi heyətinin əziyyəti durur. Başda Halim bəy, Nail bəy olmaqla əziyyəti keçən məşqçilərə, hə kəsə öz təşəkkürümü bildirirəm. Onların sayəsində bu uğurları qazanırıq, uşaq futbolumuz inkişaf edir.

- Sevdiyin xarici futbolçu kimdir?

- "Çelsi”, "Spartak”, "Beşiktaş”, "Real Madrid”, "Traktor Sazi”nin oyunlarına baxıram. Yaxşı oyunlar olanda klubundan asılı olmayaraq vaxt olduqca baxıram. Eden Hazard, Muhammed Salah kimi oyunçuları da bəyənirəm.

- "Qəbələ”nin tarixində ən sevdiyin futbolçu kimdir?

- Mənə görə ən yaxşı oyunçu Dmitri Bezotosnidi. Düzdür, yayda gedənlər siyahısında o da var idi. Mənə görə ən yaxşısıdır. "Qarabağ”ın qapıçısı Asmir Beqoviç gələnə kimi ən yaxşı qapıçı məhz bizim qapıçı idi. Çempionatın ən yaxşı qapıçısı. İndi Bezotosni getdi, Beqoviç gəldi. Daha sonra Nika Kvekveskiri, Luiz Paulo Hilario, Yannik Kamanan, Viktor Mendi, Aleksey Qay, Stiven Monroz, Baqali Dabo, Daniel Subotic, Filipp Ozobic, James Adeniyi, Vojislav Stankoviç, Sergey Zenyov, Vitali Vernidub və s.


- Azərbaycan çempioatında sevmədiyin klub?

- "Keşlə”, "Neftçi”.

- Hansısa futbolçularla dostluğun olub?

- Naxçıvan səfərindən sonra bir müddət ara vermək, oyunlara evdən baxmaq istədim. Çox əsəbləşmişdim, bilənlər bilir nə məsələ idi. Bir status yazmışdım bu barədə. Onda mənə futbolçularımızdan bəziləri yazmışdı ki, onsuz hamı bizi tərk edib gedir, sən qal, oyunlara gəl. Dəstək oldular mənə. Bir də bayramlarda, ad günümdə təbrik sosial şəbəkələrdən yazırlar.

- Tribunada başına gələn ən maraqlı hadisə ilə söhbətimizi yekunlaşdıraq.

- Maraqlı deməzdim, qorxduğum hadisə deyərdim. "Neftçi” ilə oyunda onların stadionda "Qəbələ” 3:1 hesabı ilə qalib gəldi. O vaxt banner açdım. O banner mənə baha başa gəldi. Bannerdə bizim dağlar təsvir olunmuşdu və onlar da özlərini şah, padşah elan edirdilər həmişə. Mən də karikatura kimi kral var idi, bir zamanlar məşhur idi, dağlardan məyus üzü aşağı qayıdan kral idi. Və yazılmışdı ki, "Deyirdiniz "Neftçi” qayıdır, doğrudur qayıdır, ancaq əliboş qayıdır”. Bundan sonra bir də hiss etdim ki, saçlar özümdə deyil, təzyiqlər oldu. Ani vaxt ərzində polisin arxasında özümü gizlənildiyimi gördüm. Çox sağ olsunlar ki, tək qoymadılar. Mənim bir səhvim oldu ki, onların stadionunda VİP-də baxırdım, hamısı neftçili. Polislərdən biri hətta məni metroya kimi ötürmüşdü (gülür)


Söhbətləşdi: Ulucay Akif




İmza:

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

Cavanşir Paşazadə: "Şişirdilmiş rəqəmlər təqdim edənlər özlərində bir ölçü götürəcək"

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-11-12


VİDEO