hacklink Adalet.az | İlham QƏHRƏMAN: YADDAŞ Adalet.az | İlham QƏHRƏMAN: YADDAŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İlham QƏHRƏMAN: YADDAŞ

POEMA

10697    |   2019-10-01 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



(Poema)

1.Proloq

Tutasan əlindən körpə balanın

Qalxasan dağların o üzünəcən.

Qənşərə çıxanda ağlamaq tuta,

Gözünü silməyə heyin olmaya

Gözünün yaşını külək quruda.

Körpə də gözünün selinə baxıb

Çəkinə-çəkinə bir sual verər -

Nəyi dedin, nəyi saxladın, dədə?

Orda nə görmüsən, ora haradı, -

Niyə zülüm-zülüm ağladın, dədə?

Dilin söz tutmaya, kəkələyəsən,

Bağrına basasan o körpəni sən,

Özünə gələsən bir daşın üstə.

Cavabın nə olar bəs o körpəyə,

Gələ bilərsənmi yaddaşın üstə?

Deyə bilərsənmi o dağlarda mən

Qoşa bulaqları ağlayan yerdə,

Quşları göylərdə ötən qoymuşam?!

Necə qandırasan - arxasız oldum,

Dağlar arxasında Vətən qoymuşam?!

2.Yaddaş

Yaddaş sədaqətli küçük kimidi,

Uzaqlaşmaq olmur, qovlamaq olmur.

Bütün ağrılara tablamaq olur,

Yaddaş ağrısına tablamaq olmur.

Hər şirin söhbətin içindən çıxır,

Zəhərə döndərir ovqatı yaddaş.

Ayılıb qalxırsan tutur yaxandan,

Yatırsan yuxuna əl qatır yaddaş.

Elə alovlanır yaddaş ocağı

Canımız odunda qarsılır, belə.

Gördüyü xəyanət boylanır hər gün,

Adam yaddaşından sarsılır, belə.

Gəlir göz önünə doğma adamlar,

Yaddaşdan gah qohum, gah qonşun keçir.

Gözünü yum, saxla! –

Silah-sursatla

Yurdu atıb gedən bir qoşun keçir.

Əli yetişməyən künc-bucaq yoxdu,

Ayağı altında kətili olur.

Düşür arxasınca, qarabaqara,

Yaddaşı adamın qatili olur.

3.Etiraf

Körpə sənə baxa – baxış işıqtək

Ən dərin qatına düşə qəlbinin.

Acı etirafın dilinə gələ -

Səsi eşidilə şüşə qəlbinin:

-Ta yaşın o yeri deyil, ay bala,

Candan şirin gedib, zəhər qalıbdı.

Dağlar sinəsində, çaydan yuxarı

Bizim bir cökəli şəhər qalıbdı.

Başı aşağıyıq, dili gödəyik,

Dilim gəlməz desin döyüşmüşük biz.

Tərəziyə qoyub torpağı, canı

Qalanı gedənə dəyişmişik biz.

Dədən gözlərinə dik baxa bilmir,

Dədənin gözləri kölgəli qaldı.

Daha ömrümüzdən bir şey qalmayıb,

Biz getdik vətənin əngəli qaldı.

Sizin gözünüzə dik baxmaq olmur,

Bizim gözümüzə endi kölgələr.

Tarix qarşısında suçumuz böyük,

Vətənin özündən gendi kölgələr.

Adam elə yanır cızdağı çıxır,

Od tutan sinələr körüyə döndü.

Yetimə, yesirə xoruzlananlar

Düşmən qarşısında fərəyə döndü.

Cüt təkdən var olur əlbir olmağa,

Cütün səsi çıxmır, təki tərpənmir.

Adam var yanında torpaq deyirsən,

Qımı qımıldamır, tükü tərpənmir.

"Döyüş alnımıza yazılıb!” deyən

Döyüşdə ölməyi əhd eyləmədi.

Kim harda oturdu ora sahibdi,

Geriyə dönməyə cəhd eyləmədi.

Axı babalardan nə öyrənmişik? -

Namusdan ucada dayanır torpaq.

Adını döyüşçü qoymaqla deyil,

Əgər döyüşmüsən - bəs hanı torpaq?!

Fərasətsiz olduq – ağıl ucundan -

Yurda dərd toxuduq, gözədik, bala.

Vətən təqvimini bir "rəssam” kimi

Qara günlər ilə "bəzədik”, bala.

Biveci, qorxağı irəli çəkdik -

Ordunu tapşırdıq, alqışladıq biz.

Bu məğlub vətənin qara günlərin

Bayramtək düşmənə bağışladıq biz.

Sələfdən xələfə! - yurd soyad kimi -

Sizin əlinizi boşa çıxardıq.

Yurd ağlar günlərə onda qaldı ki,

Qorxağı, fərsizi başa çıxardıq.

Dünyanın ən ağır dərdidi, bala,

Əkib-becərəsən bar dərməyəsən...

Vətənin adını dildə çəkəsən,

Vətəni balana göstərməyəsən.

Biz sizi vətəndə qərib eylədik,

Kökdən qoparılmış ağac kimisiz.

Doğma dənizində öz limanına,

Yan ala bilməyən səmtsiz gəmisiz.

Torpaqda susuzuq, suda torpaqsız,

Vətəni hər yandan kəsir saxladıq.

İrəli, marş! – deyib geriyə getdik,

Vətəni düşmənə əsir saxladıq.

Müqəddəs nə varsa, ayrılıb qaldı,

Hamısı bax orda - işğal altdadı.

Təkcə torpaq deyil, təkcə yurd deyil,

Sevgi də, qürur da işğal altdadı.

Hər yeri gələndə, söhbət düşəndə

Elə dizinizə döyərsiz, bala.

Yiyəvay dərdindən getdi torpaqlar -

Bizim gorumuza söyərsiz, bala.

4.Qoşma

Niyə belə zəlil gününə düşdük?-

Bir deyən olmadı nə sirrdi, bala.

Düşmənlər bu yurdu elə təkləyib

Vətən ortalıqda yesirdi, bala.

İgid bu dar gündə uyuyarmı heç, -

Dar gündə gen durmaq yarayarmı heç?!

Adam torpağından soyuyarmı heç –

Bu necə hökmdü, təsirdi, bala?!

Bəs bizi sevənlər nə üzlə sevə?-

Yuxuda görmüşəm neçənci dəfə,

Çoxlu sual verir sən adlı nəvə

Mən adlı dədən də susurdu, bala.

5.İdilliya

Xatirə balıqçı toru kimidi,

Bir yol dolu, bir yol boş çəkəcəyik.

Gəl tutaq əl-ələ - biz dədə-bala -

Xəyalən o yurda baş çəkəcəyik:

-Bax burda atamın odun çiniydi,

Ora da anamın sac yeri idi.

Azca çökək idi, azca çalaydı,

Sac yeri həyətin ac yeri idi.

Bu dəmir yabadı, bu ağac yaba,

Bu zindan-çəkicdi, bu kərəntidi.

Çəkic barmağına dəydi bir dəfə,

Kərənti döyəndə atam təntidi.

Ovxarda saxlardı kəsəri atam,

Küncə cəm edərdi balta-dəhrəsin.

Anam "bu evinən yarıdı” deyib,

Atmağa qoymazdı cehiz nehrəsin.

Qədimdən qalmaydı gördüyün ütü,

Közlə doldururduq ütü çəkirdik.

Anam inəkləri sağırdı sonra

Süd maşının qurub südü çəkirdik.

Yeyəylə, at nalı dirək başında,

Asılmış olardı haça xirçəkdən.

Keçi qırxılardı, qəzil gedərdi,

Sicim qayıdardı bir ağbirçəkdən.

Biz qapı-bacada nə iş görmüşük

Eşq ilə görmüşük, ürək vermişik...

Dəhlizin bu mili qarın salladı

Atamla altına dirək vermişik.

Qəmər madyanımız ürkdü bir dəfə,

İtlər hürüşəndə hay-haya düşdü.

Fırladım Novruzda alov şarını

Əlimdən çıxanda tayaya düşdü.

Çiynində tüfəngi ovçu Tapdığın,

Cil güdər, cır atar, ördək vurardı.

Qoşulub qaçanlar bizdə gizlənər,

Anam da gəlinə gərdək qurardı.

Təzə paltar geyib cüt gedərdilər,

Calal aşıq idi, dəmkeş İsiydi.

Bir əli cibində olardı toyda,

Fərman kəndimizin mərd kişisiydi.

Bir də eşidərdik toy səsi gəlir,

Qara zurna yolda havalanardı.

Qırmızı lent ilə yolu kəsərdik,

Yaxşı rəqs edənlər nəmər alardı.

Mən balıq ovunu lap çox sevərdim, -

Çardağın altında qoşa qarmağım.

Hərdən də soyunub suya girirdim

Balıq keçirəndə daşa qarmağı.

El dağa qalxanda atlar löhrəmli,

Dəvənin yerişi ahəstə idi,

Boynunda zınqrov bir yana dursun,

Yük altda ləngəri bir bəstə idi.

Ertənin havasın atam ulduznan, -

Gecə çölə çıxıb göydən bilərdi.

Hansı odun yansa kimin evində,

Kişilər tüstüdən, iydən bilərdi.

...Dizlərim qatlandı, çökdüm, ay bala,

Dur, gəl, bu ayağı sən geri yerit.

Növrağı dağıldı, şənliyi getdi,

İndi yurdumuzda it ulayır, it.

6.Şəhər ağısı

O danışan yekə-yekə,

Şəhər, adamların hanı?!

Çölü ardıc, içi cökə,

Şəhər, adamların hanı?!

Çəkilib tarıma kimi,

Dağıldılar qırma kimi.

Payız gedən durna kimi,

Şəhər, adamların hanı?!

Üstündə dururmu o çən?!

Səni o baş-bu baş ölçən,

Dağdağan bulağından içən,

Şəhər, adamların hanı?!

Gündüzüynən, gecəsiynən,

İşıq gələn hücrəsiynən,

Qarma-qarış küçəsiynən,

Şəhər, adamların hanı?!

Sinədəydi nərgizdiyin...

Sənə qaldı bu dözdüyün.

Hər gün göz olub gəzdiyin,

Şəhər, adamların hanı?!

Oyunlara mat qoyulan,

Yatağına od qoyulan,

Qəbrə amanat qoyulan,

Şəhər, adamların hanı?!

Dağlar kimi qalan vardı,

Əvəz kimi balan vardı,

Şəhər, səni salan vardı,

Şəhər, adamların hanı?!

7.Çay ağısı

Qoşa-qoşa bulaqlarnan,

Çayım, səndən kimlər keçdi?!

Gümüş pullu balıqlarnan,

Çayım, səndən kimlər keçdi?!

Adamlara nə dedilər -

Biri-birinə dəydilər?!

Yoldaşı salxım söyüdlər,

Çayım, səndən kimlər keçdi?!

Yamaclarda yelli gələn,

Qıjovlarda güllü gələn,

Yazağzında selli gələn,

Çayım, səndən kimlər keçdi?!

Daşqınlarda gurultuyla,

Ay doğanda parıltıyla,

Bir nəğməli şırıltıyla,

Çayım, səndən kimlər keçdi?!

Şəklin gözümdədi həmən,

Çaylaq, qumlaq, çayır, çəmən,

Qız-gəlinlər donlu çimən,

Çayım, səndən kimlər keçdi?!

Şaqqır bulağı qaynayan,

Yatağı sağ-sol oynayan,

Oynamağından doymayan,

Çayım, səndən kimlər keçdi?!

Yolların dolanbadolan...

Ax, üzüyenişə yollan.

Laçın, Qubadlı, Zəngilan,

Çayım, səndən kimlər keçdi?!

Getdi dostların köhnəsi,

Qaldı zamanın tənəsi.

Hər bağ üstə bir dəhnəsi,

Çayım, səndən kimlər keçdi?!

8. Evimiz

Qapısı qıfıl görməyən,

Yolçular dönən evimiz.

Boydan boyu, endən eni,

Geniydi, lap gen evimiz.

Qış gəlsə, qarı yağırdı,

Yayda nübarı çıxırdı.

Altından çayı axırdı,

Üstən yol enən evimiz.

Anam dil deyib ağlayan,

Bacım yüyrük yırğalayan,

Divarı qurum bağlayan,

Ocağı sönən evimiz.

9.Epiloq

Sənə üz tuturam, Sən ey göydəki,

Bizim haqqımızda bir qərar eylə!

Bizdən qaçaq düşən ədalət hissin,

İtən meyarları bərqərar eylə!

Günahımız çoxdu, gün gələr bizi –

Yurdumuzun ahı tutar, İlahi!

Dağlar zirvəsindən ətəyə endik,

Bizi zirvələrə qaytar, İlahi!

Dörd yandan düşmənlə təklənib bu xalq,

Özünü tanısın - qoruna bilsin!

Vətən qarşısında günahı çoxdu, -

Səbəb sal günahdan arına bilsin!

Gör necə quruyub çılpaq qalıbdı

Ağacın yadına yarpağı sal Sən!

Paris, Moskvadan, Londondan qabaq

Bu xalqın yadına torpağı sal Sən!

Toyuğu itənlər əliçıraqlı

Düşür qapı-qapı gəzir, İlahi!

Yurdları itirib oturmuşuq biz,

Adamı bu dərdlər üzür, İlahi.

İlahi, Sən quran nizam dağılıb,

Təzədən ustanı, dülgəri göndər.

Əsirgəmə bizdən lütfünü belə

Bir quş qanadında təpəri göndər!

Qollarım göydədi, dilim duada,

Burda tamam oldu söhbət, İlahi!

Qeyrət damarımız mürgüyə gedib,

Sən həmən damarı tərpət, İlahi!

İyun-iyul 2019

Bakı.




İmza:
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK